24 Aprel 2024

Çərşənbə, 04:10

HƏLƏ VAXT VAR

Ermənistan Qarabağ avantürasından dinc şəkildə qurtulmaq şansından istifadə etməlidir

Müəllif:

01.03.2018

1988-ci ilin fevralında Dağlıq Qarabağda və İrəvanda müddətsiz mitinqlərlə Qarabağ münaqişəsinin çarxı işə salınan zaman onun region və bütünlükdə Sovet İttifaqı üçün hansı dağıdıcı fəsadlara yol açacağını, yəqin ki, çox az adam təsəvvür edirdi. O vaxtdan 30 il ötür. Lakin Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayonunu işğal etmiş Ermənistan demoqrafik və maliyyə-iqtisadi resurslarının zəifliyi üzündən nə ələ keçirdiyi əraziləri özününküləşdirə, nə də ərazi iddialarını leqallaşdıra bilib. Əvəzində, bir qrup avantürist, sovet əyaləti funksioneri və onlara qoşulmuş yarımkriminal simalar Ermənistan prezidenti, nazir, deputat olub, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən talanlar nəticəsində milyonlar qazanıb.

Bu insanlar hakimiyyət və maliyyə hərisliklərini on minlərlə insanın ölümü, iztirabı, qaçqına çevrilmiş, var-dövlətini itirmiş milyonlarla erməni və azərbaycanlının bədbəxtliyi hesabına yatırıblar. Nəticədə, Cənubi Qafqaz təcrid duruma düşüb, uzun müddət dünyada gedən sosial-iqtisadi, elmi-texniki inkişaf proseslərindən kənarda qalıb. Sonda regionun 3 ölkəsindən yalnız Azərbaycan iqtisadi tənəzzülü aşa və 1989-cu ilin iqtisadi göstəricilərini geridə qoya bilib. O, regionda demoqrafik artım göstərən (7 milyondan 10 milyon nəfərə) yeganə ölkədir. Ermənistanla Gürcüstan isə münaqişələr dövründə qeydə alınmış kütləvi miqrasiya və doğuş sayının azalması üzündən əhalisinin, təxminən, dörddə birini itiriblər.

Serj Sarqsyanın Ermənistana rəhbərlik etdiyi 10 ildə kağız üzərində iqtisadi artımdan danışılsa da, ÜDM və əhalinin adambaşına düşən gəliri nəinki artmayıb, əksinə, dollar hesabı ilə 10% azalıb. Amma bu, erməni əhalinin oyanmasına səbəb olmayıb və onlar hələ də uşaq yaşlarından beyinlərinə yeridilmiş türkfobiyanın, azərbaycanfobiyanın və millətçi xülyaların qurbanı olaraq qalırlar. Əslində, praqmatik və rasional insanlar olan ermənilər sözdə Türkiyə və Azərbaycanla nail olunması mümkünsüz sayılan hədəfləri dəstəkləsə də, «ayaqları ilə səs verərək» Ermənistanı kütləvi şəkildə tərk edir, vətəni uzaqdan sevməyə üstünlük verirlər.

Qarabağ münaqişəsinin 30-cu ildönümü ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədrləri belə bir tarixi fonda regiona növbəti səfərlərini ediblər. Səfərin, demək olar ki, həmişəki kimi, bu dəfə də məhsuldar keçdiyini söyləmək çətindir. Ermənistan hakimiyyətinin mart-aprel aylarına planlaşdırılan «ötürmə əməliyyatı»nın, həmçinin Azərbaycanda aprelin 12-nə təyin olunmuş prezident seçkisinin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı çətin kompromis qərarların qəbulu üçün əlverişli şərait yaratmadığını anlayan vasitəçilər diqqəti yalnız əvvəldən razılaşdırılmış bir məsələnin reallaşdırılmasına yönəldiblər. Söhbət ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspirşikin müşahidəçi missiyasının artırılmasından gedir. Lakin əslində o qədər də əhəmiyyət kəsb etməyən bu məsələ də sonraya saxlanılıb. Bakıda hesab edirlər ki, məzmunlu danışıqlar seçkidən sonraya saxlanırsa, missiyanın sayının artırılması da gözləyə bilər. Çünki atəşkəs razılaşması nizamlama prosesinin imitasiyası üçün, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının sonsuzluğadək uzadılması üçün yox, münaqişənin dinc yolla həllinə dair danışıqların aparılması üçün əldə edilib.

Bütün bunların fonunda son zamanlar erməni siyasətçiləri, hərbçiləri, ictimai xadimləri və KİV-i Azərbaycana «ərazi güzəştləri»nin mümkün olmadığına dair absurd bəyanatlar səsləndirməkdədir. Bununla da, onlar məsələni «baş-ayaq» göstərməyə, dünya birliyi qarşısında təcavüzkar, işğalçı olduqlarını gizlətməyə, əksinə, guya ərazi güzəştlərinə getməyə məcbur olunan tərəf kimi təqdim etməyə çalışırlar. Bununla da, ermənilər nizamlama prosesində ən azı ərazilərin bir hissəsinin işğalını leqallaşdırmaq üçün danışıqlar prosesinin diskursunu dəyişməyə cəhd edirlər. Bu yerdə ermənilərin ərazi iştahının Dağlıq Qarabağla məhdudlaşmadığı, onun Azərbaycanın Laçın və Kəlbəcər rayonlarınadək gedib çıxdığı da aydın olur.

Azərbaycan Prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışında bu iddialara kifayət qədər sərt cavab verərək onlara və ümumilikdə, dünyaya əslində, nəinki Dağlıq Qarabağın, Zəngəzurun, Göyçənin, hətta paytaxt İrəvanın da Azərbaycanın İrəvan xanlığının tarixi əraziləri olduğunu xatırladıb. O, bir gün azərbaycanlıların mütləq həmin ərazilərə qayıdacağını da bəyan edib.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə fevralın 19-da keçirdiyi görüşündə isə İ.Əliyev danışıqlar prosesində irəliləyişə Ermənistanın riyakar və destruktiv mövqeyinin imkan vermədiyini söyləyib. Prezident deyib ki, Ermənistan Azərbaycana qarşı işğalçı siyasətini davam etdirir, işğal olunmuş ərazilərdə milli, dini və tarixi abidələrimizi məhv edir. Dövlət başçısının sözlərinə görə, münaqişənin tezliklə həlli üçün Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Əlbəttə ki, addımların davamlılığı, problemin sülh yolu ilə həlli prosesinin mərhələləri və digər detallar danışıqlar zamanı razılaşdırılmalıdır. Lakin bir məsələ dəqiqdir - artıq erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsində sözdən əmələ keçməyin vaxtıdır. Bu, o qədər aydın və təxirəsalınmaz işdir ki, Minsk qrupunun ermənipərəst mövqeyilə tanınmış sabiq rusiyalı həmsədri Vladimir Kazimirov belə Ermənistan televiziyasına müsahibəsində İrəvanı ilk addım kimi, Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarının işğaldan azad edilməsinə başlamağa çağırıb. O, hesab edir ki, hərbi əməliyyatların bərpa olunmayacağına dair ciddi beynəlxalq zəmanət verilməsilə, bu prosesə başlamaq olar. Kazimirov bu çağırışı Ermənistan-Rusiya münasibətlərindəki problemlərə dair Moskvadakı Prezident hotelində keçirilmiş «dəyirmi masa»da səsləndirib.

Beləliklə, yazda Ermənistan, Azərbaycan və Rusiyada seçkilər başa çatacaq və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində real irəliləyişə nail olunması üçün intensiv danışıqlara başlamaq olar. Bu baş verməzsə, yaxud ermənilər əvvəlkitək qəbulolunmaz ərazi iddiaları ilə danışıqlar prosesini yenidən dalana dirəyərsə, uzağı yayda hərbi əməliyyatların bərpa olunacağı istisna deyil. Bu ehtimalı yalnız azərbaycanlı hərbçilər deyil, artıq səriştəli xarici kəşfiyyat və analitik strukturlar da səsləndirir. Məsələn, ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Koutsun ABŞ Senatının Kəşfiyyat məsələləri komitəsində təqdim olunmuş ənənəvi illik məruzəsinin Dağlıq Qarabağa aid hissəsində bildirilir ki, «tərəflər kompromisə getməyə tələsmir». Amerika kəşfiyyatının direktoru hesab edir ki, hazırkı təzyiqlər, Azərbaycanın həyata keçirdiyi sabit hərbi müasirləşmə və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə tərəflər arasında miqyaslı hərbi toqquşmalarla nəticələnə bilər.

Əslində, bu ehtimalı söyləmək üçün əlavə arqumentlərə, hesablamalara ehtiyac da yoxdur. Hər il tərəflərin bu dövrdə təmas xətti yaxınlığında keçirdikləri miqyaslı hərbi təlimlər asanlıqla 2016-cı ilin aprel hadisələrini sanki bir lokal test imiş kimi kölgədə qoyacaq hərbi əməliyyatlara çevrilə bilər. Erməni millətçi liderlərinin inadkarlığı, zehni zəifliyi üzündən regionun qan gölünə çevrilməsini, darmadağın olmasını istəməzdik. Ağıllı qərarlar qəbul etmək üçün hələ vaxt var.



MƏSLƏHƏT GÖR:

428