25 Aprel 2024

Cümə axşamı, 13:51

İNAMSIZLIQ RUHU

Münhen Konfransındakı atmosfer beynəlxalq münasibətlərin vəziyyətini aydın şəkildə ortaya qoyub

Müəllif:

01.03.2018

Builki Münhen Təhlükəsizlik Konfransı hər kəsi məyus edib. Ənənəvi olaraq hər il «Bayresicher Hof» hotelində təşkil olunan və fevralın 16-18-də keçirilən sayca 54-cü konfransa siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər, biznesmenlər daxil olmaqla, 500-dək insan qatılsa da, Qərb dövlətlərinin əksər baş nazirləri və prezidentləri tədbirdə iştirak etməyib. Onların arasında heç «ev sahibi» Angela Merkel də olmayıb. ABŞ-ı isə toplantıda milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi Herbert Reymond Makmaster təmsil edib.

Müşahidəçilər tədbirdəki atmosferi yorğun və hətta darıxdırıcı adlandırıblar. Nəzərə alsaq ki, konfransın şüarı «Uçurumun kənarına və geri?» idi, mənzərə kifayət qədər darıxdırıcı təsir bağışlayır - ya dünyanın güc mərkəzlərinin deyəcək sözü yoxdur, ya da onlar heç nə demək istəmir…

Üstəlik, tədbirə qatılanlar da hərtərəfli dialoq qura bilməyiblər. Çıxışlar daha çox monoloq xarakterli olub və bu zaman, təbii ki, hər kəs özünün həqiqət hesab etdiyini eşidir. Əsas narahatlıqlar isə dəyişməyib - Avropanın geosiyasi zəifliyi, Trampın rəhbərlik etdiyi ABŞ-ın təxminedilməzliyi, avratlantik əlaqələrin gələcəyi, «Brexit»in fəsadları, Koreya yarımadası və Yaxın Şərqdəki vəziyyət, nüvə münaqişəsi təhlükəsi. Toplantıda az qala apokaliptik fikirlər də səsləndirilib: natiqlər bu gün beynəlxalq münasibətlərin son dərəcə qeyri-sabit olduğunu və hər an hər şeyin gözlənildiyini deyiblər. Məsələn, Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel dünyanın uçurumun ərəfəsində olduğunu düşünür. Münhen konfransının rəhbəri Volfqanq İşinger isə yeni müharibələr təhlükəsinin hər zamankından daha yüksək olduğu qənaətindədir. «Sovet İttifaqının dağılmasından sonra fövqəldövlətlər arasında qarşıdurma riski heç zaman bu qədər yüksək olmayıb», - deyə sabiq diplomat bildirib. BMT-nin baş katibi Antoniu Qutyerreş də bənzər fikirlər səsləndirib.

Həqiqətən də, bu gün beynəlxalq münasibətlərdə yumşaq desək, dərin inamsızlıq hökm sürür. Bu mənada ən təhlükəli nöqtə Suriyadır. Orada regional və beynəlxalq oyunçular faktiki olaraq, bir-birilə döyüşür. Yəni Rusiya və ABŞ ilə yanaşı, orada Avropa, İsrail, Türkiyə, İran və ərəb monarxiyalarının da maraqları toqquşub. Bəzi hallarda oyunçuların hədəfləri üst-üstə düşsə də, bəzən onlar bir-birilə tam ziddiyyət təşkil edir. Ümumilikdə isə yaranmış vəziyyətdən iştirakçıların hər hansının itkisiz çıxması çətindir. Üstəlik, hələlik onlardan heç biri döyüş meydanını tərk etməyi düşünmür. Əksinə, Suriya getdikcə daha çox qarışır.

Yaşananların xarakterik mənzərəsi, eyni zamanda təhlükəli xəbərdarlıq kimi, Suriya səmasında baş vermiş son insidentləri göstərmək olar. Xatırladaq ki, hazırda orada həm Rusiya, həm ABŞ, həm də İran, Türkiyə və İsrailin hava qrupları var. Son bir neçə həftədə bu ölkənin səmasında Rusiyanın «Su-25» təyyarəsi (İdlib üzərində), İsrail HHQ-yə məxsus təyyarə (1982-ci ildən sonra ilk dəfə), Türkiyəyə məxsus vertolyot (Afrin üzərində) və İranın pilotsuz uçuşa paratı vurulub.

İran dronunun qalıqlarını İsrailin baş naziri Binyamin Netanyahu özü ilə Münhenə də gətirmişdi. İranla nüvə razılaşmasının ləğvinə dair çağırış edən baş nazir konfransdakı çıxışında bildirib ki, İsrail Tehranın Suriyada hərbi gücünü artırmasını əngəlləmək üçün əlindən gələni edəcək. Makmaster də öz növbəsində bildirib ki, İran İraqda, Yəməndə, Livanda, Qəzzada və Suriyada fəal şəkildə özünün proksi-qoşununu yaratmaqdadır. Buna cavab olaraq, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif hədə dolu bəyanat səsləndirib: nüvə razılaşmasında İranın maraqları təmin olunmazsa, Tehran buna «ciddi cavab» verəcək. Beləliklə, İsrail Suriyada müharibənin başlamasından keçən 6 ildə, ən azı, formal olaraq uzaq durduğu münaqişənin düz mərkəzinə düşüb. İranla İsrail arasında miqyaslı qarşıdurmanın başlama perspektivi isə getdikcə daha real görünməyə başlayır.

Hələlik Suriyada müharibə «proksi» rejimində davam edir. Amerikalıların İraqda fəal şəkildə həyata keçirdikləri özəl hərbi kampaniyalar təcrübəsindən bu gün bütün tərəflər uğurla istifadə edir. Fevralın 7-də Deyr-ez-Zor yaxınlığında ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya tərəfindən rusların «Vaqner» qrupundan olan muzdluların öldürüldüyünə dair xəbərlər Rusiyanın sosial şəbəkə istifadəçiləri arasında sanki partlayış effekti versə də, rəsmi KİV-lər bu haqda danışmadan susublar. «Blumberq» və «Röyters» agentlikləri öz mənbələrinə istinadən insident nəticəsində yüzlərlə rusun həlak olduğunu xəbər verir. Ehtimallara görə, onlar «ÖHŞ (Özəl Hərbi Şirkət) Vaqner» adlı şirkətdə çalışırdılar. Rusiyanın rəsmi qurumları isə məlumata münasibət bildirmir. Rusiyanın XİN başçısı Sergey Lavrovun BBC-nin ölənlərin sayı ilə bağlı sualına cavabı isə hər şeyi bir daha aydın edir: «Orada Fransa, Böyük Britaniya vətəndaşları nə gəzir? Orada bütün dünyadan muzdlular döyüşür. Xüsusi təyinatlılar var ki, onları Suriyaya heç kəs dəvət etməyib. Oraya özbaşına gəliblər».

Amma xüsusi təyinatlılar, əlbəttə ki, Suriyaya özbaşına gəlməyib. Suriyada bütün tərəflərin maraqlarını təmsil edən muzdluların döyüşdüyü də çoxdan sirr deyil. Yeri gəlmişkən, KİV-in məlumatına görə, «Vaqner» qrupundan olan rusların ölümünə görə qisas aktı da özünü çox gözlətməyib. Məlumata görə, Rusiyanın yeni «SU-57» qırıcıları buna cavab olaraq Şərqi Quta silsilə raket zərbələri endirib. Mətbuat yazır ki, bu reydlər nəticəsində yalnız suriyalı yaraqlılar deyil, Amerikanın özəl hərbi şirkətlərinin muzdluları da həlak olub. «Şərqi Qutda 2000-dək Amerika əsgəri var idi. Onlar ÖHŞ tərkibində döyüşürdülər. Buraya NATO hərbçilərini də əlavə etmək lazımdır. Onların orada nə axtardıqları məlum deyil», - deyə «Rex» informasiya agentliyinin məlumatında bildirilir.

Yeri gəlmişkən, İQ təhlükəsinin Yaxın Şərqin isti havasında buxarlanmasından sonra (bunadək «Əl-Qaidə» təhlükəsinin buxarlandığı kimi) Suriyadakı münaqişə tərəflərinin əməllərini hansısa beynəlxalq normaya «uyğunlaşdırmaq» çətinləşib. Hazırda Suriyada dəqiq tanınma nişanı ilə əməliyyat aparanlar arasında Türkiyə Ordusu da var. Onun yanvarın 20-də PYD də daxil olmaqla, kürd terror qruplaşmalarının zərərsizləşdirilməsi məqsədilə başladığı «Zeytun budağı» əməliyyatı davam edir. Ölkənin XİN başçısı Mövlud Çavuşoğlu Münhen konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ankara kürdlərə dəstək verən Vaşinqtona inamını itirib. Maraqlıdır ki, Afrində həyata keçirilən «Zeytun budağı» əməliyyatı Suriya ordusu və müttəfiqlərinin İdlibdə irəliləməyə başladığı vaxtla üst-üstə düşüb. Müxalifətin əsas qüvvələri məhz bu şəhərdə məskunlaşıb. Bu, onu göstərir ki, Ankara fəaliyyətini Moskva və Tehranla razılaşdırıb.

Çavuşoğlunun sözlərinə görə, ABŞ-ın dövlət katibi Reks Tillersonun Ankaraya onların Münhen görüşündən bir müddət əvvəl etdiyi səfəri zamanı tərəflər razılığa gəlibmiş. Razılaşmaya əsasən, NATO-da müttəfiq olan bu iki ölkə arasında Suriya ilə bağlı fikir ayrılıqlarını aradan qaldıracaq mexanizm hazırlanmalı imiş. Deyilənə görə, amerikalılar Afrində bufer zonanın yaradılmasını, Fərat çayından qərbdə, əlverişli strateji mövqedə yerləşən Manbicdə türk-amerikan birgə patrulunun təşkilini təklif edir. Ankara isə ABŞ-dan kürdlərin tərk-silah olunmasını, ümumiyyətlə, kürd yaraqlıları ilə əlaqələri kəsməsini istəyir. İndiyədək yaşananlar göstərir ki, Suriyada kürdlərə arxalanan Vaşinqton Türkiyənin İran və Rusiyaya tərəf meyillənməsinə göz yuma bilməz. Amma o, birmənalı seçim də edə bilmir. Nəticədə, hazırda Suriyada əsas hərbi əməliyyatlar ölkənin şimalında - Afrin və İdlibdə, həmçinin cənubda - Deyr-ez-Zor və Qutda gedir.

Lakin münasibətlərin aydınlaşdırılması boz zonaya çevrilmiş, hüquqi qrupların, humanitar missiyaların çalışa bilmədiyi yad torpaqda, beynəlxalq qanunların, mexanizmlərin və razılaşmaların işləmədiyi yerdə gedirsə, Bavariyada yerləşən rahat, təhlükəsiz hoteldə nəyisə razılaşdırmaq çətindir. Odur ki, buna kiminsə təəccüblənməsi özü təəccüblüdür.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirib ki, Suriyanın suverenliyi, ərazi bütövlüyü qorunub saxlanmazsa, Yaxın Şərqdə «xroniki balkanlaşma», yəni dövlətin parçalanması başlaya bilər. Əslində isə Suriya artıq parçalanıb - lap İraq kimi. Suriyada döyüşən dövlətlər istənilən an açıq qarşıdurmaya keçə bilər.

Folfqanq İşinger Münhen Konfransındakı yekun nitqində hüznlü səslə deyib: «Ümid edirdim ki, konfransımızın adındakı sual işarəsini kənara ata biləcəyik. Təəssüf ki, biz «uçurumun kənarı»ndan çəkilə bilmədik».



MƏSLƏHƏT GÖR:

402