29 Mart 2024

Cümə, 14:06

TEXNİKANIN SÖZÜ

Azərbaycanda IT-istehsalın inkişafı üçün vergi və maliyyə güzəştlərinin tətbiqi vacibdir

Müəllif:

15.03.2018

Hökumətin iqtisadiyyatın şaxələndirilməsi proqramının ən mühüm komponentlərindən biri yüksək texnologiyalı istehsalın inkişafıdır. Son illərlə bu sahədə müəyyən irəliləyiş əldə edilib: bir sıra ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının bazasında biznes inkubasiya mərkəzləri formalaşır, İnformasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Fondunun dəstəyi ilə Azərbaycan startapları innovasiya məhsulları layihələndirirlər. Üstəlik, yerli şirkətlər kompüter avadanlığı istehsalı ilə bağlı dünya miqyaslı sifaşilçilərlə əməkdaşlığı da gücləndiriblər. Yüksək Texnologiyalar Parkının (YTP) infrastrukturunun formalaşması davam etdirilir, burada xüsusi yol xəritələrinin gerçəkləşdirilməsinə hazırlaşırlar - əsas məqsəd İnformasiya Texnologiyaları (İT) şirkətləri üçün əlverişli investisiya mühitinin yaradılmasıdır.

 

İdxalın əvəzinə  

Azərbaycanın İKT sektorunun qlobal yüksək texnologiyalar bazarına inteqrasiya prosesi hələ on il əvvəl başlayıb və bu istiqamətdə ilk uğurlu addımlar qonşu ölkələrə fəal şəkildə əqli məhsullarını təşviq edən yerli proqram təminatı və şəbəkə infrastrukturu inteqratorları layihəçiləri tərəfindən atılıb. Xüsusilə Azərbaycanda proqram təminatı bazarının liderləri - «Sinam», «R.I.S.K», «AZEL», «Ultra», «Caspel», «SayberNet» və bir sıra digər şirkətlər subpodratçı kimi çıxış edərək postsovet məkanı bazarlarında, ilk növbədə, Mərkəzi Asiya dövlətləri, Gürcüstan, Əfqanıstan və başqa ölkələrdə keçirilən tenderləri udurlar.  

Azərbaycan proqram təminatı şirkətlərinin fəaliyyəti yerli İT sektoru üçün hələ də əvvəlki kimi qoyulan xərcləri nisbətən sürətli qaytaran və gəlirli ixrac istiqaməti olaraq qalır. Çin və Cənub-Şərqi Asiya dövlətlərinin təcrübəsi göstərir ki, yığım müəssisələrinin inkişafı üçün, xüsusilə element bazasının - prosessorların və digər mikrosxem istehsalı üçün yetərincə böyük kapital qoyuluşları tələb olunur. Bir sıra obyektiv səbəblərdən dünya əmək bölgüsü sistemində Azərbaycan hələ də önəmli avadanlıq yığıcısı, xüsusilə də elektron avadanlıq hissələrinin istehsalçısı kimi tanınmır. Lakin ölkədə son on il ərzində kompüter texnikası və İT -periferiyası istehsalının təşkili üzrə addımlar atılır.

Ölkəmizdə kompüter texnikasının istehsalına başlanmasının əsas hərkətvericisi məktəblərin, nazirliklərin, idarələrin və s.-in ümumi kompüterləşdirilməsinə yönəlmiş dövlət proqramları olub. Satınalmaların logistikasının optimallaşdırılması məqsədilə bu layihələr üçün avadanlıqların bir hissəsi birbaşa Azərbaycanda yığılıb. Xüsusilə bu məqsədlə 2005-ci ildə Mingəçevirdə Cənubi Qafqazda yeganə kompüter zavodu - «Kür» istismara verilib və kompüter avadanlığının serial istehsalı təşkil edilib. Kompüterlərin ardınca Mingəçevir müəssisəsinin məhsul çeşidi kompüterləşdirilmiş fotoköşk - laboratoriyaların, informasiya və ödəniş terminallarının, rəqəmsal TV dekoderlərin, ADSL-modemlərin və digər İT-texnikasının istehsalı ilə genişlənib. Özü də məhsulların bir hissəsi Gürcüstan, Türkmənistan və digər postsovet ölkələrinə ixrac edilib.

Burada dəqiqləşdirmək lazımdır ki, bütün idxalı əvəzetmə proqramları istənilən halda dövlət maliyyələşdirilməsindən asılıdır, nisbətən dar daxili bazarda isə tələbatın strukturu istehsalçılara istehsalı yetərincə artırmağa imkanı vermir (kompüter avadanlıqlarının müştəriləri əsasən dövlət müəssisələri və təhsil sistemidir). Şübhəsiz ki, dövlət sifarişlərinə yeni başlayan şirkətlərin yüksək tələbi var, bu, onlara istehsal şəbəkəsini qurmağa və ilk mərhələdə satışı təmin etməyə imkan yaradır. Bununla belə, İT-istehsal yalnız irihəcmli xarici bazarlara çıxmaqla, istehsal həcmlərini müvafiq səviyyədə genişləndirməklə həqiqi rentabelli ola bilər. Bundan əlavə, ən optimal variant serial istehsal prosesinə aparıcı dünya venderlərinin cəlbi görünür, çünki onların təcrübəsi həm istehsala qoşulma və nou-hau tətbiqi, həm də məhsulların satışı üçün marketinq və servis dəstəyi baxımından önəmlidir.

 

Texnologiyalar parkı

Azərbaycanda İT müəssisələrinin lokallaşdırılması prosesi son illərdə aparılan islahatlar çərçivəsində yeni məzmun qazanıb. Bu islahatlar sənaye parkları sisteminin və biznes inkubatorlarının yaradılmasını, xarici bazarlara tədricən çıxışlı yüksək texnologiyalı istehsalın inkişafını nəzərdə tutur. Rezidentlərə fiskal üstünlüklər, güzəştli kreditlər təqdim edilməsi, zəruri infrastrukturun mövcudluğu da çox vacibdir. Milli valyutanın məzənnəsinin ucuzlaşması da Azərbaycanda İT-texnikanın yığımının lokallaşdırılması zamanı istehsal prosesinin dəyərini azaldır. Bütün bunlar yerli şirkətlərin və dünya venderlərinin bu cür yeniliklərə marağının artmasına səbəb olub.  

Bu istiqamətdə ilk addım Pirallahı adasında "Yüksək Texnologiyalar Parkı" (YTP) MMC yaradılması olub. Daha iki yerli İT müəssisəsi də - «Kür» zavodu və «HTech Invest» şirkəti də YTP statusu alıb. Təxminən, iki il əvvəl «HTech Invest» şirkəti Tayvanın tanınmış «Acer» markası ilə müqavilə bağlayıb və (1,2 milyon manat kredit ayırmış) İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə kompüter istehsalına başlayıb - desktoplar, nettoplar, həm adi, həm də sensor ekranlı monobloklar istehsal edir.  

"Bu günə kimi şirkətin dövriyyəsi 2 milyon manatdan çox olub və artan tələbatı nəzərə alaraq, biz şirkətin 2018-ci il üzrə dövriyyəsini 10 milyon manatadək artırmağı planlaşdırırıq. Zavodun gücü gündə 500-ə qədər kompüter yığmağa imkan verir, lakin zəruri hallarda bu həcmlər artırıla bilər ", - şirkətin kommersiya direktoru Lətif Məhərrəmov bildirib.  

Onun məhsullarının əsas alıcıları nazirliklər, idarələr və digər korporativ müştərilərdir. Eyni zamanda şirkət riteyl seqmentində də satışlarını genişləndirir və xarici bazarları mənimsəməyə başlayır. "Məsələn, biz artıq Özbəkistana ilk məhsul partiyasını göndərdik, növbədə Mərkəzi Asiyanın digər ölkələrinə və Gürcüstana kompüter avadanlığı ixracını təşkil etməyi nəzərdə tuturuq", - deyə L. Məhərrəmov vurğulayıb.

Bu yaxınlarda «HTech Invest» şirkəti «Lenovo» ilə bu brendin kompüterlərinin yığımının təşkili barədə danışıqlara başlayıb. «Lenovo» ilə qiymət siyasəti məsələsində kompromis əldə etmək mümkün olarsa, YTP-nin Mingəçevir filialının bazasında bu Çin şirkətinin geniş çeşidli kompüter avadanlığını yığmaq mümkün olacaq.

YTP-nin daha bir rezidenti - «CRM Group» şirkəti də «Made in Azerbaijan» markası altında texnoloji məhsulların istehsalında iştirak edir. Xüsusilə də şirkət artıq «AzToner» yerli ticarət markası altında çap avadanlığı üçün katriclərin istehsalını təşkil edib və artıq bir sıra dövlət qurumları bu məhsulla təchiz edilir. Cari ildə şirkət printer istehsalının lokallaşdırılmasına başlaya bilər və «CRM Group»a katric istehsalı üçün patent vermiş xarici şirkətlə müvafiq danışıqlar aparılır.

 

Vergi güzəştləri  

Bununla yanaşı, ekspertlərin fikrincə, Azərbaycanda İT-texnologiyalarının inkişafı prosesində çox şey dövlətin sənaye parklarına təmin etməyə hazır olan güzəştlərdən asılıdır. Hazırda YTP rezidentlərinə verilən güzəştlər istehsalın təşkili üçün zəruri olan avadanlıqların idxalının gömrük rüsumlarının ödənilməsindən azad edilməsindən ibarətdir. Lakin potensial sərmayəçilər üçün bəzi gömrük ödənişlərinin ləğvi, xüsusən də montaj prosesində istifadə üçün idxal olunan xammal və yığım hissələrinin 15%-lik rüsumdan azad olması vacibdir.  

Yerli şirkətlərin fikrincə, bu cür qərarlar optimal olardı, çünki Azərbaycanda mikrosxemlərin və digər element bazası məhsullarının istehsalı tamamilə yoxdur və buna görə də daxili bazarın qorunması üçün proteksiya tədbirlərinə ehtiyac yoxdur. Digər tərəfdən elektron yığım hissələrinin idxalında sıfır gömrük rüsumunun tətbiqi məhsulların həm yerli bazarda, həm də gələcəkdə xarici bazarlara rəqabətqabiliyyətli qiymətlərlə çatdırılmasına imkan verəcək.

Belə görünür ki, Yüksək Texnologiya Parkının rəhbərliyi tərəfindən idxalçılar və onların yerli tərəfdaşları üçün güzəşt rejiminin genişləndirilməsi məsələsi nəzərdən keçirilir. Park əsas aspekti İT şirkətləri üçün əlverişli investisiya mühitinin formalaşması olan yol xəritələrini tətbiq etməyə başlayıb. YTP-nin icraçı direktoru Tural Kərimlinin sözlərinə görə, xarici sərmayələrin təşviq edilməsi məqsədi ilə xarici venderlər üçün əlverişli şəraitin yaradılması nəzərdə tutulur ki, onlar öz məhsullarını Azərbaycanda istehsal etməyə maraq göstərsinlər. Bu təkliflər, eləcə də qanunvericiliyin tənzimləmə aspektləri baxılmaq üçün yuxarı instansiyalara təqdim ediləcək.

Qabaqcıl təcrübənin əldə edilməsi və yerli kadrların hazırlanması üçün xarici mütəxəssislərin cəlbi üçün bir sıra məsələləri həll etmək lazımdır (söhbət vergi və sosial ödənişlərdə güzəşt rejimindən gedir). Burada, xüsusilə neft müqavilələrinin həyata keçirilməsində Azərbaycanın qazandığı təcrübədən faydalanmaq olar.

 

Güzəştli maliyyələşdirmə  

Fiskal xüsusiyyətin zəifləməsi ilə fəaliyyətdə olan İT-istehsalı şirkətləri üçün güzəştli maliyyələşdirmə imkanlarına çıxışı təmin etmək eyni dərəcədə vacibdir. Bu gün, ümumilikdə, yerli şirkətlər və startaplar İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vasitəsilə güzəştli maliyyələşdirməyə ümid edə bilər. Lakin Dövlət Fondunun kredit imkanları çox məhduddur: cari ildə yalnız 2 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Aydındır ki, bu məbləğ kiçik proqram təminatı layihələrinin qrant maliyyələşdirilməsi üçün uyğundur, amma az-çox iri istehsal layihəsinin təşkili üçün tamamilə yetərsizdir. Özü də Dövlət Fondu layihələrin maliyyələşdirilməsi ilə bağlı son dərəcə ehtiyatlı davranır, lazımsız risklərdən qaçır və beynəlxalq bazara daxil olmağa potensialı olan layihələrə üstünlük verir.

Güzəştli maliyyələşdirmə mənbələri axtaran yerli İT şirkətləri üçün çıxış yolu vençur fondlarının formalaşması ola bilər (vençur fondları qiymətli kağızlara, innovasiya müəssisələrində və startap layihələrinin biznes ideyalarının kommersiyalaşdırılmasında iştirak payına vəsait yatıran investisiya strukturudur).

Lakin son vaxtlara qədər Azərbaycanda müvafiq qanunvericiliyin olmaması, eləcə də vergi tənzimlənməsində bir sıra problemlərin həllinin tələb edilməsi bu məsələyə mane olur. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda vençur maliyyələşdirilməsinin inkişafı ideyasını dəstəkləyirlər və artıq bu il müvafiq dövlət orqanları bu cür fondların fəaliyyətini tənzimləyən təkliflər üzərində işləyirlər.  

Vençur fondların formalaşdırılmasında vacib rol xüsusi şirkətlərə ayrılır, lakin Azərbaycanda investorlar bu cür təşəbbüslərdə iştirak etmək məsələsində son dərəcə ehtiyatlı davranırlar, çünki vençur maliyyələşdirilməsi yüksək və qismən yüksək risklə müşayiət olunur. Bir qayda olaraq, layihələrin 70-80%-i gəlir gətirmir, lakin qalan 20-30%-dən gələn mənfəət bütün zərərləri ödəyir.

İstənilən halda, Azərbaycanda cari ildə informasiya texnologiyaları sahəsində İnvestorlar Klubunun (vençur fondların analoqu kimi bir qurumun) yaradılması imkanları öyrənilir, onun üzvləri iri yerli İT şirkətləri ola bilər. Klubun fəaliyyətini iştirak paylarının vasitəsi ilə perspektivli startap layihələrinin kommersiyalaşdırılmasına yönəltmək planlaşdırılır.



MƏSLƏHƏT GÖR:

398