19 Aprel 2024

Cümə, 15:43

ÜSKÜK OYNADANLARIN HAKİMİYYƏTİ

Sarkisin oğullarının yerini dəyişməklə, cəm dəyişmir

Müəllif:

15.03.2018

Ermənistanda martın 2-də keçirilmiş alternativ prezident seçkisində bu posta Armen Sarkisyan seçilib. 7 il müddətinə seçilmiş yeni prezidentin namizədliyini ölkə parlamentinin 105 deputatından 90-nı dəstəkləyib. Sarkisyanın namizədliyini ölkənin Respublika Partiyası ilə daşnaklardan ibarət hakim koalisiyası irəli sürmüşdü. Bu, əlbəttə ki, səlahiyyət müddəti başa çatan prezident Serj Sarqsyanın xeyir-duası ilə baş vermişdi. S.Sarqsyanın özü isə aprelin əvvəlində prezident səlahiyyətlərinin başa çatması ilə, baş nazir postunu tutacaq. Məsələ ondadır ki, Ermənistan Konstitusiyasına edilmiş son dəyişikliklərə görə, ölkədə real hakimiyyət rıçaqları məhz hökumət başçısına verilib. Buraya güc strukturlarına nəzarət də aiddir.

Ermənistanın prezident respublikasından sırf parlament idarəçiliyi sisteminə keçidi hələ 2015-ci ilin sonlarında baş verib. O zaman dövlət başçısı Serj Sarqsyan və hakim koalisiyanın təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklər edilib. Dəyişikliyə əsasən, bu vaxtadək ümumxalq səsverməsilə seçilən və böyük səlahiyyətlərə malik prezident artıq parlament tərəfindən təyin olunur. Bununla yanaşı, o, sadəcə rəmzi fiqura çevrilir və formal olaraq, Konstitusiyaya əməl olunmasının qarantıdır.

 

Britaniya vətəndaşı olan Ermənistan prezidenti

Bu rola 65 yaşlı Armen Sarkisyan «ideal» şəkildə uyğun gəlirdi. Fizik alim olan Sarkisyan hələ Sovet İttifaqı illərində yığdığı təcrübə ilə sonradan Böyük Britaniya universitetlərindən birində müəllim kimi çalışmağa başlayıb. Ermənistanın müstəqillik qazanmasından sonra isə London və Brüsseldə müxtəlif diplomatik fəaliyyətlə məşğul olub. 90-cı illərin ortalarında A.Sarkisyan Ermənistan hökumətinə başçılıq etməyə başlayıb. Lakin cəmi 4 ay sonra ovaxtkı müdafiə naziri, nüfuzlu şəxslərdən olan Vazgen Sarkisyanla mübahisənin ardından vəzifəsindən istefa verib. Deyilənə görə, müdafiə naziri baş naziri elə öz kabinetindəcə şillələyibmiş. O zaman Armen Sarkisyanın guya müalicə olunmaq üçün Londona yollandığı açıqlansa da, o, orada elmi-pedaqoji fəaliyyətlə yanaşı, biznes də qurub. Elə həmin dövrdə A.Sarkisyan Britaniya vətəndaşlığı alıb. Rəsmi məlumata görə, A.Sarkisyan Ermənistanın Böyük Britaniyadakı səfiri təyin olunduqdan sonra Britaniya vətəndaşlığından imtina edib.

Müxalifət onun bu bəyanatına son dərəcə şübhə ilə yanaşır. Müxalifətçi deputatlar bu şübhələrini məsələnin parlamentdə müzakirəsi zamanı da dilə gətiriblər. Onlar Sarkisyanın Böyük Britaniya vətəndaşlığından imtinasını təsdiqləyəcək sənəd tələb etsələr də, onlara heç bir sənəd təqdim olunmayıb. Beləliklə, qanuna əsasən həyata keçirilməli olan prosedur, güman ki, bilərəkdən sona çatdırılmayıb.

Armen Sarkisyan fəaliyyəti illərində Qərbin iqtisadi və siyasi elitası ilə sıx əlaqələr qura bilib. Onun xaricdəki erməni diasporunun nüfuzlu şəxslərilə də yaxşı münasibətləri var. A.Sarkisyan Davos Forumunun daimi iştirakçısı, Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbi Şurasının üzvüdür. «British Petroleum», «Bank of America», «Merrill Lynch» şirkətlərində məsləhətçi işləyib. Lakin həddindən artıq «qərbpərəst» görünməmək üçün o, fevralın əvvəlində prezidentliyə namizəd qismində Moskvaya səfər edib. Amma A.Sarkisyanın sələflərindən fərqli olaraq, Rusiya ilə müttəfiq münasibətlərinə xüsusi əhəmiyyət verməyəcəyinə dair şübhələri, çətin ki, aradan qaldırsın. Hər halda, onun illərlə yaşadığı Böyük Britaniyada rusofobiya əhvalı çox yüksəkdir və ingilis isteblişmentilə sıx münasibətlərini gizlətməyən şəxsin bu əhvaldan uzaq qalması çətindir.

Beləliklə, Serj Sarqsyanın prezident səlahiyyətləri aprelin 9-da bitir. Elə həmin gün Ermənistan hökuməti istefaya gedəcək. Bundan sonra baş nazir daxil olmaqla, bütün hökumət üzvləri səlahiyyətlərin icraçısı kimi çalışacaq. Reqlamentə əsasən, aprelin 10-da baş nazir postuna parlamentdəki hakim koalisiyanın razılaşdırdığı namizədin adı açıqlanmalıdır. Baş nazir seçkisi isə aprelin 17-də keçirilməlidir.

 

Koçaryana «qara xəbərdarlıq»

Beləliklə, aydındır ki, bütün bu çoxgedişli mürəkkəb oyun Serj Sarqsyan tərəfindən təşkil olunub və məqsəd onun prezident səlahiyyətlərinin bitimindən sonra da hakimiyyəti əldə saxlamasıdır. Çünki Ermənistanda başda eks-prezident Robert Koçaryan olmaqla, bir çox nüfuzlu və zəngin şəxslər ali kürsüyə iddia edə, bununla da, S.Sarqsyan və ətrafı üçün təhlükəyə çevrilə bilərdilər. Odur ki, Sarqsyan Konstitusiyaya dəyişikliklər etmək üçün hətta ali postlara namizəd olmayacağını da açıq şəkildə dilə gətirmişdi. Hakimiyyətin taleyini parlamentin həll edəcəyini nəzərə alan S.Sarqsyan parlament seçkisində partiyasının qələbəsini təmin etmək üçün baş nazir postuna Moskvadan Karapetyanı dəvət etmişdi. Birincisi, o, yeni sima olduğundan seçicilərdə dəyişikliklərə ümid yarada bilərdi. İkincisi, Sarqsyan bununla hökumətin gələcəkdə də rusiyapərəst olaraq qalacağını nümayiş etdirirdi. Nəhayət, üçüncüsü, o, bu namizədi önə çıxarmaqla, ən təhlükəli rəqibi, keçmişdə isə rəhbəri və tərəfdaşı olmuş Robert Koçaryanın qarşısını kəsirdi. Çünki Moskvanın Koçaryana inandığı və onu dəstəklədiyi sirr deyil.

Robert Koçaryanın imkanlarını tam məhdudlaşdırmaq üçün hətta Respublika Partiyasının parlamentdəki çoxluğu «Yolk» müxalifət fraksiyasının lideri Nikol Paşinyanın eks-prezidentin prokurorluqda dindirilməsi təşəbbüsünə belə, dəstək verib. Parlamentarilər hesab edir ki, sabiq prezident 2008-ci il martın 1-də seçki saxtakarlığına etiraz edən nümayişçilərə atəş açılması qərarı ilə bağlı dindirilməlidir. Vaxtilə parlamentin 1 mart hadisələrilə bağlı müvəqqəti komissiyasına rəhbərlik etmiş Samveol Nikoyan Robert Koçaryanın dindirilməsinin vacibliyini açıq şəkildə bəyan edib. Bu, Koçaryanın hakimiyyət strukturlarında qalan tərəfdarlarına «qara xəbərdarlıq» olub. Sabiq prezidentin özü isə bunun ardından müdafiə mövqeyinə keçmək məcburiyyətində qalıb.

 

Hiyləgər oyunda məğlubiyyət

Serj Sarqsyanın belə mürəkkət daxili və xarici siyasi manevrlərinin gedişində Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarından imtinası da diqqətdən qaçmayıb. İrəvan protokolların ratifikasiyası prosesinin dayandırıldığını bəyan edib. Əslində, bunun xüsusi xarici siyasi əhəmiyyəti yoxdur. Çünki İrəvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində konstruktiv mövqe tutmaqdan imtinasından sonra proses onsuz da dayanıb. Ankara isə prinsipial olaraq bəyan edib ki, erməni qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmağa başlanmasınadək Ermənistanla sərhədləri açmayacaq. Sarqsyan bu haqda bəyanatı ilə faktiki olaraq bir şeyi etiraf edib: onun ənənəvi qərbli himayədarlarının dəstəyilə oynadığı və Ankara ilə Bakının arasını vurmağa hesablanmış hiyləgər oyunu iflasa uğrayıb. Lakin bu məqamda da Sarqsyan qaba türkofobiya nümayiş etdirməklə, daşnakların və erməni diasporunun bir hissəsinin gözündə əlavə xal qazanmağa çalışıb. Hər halda, istər Serj Sarqsyan, istərsə də onun özündənrazı xarici işlər naziri Edvard Nalbandyan bütün lovğalıqlarına rəğmən, Ermənistanın Türkiyə üçün ciddi əhəmiyyət daşımadığını bilirlər. Ankara İrəvanla bu protokolları yalnız Türkiyənin Avropa İttifaqına qəbuluna yaradılan süni maneələrin aradan qaldırılması üçün imzalamışdı. Məlum olduğu kimi, artıq Türkiyənin bu təşkilata üzvlüyü məsələsi Brüssel və aparıcı fövqəldövlətlər tərəfindən dondurulub. Odur ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin sürətləndirilməsi zərurəti də aradan qalxıb. Bərbad iqtisadiyyata və yoxsul əhaliyə malik Ermənistan uzaqbaşı, Türkiyənin onunla həmsərhəd olan əyalətləri üçün müəyyən əhəmiyyət kəsb edə bilər. Ermənistan üçün isə vəziyyət tam əksinədir. Türkiyənin əhalisi Ermənistan əhalisindən 28 dəfə çox, iqtisadiyyatı isə Ermənistan iqtisadiyyatında 100 dəfə böyükdür. İrəvan 80 milyonluq Türkiyə bazarına, malların Yaxın Şərqə və Cənubi Avropaya daşınmasında tranzit imkanı qazanmaq üçün dəmir və quru yollarına çıxış əldə etmək üçün gec-tez Ankaranın qarşısında diz çökəcək. Odur ki, ermənilər istədikləri qədər təbliğat apara bilər. Reallıqda isə onlar nə coğrafi, də demoqrafik, nə də iqtisadi vəziyyəti dəyişmək gücündədir.

 

İntriqa «uzanır»

Ermənistanın siyasi səhnəsi Serj Sarqsyanın aprelin 10-da baş nazir vəzifəsinə namizəd göstərilməsinə, 17-də isə ERP və daşnaklardan ibarət koalisiyanın dəstəyilə bu posta təyin olunmasına tam hazırdır. Lakin görünən odur ki, Sarqsyanın hələ də müəyyən şübhələri var. Hər halda, o, kartlarını hələ də tam açmır və intriqanın uzanmasını təmin edir. Belə qənaətə gəlmək olar ki, Serj Sarqsyan öz hakimiyyətini Moskvanın razılığı olmadan uzadır və bu səbəbdən də, Rusiya tərəfdən hər an bomba effekti verəcək kompromatın üzə çıxa biləcəyindən narahatdır. Sarqsyan Moskvadan hər an sərt müqavimətin gələ biləcəyini düşünür və bu halda gələn təzyiqlər qarşısında tab gətirməyin mümkün olmayacağını anlayır. S.Sarqsyan Armen Sarkisyan kimi qərbpərəst əlaltısını prezidentliyə namizəd göstərməklə, Avropa İttifaqı ilə saziş imzalamaqla, Qərb ölkələrinə çoxsaylı səfərlərlə Moskvaya bir mesaj verir: əgər məni dəstəkləməsəniz, Ermənistan Moldova, Gürcüstan və Ukrayna kimi, Qərbə meyillənəcək.

Serj Sarqsyanı narahat edən daha bir məsələ var. O, düşünür ki, Rusiya, Ermənistan və Azərbaycanda prezident seçkilərinin başa çatmasından sonra Moskvadan ərazi iddialarından əl çəkmək tələbi gələ bilər. Rusiya İrəvanı israrla danışıqlar prosesini uzatmamağa, öz qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasına başlamağa çağıra bilər. S.Sarqsyan və ətrafı düşünür ki, qərbpərəst siyasətin gücləndirilməsi, Gürcüstanla nümayişkaranə «dostluq» Kremli ermənilərə sərf etməyən ssenaridən əl çəkməyə vadar edəcək.

Bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları kimin aparacağı da tam aydın deyil. Əvvəllər bunu XİN başçısı ilə prezident edirdi. İndi, ölkədə xarici siyasət və təhlükəsizlik məsələləri hökumətin, daha konkret desək, Ermənistanın ən ali vəzifəli şəxsi sayılacaq baş nazirin səlahiyyətində olacaq. Lakin hökumətin razılığı ilə parlament müvafiq səlahiyyəti prezident də daxil olmaqla, istənilən şəxsə verə bilər. Görünən odur ki, İrəvan bu ssenariyə yalnız bir halda əl atacaq: danışıqlar prosesini uzatmaq lazım gələrsə, bunun üçün məsələ yeni, daha az məlumatı olan şəxsə tapşırıla bilər.

Amma belə manevrlərin vaxtı çoxdan keçib və konkret hədəflərə hesablanmayan, Azərbaycanın işğal altındakı ərazilərinin boşaldılmasını nəzərdə tutmayan danışıqlar, sadəcə, müharibənin bərpasını tezləşdirə bilər. Düşünürəm ki, ermənilər və onlara havadarlıq edən qüvvələr bunun fərqindədir. Azərbaycanda 25 minədək hərbçinin, 250 tank və digər zirehli texnikanın, minədək raket-artilleriya qurğusunun, həmçinin 50 ordu və cəbhə aviasiyasının cəlbilə başlanmış miqyaslı hərbi təlimlər bunu hər kəsə yaxşı xatırlatmalıdır.



MƏSLƏHƏT GÖR:

381