24 Aprel 2024

Çərşənbə, 07:48

MUSİQİ RUHUNU QORUYAN İNSAN

Sərdar FƏRƏCOV: «Ən böyük uğurum kimi Üzeyir bəyin bitməmiş əsərlərinin yenidən redaktə edilərək ilk dəfə çap olunmasını sayıram»

Müəllif:

01.03.2018

"Həyat, ölüm, sevgi, şəfqət və ilham - bütün bunlar musiqidə deyiləcək". Çingiz Aytmatovun bu sözlərini Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun yaradıcılığına aid etmək olar. Sadəcə müəyyən düzəlişlə: deyiləcək yox, deyilmiş. Onun musiqisi müxtəlif janrlıdır - simfonik, kamera, xor, səhnə, kino musiqisi.

Sərdar Fərəcov hərtərəfli yaradıcı şəxsiyyətdir, o, insanı heyrətləndirə bilir. 1991-ci ildə Avstriyada müasir musiqiyə həsr olunmuş yay seminarına qatılan bəstəkar Fikrət Əmirov kimi özü ilə tar aparıbmış. Seminar zamanı tarda iki muğam ifa edib - "Şur" və "Çahargah". İfa dinləyiciləri o qədər heyrətləndirib ki, muğamlar səs yazısında əbədiləşdirilib və  məhz Sərdar Fərəcov bu seminarda beynəlxalq sertifikata layiq görülüb. 10 il sonra Avstriya bəstəkarı Ul Diter Soyko Azərbaycan nağılları əsasında "Leylanın yuxusu" operasını yazıb və orkestrin partiturasına tarı da daxil edib, ifa üçün Sərdar Fərəcovu dəvət edib. Bundan sonra bir ay ərzində Vyanada 4 premyera keçirilib.

Həmçinin bəstəkar tərəfindən Hüseyn Cavidin sözlərinə səs və Böyük simfonik orkestr üçün "Qaçqın" balladası, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bariton, xor və Böyük simfonik orkestr üçün "Oda", həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş "Matəm kurantları", Azərbaycanın müxtəlif müsabiqələrində diplomlar qazanmış marş və pyeslər yazılıb.  

Sərdar Fərəcovla direktoru olduğu böyük bəstəkar Üzeyir Hacıbəyovun muzeyində görüşdük.

- İndi aydındır ki, niyə sizin parlaq, duyğulu musiqiniz Üzeyir Hacıbəyovun ruhu ilə doludur ...

- Uzun illərdir ki, mən Üzeyir Hacıbəyov Muzeyində işləyirəm, arxiv materialları ilə məşğul oluram, bəzən itirilmiş notları bərpa etməli oluram.,.

- Musiqi fəaliyyətinə necə başladınız?

- Uşaqlıqdan xalq çalğı aləti tarı çox sevirəm, sözün əsl mənasında, ondan heç zaman ayrılmamışam. Əvvəlcə, yeddi illik musiqi məktəbində oxumuşam, sonra Asəf Zeynallı adına Bakı Musiqi Kollecində muğam bilicisi və müəllimi Bəhram Mansurovun tar sinfinə girmişəm və bu, məndə bəstəkarlıq düşüncəsinin inkişafına imkan yaradıb.  

İkinci kursdan sonra bəstəkar Əziz Əzizlinin bəstəkarlıq dərslərində iştirak etməyə başladım. Konservatoriyaya girəndən artıq bir neçə peşəkar əsərlərim vardı. Qara Qarayev məktəbinin nümayəndəsi, professor, Azərbaycanın xalq artisti Xəyyam Mirzəzadənin yanında oxudum. Tələbəlik illərində çox əsər yazmışdım, amma sırf tələbə işləri idi. Bu əsərlər müxtəlif beynəlxalq festivallarda və müsabiqələrdə təqdim olunub.

Belə ki, Zaqafqaziya nəfəs alətləri festivalında müəllimlərlə yanaşı, bir tələbə kimi mənim triom da təqdim edildi. Mənim diplom işim Böyük simfonik orkestr üçün yazılmış üç hissədən ibarət bir simfoniya idi və gənc bəstəkarların ümumittifaq müsabiqəsində iştirak üçün Moskvaya göndərilmişdi. Orada III dərəcəli diploma layiq görülmüşdü. Bu əsər yalnız yeddi il sonra səsləndi və Yuri Nikolayevin idarəsi altında Dövlət Kinematoqrafiya Simfonik Orkestri tərəfindən ifa edildi.  

Bakıda isə o, 1989-cu ildə gənclər festivalında Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestri tərəfindən ifa edilib. 1985-ci ildən 1988-ci ilə kimi mən Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasında professor Xəyyam Mirzəzadənin stajçı assistenti oldum. Həmin vaxt yazdığım əsərlər - Vaqif Cəbrayılzadənin şeirlərinə vokal silsilə, iki royal üçün "Konsert səhnəsi" əsəri, " Novruz xalq bayramından səhnə" əsəri tez-tez Azərbaycanda və xaricdə - Moskva, Kazan və İstanbulda, Almaniya və ABŞ-da, həmçinin digər şəhər və ölkələrdə ifa edilib. Aspiranturada təhsili bitirdiyim il mən iki "Şah Xətai" simfoniyası yazdım.

- Bizə xor yaradıcılığınız barədə məlumat verin.

- Xor musiqisi məni həmişə cəlb edib. Azərbaycan Xor Cəmiyyətinin xalq mahnılarının işlənməsinə görə üçüncü mükafata layiq görüldüyüm müsabiqəsində iştirakdan sonra Üzeyir Hacıbəyovun 100 illik yubileyinə qarışıq xor üçün konsert «Diptix» kappellasını yazdım. Səməd Vurğunun Üzeyir Hacıbəyova həsr olunmuş iki şeiri əsasında "Rekviyem" (bəstəkarın ölümü ilə bağlı) və "Qloriya" (bəstəkarın 60 illiyi ilə bağlı) yazılmışdı. İlk dəfə bu konsert 1987-ci ildə əməkdar incəsənət xadimi Ləman Atakişiyevanın rəhbərliyi altında kamera xoru tərəfindən ifa edildi. Məhz onun xahişi ilə həmin illərdə məşhur olan kollektiv üçün Azərbaycan bəstəkarlarının ilk xor konsertləri, o cümlədən Cahangir Cahangirovun muğam üslubunda bir saatlıq konserti yazılıb.

- 1984-cü ildə böyük bir həvəslə müqəddəs bir yerdə - Üzeyir Hacıbəyovun ev-muzeyində iş başlamısınız, 2005-ci ildən isə ona başçılıq edirsiniz.

- Həmin zamandan mən müxtəlif beynəlxalq və respublika konfranslarında çıxış etməyə, elmi jurnallarda dərc olunmağa, televiziya ilə əməkdaşlıq etməyə başlamışam, hətta "Mədəniyyət" telekanalında müəllif musiqi proqramı aparıram. Mən yalnız muzeyin deyil, həm də Azərbaycan mədəniyyətinin problemlərinə toxunuram. Mən ustad xanəndələrin yaradıcılığı, peşəkar bəstəkarlıq professional incəsənəti haqqında məlumat verirəm. 2013-cü ildə məni məşhur "Muğam" televiziya müsabiqəsinin münsiflər heyətinə daxil etdilər.

- Sizin həm də şairlik istedadınızın olduğu deyilir.

- 1000-ə yaxın şeirim, pyesim, hekayələrim var. A.S.Puşkini, M.Y.Lermontovu, A.Voznesenskini tərcümə etmişəm. Ən böyük uğurum kimi Üzeyir bəyin bitməmiş əsərlərinin yenidən redaktə edilərək ilk dəfə çap olunmasını sayıram. Bu sırada "Azərbaycan" himni - Azərbaycan Respublikasının himni də var. Uzun illər Ü.Hacıbəyovun əsərlərinin redaktə edilməsi mənim fəaliyyətimin əsas istiqaməti olub. Bunlar məşhur "O olmasın, bu olsun", "Ər və arvad", "Arşın mal alan" operettaları, "Əsli və Kərəm" operasıdır.  

2008-ci ildə Şərqin ilk operası - "Leyli və Məcnun" operasının 100 illiyinə həsr olunmuş yubiley nəşri gerçəkləşdirildi və bunun təşəbbüskarı mən idim. 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi həmin il Moskvada "XX əsrin ən yaxşı musiqi filmi" nominasiyaları siyahısına daxil edildi. Üzeyir bəyə verilən mükafatı mən aldım və onu muzeyə gətirdim. Bu kiçik bir qızıl suyuna çəkilmiş heykəldir və kinolentə çevrilir. 2009-cu ildə "Şeyx Sənan" operasının 100 illiyinə həsr olunmuş tədqiqat işləri apardım və bu operadan bir neçə nömrəni bərpa etdim. Ümumilikdə, Üzeyir Hacıbəyovun yaradıcılığı ilə bağlı 10-dan çox kitabın tərtibçisi və redaktoru olmuşam. Və bu iş davam edir. Böyük bəstəkarımızın nailiyyətləri haqqında bir təqvim də nəşr etdirmişəm, "Qu mahnısı" radiopyesini yazmışam, bu Azərbaycan dahisi haqqında televiziya filminin müəllifi və musiqi redaktoru olmuşam. 1995-ci ildə Üzeyir Hacıbəyovun həyat yoldaşı və onun üçün çox dəyərli olan Məleykə xanımın 100 illik yubileyi üçün ona "Oxunmamış laylay" həsr edilib. 2013-ci ilin sentyabr ayında "Arşın mal alan" musiqili komediyasının 100 illiyi ilə bağlı UNESCO-nun təşkil etdiyi və Los-Anceles, Paris və Strasburqda uğurla keçən tədbirdə iştirak etmişəm.  

- Bu fanatik, demək olar ki, əziyyətli iş və dahinin irsinə ehtiramla yanaşma, onun musiqisinin qorunması və əbədiləşdirilməsi böyük vətənpərvərlikdən xəbər verir...

- Düşünürəm ki, mənim yerimdə olan hər kəs bunu edərdi.

- Sərdar müəllim, müxtəlif Azərbaycan teatrları ilə aktiv əməkdaşlığınız nə vaxt başladı?

- 1996-cı ildən. Onda xor və Böyük Simfonik Orkestr üçün teatr himni yazmışdım. O, Gənclər Teatrının aktyorları tərəfindən ifa edilib. Böyük uğur qazanmış musiqili komediyalar və operettalar indiyə qədər səhnəni tərk etmirlər. Amerikalı dirijor və bəstəkar Con Haynesin sifarişi ilə yazılmış bir sıra əsərlər ABŞ və digər ölkələrdə səslənib.

- Siz Azərbaycan musiqi mədəniyyətinin açıq təbliğçisisiniz. İlk dəfə 2013-cü ildə Kiyevdə Azərbaycan musiqisi günləri çərçivəsində ifa edilən "Koroğlu əfsanəsi" simfonik freskası bunun sübutudur və ifa ukraynalı həmkarlar tərəfindən hərarətlə qarşılanıb. Milli Konservatoriyada müəllimlik fəaliyyəti, Bəstəkarlar İttifaqında katiblik işi, bəstəkarlıq fəaliyyəti və s. Bunu necə bacarırsınız?

- Əgər peşənizi sevirsinizsə, mümkündür. Yalnız məni narahat edən odur ki, hələ əsərlərimin hamısı səslənməyib. 

- Maraqlıdır, 60 illik yubileyiniz münasibətilə Filarmoniyada konsert zamanı siz hər bir artistə - sizin musiqi ifaçılarına təşəkkür üçün gül dəstəsi ilə səhnəyə tələsirdiniz...

- Mən həmkarlarımın işini həmişə yüksək qiymətləndirirəm...

- İndi nə üzərində işləyirsiniz?  

- Opera üzərində iş davam edir, Cavadxan haqqında tarixi mövzuda balet Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi üçün hazırlanır.

- Söhbətə görə çox təşəkkür edirəm. Sizə yaradıcılıq müvəffəqiyyəti arzulayıram!



MƏSLƏHƏT GÖR:

410