25 Aprel 2024

Cümə axşamı, 12:50

ASİYA PARÇALANMASI

Sakit okean regionu alveri Birləşmiş Ştatlarsız edəcək

Müəllif:

15.03.2018

2016-cı ilin qışı. ABŞ-ın etdikləri dünya miqyasında iqtisadi və geosiyasi planda şəksiz qələbə kimi qiymətləndirilir. Əldə olunmuş razılaşma Amerikaya nəinki 11 ölkənin bazarına çıxışda üstünlüklər qazandıracaq, həm də Asiya-Sakit okean regionunun vacib dövlətlərini öz tərəfinə çəkmək imkanı verəcək. Bununla da, o, bölgədəki əsas rəqibi olan Çini sıxışdıracaq.

2017-ci ilin qışı. ABŞ-ın etdikləri məğlubiyyət, Çinlə rəqabətdə əldə etdiyi üstünlüklərdən könüllü imtina kimi qiymətləndirilir. Artıq geosiyasi təşəbbüsləri Pekinin öz üzərinə götürəcəyi deyilir. Bundan başqa, danışıqlar prosesində ABŞ-ın etibarlı tərəfdaş imici nəzərəçarpacaq dərəcədə korlanır.

2018-ci ilin qışı. Donald Tramp ticarət sazişinə qayıtmaq imkanlarını nəzərdən keçirir. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin artıq bu istiqamətdə danışıqlara başladığını bəyan edir.

2018-ci ilin yazı. Martın 8-də Santyaqoda Trans-Sakit okean Tərəfdaşlığı (TST) üzrə razılaşma regionun 11 ölkəsi tərəfindən imzalanır (Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Çili və Yaponiya). Söhbət gah ABŞ-ın qələbəsi, gah məğlubiyyəti kimi qiymətləndirilən və Vaşinqtonun yenidən qoşulmaq istədiyi razılaşmadan gedir.

2016-cı ilin fevralında TST-nin imzalanması prezident Obamanın dünya siyasətində ABŞ-ın liderliyini möhkəmlədəcək ən böyük uğuru kimi qiymətləndirilirdi. Sazişə qoşulmuş 12 ölkənin ümumi əhalisi 800 milyon nəfərə çatırdı. Bu, ümumi Avropa bazarı əhalisinin sayından, təxminən, 2 dəfə çoxdur. Dünya ÜDM-nin, təxminən, 40%-i və beynəlxalq ticarət dövriyyəsinin, təxminən, dörddə biri də sazişdə yer alan dövlətlərin payına düşürdü.

Çinin «Sinhua» dövlət agentliyi TST-ni «Obama administrasiyasının geosiyasi strategiyasının iqtisadi özəyi» kimi xarakterizə edir, bunun «Vaşinqtonun regionda mütləq üstünlüyünü təmin etməyə hesablandığını» yazırdı.

Layihənin iddiaları, həqiqətən də, çox böyük idi. Yeni qlobal ticarət qaydalarını Çin deyil, məhz ABŞ müəyyənləşdirməli idi. Trans-Sakit okean Tərəfdaşlığı haqda müqavilənin yeniliyi məhz onda idi ki, orada XXI əsr iqtisadiyyatının bir çox standartları yer alırdı: xidmət sahələri, dövlət sifarişlərinə çıxış və ya muzdlu işçilərin hüquqları. Üstəlik, saziş Amerika dəyərlərinin bilavasitə əsas rəqibin ətrafında irəliləməsinə imkan verəcəkdi.

Lakin ötən il yanvarın 23-də Donald Tramp bütün bu planların üzərindən xətt çəkdi. Prezidentliyinin 3-cü günündə o, ölkəsinin ticarət defisitini aradan qaldırmaq üçün ticari razılaşmalarla bağlı danışıqların ikitərəfli qaydada aparılmasına üstünlük verdiyini bəyan etdi.

1 il sonra Yaponiya yerdə qalan 11 dövlət arasında yeni danışıqların yekun mərhələsi üçün məhz həmin günü seçib. Məhz həmin gün Tokioda ideyanın ölmədiyi, ABŞ-ın iştirak etmədiyi yeni sazişin imzalanacağı bəyan edilib.

 

Yanlış start

Yaponiyanın danışıqlar prosesinin başında dayanması təsadüf deyil. Birincisi, o, dünyanın ən böyük üçüncü iqtisadiyyatı olaraq, ABŞ-ın kölgəsindən çıxmaq, öz iddialarını ortaya qoymaq (həm də yalnız Asiya regionunda deyil) imkanı qazanıb. İkincisi, Yaponiya ilə Çin arasında rəqabət daha yüksək səviyyəyə qalxır. Nəhayət, üçüncüsü, Tramp 2017-ci ildə ticarət balansında, təxminən, 64 milyard dollar təşkil etmiş kəsirin azaldılması ümidilə Tokioya təzyiqləri artırır. Bu üzdən, Yaponiya tezliklə yeni bazarlara çıxış əldə etməkdə maraqlıdır.

Trampın TST-də iştirakdan imtina qərarından sonra çoxları layihəni dəfn etməyə tələsirdi. Onlar düşünürdülər ki, dünyanın ən nəhəng iqtisadiyyatının qatılmadığı bu layihə iflasa məhkumdur. İlin ilk yarısı, əslində, onların haqlı olduqları qənaətini də yaratmışdı - müqavilənin imzalanması istiqamətində ciddi fəaliyyət nəzərə çarpmırdı. Lakin 2017-ci ilin yayının sonuna yaxın danışıqlarda intensivlik aydan-aya artmağa başladı. Artıq noyabrda Vyetnamın Dananq kurort şəhərində 11 dövlətin rəhbərinin iştirakı ilə sənədin imzalanacağı gözlənilirdi. Lakin bir anda gözlənilməz hadisə baş verdi. Bütün fikir ayrılıqlarının aradan qaldırıldığının, hər kəsin müqaviləni imzalamağa hazır olduğunun açıqlandığı son gündə… Kanadanın baş naziri Castin Tryudo sazişin imzalanması mərasiminə qatılmaqdan imtina etdi. Sonradan o, son anda hoteldə qalmaq, həmkarlarına qoşulmamaq qərarına gəldiyini bildirmişdi.

Amma bu, sənəddən imtina yox, bir daha düşünmək istəyi idi. Tryudonun tərəddüdü də anlaşılandır. Məsələ ondadır ki, TST sazişinin bəzi hissələri 3 Şimali Amerika ölkəsi arasındakı NAFTA razılaşması ilə tam ziddiyyət təşkil edir. Bu razılaşma isə Kanada üçün çox önəmlidir. Qeyd edək ki, Kanadanın ümumi ixracının ¾ hissəsi ABŞ-ın payına düşür. Məsələn, TST-də avtomobil ehtiyat hissələrinin idxalının 55% səviyyəsində liberallaşdırılması nəzərdə tutulur. NAFTA-da bu, 37,5%-dir. Üstəlik, Şimali Amerika razılaşmasına yenidən baxılmasını tələb edən Tramp bu rəqəmin cəmi 15% olmasını istəyir.

Sonda Yaponiyanın baş naziri Sindzo Abe kanadalı həmkarını fikrindən döndərə biləcək arqumentlər tapıb. Məsələn, Kanada ilə Meksikanın arxasında bu cür güclü beynəlxalq təşkilat dayanacaqsa, onlar ABŞ ilə danışıqlarda daha güclü mövqeyə sahib olacaqlar. Hər halda, söhbət, təxminən, 500 milyon əhalini və dünya ÜDM-nin 13,5%-ni özündə birləşdirəcək təşkilatdan gedir.

 

Kompromislər və yüksək standartlar

TST-11 (rəsmi adı «Trans-Sakit okean Tərəfdaşlığı üçün tam əhatəli və mütərəqqi saziş»dir) müasir dövrün vahid beynəlxalq ticarət və investisiya qaydalarını nəzərdə tutan ən iddialı sazişlərindən biri kimi qiymətləndirilir. Bundan başqa, o, əmək hüququ və ətraf mühitin mühafizəsi kimi sahələrdə yüksək normativ standartlara əməl olunmasını tələb edir.

Bütün iştirakçılar ticarət tariflərinin ləğvi və ya ciddi şəkildə azaldılması sayəsində bir-birinin bazarına sərbəst çıxış əldə edir. Beləliklə, dövriyyəsi, təxminən, 14 trilyon dollar olan vahid ticarət meydanı yaranır. Belə bazarların yaranması yeni iş yerlərinin açılmasına, iştirakçı ölkələrin hər birinin iqtisadiyyatında inkişafa töhfə verəcək.

«Moody's» beynəlxalq reytinq agentliyində hesab edirlər ki, ABŞ sazişə qatılmadığından, TST-11 üzvlərinin iqtisadi qazancı az olacaq. Bununla yanaşı, ixracın və gəlirlərin ciddi şəkildə artacağına şübhə yoxdur.

Artıq TST-11-ə qoşulmaq istəyənlər də var. Üstəlik, söhbət heç də Tailand, İndoneziya, Filippin, Cənubi Koreya və Tayvan kimi region ölkələrindən getmir. Onların arasında Avropa ilə «boşanma»nın tam başa çatmasından sonrakı xarici iqtisadi fəaliyyətlə bağlı variantları nəzərdən keçirməkdə olan Böyük Britaniya da var. Beləliklə, Britaniya sazişin Sakit okeana və ya Cənubi Çin dənizinə çıxışı olmayan ilk üzvünə çevrilə bilər. Hazırda Britaniya ixracının, təxminən, 8%-i TST ölkələrinin payına düşür.

Təşkilatın qapıları ABŞ ilə Çinin üzünə də bağlanmayıb. Məsələn, Çili prezidenti Mişel Baçelet deyib ki, Vaşinqton sazişə qayıtmaq istəyərsə, 11 dövlətin təsdiqlədiyi şərtləri qəbul etməlidir. Məsələ ondadır ki, vaxtilə ABŞ-ın israr etdiyi bəzi maddələr çıxarılıb. Məsələn, əczaçılıq şirkətlərinin müəllif hüquqlarının qorunmasının gücləndirilməsi. Bu, səhiyyə sahəsinə xərcləri ciddi şəkildə artıra bilərdi. Lakin digər dövlətlər Amerika bazarlarına çıxış əldə etmək üçün bununla razılaşmışdılar.

Doğrudur, ABŞ-ın geri öz şərtlərini qoymadan qayıdacağına inanmaq çətindir. Yaponiya isə artıq Tramp administrasiyasının tələblərinin nəzərə alınması üçün müqavilənin məzmununun dəyişdirilməsinə ehtiyacın olmadığına eyham vurur. Tokioda hesab edirlər ki, onlar sənədə əlavə kimi qəbul oluna bilər.

 

İctimaiyyətin qınağı

Danışıqların məxfi aparılması iştirakçı ölkələrin işgüzar dairələrinə və ekspertlərinə sazişin hazırlanması mərhələsində işitirak etmək imkanı verməyib. Odur ki, müqavilənin ratifikasiya mərhələsinə çatdığı indiki şəraitdə bəzi ölkələrdə bununla bağlı müəyyən çətinliklərin meydana çıxa biləcəyinə dair fikirlər var.

Məsələn, Avstraliya ictimaiyyəti hökuməti saziş layihəsini ümumxalq müzakirəsinə çıxarmamaqda günahlandırır. Artıq insanlar parlamentdən ratifikasiya öncəsi sənədin ölkəyə faydalarının qiymətləndirilməsini tələb edir. Üstəlik, ultimatum parlamentin ədalətsiz qərarına qarşı kütləvi etiraz aksiyalarına başlanacağı haqda hədələrlə də müşayiət olunur.

Bir sözlə, sazişlə bağlı suallar çoxdur. Məsələn, müqavilə üzvlərinin əksəriyyətində kənd təsərrüfatı sahəsi subsidiyalaşdırılır. Bunun necə olacağı aydın deyil.

Əmək miqrantlarının sərbəst hərəkətinə dair maddə yerli əhali üçün işsizliyə yol aça bilər. Eyni zamanda TST-nin əmək hüquqlarını qoruyacağına dair vədlərə baxmayaraq, əslində, sənəddə yerli əmək qanunvericiliklərinin məcburi əməyi və uşaq əməyini qadağan edən beynəlxalq standartlara uyğunlaşdırılması tələbi yoxdur. Beynəlxalq məhkəmələr yalnız beynəlxalq ticarətə və xarici investisiyalara dair pozuntularla bağlı şikayətlərə baxacaq.

Xarici investorlara verilən xüsusi hüquqlar da narahatlıq yaradır. Saziş onlara bir çox hallarda milli qanunvericiliyə və məhkəmə qərarlarına məhəl qoymamaq hüququ tanıyır. Üstəlik, onlar milli və ya regional səviyyədə qəbul olunmuş qərarın investisiyalarına zərbə vuracağını düşündükləri halda beynəlxalq məhkəməyə müraciət edə biləcəklər.

Saziş 11 ölkənin ən azı 6-sı tərəfindən ratifikasiya olunduqdan 60 gün sonra qüvvəyə minəcək. Bu, yəqin ki, ilin sonuna və ya gələn ilin əvvəlinə təsadüf edəcək.

 

İnteqrasiya və maneələr

Asiya regionu daha bir nəhəng layihənin icrası astanasındadır. Söhbət Azad Ticarət Zonasının (ATZ) yaradılmasından gedir. ASEAN-a üzv dövlətlər (Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin), həmçinin Avstraliya, Hindistan, Çin, Yeni Zelandiya, Koreya Respublikası və Yaponiya ilin sonunadək Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq (HRİT) sazişini imzalamağa hazırlaşır. Bu, Şərqi Asiya ölkələrinin iqtisadi inteqrasiyasının təmini üçün real və əhəmiyyətli addım sayılır.

HRİT-ə qoşulmuş 16 ölkənin ÜDM-i dünya ÜDM-nin 30%-ni təşkil edir (dünya əhalisinin 49%-i). Yəni onlar beynəlxalq ticarətin üçdə birini əhatə etmək iqtidarındadırlar.

Son zamanlaradək bu layihəni Çin irəli sürür, onu «Amerikanın TST-na» alternativ görürdü. Lakin indi vəziyyət dəyişib və ATZ ümumi maraqlar tapa, bir-birini tamamlaya bilər. Artıq regionun bir çox ölkəsi hər iki layihəyə qoşulub və ya qoşulmağı düşünür. Odur ki, iqtisadi rəqabət güclənəcək və bu, yalnız ATZ-nin genişlənməsi kimi fayda gətirəcək.

Onilliklər ərzində haqlı olaraq azad ticarət prinsiplərinin müdafiəçisi, carçısı olmuş ABŞ isə bir-birinin ardınca gömrük maneələri yaradır, dünyanı ticarət müharibəsilə hədələyir.



MƏSLƏHƏT GÖR:

419