16 Aprel 2024

Çərşənbə axşamı, 17:26

QƏTİYYƏTLİ BAŞLANĞIC

Özbəkistan prezidenti hər kəsi onun islahatlarına dəstək verməyə çağırır

Müəllif:

15.02.2018

Milli Təhlükəsizlik Xidmətinin (MTX) həmişə qüdrətli rəhbəri Rüstəm İnoyatovun istefaya göndərilməsi xəbəri Özbəkistan ictimaiyyətini yanvarın 31-i səhər bütün ölkə ərazisində hiss olunan 4-5 ballıq zəlzələdən daha çox sarsıdıb. Bu hadisənin əhəmiyyətini şişirtməyə yol vermədən, 2016-cı ilin sentyabrındakı ciddi olayla - Özbəkistanın əbədi dövlət başçısı İslam Kərimovun vəfatı ilə müqayisə etmək mümkündür. Axı, özünün silahlı qüvvələri, qvardiyası, xüsusi təyinatlıları olan, eyni zamanda gömrük və sərhəd xidmətlərini də nəzarətinə götürmüş qorxunc MTX uzun illərdir Özbəkistan ictimaiyyətinin istisnasız olaraq, bütün sahələrinə nəzarət edir.

Ehtimallara görə, Kərimovun vəfatından sonra həmin dövrdə baş nazir olmuş Şavkat Mirziyayev İnoyatovun dəstəyi olmadan əvvəlcə dövlət başçısı səlahiyyətlərinin icraçısı, daha sonra isə prezident ola bilməzdi. Lakin sonradan yaşananlar bu iki siyasətçinin Özbəkistanın gələcəyilə bağlı tam fərqli baxışa malik olduqlarını açıq şəkildə ortaya qoyub. 2016-cı il sentyabrın 8-dən 2018-ci il yanvarın 31-dək onların arasında ölkəyə nəzarət uğrunda mübarizə gedib.

Mirziyayev hələ prezident səlahiyyətlərinin icraçısı olduğu dövrdə köhnə qaydaları dəyişmək əzmində olduğunu hər kəsə nümayiş etdirmişdi. O, Qərbdən olan müşahidəçiləri seçkiləri izləməyə çağırmış, qonşularla normal münasibətlər qurulmasının vacibliyini bəyan etmiş, «Əməyin mühafizəsi haqqında» Beynəlxalq Əmək Təşkilatının da tövsiyələrini nəzərə almaqla yeni qanun imzalamış, biznes üçün plandan kənar auditi ləğv etmiş, xarici valyutaların azad konvertasiyası olmadığından, fiskal siyasətin liberallaşdırılması təklifini irəli sürmüşdü.

Prezident səlahiyyətlərinin icraçısı əhalinin geniş təbəqəsinin simpatiyasını qazanmaq üçün öz saytında virtual «qəbul otağı» da yaradıb. Bu, insanlara təklif və iradlarını oraya yazmaq imkanı verib. 3 aydan da az bir müddətdə oraya 200 mindən artıq insan müraciət edib.

Hakimiyyət prioritetlərinin dəyişdiyini nümayiş etdirmək üçün 2017-ci ili ölkədə «Xalqla dialoq və insanların maraqları ili» elan edib. Elə həmin ilin əvvəlində Nazirlər Kabinetinin ölkənin yaxın 5 il üçün hazırladığı Özbəkistanın Strateji İnkişaf layihəsi hökumətin saytında yerləşdirilərək, ümumxalq müzakirəsinə çıxarılıb. Fevraladək layihənin müəllifləri 1310 təklif və rəy alıb, nəticədə, strategiyanın yekun variantında 41 maddə yenidən yazılıb.

Qəbul olunmuş sənədə əsasən, Mirziyayev ölkədə köklü islahatlar aparmaq niyyətindədir. Strategiyada 5 əsas istiqamət yer alır: 1) dövlət və ictimai quruluş sisteminin təkmilləşdirilməsi, 2) qanunun aliliyi, məhkəmə-hüquq sistemində islahatlar, 3) iqtisadiyyatın inkişafı və liberallaşdırılması, 4) sosial sahənin inkişafı, 5) təhlükəsizlik, dini tolerantlıq və milli barışıq.

 

Çərşənbə axşamı «qara» olmadı

Prezident dövlət idarəçiliyi sisteminin desentralizasiyası kursunu götürüb və öz səlahiyyətlərini azaltmaqla parlamentin (Oliy Məclis) funksiyalarını artırmaq niyyətindədir. Özbəkistan üçün ənənəvi yerli özünü idarəetmə (məhəllə) orqanlarının da rolu artırılır.

Ötən il ərzində ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün çox işlər görülüb - sahibkarların hüquqlarının müdafiəsi üzrə Ombudsman institutu yaradılıb, biznes üçün vergilər xeyli azaldılıb, kreditlər daha əlçatan olub, 12 azad iqtisadi və 45 sənaye zonası yaradılıb və s.

Prezidentin ərzaq məhsulları gətirən ayrı-ayrı şirkətlərə fərdi gömrük, vergi və digər güzəştləri ləğv edən sərəncamı proteksionizmə və məmur özbaşınalığına ciddi zərbə vurub.

Ölkənin iqtisadi inkişafı üçün ən ciddi stimul isə milli valyutanın (sum) azad mübadiləsinə keçiddir. Bu, Özbəkistanda çalışmaq üçün stimulu olmayan xarici investorlar üçün də əsas maneənin aradan qaldırılması deməkdir. Onlar pullarını bu ölkədən çıxara bilmədikləri üçün ona xüsusi maraq göstərmirdilər. Məsələ ondadır ki, sumun rəsmi məzənnəsi «qara bazar»dakından 2 dəfə yüksək idi. Lakin ona xarici valyuta almaq mümkün deyildi. Rəsmi kursla valyuta dəyişmək imkanı yalnız «seçilmiş» şirkətlərə verilirdi.

Ötən il sentyabrın 5-də sərbəst mübadilə qaydasının qüvvəyə minməsi və bütün banklarda valyuta mübadiləsi şöbələrinin açılmasından sonra milli valyutanın formal devalvasiyası baş verib - 1 dolların dəyəri 4210 sumdan 8100 suma yüksəlib. O zaman çoxları bu günü Rusiyanın yeni tarixində baş vermiş «qara çərşənbə axşamı» ilə müqayisə etməyə belə başlamışdı. Lakin Özbəkistanda belə olmadı və bunun səbəbi sadə idi: ölkədə onsuz da illərdir mövcud olan real kurs leqallaşdırılmışdı.

Lakin bundan zərər görənlər də yox deyildi - «qara valyuta bazarı»na nəzarət edən MTX rəhbərliyi üçün bu, ciddi gəlir mənbəyi idi. Məsələn, ixrac və idxalla məşğul olan sahibkar hər zaman onların qarşısında baş əyməli olurdu. Sərbəst mübadiləyə keçidin 1 il uzanmasını da məhz İnoyatovun buna müqavimət göstərməsilə əsaslandırırlar. Halbuki onun 2017-ci ilin əvvəlində tətbiq edilməsi planlaşdırılırdı. MTX Mirziyayevin Özbəkistanda viza rejiminin liberallaşdırılması təşəbbüsünün də reallaşmasına imkan vermirdi. İndi, şübhəsiz ki, bu istiqamətdə də işlər sürətlənəcək.

Ötən ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılan Daşkənd-Düşənbə birbaşa reysinin açılışının 3 ay gecikməsini də MTX-nin sabiq rəhbərinin ayağına yazırlar. Qeyd edək ki, bu, iki qonşu arasında barışığın ilk müjdəçisi kimi nəzərdə tutulurdu.

Mirziyayev ilk işlərindən biri kimi Mərkəzi Asiyanın bütün ölkələrilə mehriban qonşuluq münasibətlərinin qurulmasını görür. O, prezident kimi ilk xarici səfərinə Aşqabad və Astanadan başlayıb və yalnız bundan sonra Moskvaya yollanıb. Bununla da, prezident xarici siyasətinin prioritetlərini hər kəsə nümayiş etdirib.

Özbəkistanın, demək olar ki, bütün qonşuları ilə münaqişəsi var. Yeni prezident isə dialoqun qurulması üçün müəyyən kompromislərə getməyə hazır olduğunu bildirir. Bundan başqa, o, beynəlxalq münasibətlərdə də özünü ciddi islahatçı kimi göstərir: Mirziyayev Mərkəzi Asiya ölkələrinin başçılarını regionla bağlı aktual məsələlərin müzakirəsi məqsədilə hər il bir araya gəlməyi təklif edib.

Hələlik söhbət hər hansı ittifaqın yaradılmasından getməsə də, Mirziyayev bu təşəbbüsünə dünya ictimaiyyətinin diqqətini çəkə bilib. Özü də onun təşəbbüsünə qonşulardan da etiraz gəlməyib. Üstəlik, Nursultan Nazarbayev artıq ilk belə sammiti tezliklə - Novruz bayramı günlərində təşkil etməyə hazır olduğunu bəyan edib.

 

Xüsusi xidmət orqanlarının erası başa çatdı

Özbəkistanın ikinci prezidenti ciddi kadr problemilə qarşılaşıb. Sən demə, onun irəli sürdüyü islahatlar təşəbbüslərini həyata keçirəcək kadrlar yoxdur. Bu, nəinki yerli səviyyələrdə, hətta hakimiyyətin yuxarı eşalonlarında da belədir. Nəticədə, ümid az-çox bacarığı olan 22-24 yaşlı ali məktəb məzunları və məmurlara qalıb. Mirziyayev MTX və köhnə nomenklatur ilə mübarizədə mətbuatı özünə müttəfiq seçib. O, prezidentliyinin ilk günlərindəcə KİV-i ölkənin inkişafına mane olan problemləri, o cümlədən bürokratizm və korrupsiya hallarını cəsarətlə tənqid etməyə çağırıb. Nəticədə, tənqidə müəyyən çərçivə qoyulsa da, senzura zəifləyib və sakinlər ilk dəfə nazirlərin, digər məmurların dövlət başçısına mədhiyyə deməsinin deyil, çatışmazlıqlarla bağlı cəsarətli çıxışlarının şahidi olmağa başlayıb.

Ölkədə söz azadlığının qarşısını alan amillərdən biri məhz həmin MTX və qurumun rəhbəri qarşısındakı qorxu idi. Nəhayət, MTX-yə 1995-ci ildən rəhbərlik edən İnoyatov vəzifədən uzaqlaşdırılıb. Bu il qurumda islahatlar aparılacaq. Bununla yanaşı, artıq bütün tədris ocaqları, diplomatik nümayəndəliklər MTX əməkdaşlarından təmizlənib. Onun dövlət və biznes strukturlarına təsiri nəzərəçarpacaq dərəcədə azalıb.

Beləliklə, ölkədə xüsusi xidmət orqanlarının hakimiyyəti başa çatıb və «fəxrlə dövlət və xalq naminə işləməyin vaxtı gəlib». Bunu Mirziyayev İnoyatovun vəzifədən azad olunmasından cəmi 1 həftə əvvəl bəyan edib. Doğrudur, MTX-nin sabiq rəhbəri prezidentin məsləhətçisi təyin olunub və Oliy Məclisin deputatı kimi, toxunulmazlığa malikdir. Odur ki, bunun qələbə, yoxsa hansısa növbəti sövdələşmənin nəticəsi olduğu hələ tam aydın deyil.

 

Skeptiklər çoxluq təşkil edir

Özbəkistan iqtisadiyyatı inkişafdadır. 2017-ci ildə onun artım tempi 5,5% olub. Ölkə ümumi dəyəri 60 milyard dollara çatan beynəlxalq ticarət və investisiya sazişləri imzalayıb, müxtəlif sahələrin inkişafına dair 40 «yol xəritəsi» hazırlanıb.

Yeni prezident qarşısına miqyaslı hədəflər qoyub. 2018-ci il ölkədə «Fəal sahibkarlığın, innovativ ideyaların və texnologiyaların dəstəklənməsi ili» elan olunub. Bu islahatların hamısı «yuxarıdan» gəlir. Bəs, xalq bütün bunlar haqda nə düşünür?

Bu ilin əvvəlində «Ferqana» informasiya agentliyi oxucuları arasında yeni dövlət başçısının başlatdığı islahatlardan gözləntiləri haqda sorğu keçirib. Ortaya fərqli fikirlər çıxıb. Əhalinin bir hissəsi Özbəkistan hakimiyyətini «xalqın həyatını müsbətə doğru dəyişəcək islahatçı» sayırsa, digər hissə bədbindir. Onlar «Özbəkistan hökumətinin köklü islahatlar aparmaq qabiliyyətinə» şübhə ilə yanaşır. Demək, yeni hakimiyyət, ilk növbədə, insanların inamını qazanmaq üçün hələ çox iş görməlidir.



MƏSLƏHƏT GÖR:

394