29 Mart 2024

Cümə, 05:01

AZƏRBAYCAN ÇEMPİONLAR LİQASINDA OLACAQMI?

Yeni mövsümdə ölkəmizin klublarını daha ciddi sınaqlar gözləyir

Müəllif:

15.03.2018

UEFA yeni mövsüm üçün avrokubokların tam formatını açıqlayıb. Bununla Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) 2018/19-cu il mövsümündən qüvvəyə minəcək bütün yeniliklərin detallarına tam aydınlıq gətirilib.

Yeni mövsüm əvvəlki qaydada 32 komandanın qrupda mübarizəsi ilə təşkil olunacaq. Bu klublar da yenə üç yolla əsas raunda çıxacaq. Amma bu yollardakı bölgü dəyişdirilib. Qrupa birbaşa yüksələn komandaların sayı 22-dən 26-ya çatdırılıb. Bununla da, təsnifatdan gələnlərin sayı 10-dan 6-ya enib. Əvvəl bu komandalardan 5-i Çempionlar, 5-i Qeyri-çempionlar yolu ilə gəlirdi. İndi sonunculara cəmi 2, Azərbaycanın da təmsil olunduğu Çempionlar yoluna isə 4 vəsiqə veriləcək. Bizə də məhz bu 4 vəsiqə uğrunda mübarizə maraqlıdır.

Bu zaman ÇL-in təsnifat mərhələlərində uduzan bütün komandalar ikinci şans qazanıb, AL-də mübarizə aparacaq. AL-ə qrup mərhələsindən mübarizəyə başlayan klubların sayı 17-yə çatdırılıb. Digər 31 yer isə təsnifat mərhələlərində bəlli olacaq.

Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq qitənin ən nüfuzlu klub turniri olan ÇL-də Azərbaycan təmsilçisi 2017/2018-ci il mövsümündə yer aldı. İndi klublarımızın qarşısında bu uğurun təsadüf olmadığını göstərmək və ölkəmizi ÇL-in daimi sakininə çevirmək məsuliyyəti durur. Necə ki, bunu Avropa Liqasında gerçəkləşdirmişdik.

AL-in 2012/2013 mövsümündə qrupa düşən ilk komandamız “Neftçi”nin uğuru bir illik fasilədən sonra təkrarlansa da, ikinci dərəcəli turnirdə yerimizi möhkəmləndirə bilmişik. Ardıcıl beş turnirdən dördündə üç müxtəlif klubumuz ümumilikdə altı dəfə qrup mərhələsində iştirak edib. Üç dəfə “Qarabağ”, iki dəfə “Qəbələ”, bir dəfə də “Neftçi”nin yer aldığı bu turnirin qrupunda Azərbaycanın təsadüfi qonaq olmadığı təsdiqlənib. İndi eyni uğuru daha güclü turnirdə - ÇL-də gerçəkləşdirmək lazımdır.

Azərbaycan Premyer Liqasındakı duruma baxsaq, “Qarabağ”ın, “Qəbələ” və ya “Zirə”nin bu vəzifənin öhdəsindən gəlməsinin çətin olacağı görünür. Avrokuboklardakı format dəyişikliyindən sonra isə çempionumuzun işinin bir az da çətinləşəcəyi bəllidir. Çempionlar Liqasının 2018/19-cu il mövsümünün formatına nəzər salıb, ehtimal olunan rəqiblərin kimliyinə baxmaqla qrup perspektivinə müəyyən mənada aydınlıq gətirmək mümkündür.

Çempionlar Liqası tarixində ilk dəfə yarış təsnifat mərhələləri deyil, ilkin mərhələ ilə başlayacaq. Avropanın ən zəif dörd çempionatının qalibi olimpiya sistemi, kobud dildə desək, yarımfinal və final oyunları ilə təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək.

Zəiflərin ən xoşbəxti I təsnifat mərhələsindən mübarizəyə qatılacaq 33 komandaya qoşulacaq. Azərbaycan çempionu da artıq bu raundda oynamalı olacaq. Bu komandalardan 13-ü də artıq bəllidir. Burada Azərbaycan çempionuna başağrı ola biləcək “Astana” da, BATE də var, Danimarka, Şotlandiya, Kipr və İsrail təmsilçisi də. Lakin “Qarabağ”ın da, “Qəbələ”nin də UEFA reytinqi belə düşünməyə əsas verir ki, ilk raundda təmsilçimiz səpələnmiş olacaq və çətinliklə üzləşməyəcək.

II təsnifat mərhələsi Azərbaycan klubu üçün ilk ciddi sınaq ola bilər. Çünki əvvəlki mərhələnin 17 qalibinə, daha 3 ölkənin çempionu qoşulacaq. Bu 20 kollektiv arasında səpələnmiş olmaq ehtimalı olsa da, bunun əksi də istisna deyil. Bir sözlə, artıq II təsnifat mərhələsində güclü və ya təxminən, eyni səviyyəli rəqiblə duel mümkündür.

III təsnifat mərhələsində cəmi 12 komanda oynayacaq. Əvvəlki raundun 10 xoşbəxtinə Hollandiya və Yunanıstan çempionları qoşulacaq. Təsəvvür edin ki, sonuncu iki ölkəni “Olimpiakos”, “Feyenoord”, “Ayaks” kimilər təmsil edəcək. Bu 12 klubun səbətlərə bölünməsində səpələnmək ümidləri çox aşağıdır. Təbii ki, bura qədər irəliləmək mümkün olsa.

Pley-off adlandırdığımız təsnifatın IV mərhələsində cəmi 4 cütlük olacaq. Bura əvvəlki raundun 6 qalibi və Çexiyayla İsveçrənin çempionları qoşulacaq. “Bazel”in gücünü, çexiyalıların bizim üçün əlverişsiz rəqib olduğunu nəzərə alsaq, bu raund əvvəlkilərdən də çətin olacaq. Bu mərhələdə kifayət qədər güclülərin toplaşacağını nəzərə alsaq, səpələnmişlər səbətinə düşmək heç real görünmür. Digər səbətdə olmaq güclü rəqib vəd edir. Amma yazılan tarixi davam etdirmək, qazanılan uğurun təsadüf olmamasını isbatlamaq üçün nə “Olimpiakos”dan, nə də “Bazel”dən çəkinməməliyik. Əgər ortabab imici saxlamaq istəyiriksə, belələri ilə döyüşməyə hazır olmaq lazımdır.

Qrup mərhələsinin formatı dəyişməsə də, oyunların başlama saatı dəyişikliyə uğrayacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 23:00-da başlayacaq. Yay vaxtında bu 20:55 və 22:00-a dəyişəcək.

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın direktoru Əmrah Çəlikəl yeni reqlament haqqında bunları deyib. Klub rəsmisi hədəflərinin dəyişilmədiyini bildirib: “Çempionlar Liqasında qrupa vəsiqə qazanmaq həmişə çətin olub. Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək şərəfdir. “Qarabağ” son illər ÇL-ə vəsiqə qazanmağı əsas hədəf seçmişdi. Sevinirik ki, istəyimizə nail olduq. Yeni mövsümdən qaydalar dəyişir. Azərbaycan kimi ölkələrin təmsilçilərinə ÇL-ə vəsiqə qazanmaq daha da çətinləşir. Amma hədəfimiz dəyişmir. Biz yenə də Azərbaycanı sevindirmək üçün mübarizə aparacayıq”.

Təcrübəli mütəxəssis, AFFA Məşqçilər Komitəsinin üzvü, “Şöhrət” ordenli Ağasəlim Mircavadov “R+”a açıqlamasında yeni mövsümdən klublarımızı avrokuboklarda daha ciddi sınaq gözlədiyini bildirdi: “UEFA-nın yeni qaydalarından xəbərdaram. Artıq təmsilçimiz Çempionlar Liqasında 4 mərhələ keçməli olacaq. Pley-offda daha güclü rəqiblə qarşılaşma ehtimalı yaranıb. Ona görə çətin olacağı dəqiqdir. Çünki futbol yerində saymır. Bütün ölkələr inkişaf edir. Yayda Çempionlar Liqasında “Qarabağ”ın iştirak edəcəyini düşünürəm. Ölkə çempionatında onlara rəqib yoxdu. Avrokuboklarda nə olacağını zaman göstərəcək. Çox istərdik ki, yenidən ölkəmiz Çempionlar Liqasında təmsil olunsun”.

Qeyd edək ki, 20182019-cu il mövsümündə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda, Çempionlar Liqasının həlledici matçı Madriddəki “Metropolitano”, Superkubok isə Tallinin A.Le Kok Arena stadionunda keçiriləcək.



MƏSLƏHƏT GÖR:

401