18 Aprel 2024

Cümə axşamı, 14:31

MEQALAYİHƏNİN FİNAL AKKORDLARI

Genişləndirilmiş Səngəçal terminalı «Şahdəniz»in ikinci fazası çərçivəsində daha böyük həcmlərdə qaz qəbuluna, demək olar ki, hazırdır

Müəllif:

15.03.2018

Səngəçal qəsəbəsində neft-qaz terminalının tikintisi başlayanda yalnız yerli deyil, həm də xarici KİV-lərin bu layihəyə marağı böyük idi. Üstəlik, bir çox yüksək səviyyəli xarici qonaqların səfər proqramına da terminala səfərlər də daxil edilirdi. Bu da anlaşılan idi, çünki Səngəçal artıq o zamandan dünyanın ən böyük terminallarından biri kimi tanınırdı. Hətta enerji layihələrinin detallarından xəbərsiz insanlarda belə sayı-hesabı bilinməyən boru sistemləri, böyük çənlər, müxtəlif iş düşərgələri, göz önündə açılan böyük ərazilər heyranlıq yaradırdı.

 

Səngəçal tısbağaları

Tikinti işlərinin başlanğıcında Səngəçal terminalına mətbuat turları tez-tez keçirilirdi, bu, bizə bir neçə saat ərzində bu kiçik şəhərcikdə baş verən prosesləri tam müşahidə etmək imkanı verirdi. Layihənin menecerləri ekoloqlara terminalda orijinal flora və faunanı saxlamaqla bağlı verdikləri sözə əməl etməyə necə çalışdıqlarından, orada çalışan insanların həyatından bəhs edirdilər. Amma terminalın tikintisi başa çatdıqdan sonra o tam gücü ilə işləməyə başladı, Azərbaycanın dəniz neft və qaz yataqlarından nefti qəbul edərək boru kəmərləri sisteminə nəql etdi, bununla da, operatorların gündəlik dəyişməz işindən başqa jurnalistlərə göstərmək üçün yeni bir şey qalmadı...

Terminalı yenidən görmək imkanı ancaq yaxın vaxtlarda yarandı - bu dəfə daha geniş ərazidə "Şahdəniz" layihəsinin 2-ci mərhələsindən hasil ediləcək qazı qəbul etmək üçün tikilmiş yeni obyektləri əhatə etdi. Əslində, Səngəçal terminalına son səfərimizdən bəri yalnız bizi ora aparan yol dəyişməyib: ətraf əvvəlki kimi səhralıq və yorucudur. Hərçənd, dəyişməyən təkcə yol deyil. Azərbaycanda bütün mühüm enerji layihələrinin operatoru olan BP şirkətinin texniki təhlükəsizlik standartları da olduğu kimi qalıb - təcrübə göstərir ki, onlar dəqiq işləyir. Amma bu barədə daha sonra.  

Yolda terminalın görməli yerlərindən biri - məşhur tısbağalar fermasının saxlanıb - saxlanılmadığı gündəmə gəldi. Məsələ bundadır ki, ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirə edildiyi uzaq 2001-ci ildə yerli ekoloqlar burada yaşayan nadir fauna növlərinə zərər dəyə biləcəyi barədə xəbərdarlıq etməyə başlayıblar. Xüsusilə, Azərbaycanda qorunan mahmızlı tısbağalara xüsusi diqqət ayrılıb. Ekoloqlar bildirirdilər ki, inşaat işləri nəticəsində onlar yaşayış yerlərini itirə bilərlər. O zaman BP-də ekoloqlara güzəştə getdilər və böyük pullar xərcləyərək, tısbağalar üçün xüsusi bir ferma tikdirdilər, həmçinin onlara qayğı göstərmək üçün ixtisaslı işçilər tutdular.  

"Ərazidə aşkar edilmiş istənilən tısbağa tutularaq fermaya köçürülürdü. Orada müəyyən bir müddətə qədər onlara qayğı göstərilir, sonra təbiətə buraxılırdı. Amma ən məyusedici məsələ o oldu ki, həmin vaxt biz ekoloqları çağırdıq ki, gəlsinlər, bizim fəaliyyətin nəticələri ilə tanış olsunlar və onların qoyduğu tələblərin yerinə yetirilməsinin keyfiyyətini qiymətləndirsinlər, onlardan heç bir cavab gəlmədi", - deyə fərdi söhbət zamanı "hadisənin iştirakçılarından" biri bildirmişdi. İstənilən halda, artıq terminal ferma yoxdur, çünki bütün tısbağalar təbiətə buraxılmaq yaşına çatıblar.

 

İnsan kapitalı

Ən azı dörd illik fasilədən sonra terminala girişin yaratdığı ilk təəssürat burada həm ərazinin, həm də burada yerləşən obyektlərin inanılmaz ölçüsüdür. Terminalın ərazisi "Şahdəniz" layihəsinin «Mərhələ 2» fazası çərçivəsində genişləndirmədən sonra 70 hektardan çox artıb, indi 600 hektardan çox ərazini əhatə edir və dünyanın ən böyük neft- qaz obyektlərdən biri sayılır. Onun təyinatı daha əvvəl olduğu kimi, BP tərəfindən işlənən Xəzər yataqlarından hasil olunan neft və qazın qəbulu, emalı, saxlanması və nəqli ilə bağlıdır. Dəniz qurğularından terminala çıxış və oradan ixrac marşrutlarına nəql səkkiz boru kəməri ilə həyata keçirilir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan da daxil olmaqla üçüncü ölkələrin də neftini qəbul edir.

Terminalın neft hissəsi artıq tam gücü ilə işləyir - bura gələn xammal hər birinin tutumu 25,5 min bareldən çox olan 4 böyük çəndə saxlanılır. Hər il burada 6 milyon tondan çox qara qızıl yüklənib boşaldıla və bazarlara çıxarıla bilər. Amma bu gün ən maraqlı işlər terminalın "qaz" hissəsində baş verir. Orada «Mərhələ 2» çərçivəsində inşa edilmiş yeni qurğuların sınağı keçirilir. Bu barədə terminalın genişləndirilməsi layihəsinin baş meneceri bildirib və bu, mediaturun daha bir xoş sürprizi olub. Daha doğrusu, sürpriz bu nüfuzlu və böyük layihənin rəhbərinin azərbaycanlı, yüksəkixtisaslı mütəxəssis Rəhman Rəhmanovun olması idi, halbuki əvvəllər belə vəzifələri xaricilər tuturdular.

Məlum oldu ki, Azərbaycanda BP tərəfindən işlənən neft və qaz layihələrinin idarə edilməsində böyük əksəriyyəti yerli mütəxəssislər təşkil edir. Şübhəsiz ki, bu, ölkəmiz üçün ən vacib üstünlüklərdən biridir və neft-qaz layihələrindən maliyyə gəlirlərinə tamamilə mütənasibdir. Ümumiyyətlə, BP-nin Azərbaycandakı bütün neft-qaz layihələri üzrə işçi qüvvəsinin 80% -dən çoxu yerli işçilərdən formalaşıb. Bu, əslində, neft kapitalının daha qiymətli və davamlı olan insan kapitalına çevrilməsinin aydın nümunəsidir.

"Səngəçal terminalının genişləndirilməsi üzrə işlər 2014-cü ildə başlayıb. Bu işlərin həyata keçirilməsinə indiyədək 9,5 min adam cəlb edilib. Hal-hazırda terminalın işçi heyəti 800-1000 nəfər arasında dəyişir, genişləndirilmədən sonra işçilərin sayı daha 150 nəfər artacaq", - deyə Rəhmanov bildirib.

Amma bu rəqəmlərdə əsas məsələ odur ki, belə böyük bir layihədə iş zamanı heç bir insana zərər dəyməyib - bu, yüksək standartların ən yaxşı göstəricisidir və BP-nin bəzən təhlükəsizlik məsələlərinə həddindən artıq diqqətinin doğru olduğunu göstərir.

 

Finiş həddi  

Qeyd etmək lazımdır ki, tikinti işlərinin başlanmasından bəri terminalda maraqlı statistik hesablamalar aparırlar. Bu dəfə də elə oldu - aydın oldu ki, görülən işlər çərçivəsində 2,2 milyon metr kabel çəkilib, 134 kilometr uzunluğunda boru kəməri çəkilib, 19 min ton metal konstruksiya quraşdırılıb.

Rəhmanov bildirib ki, ötən il bütün qurğuların tikintisi 100% başa çatdırılıb və indi onların sınaq işləri başa çatır. "Hal-hazırda, yeni qurğulardakı sızıntıların aşkarlanması, elektrik testləri və digər sınaqları gerçəkləşdirmək üçün testlər aparılır. Plana əsasən, sınaq işləri ilin birinci rübündə də davam edəcək. Bu günə kimi 86 hermetik sınaq keçirilib, müvəqqəti qurğuların sökülməsi 81% həyata keçirilib, istismar əməliyyatların hazırlığı tam başa çatdırılıb. Qurğuların istismara çıxarılması əməliyyatları 26 faiz səviyyəsində başa çatdırılıb ", - deyə R.Rəhmanov bildirib.

Baş menecerin sözlərinə görə, bu ilin birinci rübündə yeni infrastrukturun ümumi terminal sisteminə inteqrasiyası üçün hazırlanması, həmçinin qaz sistemlərinin istismara verilməsi planlaşdırılır. "İkinci rübün sonuna Səngəçal terminalının yeni qurğuları vasitəsilə ilk qaz həcmlərini nəql etmək nəzərdə tutulur. Bütünlüklə, 2018-ci ildə «Şahdəniz»in ikinci mərhələsi çərçivəsində 2 milyard kubmetr qazın emal edilməsi planlaşdırılır ", - deyə R.Rəhmanov bildirib.

Belə ki, yeni qurğuların tikintisindən sonra terminalın qaz emalı gücü, təxminən, sutkada 100 milyon kubmetr, yəni təxminən, 2 dəfə artacaq. R.Rəhmanov həmçinin xatırladıb ki, "Şahdəniz"in «Mərhələ 2» layihəsinin işlənməsinin ümumi dəyəri 28 milyard $-dır və indiyə kimi bundan 20 milyard $ sərf edilib. Bu göstərir ki, rəhbərlik finiş xəttinə əhəmiyyətli büdcə qənaəti ilə çıxacaq. Hazırda tikinti materiallarının sürətlə dəyişən qiymətləri və valyuta məzənnələrinin kəskin dəyişməsi şəraitində bu, demək olar ki, ağlasığmaz nailiyyətdir.

Beləliklə, Səngəçal terminalının «Faza 2» çərçivəsində yeni qaz həcmlərinin qəbulu üçün genişləndirilməsi önəmli nailiyyətlərlə finiş xəttinə yaxınlaşır. "Şahdəniz"in ikinci mərhələsindən istehsal və ixracat layihəsinin dünya üzrə ən böyük layihələrdən biri hesab olunduğu nəzərə alınarsa, onun həyata keçirilməsi uğurlu nümunəsi Azərbaycanın çox iri biznes başlanğıclarının yükünü daşımağa qadir, etibarlı və sabit biznes tərəfdaşı kimi ən güclü göstəricilərindən biridir.



MƏSLƏHƏT GÖR:

415