25 Aprel 2024

Cümə axşamı, 12:15

DÜNYANIN ƏN İRİ LAYİHƏSİ

2018-ci ilin ikinci yarısından Azərbaycanın «Şahdəniz» yatağından Cənub Qaz Dəhlizi üçün əlavə qaz həcminin nəqli başlayacaq

Müəllif:

01.03.2018

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasını və ixracını əhatə edən layihə hazırda dünyada ən böyük layihədir. "Bəli, bu, hərbi sahə istisna olmaqla, miqyasına və sərmayəsinə görə dünyanın ən böyük layihəsidir", - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Geri Cons bu yaxınlarda bildirib. "Mən fəxr edirəm ki, bu layihənin bir hissəsindəyəm. Mən fəxr edirəm ki, iri həcmə baxmayaraq, biz işlərin yerinə yetirilməsi qrafikini qabaqlamaqla yanaşı, proqnozlaşdırılan xərc büdcəsinə qənaət edirik. Şübhəsiz ki, bu layihə bütün Azərbaycan xalqının qüruru üçün əhəmiyyətli hadisədir".

 

«Şahdəniz»in unikal komponentləri

30 iyun 2018-ci il Azərbaycan tarixi üçün növbəti yaddaqalan gün ola bilər. Məhz həmin gün «Şahdəniz» yatağından hasil edilən Azərbaycan qazının Trans-Anadolu qaz kəmərinə (TANAP) çatdırılması planlaşdırılır. G.Consun sözlərinə görə, "Şahdəniz"in Mərhələ -2 fazasının həyata keçirilməsi üzrə işlər 99% səviyyəsində yerinə yetirilib. Qalan 1% isə sınaq və istismara verilmə üzrə ən məsul prosesləri əhatə edir. Xatırladaq ki, Cənub Qaz Dəhlizi (CQD) layihəsinin əsas komponentləri sırasına "Şahdəniz" layihəsinin Mərhələ-2 fazası, Cənubi Qafqaz boru kəmərinin Bakı - Gürcüstan - Türkiyə sərhədinə kimi genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə uzanan TANAP kəmərinin tikintisi,

Yunanıstanı, Albaniyanı və Adriatik dənizini İtaliyanın cənubu ilə birləşdirən Trans-Adriatik boru kəməri (TAP) daxildir.

İlk başdan qeyd edildiyi kimi, 2020-ci ildə 10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli gözlənilir, daha 6 milyard kubmetr Türkiyənin qərb bölgələrinə nəql ediləcək. Lakin nəqlin həcmi tədricən artacaq. G.Cons bildirib ki, 2018-ci ildə bu, yalnız 2 milyard kubmetr olacaq və yalnız Türkiyə üçün nəzərdə tutulub. Hələ ki, «Şahdəniz»dəki qurğuların hasilat gücü ildə 10,9 milyard kubmetr təşkil edir, ötən il onlar 10,2 milyard kubmetr səviyyəsində istifadə olunublar. Mərhələ 2-nin işə salınmasından sonra sahədə iki hasilat platforması - «Alfa» (Mərhələ 1) və «Bravo» (Mərhələ 2) fəaliyyət göstərəcək.

Özü də, ilk dəfə platformanın bütün komponentləri, o cümlədən sualtı qurğuları Azərbaycanda inşa edilib, yəni ölkədə artıq belə mürəkkəb və həcmli işlərin aparılması üçün bütün şərait var. Qeyd edək ki, «Mərhələ 2»nin işlərinin pik vaxtı yalnız Azərbaycanda 24 min nəfər işçi cəlb edilib və 45 milyon insan/saat yerinə yetirilib. Burası da vacibdir ki, işlər tamamilə təhlükəsiz, hər hansı fövqəladə hal olmadan yerinə yetirilib. «Bu, böyük bir uğurdur»,- deyə G.Cons vurğulayıb. Nəzərə alınsa ki, cəlb olunan işçi qüvvəsinin 80%-i Azərbaycan vətəndaşlarıdır, layihənin "insani" imtiyazları daha da artır - bu işçilər dəyərli təcrübə qazandılar və əmək kitabçalarında gələcək karyeraları baxımından yetərincə prestijli qeyd əldə etdilər. Belə "baqaj" ilə onlar dünyanın digər böyük layihələrində iştiraka iddialı ola bilərlər.

Layihənin növbəti uğuru - "Bravo" platforması üçün Xəzərdə ən böyük sualtı sistemin Azərbaycana məxsus və həmçinin dünya üzrə unikal sayılan yeni flaqman gəmisi "Xankəndi" tərəfindən çəkilməsidir. Onun tikintisi 378 milyon $-a başa gəlib. Bütünlüklə, 2017-ci ildə "Şahdəniz" layihəsi üzrə xərclər 3,3 milyard $ təşkil edib ki, bunun 451 milyon $-ı istismar xərcləri, 2,9 milyard $-ı əsaslı xərclərdir.

Hasilata toxunan G.Cons bildirib ki, daha sonra mərhələlərə bölünmə aparılmayacaq, çünki hər iki mərhələdə qaz istehsalı eyni lay dəstindən həyata keçirilir. "İndi bizdə Mərhələ-1 çərçivəsində qazılmış hazır quyular var, onlar hələ istismar edilmir. Çünki bu, mövcud sistem üçün nəzərdə tutulmuş həcmdən çox olacaq. 2018-ci ilin ikinci yarısından başlayaraq onlar tədricən işə salınacaqlar. Buna görə gələcəkdə qaz kəmərinə daxil olan qazın hansı mərhələdən olduğunu müəyyənləşdirmək mümkün olmayacaq".

 

CQD üçün əlavə qaz

Beləliklə, "Şahdəniz"dən əlavə həcmdə hasilatın başlaması və həmin qazın nəqli ilə problem yoxdur, halbuki layihəyə cəlb olunan şirkətlərin və ölkələrin sayı nəzərə alınarsa, layihənin nəql hissəsi daha çətindir. Avropanın Azərbaycan qazını qəbul etməyə hazırlıq dərəcəsi fevral ayında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında müzakirə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, CQD-nin həyata keçirilməsi Azərbaycanın strateji məqsədi hesab olunur. "Onun həyata keçirilməsi enerji resurslarının və insan kapitalının istifadəsinə, infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verəcək. Layihənin həyata keçirilməsi ilə bağlı işlər həlledici mərhələyə daxil olub", - deyə prezident bildirib.

Dövlət başçısının sözlərindən məlum olub ki, "Şahdəniz" Avropaya qədər uzanan qaz kəməri sisteminin doldurulmasının yeganə mənbəyi olmayacaq. Bakı yeni qaz yataqlarının işlənməsi üçün xarici şirkətlərlə fəal danışıqlar aparır. «Hələ ki, “Şahdəniz” Cənub Qaz Dəhlizi üçün yeganə resurs mənbəyidir. Lakin düşünürəm və əminəm ki, gələcəkdə biz Azərbaycanda əlavə həcmdə resurslara malik olacağıq», - deyə İ.Əliyev vurğulayıb.

O, qeyd edib ki, bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə Xəzərin Azərbaycan sektorundakı yeni qaz layihələri üzərində fəal məşğul olur. «Xüsusilə tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır», - deyə İ.Əliyev bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan "Qarabağ", "Dan ulduzu" və "Əşrəfi" yataqlarının işlənməsi üzrə də beynəlxalq əməkdaşlığa ümid edir. «Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur - 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən xeyli çox olur», - deyə dövlət başçısı qeyd edib.

Yeri gəlmişkən, daha sonra G.Consun jurnalistlərə bildirdiyi kimi BP şirkəti "Şəfəq-Asiman" perspektiv strukturunda təbii qaz ehtiyatları aşkar edəcəyi halda onu da CQD ilə ixrac etmək niyyətindədir. Onun sözlərinə görə, şirkət ARDNŞ ilə birgə (50% iştirak payı ilə) hazırlanmış müqavilə bloku üzrə qazma işlərini 2019-cu ildə aparmağı planlaşdırır. ARDNŞ-nin qiymətləndirməsinə görə, «Şəfəq-Asiman» strukturunun ehtiyatları 500 milyard kubmetr qaz və 65 milyon ton kondensatdır.

Başqa sözlə, CQD-nin doldurulması ilə bağlı vəziyyət Bakı - Tbilisi - Ceyhanla (BTC) müqayisə edilə bilər, BTC neft kəmərinin tikintisinə başlananda onun doldurulacağına az adam inanırdı. Lakin həyat göstərdi ki, hər şey ən yaxşı şəkildə alındı, investorlar da, tranzit ölkələr də layihədən razıdırlar. Prezident İlham Əliyev xatırladıb ki, 1994-cü ildə "Azəri-Çıraq-Günəşli" bloku üzrə proqnozlar, təxminən, 500 milyon tondan çox idi. İndi bu rəqəm 1 milyard tona çatır.

«Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərənin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq», - deyə prezident bildirib.

Dövlət başçısı əlavə edib ki, bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının hətta 40 faizini təşkil edir. «Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır», - deyə İ.Əliyev vurğulayıb.

 

Avropa üçün şaxələndirmə

Avropa, öz növbəsində, Azərbaycan qazını səbirsizliklə gözləyir, Cənub Qaz Dəhlizini açıq şəkildə Köhnə Dünya üçün prioritet layihələr siyahısına salır. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bildirib ki, "bu ideyanın reallaşması ilə biz görürük ki, layihə stratejidir və bu, Avropanın enerji təhlükəsizliyini gücləndirir".

Axı, Avropa İttifaqı tərəfindən istehlak edilən qazın 69% -i hazırda idxal olunur və neft üzrə bu rəqəm 89% təşkil edir. Yəni enerji ehtiyatlarının idxalından asılılıq göz qabağındadır və ən önəmlisi, Köhnə Dünya təchizat qaynaqlarının monotonluğundan narahatdır.

«Hazırda biz enerji resurslarının əsas hissəsini Rusiya, Norveç və Əlcəzairdən alırıq. Lakin biz, əlbəttə ki, mənbələri şaxələndirmək istəyirik və həqiqi şaxələnməyə üstünlük veririk. Yəni yeni mənbələrə, yeni tərəfdaşlara, yeni marşrutlara və Avropadakı enerji sistemlərinə daxil olacaq yeni təchizata üstünlük veririk. Biz Avropa İttifaqının hər bir üzvünün və ya tərəfdaşının ən azından 3 fərqli təbii qaz mənbəyinə çıxışının olmasını istəyirik», - deyə M.Şefçoviç vurğulayıb.

Təhlükəsizliyin təmin edilməsi ilə yanaşı, qaz mənbələrinin şaxələndirilməsi təbii olaraq qazın qiymətinə də müsbət təsir göstərəcək. Çünki Qərbi Avropa ölkələri qazı indi Mərkəzi və Şərqi Avropaya nisbətdə daha yüksək qiymətlə alırlar.

«Biz daha yaxşı infrastruktur inkişafı vasitəsilə bu problemi əlbəttə ki, aradan qaldırmaq istəyirik. Buna görə də gələcəkdə biz Xəzər regionundan, Azərbaycandan gələn təchizata çox güvənirik. Ümid edirik ki, bu, bizim yekun məqsədimizə zəmin yaradacaq. Məqsəd isə Xəzər hövzəsindən gələn qazın 2020-ci ilə qədər Avropaya çatdırılmasıdır. Sonra isə Azərbaycan qazına ehtiyacı olan bütün ölkələrə qazı çatdırmaq üçün Avropa İttifaqı daxilində və Avropadakı tərəfdaşlarımızla çalışmaqdır», - deyə M.Şefçoviç bildirib.

Onun sözlərindən Cənubi Qaz Dəhlizinin sərhədlərini genişləndirmək üçün artıq mövcud olan planlar məlum olub. Belə ki, "İnterkonnektor-Yunanıstan-Bolqarıstan" qaz kəmərinin inşası ilə CQD qazı Yunanıstana, başqa interkonnektor vasitəsi ilə

Rumıniyaya nəql olunacaq. Ümumiyyətlə, Avropa yalnız Azərbaycandan deyil, qazını CQD ilə nəql etmək istəyən digər ölkələrdən də qaz almağa hazırdır. Söhbət, xüsusilə İran və Türkmənistanın mavi yanacağından gedir. Birinciyə gəldikdə isə, "bu məsələ İran tərəfi ilə müzakirə olunub, amma onun gələcək həlli İrandan asılıdır. Üstəlik, İran daxilindəki infrastruktur bu cür təchizatın yerinə yetirilməsinə hazır olmalıdır ", - deyə M.Şefçoviç bildirib.

Türkmən qazı ilə bağlı işlər daha mürəkkəbdir. Məlumdur ki, bu qazın CQD ilə nəqli üçün Türkmənistandan Xəzər dənizinin dibi ilə əlavə qaz boru kəmərinin çəkilməsi və onun Cənubi Qafqaz qaz kəməri ilə birləşdirilməsi tələb olunur. Bu məsələ artıq neçə illərdir ki, çoxtərəfli danışıqlar mövzusuna çevrilib. Lakin M.Şefçoviçin sözlərinə görə, bu layihəyə maraq hələ sönməyib. Üstəlik, Aşqabad bu mövzu ilə bağlı Avropa İttifaqı ilə danışıqları davam etdirməyə hazırdır. Bakıda nazirlərin sonuncu görüşündə Türkmənistan prezidentinin müşaviri Yaxşıgəldi Kakayev bunu təsdiq etdi.

"Biz türkmən tərəfinin bu müzakirələri davam etdirməsinə marağını müşahidə edirik. Bundan əlavə, biz Azərbaycanın bu məsələyə marağını və bu prosesdə oynadığı rolu görürük", - deyə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti bildirib.

Bir sözlə, tələbi təklif yaradır. Hələ ki, Avropa Xəzər qazını almağa hazırdır və yeni layihələrin yaranması, mövcud layihələrə əlavələrin edilməsi də istisna edilmir. Bununla belə, Azərbaycan uzun illər öncədən istənilən bu cür təşəbbüsdə "ilk skripka" hüququnu qazanmağa nail olub.



MƏSLƏHƏT GÖR:

400