29 Mart 2024

Cümə, 12:39

HƏYATİ ƏHƏMİYYƏTLİ ADDIMLAR

1917-ci ilin Oktyabr çevrilişindən sonra Azərbaycanın siyasi qüvvələri regionun suverenləşdirilməsi prosesinə qoşulmuşdular

Müəllif:

15.03.2018

1917-ci ildə keçmiş Rusiya imperiyasının ərazisindəki nəhəng təlatümlər şəraitində onun ayrı-ayrı hissələrində muxtariyyətlərin yaranması prosesi getdikcə qızışırdı. Proses Cənubi Qafqaz xalqlarından da kənar keçməmişdi. Nəticədə, bu xalqların siyasi liderləri də gələcək müstəqillik üçün həyati əhəmiyyətli addımlar atırdılar. Bu əlamətdar və dramatik hadisələrin girdabında Azərbaycan da öz taleyüklü dövrünü yaşayırdı.

 

Aparıcı partiya

1917-ci il yayın sonlarında İkinci Dünya müharibəsi zülmünü çəkən yeni Rusiyada vəziyyət ağırlaşmışdı. Belə bir vəziyyətdə ali baş komandan, general Lavr Kornilov Müvəqqəti hökuməti devirməyə cəhd də göstərirdi. Azərbaycan Milli Şurasının İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da əks-inqilabçıların qiyamını pislədi və Müvəqqəti hökumətə tam dəstək verdi. Azərbaycanın siyasi liderləri anlayırdılar ki, Kornilovun avantürası müsəlman xalqların muxtariyyət cəhdlərinin qarşısını kəsəcək. Müsavat Partiyası bu üzdən Bakının müsəlmanlar yaşayan rayonlarında mitinqlərə başlayıb, sentyabrın 1-də keçirilən konfransında isə inqilabın müdafiəsi üçün bütün lazımi tədbirlərin görülməsinə çağırış edib.

Lakin «Müsavat»ın belə qəti mövqeyi ümumrusiya partiyalarının Azərbaycandakı milli hərəkata münasibətini dəyişməyib. Müsavatçıları Kornilovun qiyamı zamanı təşkil olunmuş Əks-inqilaba qarşı Mübarizə Bürosuna da daxil etməyiblər.

Bununla yanaşı, Bakı Fəhlə Deputatlar Şurasına 1917-ci il oktyabrın 22-də keçirilən seçki bütün gözləntiləri aşıb. 9617 səs toplayan Müsavat Partiyası Zabrat istisna olmaqla, bütün sənaye rayonlarda qələbə qazanıb.

Müsavat Partiyasının 1917-ci il oktyabrın 25-29-da keçirilən I qurultayı Azərbaycanın siyasi həyatına əlamətdar hadisə kimi düşüb. Qurultayda Məhəmməd Əmin Rəsulzadə partiya mərkəzi komitəsinin sədri seçilib. «Müsavat»ın proqramı demokratik federativ respublikanın qurulmasını, vətəndaşların hüquq və azadlıqlarının Konstitusiya ilə qorunmasını nəzərdə tuturdu. Azərbaycanın aparıcı partiyasında hesab edirdilər ki, federativ Rusiyanın hər bir muxtar vilayətinin rəsmi dili yerli xalqın dili olmalıdır. «Müsavat» federativ respublikanın milliyyətindən, dinindən və partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının qanun qarşısında bərabər olmasını tələb edirdi.

 

«Yerli demokratiya münaqişəsi»

Bolşeviklərin oktyabrın 27-də (yeni təqvimlə noyabrın 7-də) Petroqradda hakimiyyəti ələ keçirmələri keçmiş imperiya ərazisində yeni dönüş nöqtəsi idi. Oktyabrın 31-də Bakı bolşevikləri sənaye-zavod, polk və donanma komitələrinin də dəstəyilə Bakı Şurasında üstünlüyü ələ keçirdi.

Həmin vaxt eserlər, menşeviklər və daşnaklar Petroqraddan başlamış bolşevik qiyamının qarşısının alınmasına çağırışlar etdiyi halda, müsavatçılar əvvəlcə yeni hökuməti dəstəkləyirdi. Bu, ilk növbədə, müsəlman hərəkatının ümumilikdə bolşeviklərin şüarlarını bəyənməsilə izah olunurdu. Söhbət xalqların öz müqəddəratını təyin etməsi, işğalsız və kontribusiyasız dünyadan, imperializmlə mübarizədən gedirdi. Eserlərin, menşeviklərin və daşnakların müsəlman demokratiyasına mənfi yanaşması, «Müsavat»ı real siyasi qüvvə kimi qəbul etməməsi də müsavatçıların mövqeyinə təsirini göstərdi. Müsavatçılar hökumətin demokratik olmasında, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər partiyanın real gücünə müvafiq, xalqın nümayəndələrindən formalaşmasında israr edirdi.

Müsavat Partiyası bolşevikləri menşeviklər, eserlər və daşnakların Bakı Fəhlə və Əsgər Deputatları Şurası İcraiyyə Komitəsini tərk etdiyi zaman da dəstəkləyib. Azərbaycanın aparıcı partiyası olan «Müsavat» «yerli demokratiya arasında bolşeviklərin inqilabi demokratiyanın digər hissəsindən təcrid edilməsilə münaqişə yaradılması cəhdlərini» pisləyirdi.

Müsavatçılarla bolşeviklər arasında münasibətlər yalnız sonuncuların Bakıda özlərinin təkpartiyalı hakimiyyətini qurmağa çalışmasından sonra pisləşib. Noyabrın 22-də bolşeviklər yerli hakimiyyət orqanı olan İctimai Təşkilatlar Komitəsini ləğv edib. Artıq Bakı Şurasının yeganə rəqibi kimi, Şəhər Duması fəaliyyət göstərirdi. Dumanın sədri isə Azərbaycan milli hərəkatının liderlərindən olan Fətəli xan Xoyski idi.

Bakı Şurasına 1917-ci il dekabrın 12-13-də keçirilən seçki ilə Bakıda bolşeviklərin hakimiyyəti möhkəmləndi. Seçkidə qələbə qazanan bolşeviklər yeni İcraiyyə Komitəsinə nəzarəti tam ələ keçirdi.

 

Zaqafqaziya komissarları

Azərbaycanın milli-demokratik qüvvələri Oktyabr çevrilişindən sonrakı ilk günlərdə bolşevikləri dəstəkləməklə, həmin dövrdə gedən muxtariyyət mübarizəsinə də qoşulmuşdular. 1917-ci il noyabrın 15-də yaradılan Zaqafqaziya Komissarlığının tərkibində Azərbaycanın Fətəli xan Xoyski (xalq maarif komissarı), Məmməd Yusif Cəfərov (ticarət və sənaye komissarı), Xudadat bəy Məlikaslanov (rabitə yolları komissarı), Xəlil bəy Xasməmmədov (nəzarət komissarı) kimi nümayəndələri var idi. Komissarlığın sədri isə gürcü menşevik Y.Qeqeçkori seçilmişdi.

Zaqafqaziya Komissarlığının fəaliyyəti əslində regionun Rusiyadan ayrılması istiqamətində ilk ciddi addım idi. O, Qərb fövqəldövlətlərinin diqqət mərkəzində idi. İngiltərə, Fransa və ABŞ-ın, yəni antibolşevik qüvvələrini dəstəkləyən dövlətlərin nümayəndələri general Şor, polkovnik Şardini və konsul Smit gürcü, azərbaycanlı və erməni siyasətçilərin Zaqafqaziya Komissarlığının yaranması ilə nəticələnmiş iclaslarında iştirak da edirdilər.

Lakin həmin dövrdə Cənubi Qafqazda muxtariyyətlərin yaranması perspektivi, ilk növbədə, Osmanlı İmperiyasının mövqeyindən asılı idi. O, Almaniya ilə ittifaq yaradaraq, Antantanın yuxarıda adları çəkilən dövlətlərinə qarşı müharibə aparırdı. Bu üzdən də, 1917-ci il dekabrın 5-də Zaqafqaziya Komissarlığı Osmanlı İmperiyası ilə barışıq razılaşması əldə edib. Artıq 1918-ci ilin 14 yanvarında türk komandanlığı ona sülh müqaviləsinin imzalanması üçün danışıqlara başlanılmasını təklif edib.

Bununla yanaşı, 1917-ci ilin sonlarında Cənubi Qafqazın siyasi həyatında daha bir əlamətdar hadisə baş verib. Söhbət Ümumrusiya Müəssislər Məclisinə seçkidən gedir. Seçkiyə hazırlıq hələ Müvəqqəti hökumətin dövründə başlamışdı. Azərbaycanda Müəssislər məclisinə seçki komissiyasına Fətəli xan Xoyski başçılıq edirdi. İlk dəfə seçkiyə qadınlar da buraxılacaqdı. Müsəlman qadınlar üçün 9 seçki məntəqəsində ayrıca səsvermə otaqları da hazırlanmışdı.

Beləliklə, Azərbaycanda və bütünlükdə, Cənubi Qafqazda 1917-ci il noyabrın 26-da Müəssislər Məclisinə seçki keçirilib. Nəticədə, menşeviklər, müsavatçılar və daşnaklar, ümumilikdə, 73%-dən artıq səs yığıb. Bolşeviklərə isə bütünlükdə Zaqafqaziya boyu cəmi 4,4% seçici səs verib. Amma Bakıda onlar bütün sakinlərin 20%-nin və qarnizon əsgərlərinin 70%-dən çoxunun səsini qazanmışdılar.

Beləliklə, 1917-ci ilin sonu Azərbaycanda və bütünlükdə Cənubi Qafqazda ciddi toqquşmalarla yadda qalıb. Oktyabr çevrilişindən sonra region tədricən siyasi burulğanların mərkəzinə çevrilməyə başlayıb. Cənubi Qafqaz faktiki olaraq, iki hissəyə bölünmüşdü. Bakıda və onun quberniyalarında bolşeviklərin hakimiyyəti güclənmişdisə, yerli xalqların milli partiyaları Cənubi Qafqazın digər hissələrində Sovet Rusiyasından müstəqil yaşamağa çalışırdı.

1917-ci ilin dekabrında alman-türk qoşunları Qafqaz cəbhəsinə hücuma başladı. Osmanlı ordusunun durmadan irəliləməsi Zaqafqaziya Komissarlığını sülh danışıqlarına hazır olduğunu bəyan etmək məcburiyyətində qoydu.

1918-ci il yanvarın 12-də Komissarlıq regional qanunverici orqan - Zaqafqaziya Seyminin yaradılması haqda qərar qəbul etdi. Zaqafqaziyadan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatlar onun tərkibinə daxil oldu. Fəaliyyətə fevralın 23-də başlayan Zaqafqaziya Seyminin ən nüfuzlu üzvləri gürcü menşeviklər, müsavatçılar və daşnaklar idi. Azərbaycan orada 44 deputatla təmsil olunurdu. Onlardan 30-u müsavatçı və onlara qoşulmuş müstəqil demokrat, 7-si Müsəlman Sosialist Blokunun üzvü, 4-ü hümmətçi, 3-ü ittihadçı idi. Zaqafqaziya Seymindəki Azərbaycan (müsəlman) fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, «Seymdəki müsəlmanların bütün enerjisi cəbhədəki vəziyyətin dinc yolla həllinə və Qafqazın mümkün qədər tez müstəqillik qazanmasına sərf olunurdu».

Seym Zaqafqaziyanı müstəqil dövlət elan etməsə də, Osmanlı İmperiyası ilə sülh müqaviləsi imzalamaq hüququna malik olduğunu açıqladı. Həmin vaxt Brestdə müharibədən çıxmış Sovet Rusiyası ilə Almaniya arasında separat müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, Ərdahan, Qars və Batum Osmanlı İmperiyasına verilmişdi. Zaqafqaziya Seymi isə Brest müqaviləsini tanımırdı. Çünki «Zaqafqaziya bolşevik hökumətini və Xalq Komissarları Sovetini heç zaman tanımamışdı».

Brest müqaviləsinə əsaslanan Osmanlı İmperiyası öz növbəsində, Zaqafqaziya Seyminə Qars, Batum və Ərdahanın dərhal bolaşdılması ilə bağlı ultimatum vermişdi. Belə bir şəraitdə martın 14-də Trabzonda osmanlılarla Zaqafqaziya Seyminin nümayəndələri arasında sülh konfransı işinə başlamışdı. Maraqlıdır ki, Zaqafqaziya Seyminin danışıqlarda iştirak edən nümayəndələrindən biri - Miryaqub Mehdiyev türklərin ultimatumunun qəbul olunmasına tərəfdar idi. Danışıqlarda iştirak edən digər azərbaycanlı - Xəlil bəy Xasməmmədov isə osmanlılara güzəştə gedilən ərazilərlə bağlı bir istisna təklif etdi. O, Bakıdan gedən neft kəmərinin son nöqtəsi olan Batumun Cənubi Qafqazın tərkibində saxlanılmasını Azərbaycanın neft sənayesi baxımından vacib sayırdı.

Zaqafqaziya Seyminin nümayəndə heyətinin rəhbəri Akaki Çxenkeli aprelin 10-da Brest müqaviləsinin şərtlərini qəbul edən zaman sənəddə göstərilmiş ərazilərin əksəriyyəti, Batum istisna olmaqla, artıq Osmanlı ordusunun nəzarəti altına keçmişdi. Aprelin 13-də isə Osmanlı qoşunları Batuma da daxil oldu. Amma bu vaxt artıq Zaqafqaziya Seyminin azərbaycanlı deputatlarını daha çox Bakının taleyi narahat edirdi. Həm də tək Bakının yox… Çünki martın son günlərində Azərbaycan xalqı tarixinin ən qanlı səhifələrindən birini yaşamışdı.

 

 

 

FƏTƏLİ XAN XOYSKİ (1875-1920)

Azərbaycan Demokratik Respublikasının (ADR) əsas siyasi fiqurlarından biri də Fətəli xan İsgəndər oğlu Xoyski olub. O, ADR-in əsasını qoyan parlaq şəxsiyyətlərin sırasına daxildir.

Moskva Universitetinin hüquq fakültəsinin birinci dərəcəli diplomunu aldıqdan sonra Fətəli xan məhkəmə sistemində çalışıb. 1907-ci ildə II Dövlət Dumasına üzv seçildikdən sonra Xoyskinin həyatında fəal siyasi dövr başlayıb. Dumanın iclaslarında etdiyi çıxışlarda o, özünü Rusiya İmperiyasının müsəlman əhalisinin prinsipial müdafiəçisi kimi göstərib. Eyni zamanda Xoyski çıxışlarında çarizmin milli ərazilərdəki ayrı-seçkilik siyasətini sərt tənqid edirdi.

1917-ci ilin Fevral inqilabından sonra Xoyski Azərbaycan milli hərəkatının ən nüfuzlu xadimlərindən birinə çevrilib. Heç bir partiyanın üzvü olmayan Fətəli xanın bu üzdən siyasi təşkilatdan gələn məhdudiyyətləri də yox idi. O, Azərbaycan Milli Şurasının İcraiyyə Komitəsinin üzvü kimi, böyük fəallıq göstərirdi. 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına keçirilən seçkidə Xoyski qalib gəlmiş Müsəlman blokunun nümayəndəsi kimi, Şəhər Dumasının sədri vəzifəsinə seçilib.

Bakıda faktiki olaraq, bolşevik-daşnak tandemindən ibarət Bakı Sovetinin diktaturasının qurulması ilə Azərbaycan milli azadlıq hərəkatının bir çox digər xadimləri kimi, Xoyskinin də siyasi fəaliyyəti yön dəyişdirib. O, Zaqafqaziya Federativ Respublikasının qurulması uğrunda çalışmağa başlayıb. Xoyski Zaqafqaziya Seyminin deputatı idi. Müstəqil Zaqafqaziya Federasiyasının elan olunmasından sonra isə o, xalq maarif naziri vəzifəsini tutub.

Xoyski Bakı Universitetinin yaradılması haqda qərarın qəbulunda böyük rol oynayıb. Nəticədə, universitet elə ADR dövründəcə fəaliyyətə başlayıb.

1918-ci il mayın 28-də - ADR-in elan olunduğu gün Fətəli xan Xoyskiyə hökumətə rəhbərlik missiyası həvalə olunub. Ümumilikdə o, ADR dövründə fəaliyyətdə olmuş 5 kabinetdən 3-nə rəhbərlik edib. Xoyskinin baş nazirliyi dövründə respublikada dövlət quruculuğu prosesinə başlanılıb, Azərbaycan Ordusu yaradılıb, Bakının daşnak-eser-menşevik «Sentrokaspi diktaturası»ndan xilası kimi tarixi hadisə baş verib. «Sentrokaspi diktaturası» şəhərdə Bakı Soveti Xalq Komitəsinin ləğvindən sonra qurulmuşdu.

1919-cu ilin dekabrında Xoyski Nəsib bəy Yusifbəyovun rəhbərlik etdiyi kabinetdə xarici işlər naziri postunu tutub. O, Sovet Rusiyasının ADR-ə siyasi təzyiqlərinin qarşısının alınmasında ciddi işlər görüb.

ADR-in Sovet Rusiyası qoşunları tərəfindən işğalından sonra Xoyski Tiflisə köçüb. 1920-ci il iyunun 19-da erməni daşnak terrorçuları tərəfindən öldürülüb.

Fətəli xan Xoyski Azərbaycanın tarixində görkəmli dövlət və siyasi xadim kimi əbədi yaşayacaq. O, bütün həyatını Vətəninin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə, xalqının inkişafına həsr edib.

 



MƏSLƏHƏT GÖR:

405