20 Aprel 2024

Şənbə, 12:32

YÜZ FAİZLİK TURİST AXINI

Nahid BAĞIROV, Azərbaycan Turizm Assosiasiyasının sədri: «Azərbaycana turist axını bizim istirahət sisteminin imkanlarını ötə bilər»

Müəllif:

15.03.2018

Novruz bayramı ərəfəsində Azərbaycana ənənəvi olaraq turist axını müşahidə edilir. Özü də, bəziləri üçün ölkəmizə səyahət heç də ilk dəfə olmayacaq. Deməli, Azərbaycan xarici qonaqların marağını öz üzərində saxlamağa müvəffəq olur. Ancaq bu maraq nə qədər uzun çəkəcək və nə dərəcədə gəlirli olacaq, azərbaycanlı qonaqpərvərliyinin xarici ölkələrdən daha çox ziyarətçi cəlb etməsi üçün daha nələri etmək lazımdır? Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid BAĞIROV «Region Plus»a müsahibəsində bu barədə danışıb.  

- Azərbaycanda turizmin ümumi perspektivlərini necə qiymətləndirirsiniz və 2018-ci ildə turist axınının artmasını gözləməyə dəyərmi?

- Doğrusu, Azərbaycan turizminin perspektivləri böyükdür. Artıq biz turist axınının turizm infrastrukturunun mövcud imkanlarından artıq ola biləcəyi variantlar üzərində işləyirik. Xüsusilə də, bu il Bəhreyndən, Omandan, Pakistandan birbaşa reyslər başlayır, İsraildən uçuşların sayı artmaqdadır. İri «Etihad Airways» aviaşirkəti artıq Bakıya uçuşlara başlayıb. Bu yaz Azərbaycana turist axını 2017-ci illə müqayisədə ən azı 20% artacaq. Hansı ki, ötən il də bütün mehmanxanalar və istirahət yerləri dolu idi. Hələ bu da son deyil: bu il rahatlıqla turist axınının 100 faizlik artımını təmin etmək mümkündür, lakin bunun üçün hotellərimizin imkanları yetməz.

- Ərəb istiqamətinin genişlənmə perspektivləri ilə bağlı şübhə yoxdur - son illərdə onların Azərbaycana olan marağı göz qabağındadır. Dünyanın digər bölgələrindən olan turistlər barədə nə gözlənilir?

- «Air Arabia» aviaşirkətinin Bakıya uçuşlarının başlaması ilə böyük turist resurslarına malik Hindistan istiqamətindən istifadə etmək üçün praktiki imkanlar yaranıb. Bollivudun yerləşdiyi və çox sayda zəngin hindlinin yaşadığı Mumbaidən turistlər gözləyirik. Hind turistləri daha çox mütəşəkkil turlara üstünlük verirlər. Onlar dəstələrlə, qruplarla gəzmək istəyirlər. Böyük hind şirkətlərinin öz işçilərinə xaricə qrup turları təşkil etməklə bağlı ənənəsi var. Əvvəllər belə turlar Malayziya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə təşkil olunurdu. İndi istiqamətlərdən biri də Azərbaycan olacaq.  

Bu, bizim hotellərimiz üçün çox sərfəli və rahatdır, çünki nə qədər qonaq gözləndiyini, hansı proqramlar olacağını və digər detalları əvvəlcədən biləcəklər.

Digər bir maraqlı məqam hindlilərin xaricdə toy keçirmək ənənəsidir. Biz artıq 500 nəfərlik bir hindli toyunun keçirilməsi ilə bağlı sifariş almışıq. Toyun təşkilatçısı təyyarə, hotel, restoran və s. sifariş edir. Onlar artıq Bakı bulvarında keçiriləcək toy mərasimi üçün ssenari yazıblar. Məsələ bundadır ki, hələ Hindistan mətbəxi bizim bütün restoranlarda tam təqdim olunmayıb. Bu boşluq yaxın gələcəkdə doldurulmalıdır. Yeri gəlmişkən, bu sözlər Çin mətbəxinə də aiddir.

Qeyd etmək istərdim ki, məşhur bir hind şirkəti Hindistanda çox populyar olan bir serialın seriyalarından birini Bakıda çəkmək istəyini bildirib. Bu, Azərbaycan paytaxtının çox gözəl reklamı olacaq və yüz milyonlarla hindistanlı bunu görəcək.

- Təbii ki, dünyada saylarına görə ən çox çinli turistlər seçilir. Bizim görməli yerlərdə Çindən böyük qrupları nə zaman görəcəyik?

- Turistlərin cəlb edilməsi turizm infrastrukturunun genişləndirilməsi ilə daban-dabana getməlidir. Biz turistləri yerləşdirə biləcəyimizdən çox gətirə bilmərik. Artıq yay ayları üçün Bakı və Qəbələdə bütün hotellər doludur. Çin istiqamətinin inkişafı da turizm sahəsinin imkanlarının genişləndirilməsinə uyğun gedir.

- KİV-də başqa bir mövzu da çox populyardır - necə düşünürsüz, bizim mentalitet kütləvi turist axınını qəbul etməyə hazırdırmı?

- Tolerantlıq turizm dövlətinin mühüm xüsusiyyətidir. BƏƏ, Türkiyə və digər ölkələrin gəlirlərinin böyük hissəsi turizmdən gəlir. Turizm neft sektorunu uğurla əvəz edə biləcək strateji bir sahədir. Bizdə bəzən kütləvi informasiya vasitələri ərəb turistlərinin böyük axını ilə bağlı narahatlıq ifadə edirlər, daha doğrusu, məsələni anlamırlar. Hətta belə bir axın Avropadan olsaydı, daha yaxşı olardı, deyirlər. Ancaq açıq danışaq: çətin ki, avropalı turistlər ərəb dünyasından və ya Rusiyadan gələn turistlər kimi istirahət, yerləşmə, səyahət və alış-veriş üçün böyük pullar sərf etsin. Avropalılar paytaxtda üçulduzlu bir hoteldə qalmağı üstün tuturlar. Bundan əlavə, biz realist olmalıyıq: Avropa turisti uğrunda mübarizədə çox böyük rəqabət var. Tenerife və ya Malorka (Kanar adaları və İspaniyadakı məşhur kurortlar - red.) ilə yalnız 200 yerə hesablanmış "Bilgə Beach" hoteli rəqabət apara bilər. Avropalı turistlər üçün maliyyə baxımından Türkiyə, Yunanıstan və s. Aralıq dənizi sahillərinə getmək daha sərfəlidir. Onlar bu məşhur turizm bölgələrinə avtomobillərlə gedə bilirlər.

- Demək istəyirsiniz ki, avropalı turistləri Azərbaycan az maraqlandırır?

- Yox. Azərbaycana maraq var. Avropa istiqamətində də işlər gedir. Məsələn, polşalı turistləri Azərbaycana cəlb etmək üçün çox çalışmışıq. Məlumdur ki, Gürcüstanda hər il, təxminən, 200 min polyak istirahət edir. Ancaq təəssüf ki, bizim hotellər bizə dəstək olmadılar və qiymətlərin rəqabətli olması üçün endirimlər etməkdən imtina etdilər.

- Yeri gəlmişkən, vahid Gürcüstan-Azərbaycan turizm məkanı kimi bir şey yaratmaq mümkündürmü?

- Belə bir turizmin inkişafı ilə bağlı bəzi irəliləyişlər artıq əldə edilib. Çox sayda Asiya və Avropa turistləri Cənubi Qafqazı bir turda gəzməyi üstün tuturlar. Hazırkı vəziyyətdə tur üçün ən əlverişli başlanğıc Gürcüstandır, konsolidator rolunu bu ölkə oynayır. Tiflis turun vaxtını müəyyən edir və başlanğıc üstünlüyündən yararlanır. Məsələn, 10 günlük turda Gürcüstana 5 gün, Azərbaycana və Ermənistana isə hər birinə 2-3 gün ayrılır. İstənilən halda, Gürcüstanın turizm sahəsindəki uğurları Azərbaycan üçün də obyektiv şəkildə faydalıdır, bu ölkə ilə əməkdaşlıq çox vacib və zəruridir.

- Turistlər üçün əyləncə, istirahət yerləri baxımından nə gözləmək olar? Yeni layihələr varmı?

- Bir sıra maraqlı layihələr var. Azərbaycan özünü yeni bir turizm istiqaməti kimi göstərib və təbii ki, hər zaman turistlərin yeni nələrsə tapması üçün bu sahəni daim inkişaf etdirmək lazımdır. Gəzintilər Bakı - Qəbələ - Quba marşrutu ilə məhdudlaşmamalıdır. Yeni layihələr təklif edən, məsələn, Bakıda böyük atraksion parkının tikintisi, Xızıda turizm zonasının inkişafı, ada turizminin yaradılmasına vəsait yatırmaq istəyən sərmayəçilər var. Bütün orijinal imkanlardan istifadə etmək lazımdır ki, Azərbaycan turistlər üçün maraqlı və rahat olsun. Yeri gəlmişkən, ərəb turistləri uğrunda da kəskin rəqabət var. Yalnız ərəbləri cəlb etmək üçün böyük pullar sərf edən Gürcüstanla deyil, həm də Xəzərin şərq sahilləri ilə də. Qazaxıstan da turizm potensialının reklamına böyük pullar sərf edir.

- Bəzən turistlər baş çəkən yerlərdə xaricilərlə ünsiyyət üçün tamamilə hazırlıqsız xidmət edən əməkdaşları görə bilərsiniz. Bu istiqamətin yaxşılaşdırılması üçün hər hansı bir işlər görülürmü?

- Əlbəttə. Məsələn, biz artıq ibrani dilindən ispan dilinə qədər müxtəlif dillərdə danışan 50 ekskursiya bələdçisi yetişdirmişik. Turistlərin ziyarət etdiyi yerlərdə savadsız xidmət personalının olması ölkənin turizm nüfuzuna böyük zərər verə bilər. İlk illərdə ərəb turistləri qonaqpərvərliyimizə və ümumiyyətlə, onlara qarşı münasibətimizə heyran qalırdılar. Onlar ənənəvi olaraq ziyarət etdikləri digər ölkələrdə fırıldaqçılıq və möhtəkirlik halları ilə rastlaşdıqlarından tez-tez şikayət edirlər. Təəssüf ki, bir müddət sonra bu, bizim ölkəmizdə də müşahidə olunur. Bəzi yerli sahibkarlar sadəcə olaraq oturduqları budağı kəsdiklərini başa düşmürlər.

- Narazılıqdan söz düşmüşkən, iranlı turistlər tərəfindən də şikayətlər gəlirmi? Məncə, bizim kafe və restoranlarla fars dilində məlumat kitabçası belə yoxdur?

- İran xarici turizm üçün böyük potensiala malikdir. Məlum səbəblər üzündən cənub qonşularımızı Bakının kafe və restoranlarında, diskotekalarında istirahət etmək çox cəlb edir. Təəssüf ki, bu il iqtisadi problemlər səbəbindən iranlı turistlər az olacaq. Onlar ölkədən kənara çıxan insanlar üçün vergini artırmaq niyyətindədirlər. Mən düşünürəm ki, belə bir vəziyyətdə bizim hotellərimiz İrandan turist axınını əldə saxlamaq üçün cavab marketinq addımı atmalı və endirimlər elan etməlidirlər.

Yeri gəlmişkən, iranlılar Novruz bayramı dövründə Azərbaycana kütləvi səfər etməyə başladıqdan sonra brend hotellərin çoxu qiyməti üç dəfə artırıb. Hotellərin yanlış qiymət siyasəti nəticəsində bütün turizm istiqamətlərinin inkişafı zərər görür. Heç kim demir ki, hotellər qonaqlarını pulsuz qəbul etsin. Sadəcə, bütün turist sisteminin səviyyəsini yüksəldənə, çoxvektorlu və davamlı turist axınına qədər hotellər çevik qiymət siyasəti aparmalıdırlar. Hesab edirəm ki, dövlət bu məsələdə müəyyən dərəcədə kömək edə bilər. Məsələn, hotellərə vergi təşviqi tətbiq edə bilər.

- Son vaxtlar Xəzər dənizində kruiz turizmin yaradılması barədə çox danışılır.

- Bu xəzəryanı ölkələr üçün yeni bir turizm növüdür. Burada da hələ bir çox mübahisəli məqamlar var. Məsələn, ideyaya görə, dayanacaqlar arasında İranın Ənzəli limanı da olmalıdır. Lakin kazino olan və spirtli içkilərin sərbəst şəkildə satıldığı bir gəmini qəbul etməyə İran tərəfi razılaşacaqmı? İran turoperatorları belə bir laynerə tur satacaqmı? Prinsipcə, bu cür turların təşkilatçıları İsrailin təcrübəsindən yararlana bilərlər, bu ölkədə gəmidəki kazino neytral sularda fəaliyyət göstərir... Amma bu məsələlərin hamısı müzakirə edilməlidir. Ancaq ümumiyyətlə, dəniz turizmi çox maraqlı və cəlbedici bir istirahət növüdür. Biz də sahildə dünya standartlarına cavab verən müasir istirahət zonaları yaratmalıyıq.



MƏSLƏHƏT GÖR:

468