29 Mart 2024

Cümə, 11:21

SINAQLAR ASTANASINDA

Şərqşünas Yelena DUNAYEVA: «İranı çox ciddi və maraqlı hadisələr gözləyir»

Müəllif:

01.03.2018

Ötən ilin sonundan İran dünya siyasətinin diqqət mərkəzindədir. Nümayişlər, bu nümayişlərə etirazlar, yeni sanksiyalar, antisanksiyalar, Suriyakı hərbi fəaliyyət, Trampa «öz yerini göstərmək» hədəsi, indi isə Tehranın mərkəzində məzhəblərarası qarşıdurma. Bir sözlə, fars bölgəsində miqyaslı dəyişikliklərin baş verəcəyi bir sıra əlamətlərlə özünü göstərməkdədir. Cənub qonşumuzda nələrin baş verdiyi, bütün bunların regiondakı vəziyyətə necə təsir göstərə biləcəyi haqda İran üzrə ekspert Yelena DUNAYEVA ilə söhbətləşmişik:

- ABŞ İrana iki ölkə arasında gərginlik yaradan məsələlərlə bağlı neytral meydanda müzakirələrə başlamağı təklif edib. Bu görüş Vaşinqtonla Tehran arasında düşmənçiliyə son qoya bilərmi?

- Hələlik tərəflər arasındakı fundamental ziddiyyətlərin yalnız danışıqlarla aradan qaldırılması mümkün görünmür. Amma onlar ABŞ-dakı iranlı məhbuslar və İran həbsxanalarında saxlanılan ABŞ vətəndaşları ilə bağlı məsələni həll edə bilərlər. ABŞ Konqresi İrana qarşı Donald Trampdan daha radikal mövqedədir. Odur ki, bu iki ölkə arasında münasibətlər yaxın zamanlarda normallaşmayacaq. Üstəlik, Trampın İranın nüvə proqramı ilə bağlı verdiyi ultimatumun vaxtı bitdikdə hansı addımlar atacağını gözləmək lazımdır. ABŞ-ın nüvə proqramına dair razılaşmadın çıxıb-çıxmayacağını zaman göstərəcək.

- Əvvəllər İran ABŞ ilə münasibətlərin normallaşması üçün əsas şərt kimi Qərb banklarındakı şah hesablarının Tehrana qaytarılmasını tələb edirdi. Bu məsələnin həlli Amerika-İran münasibətlərində yeni səhifə aça bilərmi?

- Bu pulun bir hissəsini Barak Obama İrana qaytarıb. Məsələ ondadır ki, Obama bu addımı İranda Amerika vətəndaşları həbs olunan zaman atıb. Yeri gəlmişkən, o zaman Konqres Obamanı faktiki olaraq vətəndaşları 3 milyard dollara geri aldığı üçün sərt tənqid edirdi. Lakin ABŞ-da hələ də İran pulları qalmaqdadır.

- Tehranda sufilərlə polis arasında qanlı toqquşmalar baş verib. Bəzi məlumatlara görə, toqquşmalar nəticəsində 5 polis əməkdaşı ölüb, 300-dək sufi yaralanıb. İrandakı məzhəblərarası münaqişə Suriya ssenarisi ilə inkişaf edə bilərmi?

- İran sufiləri və ya dərvişləri Nəkşibənd təriqətinə aiddirlər. İran hökuməti bu təriqəti dəfələrlə İD ilə əlaqələrlə ittiham edib. İranda hər zaman dərvişlərlə mübarizə aparılıb. Şiəliyə görə, o, dini cərəyan sayılmır. Dərvişlik yarımmistik təlimdir. İranda sufilər əhalinin cəmi 10%-ni təşkil edir. İran hökuməti şiəliklə sünniliyi rəsmən qəbul etsə də, dərvişləri sektant hesab edir. Ölkədə onlarla mübarizə sufilərin İD-nin yayıcıları ola biləcəyi arqumentilə aparılır. Əslində isə dərvişlərlə mübarizə 2017-ci ilin dekabrından sonra fərqli düşünənlərə qarşı başlanmış mübarizə çərçivəsində aparılır. Sünnilərlə şiə çoxluq arasında əhəmiyyətli qarşıdurma olmayacaq. Ölkədə sünnilərin məscidləri çox azdır və olanlar da xüsusi ayrılmış ərazilərdə yerləşir. Onları hakimiyyətin yuxarı eşelonuna çox buraxmırlar. Lakin Ruhaninin hakimiyyətə gəlməsindən sonra sünnilərin sıx yaşadığı regionlarda - Belucistanda, Türkmənistanda və digər əyalətlərdə sünnilər regional administrasiyaların rəhbərliyinə yol tapa bilib. Bəzi regionlarda, məsələn, ərəblərin yaşadığı Xuzistanda isə onlar müəyyən özünüidarə səalhiyyətləri də əldə ediblər. İndi onlar asayişə özləri nəzarət edir, öz adət-ənənələrilə yaşayır və sair.

- Bəs, İranda «kürd məsələsi» nə qədər güclüdür?

- Kürdlər İran cəmiyyətinə ciddi şəkildə inteqrasiya ediblər. Onlar orduda qulluq edir, kürdlərin yaşamadığı əyalətlərdə belə, universitetlərdə təhsil alırlar. Kürdlərin İranın digər regionlarına miqrasiyası kifayət qədər güclüdür. Onlara hökumətdə, məclisdə də rast gəlinir. Kürdlərin mədəni cəmiyyətləri var, Tehranda Kürd Mədəniyyəti İnstitutu fəaliyyət göstərir, Kürdüstan universitetlərində xarici dil kimi kürd dili tədris olunur. Yeri gəlmişkən, Ruhani məktəblərdə milli əyalətlərin dilinin də tədris olunması təklifini irəli sürüb. Lakin sonradan məlum olub ki, kürd, Azərbaycan dillərinin tədrisi üçün nə müəllimlər, nə dərsliklər, nə müvafiq proqram var. İndi universitetlərdə kürd ədəbi dilinin tədris olunduğu xüsusi fakültələr açılır. Orada sonradan orta məktəblərdə dərs deyəcək kürd dili müəllimləri hazırlanır.

- Amma «Mücahed-e Xəlq» kimi qorxulu kürdpərət təşkilat uzun müddət Tehrana qarşı mübarizə aparıb…

- «Mücahed-e Xəlq»i kürdpərəst təşkilat adlandırmaq olmaz. O, İran hakimiyyətilə mübarizədə rejimə müxalifətdə olan, Tehranla savaşan və əsasən, İraq Kürdüstanında məskunlaşmış qeyri-leqal kürd partiyaları və təşkilatlarını dəstəkləyir.

Bu təşkilat, həqiqətən də, rejimlə mübarizə aparır. Onlar sərhədi keçir, polis postlarına hücumlar edir, terror aktları törədir. Lakin müxtəlif məlumatlara görə onları İranın kürd rayonları əhalisinin uzağı 15%-i dəstəkləyir. Yeri gəlmişkən, İraq hökuməti «Mücahed-e Xəlq»in, demək olar ki, bütün üzvlərini ölkədən çıxarıb və onlar Albaniyada məskunlaşıblar.

- Bu yaxınlarda KİV-də yer almış məlumata görə, Ruhani administrasiyasının Strateji Araşdırmalar Mərkəzinin apardığı sorğu göstərib ki, əhalinin 50%-i hicabın məcburiliyinə dair qanunun ləğvinə tərəfdardır…

- Bu qanunu yalnız parlament ləğv edə bilər. Lakin məclisdə bu məsələ müzakirə olunmur. Hicab çoxdan - hələ 1979-cu ildə Ali Mədəni İnqilab Şurası tərəfindən qanuniləşdirilib. Rəyi soruşulanların əksəriyyəti üçün hicab maraqlı deyil. Onların səslərini gah hicabın lehinə, gah da əleyhinə hesablayırlar. Odur ki, müxtəlif sorğularda hicab haqda qanunun tərəfdarları ilə əleyhdarlarının sayı müxtəlifdir. Maraqlıdır ki, Ruhaninin keçirilməsini təklif etdiyi referendumda müxtəlif məsələlərlə bağlı hicab geyməyin məcburi olub-olmaması məsələsi də var. Nümayişlərdən sonra ölkədə keçirilmiş sosioloji sorğularda əhalinin yanvar aksiyalarına və onun səbəblərinə münasibəti soruşulub. Aksiyaların əsas iştirakçısı gənclər olduğundan, sorğu da bu təbəqə arasında aparılıb. Məlum olub ki, onların 75%-i ölkədəki vəziyyəti mənfi qiymətləndirir. Təxminən, 60% vəziyyətin islahatlarla dəyişdirilməsini mümkün sayır, 31% isə islahatların işə yaramayacağını, ümumilikdə, rejimin dəyişməli olduğunu düşünür. Artıq bu rəqəmlərə diqqət göstərilir və aydındır ki, iqtisadi vəziyyətlə bağlı etirazlar dövlətin sosial-siyasi sistemindən narazılığın nəticəsidir. Bütün bunlardan sonra Ruhani fevralın 10-da İslam İnqilabının Qələbəsi günü münasibətilə etdiyi çıxışında referendumun bir çox problemlərin həllinə kömək edə biləcəyini söyləyib. Ölkədə böhranlı vəziyyətdə referendumların keçirilməsi İran Konstitusiyasında da nəzərdə tutulur. İndiyədək İranda 2 referendum təşkil olunub - inqilabın ilk illərində dövlət sisteminin dəyişməsi və Konstitusiyanın qəbulu ilə bağlı.

Ruhaninin ətrafı hicab, dövlətin sosial müavinətləri kimi məsələləri referenduma çıxarmaq istəyir. Etirazlardan əvvəl hökumət bu müavinətlərin azaldılması imkanlarını müzakirə edirdi. Bundan başqa, hökumətdə deyirlər ki, dövlət büdcəsindən müxtəlif dini, dini-mədəni və təbliğat fondlarına həddindən artıq çox vəsait xərclənir. Bu fondlar ruhanilərlə bağlıdır. Bu səbəbdən də, onlar dini verginin toplanması ilə özlərini saxlaya bilər. İslam Təbliğatı Təşkilatının və ya Qumdakı universitetin büdcəsi ən nəhəng politexnik universiteti olan Şərif Universitetinin büdcəsində on dəfələrlə böyükdür. Halbuki Şərif Universitetinin yüksək ixtisaslı mütəxəssisləri bütün dünyada məşhurdur. Odur ki, ruhanilərə qulluq edən dini fondlar elə ruhanilərin özləri tərəfindən maliyyələşməlidir. Yaxud onlar hökumət qarşısında hesabat verməlidirlər. Məsələ ondadır ki, dövlət hər il bu fondlara maliyyə ayırsa da, vəsaitin nəyə xərcləndiyini heç kəs bilmir. Yeri gəlmişkən, indi Obamanın İrana ödədiyi vəsaitin dövlət büdcəsindən yan keçməklə, Yəmən husilərinə raket tədarükünə xərcləndiyi haqda da danışırlar. Ruhani isə fondların dövlətin maliyyə nəzarətinə götürülməsini və ya onların ruhaniliyin gəlirlərindən maliyyələşməsini təklif edir.

Mühafizəkarlar referendumun keçirilməsinə qarşıdır. Onlar Ruhaninin bu təklifinə son dərəcə sərt reaksiya verirlər. Qeyd edək ki, məclisin 2/3-si prezidentin təklifini dəstəkləyərsə, ümumxalq səsverməsi mexanizmi işə düşəcək. Lakin hələlik məclisdə referendum məsələsi müzakirə olunmur. Məsələ, sadəcə, KİV-də geniş müzakirə edilməkdədir. Cəmiyyətin siyasi strukturu dəyişmədən, dini liderin və ya ruhaniliyin, xüsusilə Müşahidə Şurasının funksiyaları məhdudlaşdırılmazsa, ölkədə nəyisə dəyişmək mümkün olmayacaq. Artıq mühafizəkarlar arasında da dəyişikliklərin vacibliyini düşünənlər var. Xameneinin özü bu yaxınlarda xalq qarşısındakı çıxışında etiraf edib ki, onlar islam respublikası quran zaman planlaşdırdıqlarının heç də hamısını həyata keçirə bilməyiblər. O, cəmiyyətdə ədalətin olmadığını deyib və buna görə məsuliyyətin şəxsən özünün üzərinə düşdüyünü söyləyib. Dini lider buna görə xalqdan üzr istənilməsinin vacibliyini də bildirib.

Bəzi analitiklər bunu dəyişikliklərin vacibliyini dini liderin də qəbul etməsi kimi qiymətləndirib. Amma mən bu fikrə şübhə ilə yanaşıram. İstənilən halda, İran ciddi hadisələr ərəfəsindədir. Referendum Ruhaninin əl-qolunu bir qədər aça və müəyyən müddətə gərginliyi aradan qaldıra bilər. Hətta ölkənin mədəniyyət xadimləri belə, hökumətə müraciət edərək referenduma bir məsələnin də çıxarıla biləcəyini bəyan ediblər: islam respublikası, yoxsa İran Respublikası? İranlılar, sadəcə, müəyyən azadlıqlar istəyir. Prinsipcə, onlar üçün rəhbərin kim olacağı - dini lider, yoxsa dünyəvi baxışlı şəxs - o qədər də əhəmiyyət daşımır. İnqilab prospektində yaşayan və nümayiş zamanı çadrasını çıxararaq bayraq kimi yelləməyə başlamış qız deyir: «Mənə azadlıq, çadra geyib-geyməmək haqda qərar qəbul etmək, öz seçimim əsasında yaşamaq imkanı verin. Və bunun islam respublikası olub-olmamasının mənim üçün heç bir fərqi yoxdur».

- Son aksiyalar zamanı ən təəccüblüsü ölkə liderlərinin portretlərinin məhv edilməsi yox, etirazçı gənclərin Şah Rza Pəhləvindən üzr istəməsi idi. Sonuncu şahın İran ziyalıları və gəncləri arasında populyarlığı sürətlə artmaqdadır. Artıq ölkədə üzərində Şah Pəhləvinin əksi olan sikkə medalyonlar dəbə minib…

- Son illərdə Rza Pəhləviyə marağın artması təəccüblü deyil. Bu şüarlar son 40 ildə ilk dəfə eşidilməyə başlayıb. Maraqlıdır ki, ilk şahpərəst şüarlar Qumda səsləndirilib. İranlılar mənə danışır ki, yerli telekanallarda şahın ruhanilərlə mübarizəsinə dair çoxseriyalı film də nümayiş olunub. Onlar şahı ruhanilərin əleyhdarı kimi təqdim etməyə çalışıblar, amma gənclik bundan əks nəticə çıxarıb.

Gənclər İranın sonuncu şahını güclü milli fiqur kimi görürlər. Onlar hesab edir ki, İranı feodolizmdən çıxaran, Qərb nümunəsində müasirləşdirən məhz şah olub. O, qadınların çadrasını, kişilərin dini geyimini zor gücünə çıxarıb və onları Qərb üslubunda geyməyə məcbur edib. Rza Pəhləvi yollar tikib, universitetlər açıb, ilk müasir məktəbləri yaradıb. Gənclik şahın sərt rejimi, nəhəng torpaq sahələrinin, əksər müəssisələrin şəxsən şaha məxsus olduğu haqda düşünmür. Onlar üçün ruhanilərə qarşı dayanmış güclü lider faktı daha cəlbedicidir. Ölkədə bu gün də şahpərəst qüvvələr var. Lakin onların təsir imkanları güclü deyil. Prezident Hatəminin dövründə müasir həyatı islam ideologiyası ilə birləşdirməyə çalışan, sonra isə İranı tərk etmək məcburiyyətində qalmış islahatçılar iranlılara daha çox siyasi təsir göstərirlər, nəinki şahpərəst mühacirlər.

Bir sözlə, İranı ciddi və maraqlı hadisələr gözləyir. İndi ən önəmlisi Trampın hər hansı ağılsız avantüraya əl atmaması, ərəb dövlətlərini İrana qarşı təcavüzə qaldırmamasıdır. Düşünürəm ki, bu, baş verməyəcək. Əksər ərəb dövlətlərinin İrana münasibəti normaldır.



MƏSLƏHƏT GÖR:

496