25 Aprel 2024

Cümə axşamı, 14:08

YEDDİSİ BİRİNƏ QARŞI

2018-ci il seçkisi həm Rusiya, həm də Putin üçün vacib mərhələdir

Müəllif:

15.02.2018

Rusiya prezidentliyinə namizədlər arasında hazırkı dövlət başçısı Vladimir Putinlə rəqabət aparacaq gücdə heç kəs yoxdur və heç şübhəsiz, o, yenidən bu posta seçiləcək. Odur ki, qarşıdan gələn prezident seçkisi daha çox başqa cəhətdən maraqlıdır: bu seçkiyə əsaslanmaqla, Rusiyanın sosial, siyasi və iqtisadi durumunu, həmçinin onun ətrafındakı geosiyasi vəziyyəti qiymətləndirmək mümkün olacaq. Digər tərəfdən bu, həm də Putinin prezident kimi fəaliyyətində geri sayımın başlayacağı andır. Demək, indi, 2024-cü ildən sonra Rusiyanın və Putinin özünün gələcəyinin necə olacağına nəzər yetirməyin də əsl vaxtıdır.

 

Milyonçu kommunist və teleaparıcı

Seçkidə iştirak etmək istəyini ümumilikdə 64 nəfər açıqlamışdı. Sonda onlardan yalnız 8-i (hazırkı dövlət başçısı da daxil olmaqla) qalıb. Beləliklə, Rusiya prezidentliyinə namizədlər bunlardır: 90-cı illərin populyar siyasətçilərindən, Dövlət Dumasının sabiq deputatı olmuş millətçi-mühafizəkar «Rusiya ümumxalq ittifaqı»ndan slavyanpərəst Sergey Baburi - o, həm də «Rus marşları»nın təşkilatçılarından biri kimi yadda qalıb; «Rusiya Kommunistləri»ndən (RFKM-in «spoyler partiyası») Maksim Suraykin («yoldaş Maksim»); İnkişaf Partiyasından prezidentin sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi, «Abrau-Dyurso» şampan şərabları zavodunun sahibi Boris Titov; RFKP-dən Lenin adına sovxozun direktoru, rubl milyonçusu Pavel Qrudinin: RLDP-nin artıq 6-cı dəfə seçkilərə qatılmış lideri Vladimir Jirinovski; «Vətəndaş təşəbbüsü»ndən teleaparıcı Ksenya Sobçak və 90-cı illərin daha bir ulduzu, «Yabloko»dan Qriqori Yavlinski - o, artıq 3-cü dəfədir seçkiyə qatılır. 1996-cı ildə o seçicilərin 7,34%, 2000-ci ildə isə 5,8%-nin səsini qazanmışdı.

2018-ci il prezident seçkisinin kəşfi, şübhəsiz ki, «qırmızı oliqarx», 57 yaşlı Qrudinindir. Kommunistlər dəyişməz liderləri, 73 yaşlı Gennadi Zyuqanovun əvəzinə gözlənilmədən onun namizədliyini irəli sürüblər. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) məlumatına görə, o, seçki yarışında Putindən sonra ikinci yerdədir. Qrudinin qeyri-adi və kifayət qədər ziddiyyətli şəxsiyyətdir: Stalinə və Skandinaviya ölkələrinə simpatiya bəsləyən (o, hətta stalinsayağı bığ da saxlayır) Qrudininin 2000 hektar əraziyə və 4 milyard rublluq dövriyyəyə malik sovxozu ölkədə ən məşhur çiyələk istehsalçılarındandır. Seçiciləri cəlb edən onun «kiçik İsveçrə» adlandırılan sovxozunda işçilər üçün, demək olar ki, ideal şəraitin yaradılması və eyni şəraitin nəhəng Rusiyaya da siraət edə biləcəyinə olan ümiddir. Yeri gəlmişkən, Qrudinini qatı kommunist adlandırmaq da çətindir. 2010-cu ilədək o, «Vahid Rusiya»nın üzvü, 2000-ci ildə isə namizəd Putinin etibarlı nümayəndəsi olub. Rusiya KİV isə ona qarşı saysız-hesabsız kompromata malikdir - xaricdəki hesablardan, maliyyə fırıldaqlarından tutmuş, xaricdə istirahətə, qanunsuz torpaq satışlarınadək. Lakin görünən odur ki, bunlar Qrudinini bəyənənlər üçün önəmli deyil.

Ən qalmaqallı, sosial şəbəkələrdə ən çox müzakirə olunan namizədi də diqqətdən kənarda qoymaq olmaz. Vladimir Putinin keçmiş rəisi, Sankt-Peterburqun qubernatoru olmuş Anatoli Sobçakın qızı Kseniya Sobçak öz kampaniyasını aparıcılıq etdiyi «Dom-2» və «Sonuncu qəhrəman» verilişlərini apardığı üslubda aparır. Yəni insanda bu şoulara baxmaq istəyi çox olmasa da, onların müəyyən auditoriyasının olduğu etiraf edilməlidir. Üstəlik, o, çıxışlarında Rusiyadakı ən «populyar» məsələlər haqda kifayət qədər sərt danışır - korrupsiyadan, Krım məsələsindən tutmuş, seksual azlıqlara və Rus Pravoslav Kilsəsinədək. Bununla yanaşı, Sobçakın əleyhdarlarının əksəriyyəti onu «Kremlin kuklası» adlandırır. Onlar əmindirlər ki, jurnalist şəxsən Putinin razılığı ilə işləyir və hazırkı prezident məhz Sobçakın vasitəsilə mümkün narazılıq potensialını azaltmağa, diqqəti Aleksey Navalnıdan yayındırmağa çalışır.

Yeri gəlmişkən, 2018-ci il prezident seçkisinin fiqurantlarından biri də KİV və sosial şəbəkələrdə adı tez-tez hallanan Navalnıdır. Halbuki o, iki dəfə hərəsi 5 il olmaqla, şərti azadlıqdan məhrumetmə cəzası aldığı üçün seçkidə iştirak edə bilmir. Navalnı bu cəzalara «Kirovles» və «İv Roşe» işlərilə əlaqədar məruz qalıb. Bundan başqa, o, yanvarın 28-də Tverskidə keçirilən icazəsiz nümayiş zamanı polis əməkdaşını döyməkdə də şübhəli bilinir. Bütün bunlara baxmayaraq, Navalnı seçki kampaniyası keçirməyə macal tapıb, hətta regionlarda seçki qərargahları yaradıb və indi tərəfdarlarını seçkini boykot etməyə çağırır. Müxalifətçini, əsasən, onunla internet vasitəsilə danışan və nihilizm mərhələsində olan gənclər dəstəkləyir. Reallıqda isə Navalnı ətrafına kifayət qədər elektorat toplamaq iqtidarında deyil (ÜİRÖM-in məlumatına görə, maksimum 1%) və bu üzdən daha çox populizmlə məşğul olur. O, məşhurluğu daha çox xarici KİV vasitəsilə qazanıb. Xarici ölkə mətbuatı Navalnıya o qədər müsbət yanaşır ki, bir çox rusiyalının gözündə artıq o, xarici agentdir. İstənilən halda, seçkiyə buraxılmaması Navalnının siyasi səhnəni tərk etməsi anlamına gəlmir.

Beləliklə, yuxarıda sadalanan 7 prezidentliyə namizəd öz aralarında, təxminən, 30%-lik səs uğrunda (ən yaxşı halda) mübarizə aparacaqlar. Demək, onlar bir araya gəlsələr belə, Putinin çəkinəcəyi heç nə yoxdur. Üstəlik, bu namizədlər böyük ehtimalla bir-birinin elektoratını parçalayacaq. Məsələn, Yavlinski Sobçakın, Baburin Qrudinin və Jirinovskinin, Titov Jirinovskinin və s. seçicilərini öz tərəfinə çəkə bilər.

 

Putin sadəcə işləyir

VVS (BBC-?)məqaləsində bildirir ki, seçki bülleteni layihəsində hazırkı dövlət başçısı Vladimir Putinin adı ən nəzərə çarpan hissədədir. Onun soyadı əlifba sıralamasına görə bülletenin düz mərkəzində yerləşir və vizual olaraq, dərhal gözə sataşır. Çünki namizədin qarşısında onun haqqında son dərəcə qısa məlumat yazılıb - sadəcə, Rusiya Federasiyasının prezidenti. Bunan səbəb onun heç bir partiyanı təmsil etməməsi və seçkiyə müstəqil namizəd kimi qatılmasıdır. Məsələ ondadır ki, Putin bu dəfə seçkiyə «Vahid Rusiya»nın namizədi kimi getməyib. Bu, yəqin ki, hazırkı dövlət başçısının seçicilərini təəccübləndirdiyi yeganə haldır. Qalan məsələlər əvvəllər olduğu kimidir - o, seçki kampaniyası aparmır, sadəcə, funksiyasını həyata keçirir və öz işi çərçivəsində ölkəni gəzir, əsasən, sənaye müəssisələrinə baş çəkir. Bununla da, Putin sanki sabitlik, iqtisadiyyata xüsusi diqqət vəd edir.

Həqiqətən də, tənqidçilər Putinin ən zəif yerinin Rusiya iqtisadiyyatı olduğunu düşünür. Qərb mətbuatında, həmçinin Rusiyanın müxalif KİV-də ölkə iqtisadiyyatında durğunluq yaşandığı, yoxsulluğun artdığı, əməkhaqlarının azaldığı yazılır. Bununla yanaşı, bildirilir ki, ölkənin neft-qazdan asılılığı azalmır və hökumət gələcəyə hesablanmış konkret iqtisadi plana malik deyil. Digər tərəfdən «qara qızıl»ın kəskin ucuzlaşmasından, həmçinin Rusiyaya ilk sanksiyaların tətbiqindən xeyli vaxt keçsə də, ölkə hələ də dözür və Putin göründüyü kimi, növbəti müddətə prezident seçilməyə hazırlaşır.

Vəziyyət nə qədər çətin olsa da, büdcə, demək olar ki, balanslaşdırılıb, ÜDM-də artım gözlənilir, idarəçiliyə isə gündən-günə daha çox gənc, istedadlı liberal texnokratlar gətirilir. Rusiya iqtisadiyyatının vəziyyəti haqda çox danışmaq olar. Lakin bir məsələ dəqiqdir: qarşıdakı illər onun üçün, demək, həm də bütünlükdə ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıyacaq.

Rusiyada Putinin populyarlığı həm də ölkənin beynəlxalq arenadakı vəziyyətindən ciddi şəkildə asılıdır. Bu sahədə Putin, şübhəsiz ki, əsl ustadır. Bunu bəzən onun düşmənləri belə, etiraf edir. İlk baxışdan, seçkiyə bir neçə həftə qalmış Putin ard-arda «xarici» uğursuzluqlarla üzləşir - fevralın 3-də Suriyada Rusiya bombardmançı təyyarəsinin vurulması, «Kreml siyahısı»nın açıqlanması, Rusiya millisinin Pxençxanda keçirilən Olimpiya Oyunlarına buraxılmaması, hətta «SpaceX Falcon Heavy» raketinin uçuşu. Lakin digər yandan bütün bu hadisələr ruslar arasında vətənpərvərlik ruhunu artırır, bu ruh isə onlarda, əsasən, məhz Putinin adı ilə bağlıdır. Xarici siyasi durumun ağır olması nəinki Putinin təkrarən prezident seçilməsinə maneə deyil, hətta ona dəstəyi daha da artırır.

Beləliklə, 2000-ci ildən 3 dəfə prezident seçilmiş və 2008-2012-ci illərdə baş nazir postunu tutmuş Vladimir Putin dördüncü müddətə prezidentliyə gedir. Müxtəlif sorğular (ÜİRÖM və s.) göstərir ki, əhali arasında onu dəstəkləyənlər 70%-dən çoxdur (2000-ci ildə bu göstərici 53%, 2004-də 71,31%, 2012-də 63,6% olub). Nəzərə alsaq ki, onun artıq qeyd edildiyi kimi, ciddi rəqibi də yoxdur, müşahidəçilər hökumətin seçici fəallığından narahat olmadığını deyir. Xatırladaq ki, 2016-cı ildə Dövlət Dumasına keçirilmiş seçkidə də seçici fəallığı kifayət qədər zəif olmuşdu (təxminən, 48%). İndi bir tərəfdən seçicilər proseslərə laqeydlik göstərir, digər yandan isə Navalnı kimi müxalifətçilər xalqı səsverməni boykot etməyə çağırır. Buna baxmayaraq, ÜİRÖM tərəfindən yanvarın 29-dan fevralın 4-dək aparılmış sorğu Rusiya vətəndaşlarının 74%-nin seçkiyə qatılmaq fikrində olduğunu göstərib. Respondentlərin yalnız 0,6%-i səsverməyə qatılmaq, lakin bülleteni korlamaq niyyətində olduğunu bildirib.

İndi istər Rusiya mətbuatında, istərsə də xarici KİV-də başqa məqam haqda danışırlar: 2024-cü il seçkisində nə baş verəcək? Axı, o zaman 72 yaşlı Putin ölkə Konstitusiyasına görə prezident seçilmək hüququnu itirəcək. Belə olan təqdirdə, yenə də Putinə ölkəyə nəzarəti əldə saxlamaq imkanı verəcək hansısa struktur yaradılacaq, yoxsa yaxın illərdə Rusiyanın siyasi meydanında yeni siyasi ulduzlar peyda olacaq? Bir şey tam aydındır: Rusiyanın yeni prezidenti ehtiyatında olan 6 ildən maksimum yararlanacaq.



MƏSLƏHƏT GÖR:

369