24 Aprel 2024

Çərşənbə, 15:06

BÖYÜK OYUN DAVAM EDİR

Rusiyanın yeni hərbi ixtiralarının nümayişi, əslində, nələrdən xəbər verir?

Müəllif:

15.03.2018

Rusiya prezidenti Vladimir Putin Federal Şuraya 14-cü müraciətini ünvanlamaq üçün Kremlin ənənəvi Georgiyev zalını deyil, Manejin Sərgi Mərkəzini seçdikdə bunun səbəbi heç kəsin ağlına gəlməmişdi. Bunun nə ilə bağlı olduğunu, prezidentə çıxışı zamanı «vizuallıq və infoqrafika»nın nədən bu qədər lazım gəldiyini heç kəs anlamırdı. Hər şey Putinin iqtisadi və sosial sahələrə aid çıxışdan sonra faktiki olaraq, ölkəsinin indiyədək məxfi saxlanılan yeni strateji silah sistemlərinin təqdimatına başlaması ilə aydın olub. Prezidentin sözlərinə görə, bu silahlar Amerikaya məxsus Hava Hücumundan Müdafiə (HHM) sistemlərindən yan keçməyə qadirdir. «Bu, sadəcə fantastikadır», - deyə Putin bildirib. Bu silahları yaratmış şəxsləri isə prezident «dövrümüzün qəhrəmanları» kimi xarakterizə edib.

 

Rusiyanın cavabı

Bundan əvvəl Kreml başçısı ölkənin müdafiə gücünün artırılmasının vacibliyi, Suriya əməliyyatları, həmçinin ABŞ-ın «istər Amerika ərazisində, istərsə də ölkə sərhədlərindən kənarda» hava hücumundan müdafiə haqda razılaşmanı birtərəfli qaydada tərk etməsi haqda da danışmışdı. Vaşinqton özünün HHM sisteminin Rusiyaya qarşı deyil, məsələn, İran kimi «izqoy ölkələr»ə qarşı olduğunu dəfələrlə desə də, Moskva bunun əksini düşünür. Rusların fikrincə, Birləşmiş Ştatlara məxsus HHM sistemi Rusiyanın milli təhlükəsizliyinə təhdiddir. Kremldə hesab edirlər ki, Vaşinqton Rusiya raketlərini tutmağa qadir HHM sisteminin yaradılması ilə strateji nüvə tarazlığı balansı pozur. Moskvada əmindirlər ki, ABŞ özü üçün yeni strateji silahlar da hazırlayır. Bu üzdən, Putin bildirib ki, Rusiyanın «artan hərbi gücü» heç kəsə təhlükə yaratmır və Moskva heç bir dövlətə hücum etmək niyyətində deyil. Lakin ona hücum olarsa, cavab özünü bir an da olsun, gözlətməyəcək. Yəni Rusiya «etiraz və xəbərdarlıq»dan başqa da nələrsə deyib. «Rusiya bu çağırışlara nə ilə cavab verdi? Bunlarla! Bizimlə heç kəs əsaslı danışıqlar aparmaq istəmirdi. Bizi dinləmirdilər. İndi dinləyin», - deyə Kreml başçısı bildirib.

 

Beləliklə, Putin dünyaya nə nümayiş etdirdi?

«Sarmat» (RS-28) qitələrarası ballistik raketi

Maye mühərriki ilə təchiz olunmuş yeni qitələrarası ballistik raket «Voyevoda» (NATO təsnifatına görə «Şeytan») kompleksini əvəzləməlidir. Putinin sözlərinə görə, çəkisi 200 tondan artıq olan raket qısa aktiv uçuş sahəsinə malikdir. Bu, onun ən perspektivli HHM vasitələri tərəfindən belə, tutulmasını çətinləşdirir. Eyni zamanda o, uzaqmənzilli olması səbəbilə də HHM sistemlərindən yan keçməyə qadirdir: onu qısa trayektoriya ilə deyil, HHM sisteminin nəzarətində olmayan ərazilərin üzərilə də buraxmaq mümkündür. Raketin silahlı qüvvələrə 2020-ci ildə veriləcəyi gözlənilir.

Nüvə mühərrikli raket

«Maloqabaritnaə sverxmohnaə ədernaə gnerqetiçeskaə ustanovka, kotoraə razmehaetsə v korpuse krılatoy raketı tipa rossiyskoy noveyşey raketı X-101 vozduşnoqo bazirovaniə ili amerikanskoqo «Tomaqavka», no pri gtom obespeçivaet v desətki raz bolğşuö dalğnostğ poleta, kotoraə əvləetsə praktiçeski neoqraniçennoy». Raketi fərqləndirən yalnız uçuş məsafəsinin böyüklüyü deyil, həm də manevr bacarığıdır. O, bütün Yer kürəsini fırlana bilər. Üstəlik, raket müxtəlif radiolokasiya və müdafiə sistemlərindən yan keçmək iqtidarındadır. 2017-ci ilin sonlarında o, uğurla sınaqdan keçirilib.

Sualtı pilotsuz aparat - nüvə torpedası

Rusiya prezidentinin dediyi kimi, «bu nüvə qurğusu nadir sayılacaq kiçik ölçüyə, lakin eyni zamanda son dərəcə güclü enerji silahına malikdir»: «Həcminə görə o, müasir atom sualtı qayıqlarında quraşdırılmış raketlərdən 100 dəfə kiçikdir. Son dərəcə böyük gücə malik bu raketin döyüş rejiminə, yəni maksimum gücünə gətirilməsi üçün tələb olunan vaxt digərlərindən 200 dəfə azdır».

Putinin danışığı zamanı nümayiş olunan videogörüntülərdə torpedalardan biri təyyarədaşıyan gəmilər qrupunun mərkəzində, ikincisi isə liman tikililərində partlayıb. Yeni qurğu 10 min kilometrədək məsafə qət etmək bacarığı, yüksək sürəti (saatda 185 kilometrədək) və 1000 metrədək dərinə gedə bilmək imkanı ilə seçilir. O, hidrogen bombası ilə təchiz olunarsa, nəhəng sunami yarada bilər.

«Xəncər» raketi

Hipersəsli, yüksək dəqiqliyə malik aviasiya raketi saatda 12 min kilometrədək sürət yığmaq iqtidarındadır. 2 min kilometrədək məsafəni qət edə bilən raketin istər nüvə, istərsə də adi döyüş sursatı daşımaq, yayınma manevrləri etmək imkanı var. O, «İsgəndər» operativ-taktiki ballistik raketinin ciddi şəkildə modernləşdirilmiş versiyasıdır. Raketin MiQ-31 qırıcısı ilə atılması nəzərdə tutulur. Cənub hərbi dairəsində döyüş-təcrübə növbəsindədir. Putinin çıxışı zamanı ekranda onun MiQ-31 təyyarəsindən atılmasının görüntüləri nümayiş etdirilib.

Hipersəsli planer

«Avanqard» yeni hərbi təchizatlı strateji kompleksdir. O, Putinin sözlərinə görə, «hədəfə doğru meteorit, yanan kürə, alov kürəsi kimi» uçur. Bununla yanaşı, «idarə olunması çox etibarlıdır». O, səs sürətini bir neçə dəfə üstələməli olan ballistik raketin köməyilə atılır. Bundan sonra «Avanqard» hədəfə yönələrək minlərlə kilometr məsafəni manevrlər etməklə uçur. Artıq onun seriya istehsalına başlanılıb. «Kommersant»ın məlumatına görə, bu silahın ştatlı daşıyıcısı «Sarmat» RS-28 olacaq.

 

Qərbin reaksiyası

Məsələnin sırf texniki tərəflərinə gəlincə, məsələnin mahiyyətindən xəbərdar olan şəxslərin şərhlərinə çox az rast gəlinir. Məsələn, «Sarmat» raketi haqda deyirlər ki, Putin onun əsas çatışmazlığı haqda danışmayıb. Sən demə, onun çox zəhərli yanacaqla işləməsi raketə qulluğu çətinləşdirir. Belə raketlər yalnız yeraltı stasionar komplekslərin şaxtasında saxlanıla bilər. Bu isə onları əlçatan edir.

Hipersəsli planer haqda da fikirlər birmənalı deyil. Onlar peyk məlumatlarının dəqiqliyindən çox asılıdır və hədəfə yaxınlaşan zaman sürətini xeyli azaltmalıdır. Ümumilikdə, belə xarakteristikalar çoxdur. Məlumatsız insanların onlardan baş açması, xüsusilə də hansısa uyğunsuzluqları anlaması çətindir.

Müxtəlif Qərb KİV-də yer almış fikirlərə əsasən demək olar ki, «Sarmat» raketi haqda xəbər Qərb üçün yenilik olmayıb. Onlar «yeniliklər» arasında yalnız «Xəncər»ə ciddi yanaşıblar. «Foreign Policy» və «National Defense Magazine» yazır ki, Putinin çıxışından demək olar ki, dərhal sonra Pentaqonun Müdafiə Tədqiqatları Mərkəzinin direktoru Stiven Volker ABŞ-ın belə ixtiralara daha ciddi yanaşmaq planından danışıb. Bundan başqa, Putinin çıxışından 10 gün sonra Moskva Cənub Hərbi Dairəsində MiQ-31 qırıcısından atılan «Xəncər»in sınağı ilə Qərbin fikrinin əsaslı olduğunu təsdiqləyib. Rusiyanın Müdafiə Nazirliyi uğurla keçdiyi bildirilən sınağın videosunu yayıb - raket poliqonda müəyyən olunmuş hədəfi vurub. Sınağın gedişində «Xəncər»in taktiki-texniki xarakteristikası və zaman göstəriciləri də təsdiqini tapıb.

Qərbin şübhəsinə, eyni zamanda əsəbi təəccübünə (bəlkə, haqlıdırlar?!) ən çox nüvə mühərrikli raket səbəb olub. Bildirilir ki, belə qurğular Sovet İttifaqında da yaradılırdı. ABŞ-da isə artıq 1950-1960-cı illərdə praktik olmaması üzündən onlardan imtina edilib. Bundan başqa, ekspertlərin sözlərinə görə, raket uçuş zamanı ətrafa radioaktiv tullantılar atır və bu üzdən də o, təhlükəli hesab olunub. Yəni Rusiya bu raketləri sınaqdan keçiribsə, radioaktiv tullantıların ətrafa yayılması mümkündür. Bu mənada Norveçin «The Independent Barents Observer» nəşrinin bir xəbəri diqqətəlayiqdir. Yazıda bildirilir ki, «son bir neçə ildə Avropada, xüsusilə Skandinaviya ölkələrində atmosferdə mənşəyi məlum olmayan 131 radioaktiv yodunun izləri aşkarlanıb». Eyni zamanda bildirilir ki, bunlar əhalinin sağlamlığı üçün heç bir təhlükə doğurmur.

Rusiya sosial şəbəkələrində bu yaxınlarda yer almış bir xəbərdə isə deyilirdi ki, ötən il sentyabrın sonlarında Çelyabinsk vilayətində, daha sonra isə ümumilikdə Volqoqradda, hətta Tatarıstanda rutenium-106 aşkarlanıb. Bunun hansısa raket sınaqları ilə əlaqəli olub-olmadığını söyləmək çətindir.

 

Yeni silahlanma yarışı?

Putinin çıxışında geosiyasi reaksiya da maraqlıdır. Onun çıxışı Qərb KİV-nin yazdığı kimi, «Sovet İttifaqı rəhbərliyinin yaratmadığı təəssüratlar yaradıb». «Müasir tariximizdə hansısa ABŞ prezidentinin, o cümlədən hazırkı dövlət başçımızın böyük ekranda Rusiyaya nüvə hücumunu nümayiş etdirdiyini düşünmək belə, çətindir», - deyə «Bloomberg» yazır. Məsələ ondadır ki, sözügedən görüntülərin nümayişi zamanı raket başlığının Trampın Floridada yerləşən iqamətgahına bənzəyən hədəfə yaxınlaşdığı görünür. Daha bir görüntüdəki hədəf isə ABŞ Mərkəzi Komandanlığının daimi dislokasiya yeri olan Florida şəhərlərini xatırladıb.

Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyams Putinin çıxışını «hədə» kimi qiymətləndirib: «Rusiya gənginlik və təxribat yolunu seçib. Həyat tərzimizə ciddi təhlükə ilə üz-üzəyik».

Ağ Evin spikeri Sara Sanders isə Kremli silahlanmanın məhdudlaşdırılmasına dair razılaşmaları «açıq şəkildə pozmaqda» günahlandırıb.

Qərb Putinin Rusiya silahları üçün bu qədər «hiper təqdimat» təşkil etməsini Qərbdə iki səbəblə əlaqələndirirlər. Birincisi, Rusiyada keçiriləcək prezident seçkisidir. Sanki Putin seçki öncəsi hər kəsə bu mesajı vermək istəyib: «Bu dəfə də mənə səs versəniz, milli təhlükəsizliyimizə səs verəcəksiniz». «Bloomberg» yazır ki, «nəhəng ekranda miqyaslı tamaşa istənilən xalq kimi, rusların da xoşuna gəlir».

Maraqlıdır ki, Putinin çıxışı Tramp administrasiyasının «Nüvə siyasətinin icmalı»nı açıqlamasından, təxminən, 1 ay sonraya təsadüf edib. Həmin icmalda Rusiya Birləşmiş Ştatların əsas strateji rəqibi kimi göstərilib. Amerikalılar hesab edirlər ki, Rusiya ilə Çin «beynəlxalq düzəni və davranış normalarını dəyişmək istəyir», bu səbəbdən də, nüvə qüdrətlərini artırmaq üzərində fəal iş aparır.

Lakin Kreml daxili publikaya müraciətlə yanaşı, Qərbdən olan «tərəfdaşlar»ına da mesaj göndərib: Moskva istənilən münaqişədə istənilən düşmənə cavab vermək gücündədir. Bu mesajın ünvana çatdığına, cavabsız qalmayacağına isə heç bir şübhə yoxdur. Hər halda, Donald Tramp artıq Putinin çıxışını Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla müzakirə edib. Onların konkret nə danışdıqları, əlbəttə ki, mətbuata çıxmayıb. Lakin Vaşinqton prezident Trampın Rusiyadan gələn təhlükəni dərk etdiyini, ABŞ-ın lazım gələcəyi təqdirdə, ona lazımi cavabı verməyə hazır olduğunu bəyan edib. Ağ Evin spikeri Sara Sanders ABŞ-ın hərbi büdcəsinin Rusiyanın hərbi büdcəsindən on dəfələrlə böyük olduğunu xüsusi vurğulayıb.

Beləliklə, nə baş verir? Yeni silahlanma yarışı və yeni «soyuq müharibə»? Həqiqətən də, Putin Rusiya HSK-nin imkanlarının nümayişilə Qərbi dialoqa məcbur etməyə çalışırsa belə, ABŞ-ın güclü tərəf statusunu özündə saxlamağa çalışacağını anlamaya bilməz. Demək, Vaşinqton da sanksiyaları ləğv etməkdən, danışıqlara getməkdənsə, yeni silahlanmaya start verəcək. Bir çox Qərb eksperti artıq Pentaqonun analoji silah sistemləri yaratmasının vacibliyini bəyan edib. Onların fikrincə, bu, balansın qorunması üçün vacibdir.

Yaranmış vəziyyəti necə istəyirsən adlandır - istər «soyuq mübaribə», istər başqa cür. Amma, necə deyərlər, böyük oyun davam edir. Bununla yanaşı, aydındır ki, Suriyada Amerika və Rusiya qoşunlarının bir-birinə çox yaxın bölgələrdə döyüşdüyünə, onların təyyarə və gəmilərinin təhlükəli sayılacaq məsafədə manevr etmələrinə baxmayaraq, tərəflərdən heç biri nüvə silahına birinci əl atmayacaq. Qarşılıqlı məhvə «zəmanət verən» rejim bundan sonra da planeti Üçüncü Dünya müharibəsindən qoruyacaq.

Lakin Apokalipsis haqda söhbətlərin arxasında başqa və kifayət qədər real məqamlar da dayana bilər. Artıq qeyd edildiyi kimi, Qərb ölkələri diqqəti daha çox Rusiyanın hipersəs qurğularına yönəldib. Bunun fonunda Vladimir Putinin çıxışına yalnız seçicilərinə müraciət və Qərbə xəbərdarlıq kimi yox, həm də… banal reklam kimi yanaşmaq mümkündür. Bu, xarici ölkələrə Rusiya silahlarının satışını ciddi şəkildə artıra bilər. Bir çox mətbuat orqanının Rusiya prezidentini Stiv Cobsla, onun məşhur təqdimatları ilə müqayisə etməsi də əbəs deyil. Bu gün Rusiyanın hərbi sənayesi belə satışlara görə dünyada ikinci yerdədir. O, bu göstəricidə Birləşmiş Ştatlara çatmaq üçün əlindən gələni edir. Vaşinqton isə heç də yalnız rəqabətə görə qıcıqlanmamalıdır - belə silahların yayılması bütün dünyada Amerikanın hərbi qüdrətini xeyli azalda bilər. Belə olan təqdirdə, «stavkalar» daha yüksək və daha realdır, nəinki nüvə müharibəsi haqda köhnəlmiş qorxulu fikirlər.



MƏSLƏHƏT GÖR:

398