25 Aprel 2024

Cümə axşamı, 19:23

KƏSİLMƏYƏN DİALOQ

İstedadlı rejissor və operator Rasim İsmayılov haqqında film təqdim edilib

Müəllif:

01.03.2018

"Anın quruluşu". Operator, rejissor, ssenarist, yazıçı, müəllim, 2004-cü ildə vəfat etmiş ustad Rasim İsmayılov nə zamansa bu adla film çəkmişdi. Bu gün uzun illər keçdiklən sonra onun həmkarlarında və tələbələrində öz işığından yer üzündə qətrələr qoyub getmiş bu insan haqqında dünyaya söz deməyə mənəvi ehtiyac yaranıb. Rejissor Namiq Şirəliyev tərəfindən çəkilmiş "Rasim İsmayılov. Həyat sətirləri" sənədli filmi belə yaranıb. «KulturaPlus TV» internet kanalının təşəbbüsü ilə çəkilmiş film Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində tələbkar peşəkarlar auditoriyasına təqdim edilib.

Sərgi salonuna rejissorlar, rəssamlar, kinossenaristlər, operatorlar, yazıçılar və musiqiçilər toplaşmışdılar. Bir sözlə, Azərbaycan kinosunun nailiyyətləri və Ustadın işləri ilə tanış olan hər kəs orda idi. Filmin təqdimatından əvvəl həmkarları onun haqqında xatirələrini bölüşdülər. Onların xatirələri Ustadla dialoqa bənzəyirdi, adama elə gəlirdi ki, Ustad gözəgörünmədən zala gəlmişdi, sanki anın quruluşunu izləyirdi, an isə sevgi izahı, etiraf, minnətdarlıq, heyranlıq və Ustadın həyatdan tez getməsinə təəssüf ilə bağlıdır. Demək olar ki, istedadlı insanların hamısı ilə bağlı həmişə belə olur.

 

"Həyat eşqi"

"Rasim İsmayılov. Həyat sətirləri". Filmin adında hansısa bir müdriklik var. Dünyanın bir çox xalqlarında mövcud olan əfsanələrə, miflərə və rəvayətlərə görə, hər bir insanın həyatı - kosmosun yer üzündə ayrılmış vaxtda həyata keçirilməsi üçün nəzərdə tutduğu bir proqramdır. Buna görə də, yəhudilər həmişə bir-birini Yeni il münasibəti ilə təbrik edən zaman "Qoy, Yeni ildə sizə yalnız yaxşılıqlar yazılsın!" deyəndə məhz bu məqamı - proqramın həyata keçirilməsi anını, necə deyərlər qisməti, taleyi, karmanı və s.-i nəzərdə tuturlar. Biz bu dünyaya gəlməklə, həqiqətən, həyatımızı "yazırıq". Roman kimi, gündəlik həyatın kiçik hekayələrinə bölərək yazırıq. Bu həyat qohumlarla, dostlarla, həmkarlarla, sadəcə insanlarla münasibətlərdən toxunur. Bəzən hətta bizimlə tanış olmayanlarla münasibətlərdən! Həm də bizim həyatımızı dolduran işlərdən: böyük və kiçik, vacib və elə də çox vacib olmayan işlərdən; həm də ehtiraslardan - peşə, məişət, sevgi, iddia və s. ehtiraslarından toxunur. Film bezdirmədən və bəlağətlə ehtirası bütün təzahürləri ilə həyatın özü olan bu qeyri-adi adam barədə nəql edir. İşıq və harmoniya hissi də məhz buradan qaynaqlanır. Hər şeydə: başqaları ilə və peşəsi ilə münasibətdə də. Rasim İsmayılovdan danışarkən, onun adının yanında "peşə" sözünü xatırlatmaq elə də asan deyil. Çünki belə bir izahat onun gündəlik həyatının biçimlədiyi hər şeyi adiləşdirir. Adiləşdirərək insan və xidmət etdiyi iş arasında ayırıcı hədd müəyyən edir.  

Rasim İsmayılovun həyatı elə uğurlu imkan idi ki, onun xidmət etdiyi iş onun həyatının mahiyyəti, mənası, üslubu və məzmunu idi, dünyaya, özünə, öz prinsiplərinə və ideallarına münasibətinin ifadə tərzi idi. Biz indi bu barədə onun bədii aktuallığını və cazibəsini bu gün də itirməmiş filmləri əsasında fikir yürüdürük. Bir operator, rejissor kimi onun işləri Ustadın yaradıcılıq və vətəndaşlıq mövqeyinin, məşhur olmadan mövcud olmağı bacaran insani istedadının, onun - operator, rejissor, ssenarist və yazıçının peşə şərəfinin, peşə ideyasına sədaqətinin ən etibarlı sübutudur.

 

"Ustad və Marqarita"

Televiziyanın ərazisində gözəl incə bir qızı görən Rasimin ürəyinə dərhal sevgi hissi doldu. Onun ürəyi titrədi. Yəqin ki, Mixail Bulqakovun məşhur romanında Ustadın ürəyi titrəyən kimi. Yeganə fərq bunun Bakıya məxsus isti gündə baş verməsi idi və gənc təcrübəçi Nadenkanın əlində sarı mimoza yoxdur. O, dərhal hiss edib ki, bu incə qız mütləq onun həyat yoldaşı olacaq. Belə də oldu. Dostları və həmkarları - Eldar Quliyev, Rasim Balayev və Sergey Yurcki, Ayaz Salayev və Ruhəngiz Qasımova, qardaşı Rafis İsmayılov filmdə onların sevgisindən, ailə etikasından, üzügülərlik və qonaqpərvərlik ənənələrindən, ailə və peşə şərəfi qaydalarından danışıblar. Onlar nə bilirdilər, onu danışıblar: həm də öz dünyalarının bir hissəsi olmuş gerçəklərdən sevgi və hörmət hissi ilə bəhs ediblər. Aydın olub ki, onların Ustadla yanaşı keçən ömrü xüsusi məna ilə dolub və niyə yaşadıqlarını anlayıblar.  

Onlar hamısı bir zəncirin halqaları idilər. Ustadın öz Marqaritası var idi: jurnalist, yazıçı, teleaparıcı Nadejda İsmayılova. Nə özünə, nə də başqalarına özünü heç zaman dul adlandırmağa imkan verməyən qadın. O, yenə də Həyat yoldaşı, Dost və Xanımdır… Həmişəki kimi, çünki Ustad öz Marqaritası ilə dialoqu heç zaman kəsmir. O, həmişə yanındadır - hər şey onun sağlığında olduğu kimi saxlanmış olduğu evdə, fikirlərində və qəlbindədir. O, əvvəlki kimi onun qoyduğu kitablarda, vərəqlərdə yazdığı qeydlərin arasında özünə ünvanlanmış ismarıcları tapır: qısa sevgi etiraflarını...

Onun gündəlikləri, kinoda həyat haqqında nəşr edilməmiş kitabı, Tağıyev haqqında böyük bir film çəkilişinin yarımçıq layihəsi qalıb. İndi onun Marqaritası hər ikisinin əvəzinə yaşamağa çalışır: özünün və öz Ustadının əvəzinə. Ümumiyyətlə, onların tanış olmasının hekayəsi, sevgiləri və həyatları - bu da kino əhvalatı üçün süjetdir. Yaxud böyük bir roman üçün.

 

"Bəyan"

O, qırx ildən artıq dünya və öz ruhu ilə kəsilməz dialoq içində olub. "Yeddi oğul istərəm", "Nəsimi", "Babək", "Asif, Vasif və Ağasif" "Şir evdən getdi" - bu, onun işlərinin bizə onun sevgi işığını bəxş edən yalnız kiçik bir hissəsidir: həyata, öz vətəninə, mədəniyyətinə, tarixi yaddaşına olan sevgisinin bir hissəsidir. 1990-cı ildə o, gələcək çətinliklər barədə film-xəbərdarlıq çəkmişdi. Film "Tələ" adlanırdı. Söhbət başlayan erməni təcavüzündən gedirdi. Amma təəssüf ki, filmə fikir verən olmadı. Heç kim inanmaq istəmirdi ki, bu, mümkün ola bilər. Ancaq bu, baş verdi. Təəssüf ki, insanlar tarixi keçmişin dərslərini unutmaq alışqanlığına malik olmaqla yanaşı, bütün çağlarda gerçək sənətkarlar gələcəyin carçıları olublar.

 

«Həyat sətirləri»

"Həyatı yaşamaq, sahəni keçmək deyil" - deyirdi şairi və tamamilə doğru deyirdi. 47 dəqiqə Rasim İsmayılovun bütün yaradıcılıq və insani taleyini əhatə edir. Kiçik yaddaş hekayələri Həyatı bir Tale kimi dərk edən carçı sənətkarın Şəxsiyyət. Ustad, Sənətkar, Vətəndaş. Patriot kimi portretini yaradır. O, keçmişə dönməyib. Rasim İsmayılov əvvəlki kimi bizim bu günümüzdür.

Azərbaycan kino sənətinin tarixində, dostlarının, qohumlarının, sadəcə tanışların qəlbində və xatirində haqlı olaraq öz yerini tutan bu gün. Onun həyat tarixçəsinin bu sətri hələ başa çatmayıb. Onu İnsan və Sənətkar kimi yaddaşında saxlayan hər bir kəs bu sətri yazır.  

Usta isə öz işlərinin vasitəsi ilə bizimlə söhbət etməkdə davam edir, çünki onun hələ də öz həmvətənlərinə deməyə, onların ağıllarına və ürəklərinə müraciət etməyə sözü var. Onun həyatının artıq yazılmış sətirlərində nələr qalıb? Mükafatlar: Azərbaycan Lenin Komsomolu mükafatı (1972), "Azərbaycan SSR-in əməkdar incəsənət xadimi" adı (1976), "Sevinc buxtası" filminə görə Heydər Əliyev tərəfindən təqdim edilən Dövlət mükafatı.  

Bədii və sənədli filmlər, uşaqlar üçün Azərbaycan televiziyasında ilk dəfə çəkilmiş cizgi filmləri - " Qırmızı, qara və digərlər", "Daş", "Danışan işıqlar", həmçinin "Mozalan" kinojurnalı üçün satirik kinonovellalar seriyası. "Uçan çinarlar " kitabında nəvəsi və bütün uşaqlar üçün yazlığı nağıllar, «Kino haqqında söhbət» kitabı, rejissorluq və operatorluq sənətini öyrətdiyi yetirmələri, ailəsi layihədə - «Rasim İsmayılov. İtən zamanın gündəliyi» kitabı var.  

Belə çıxır ki, 2004-cü ildə bizi tərk edən Ustad hələ də hamımızla dialoq içindədir. Onun insanlara yaxşılıq, işıq, əbədiyyət gətirmə missiyası davam edir. Bəlkə də, bu gün - azğın sırtıqlıq, mənəvi aşınma və dağıdıcı ideoloji oyunlar, informasiya və texnologiya müharibələri əsrində bu kəsilməz dialoq həddindən vacib və zəruridir.



MƏSLƏHƏT GÖR:

375