19 Aprel 2024

Cümə, 15:16

AVROPADA ULDUZ AXINI?

İtaliyada keçirilmiş parlament seçkisinin nəticəsi Avropa İttifaqı üçün ciddi başağrısı ola bilər

Müəllif:

15.03.2018

İtaliyada keçirilmiş parlament seçkisi Avratlantika məkanında böyük rezonans doğurub və bunun kifayət qədər ciddi səbəbləri var. Seçki nəinki İtaliyada siyasi qüvvələr nisbətində ciddi dəyişiklik edib, həm də Avropa İttifaqı üçün növbəti siqnal olub. Çünki seçkinin nəticəsi Köhnə Dünyanın ən nəhəng strukturundakı böhranı bir daha ortaya qoyur.

 

Populistlər önə çıxır

Seçkidə ən çox səsi solçu-populist «Beş ulduz hərəkatı» qazanıb - seçicilərin 32,7%-i bu hərəkatı dəstəkləyib. Solçuların ən böyük siyasi təşkilatı olan Demokrat Partiyası yalnız 18,7% səs yığa bilib. Üçüncü və dördüncü yerləri müvafiq olaraq, sağçı partiyalar - «Şimal liqası» (17,4) və «İrəli, İtaliya!» (14) tutublar.

Sonuncu təşkilata İtaliyanın yenidən böyük siyasətə qayıtmış 81 yaşlı eks-baş naziri Silvio Berluskoni başçılıq edir. O, «Şimal liqası» və «İrəli, İtaliya!» ilə yanaşı, millətçi-mühafizəkar «Milli alyans» və xristian-demokrat «Biz İtaliya iləyik!» partiyalarının da daxil olduğu sağçı qüvvələr koalisiyasının qeyri-formal lideri sayılır. Koalisiya toplanmış səslərin sayına görə, Deputatlar Palatasında 263, Senatda isə 135 yer qazanıb. Bu mənada seçkinin qalibi kimi məhz sağçıları göstərmək olar. Çünki «Beş ulduz hərəkatı» təkbaşına fəaliyyət göstərir və onun Deputatlar Palatasında 221, Senatda isə 112 nümayəndəsi olacaq.

İstefaya getmiş baş nazir Mario Rensinin başçılıq etdiyi, seçkini ikinci pillədə bitirmiş Demokrat Partiyası parlamentə düşə bilmiş «xırda»larla birlikdə müvafiq olaraq, 112 və 57 mandat qazanıb.

Beləliklə, İtaliya parlamentinin iki palatasından heç birində hər hansı partiyanın mütləq üstünlüyü yoxdur. Demək, sabit hökumətin formalaşması perspektivi kifayət qədər dumanlıdır.

Amma seçkinin əsas nəticəsi bu deyil. Daha əhəmiyyətlisi odur ki, son illər formalaşmış ikibloklu sistem böhranı yaşanır. Bu illər ərzində hakimiyyətdə «İrəli, İtaliya!» partiyasının timsalında sağçılarla Demokrat Partiyasının timsalında solçular bir-birini əvəzləyib. Bu dəfə isə önə istər solçu, istərsə də sağçı düşərgədən olan populist qüvvələr çıxıb.

Sağçı populistlərə Silvio Berluskoninin partiyasının müttəfiqi olan «Şimal liqası» aiddir. Bu təşkilatın adı belə, onun «regional»lığından xəbər verir: «Liqa» özünü, ilk növbədə, İtaliyanın şimal hissəsinin maraqlarının təmsilçisi kimi tanıdıb. Qeyd edək ki, bu bölgə ənənəvi olaraq cənubdan daha zəngin yaşayıb, onun iqtisadi imkanları daha böyük olub. 20 ildən artıqdır fəaliyyət göstərən bu partiya az qala İtaliyanın Şimalla Cənuba bölünməsinin tərəfdarı kimi belə çıxış edib. Bu üzdən, onu separatçılığı təşviq etməkdə də günahlandırıblar. 2013-cü ilədək bu təşkilatın heç bir uğuru olmayıb. Yalnız 2013-cü ildə o, parlament seçkisində 48 mandat qazanıb. 2018-ci il seçkisi isə «Şimal liqası»nın irəli getdiyini göstərir: o, sağ-mərkəzçi blokun liderinə çevrilib və sağçıların sahib çıxdıqları mandatların, təxminən, yarısını məhz o qazanıb. Başqa sözlə, «İrəli, İtaliya!» ilk dəfə olaraq koalisiyadakı kiçik qardaşına uduzub. Odur ki, sağçıların lideri rolu «Şimal liqası»nın lideri Matteo Salviniyə həvalə olunub.

«Liqa» İtaliya siyasətində Şimalın lider mövqeyinin güclənməli olduğunu, avroskeptik və antimiqrasiya siyasətinin yürüdülməsinin vacibliyini bildirir. Lakin maraqlıdır ki, son iki postulat solçu düşərgədən olan populistlər - «Beş ulduz hərəkatı» tərəfindən də dəstəklənir. Hərəkatın siyasi proqramında parlaq sosial aspektlər də önə çıxır.

Hərəkatın adındakı «Beş ulduz» vətəndaşların 5 hüququnu nəzərdə tutur: su resurslarının pulsuz olması (İtaliyada su təchizatı sisteminin bir hissəsi özəlləşdirilib), şaxələndirilmiş nəqliyyat sistemi, internetə hər yanda azad çıxış, tullantıların effektiv istifadəsi sayəsində sağlam ətraf mühit və təmiz enerji. «Beş ulduz hərəkatı»nın yaradıcısı klounada janrında aktyor Beppe Qrillo ilk günlərdən təşkilatını antisistem hərəkatı kimi təqdim edib. O, vətəndaşların dövlət idarəçiliyində birbaşa iştirakına və ictimaiyyətin xalqla hakimiyyət arasındakı vasitəçilərdən maksimum xilas olmasına tərəfdardır. Qrillo italiyalılara minimum əməkhaqqının artımını, yoxsulluq həddində yaşayan vətəndaşlara ayda 780 avro müavinət ayrılacağını, ilə 10 min avrodan az qazanan bütün vətəndaşların vergidən azad olunacağını vəd edir. Başqa sözlə, onun vədləri «yoxsul vətəndaşlar»ın maraqlarına hesablanıb və bu, politoloqların «Beş ulduz»un ideyalarını solçu populizm kimi qiymətləndirməsinə səbəbdir.

«Hərəkat»ın populistliyinin daha bir göstəricisi təşkilatın ötən seçkilərə yeni lideri Luici di Mayo ilə qatılmasıdır. Bu 31 yaşlı siyasətçi 2013-cü ildə parlamentə «Hərəkat»ın internetdə təşkil etdiyi daxili səsvermə nəticəsində düşmüşdü. Elə həmin il Deputatlar Palatası spikerinin müavini postuna seçilmiş Mayo populyarlığına görə o dövrün baş naziri, böyük dəstəyi olan Mario Rensi ilə rəqabət aparırdı.

Sistemə qarşı olan «Beş ulduz hərəkatı»nın uğuru onu İtaliyanın yenilənən partiya sistemində əsas iştirakçılardan birinə çevirə bilər. Sağçı düşərgədə də, ilk növbədə, sistemə qarşı olan «Şimal liqası»nın liderlik mövqeyinə çıxması italiyadaxili siyasi mənzərənin özündə ciddi dəyişikliklərin baş verdiyini göstərir. Üstəlik, «antisistem» populistlərin (onların liderləri olan solçu di Mayo və sağçı Salvini seçkilərin nəticələrinə əsasən hətta baş nazir postuna belə iddia edirlər) ideoloji baxışları, seçkinin qaliblərinə açıq-aşkar Avropa, daha doğrusu, anti-Avropa ovqatı verir.

Beləliklə, İtaliyada keçirilmiş parlament seçkisinin nəticələri Avropa İttifaqı və avrointeqrasiyanın lokomotivləri sayılan Almaniya ilə Fransada ciddi narahatlıq yaradıb. Çünki İtaliyanın ümumilikdə elektoratın böyük hissəsi tərəfindən dəstəklənən siyasi qüvvələri Brüsselin bürokratik diktaturası və miqrasiya siyasətilə mübarizə ideyasının daşıyıcılarıdır. İstər «Beş ulduz hərəkatı», istərsə də «Şimal liqası» Aİ-nin əsas müqavilələrinə yenidən baxılmasını vacib sayır.

Seçki yarışında zəfər çalmış siyasətçilərdən olan Salvininin bəyanatı da maraqlıdır: «İtaliyada keçirilmiş seçki bizə Avropanı yenidən qurmaq imkanı verir. Yeni Avropa məhdudiyyətlərə, bürokratiyaya və spekulyantların insanların arxasında qəbul etdikləri qərarlara yox, kişilərin və qadınların iradəsinə əsaslanmalıdır. Onlar bundan sonra bizi ələ sala bilməyəcəklər. Daha İtaliyada hər şeyi italyanlar həll edəcək. Berlin, Paris, Brüssel yox!»

İtaliya siyasətinin Olimpinə bu qədər yaxınlaşmış solçu və sağçı populistlər Brüsseli italyanlar üçün ən ağrılı məsələ olan miqrant axınına «qucaq açmaqda» günahlandırır. Beppe Qrillo açıq şəkildə bildirir ki, İtaliyada yaşamaq və işləmək hüququ olmayan bütün miqrantlar ölkədən çıxarılmalı, Şengen razılaşması müvəqqəti dondurulmalı, Aİ-nin ittifaq ölkələrində qaçqınların yerləşdirilməsi qaydasını nəzərdə tutan Dublin reqlamentinə isə yenidən baxılmalıdır.

Matteo Salvini də bənzər fikirdədir: «Mən İtaliyala təhlükəsizliyi, sosial ədaləti və sakitliyi təmin etmək üçün hökumətdə təmsil olunacağım anı gözləyə bilmərəm».

İtaliyalı avroskeptiklərin xarici siyasətlə bağlı da bəzi fikirləri Brüsselin xoşuna gəlmir. Bu, ilk növbədə, onların Avropanın Rusiyaya münasibətini dəyişməli olduğuna dair fikirləridir. Məsələn, «Beş ulduz» İtaliya iqtisadiyyatının maraqlarına uyğun olaraq, Rusiyaya tətbiq edilmiş sanksiyaların qaldırılmasını vacib sayır. O, ABŞ ilə Avropa arasındakı transatlantik ticarət və investisiya tərəfdaşlığına yenidən baxılmasının, həmçinin BRHÇC ilə sazişlərin imzalanmasının da vacibliyini düşünür.

«Şimal liqası» isə öz növbəsində, Rusiya prezidenti Vladimir Putinə simpatiyasını gizlətmir. Salvinini geniş müzakirələrə səbəb olmuş fikirlərindən biri belədir: «Mən Putini böyük şəxsiyyət sayıram. Bunu səmimi deyirəm, hansısa ödəniş qarşılığında yox».

Liberal Qərb KİV-i İtaliya siyasətinin yeni, postsovet trendini İtaliyada «Putinin dostları»nın hakimiyyətə gəlişi kimi xarakterizə edir. Ümumiyyətlə, Brüssel bütün ötən il ərzində Avropanın bir çox ölkəsindən millətçi düşüncəli qüvvələr olan avroskeptiklər və «Putinin dostları» ilə mübarizə aparmalı olub - Avstriyada, Hollandiyada, Fransada, Almaniyada... Artıq Avropada avroskeptik mövqedən çıxış edən millətçilərlə Avropaya indiki, neoliberal şərtlərə inteqrasiya tərəfdarı olan qüvvələr arasında əsl mübarizənin başladığını birmənalı şəkildə demək mümkündür. Avropadakı siyasi qüvvələr arasında ənənəvi olaraq «solçu» və «sağçı» bölgüsündə baş verən dəyişiklik də bu prosesin göstəricisidir. Bu gün artıq bu bölgü daha çox millətçi (dövlətçi) -qlobalçı bölgüsünə keçir. Özü də, artıq önəmli deyil söhbət kimdən gedir - ənənəvi vətənpərvər qüvvə olan, məsələn, Fransanın Milli Cəbhəsindən, yoxsa dünənə qədər marginal hesab olunan «Beş ulduz» kimi populist hərəkatdan.

Mövcud avropadaxili trend kontekstində İtaliya daha bir mübarizə meydanına çevrilir. Avropa İttifaqının 6 təsisçisindən biri, Böyük Britaniyanın Aİ-dən ayrılma prosesinə başlamasından sonra ittifaqın üçüncü böyük iqtisadiyyatı olan İtaliya Avropaya inteqrasiya əleyhdarlarının düşərgəsinə keçməyin bir addımlığındadır. İndi çox şey hökumətə konkret hansı partiya və ya koalisiyanın başçılıq edəcəyindən asılıdır. Bununla yanaşı, əlbəttə ki, «antisistemçilər»in hökuməti formalaşdıra biləcəkləri təqdirdə belə, onların vədlərinin hamısına əməl edə biləcəyini söyləmək çətindir. Xüsusilə İtaliyanın maraqları çərçivəsini aşan məsələlərin həllində onları ciddi çətinliklər gözləyir. Məsələn, «Beş ulduz hərəkatı» ətraf mühitin mühafizəsi düşüncəsilə yüksək sürətli dəmir yollarının salınmasına, yaxud, məsələn, Adriatik dənizinin dibi ilə qaz kəmərinin (TAP layihəsi) tikintisinə qarşı çıxır…

Amma bütün bunlar hələ ki, fərziyyədir. Reallıq ondan ibarətdir ki, İtaliya öz seçimini edib. Və əgər dünənə qədər siyasi janrın «klassikləri» tərəfindən istehza ilə qarşılanan «populistlər» yaxın illər boyu siyasətin olimpində möhkəmlənib qala biləcəklərsə, onda onlar dövlət strategiyasını real icra edə biləcək qüvvəyə çevrilməlidirlər. Amma təbii ki, bu perspektiv İtaliyanın siyasi mənzərəsini dəyişəcək. Özü də, məsələyə ümumilikdə Avropanın gələcəyi prizmasından baxdıqda, yalnız İtaliyanın yox...



MƏSLƏHƏT GÖR:

353