26 Aprel 2024

Cümə, 00:52

ANLARA TOXUNUŞ

Bakıda amerikalı rəssam Ceykob Martinin ekspozisiyası nümayiş olunub

Müəllif:

01.03.2018

Brush Strokes. Amerika rəssamı Ceykob Martinin əsərlərindən ibarət Art Villa qalereyasında bu ad altında keçdi. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə «Arts Council Azerbaijan» Azərbaycan QHT-sinin təşəbbüsü ilə təşkil edilib. «Brush» sözü ingilis dilində fırça, " strokes" isə zərbə, toxunuş, çırpınma mənasını verir. İzləyicilərə təqdim edilən rəsm toplusu əsasən portretlərdən, rəssamın Azərbaycanda yaşadığı illər ərzində yaratdığı bir neçə peyzaj və animasiya işlərindən ibarətdir.

Rəng palitrası sakit tonlarda saxlanılıb. Geniş inamlı çalarları olan rəssam dünya ilə güzəştsiz sərt qarşılıqlı əlaqə hissi yaradır. Obyektin təsvirinə yanaşmada yarım ton və filiqranlıq yoxdur, lakin buna ehtiyac da yoxdur. Öz baxışının və qavrayışının sərt şəkildə təlqini onun bədii tədqiqat obyektinin real görüntüsünü yaradır.

 

Portretlər

Üzlər, üzlər, üzlər. Kişi və qadın üzləri. Gənc və elə də gənc olmayan üzlər. Onlarda ən yaddaqalan gözləridir: ya təəccübdən geniş açılmış, ya da sakitcə bir yerə dikilmiş. Amma bu gözlər həyat, emosional sarsıntıların təcrübəsi, dünya ilə elə də sadə olmayan münasibətlər. Bu münasibətlər fərqlidir. Budur, masa arxasında bir qadın, qarşısındı bir bardaq açıq rəngli içki var. İçində pivə və ya bəlkə də, sərinləşdirici içkilərdən nəsə biri var. O, sakitdir və diqqəti bir yerə toplanıb: başı yana əyilib, baxışları ona əziz olan nəyəsə və ya kiməsə dikilib. Qadın, demək olar ki, rahatlıq içindədir.

İstəmədən Deqanın «Absent», Pikassonun «Absenti sevən qadın», Van Qoqun ««Tamburin» kafesində oturan qadın», Albert Bertranın «Absent içən qadın», Eduard Manenin «Gavalı rakısı» əsərləri yada düşür. Bu müəlliflərin qəhrəmanları dünyayla narahat emossional münasibətlər anında təqdim olunurlar. Lakin bu müəlliflərin qəhrəmanlarından fərqli olaraq, Ceykob Martinin personajı hətta dünya ilə ahəngdar olmasa da, dostluq əlaqəsindədir. Onun üzünü rəssamın başqa bir əsərində də görəcəyik. O, sol əlində plastik bardaq tutaraq bizə baxır. Qadın bizə yox, düşüncələrinə qapılaraq bizdən o yana baxır. Burada masa arxasında mavi geniş futbolkada kişi oturub. O hələ qoca deyil, amma gənc də deyil. Masada içki dolu bardaq var.

Biz onu görünməyən bir opponentlə qızğın mübahisə anında yaxalayırıq. Kişi fəal şəkildə əl-qolla danışaraq müsahibini doğru olmağa inandırmağa çalışır. Onların mübahisəsi nədəndir, bəlkə, elə bizimlə də mübahisədir? Təkzibolunmaz həqiqətlər haqqındamı? Yeni bir əxlaq haqqındamı? İdealların aşınması haqqındamı? Biz bunu heç zaman bilməyəcəyik. Axı, bunu bilmək, həqiqətən, elə də vacib deyil. Yalnız vacib olan odur ki, bu gün buradakı və indiki həyat kişini laqeyd qalmağa qoymur. Bu isə bir gənc üzüdür. Biz gözləri və yarım üz, gözdəki sualları görürük: niyə? Bu insanın həyatında nələrə alınmayıb? Niyə onun duyğusal halını rahatlıq adlandırmaq olmaz? O, əzablarla cavab axtarır, bizi də öz axtarışlarına qoşulmağa məcbur edir.

İnsan və dünya - əgər rəssamın insan probleminin mahiyyətini öyrənmək üçün dikilmiş, yoxlayıcı baxışları olmasaydı, onu narahat edən mövzunu belə adla ümumiləşdirmək olardı. Yəni əgər ətraf dünya ilə qarşılıqlı əlaqə prosesi problem adlandırılsaydı. Bu portretlərdəki hər bir xarakterin öz harmoniya axtarışı yolu, öz çətinlikləri, öz sualları var. Ancaq onların hamısı canlı bir ruhu olan insanlardır: düşünən, əzab çəkən, öz taleyinin məqsədini açmağa çalışan insanlar...

 

Animalizm

Bu janr yalnız iki işlə təmsil olunur: zınqırovlu inək və qoyunlar. Adama elə gəlir ki, xüsusi bir şey yoxdur. İnəkdir sadəcə. Özü üçün kövşəndə gəzir, biçilmiş, amma hələ samana çevrilməmiş buğda küləşindən yeyir. Ancaq açıq mavi göyə və üfüqdə, arxa planda sıralanan yaşıl dağlara baxın! Bütün fəza boyu rahatlıq və nizam sıralanır! Bu, ahəngdir! Bu dünya insan dünyasından daha mükəmməldir... Bu, qoyun sürüsüdür. Biz çobanı görmürük, amma qoyunların hədəfə doğru nizamlı hərəkətini görürük. Günün sonunda, günəş batdıqdan sonra hədəf evə dönməkdir. İri, ön planda bir neçə qoyun var. Onlara baxanda gerçəklik duyğusu aşılanır, insan anlayır ki, xoşbəxtlik həyatın coşqunluğunda yox, ölçü və nizamındadır.

 

Peyzaj

Qum dağının fonunda daş tikililərin təsvir edildiyi fantastik bir kətan hekayəsidir. Dağın ətəyində mavi, sakit su səthi uyuyur. Təbiət aramla keçmişi və günümüzü birləşdirir: zamanın cari anı! Burada ziddiyyət yoxdur. Burada rahatlıq, sükut və harmoniya var. Belə görünür ki, sənətkarı narahat edən mövzu məhz dünya harmoniyasının axtarışıdır. Ən azından son bir il ərzində çəkilmiş əsərlərlə tanış olduqdan sonra belə bir nəticəyə gəlmək olar. İnsanların dünyası, heyvanların dünyası, təbiət dünyası. Sivilizasiya nemətlərinə gedən yolda onların arasında orqanik əlaqə itib. Heyvanların dünyası təbiətin bir hissəsi olaraq qalıb, buna görə də harmonik başlanğıcını itirməyib. İnsan sivilizasiya nemətləri gətirən texnologiyaların arxasınca qaçır, təbiətlə harmonik əlaqəni itirib və indi əbədi axtarışdadır: özünü, harmoniyasını, mənasını axtarır…



MƏSLƏHƏT GÖR:

401