20 Aprel 2024

Şənbə, 08:53

QƏLƏBƏNİN BİR ADDIMLIĞINDA

Şəhriyar Məmmədyarovun İddiaçılar turnirində çıxışı göstərdi ki, o, şahmat tacını Azərbaycana qaytara bilər

Müəllif:

01.04.2018

Mart ayında Azərbaycan idman ictimaiyyətinin əsas diqqəti Almaniyanın Berlin şəhərinə yönəlmişdi desək yanılmarıq. Hamı sanki bütün fikrini şahmatçımız Şəhriyar Məmmədyarovun İddiaçılar turnirindəki çıxışına yönəltmişdi. Azərbaycan yığmasının lideri, üçqat Avropa çempionu Berlində tarixi uğura çox yaxın oldu. Təəssüf ki, İddiaçılar turnirinin qalibi olmağa bir addım kifayət etmədi.

FİDE reytinqində dünyanın ikinci şahmatçısı olan Şəhriyar Məmmədyarovun (2809) Berlindəki İddiaçılar turnirində yüksək səviyyədə çıxışı gözlənilən idi. 2017-ci ili böyük qələbələrlə keçirən Məmmədyarov mötəbər yarışda uğur qazanmağa hazır olduğunu sübut etmişdi. Yadınıza salın. Ötən il millinin heyətində Avropa Çempionatında qızıl medal qazanmaqla yanaşı, Avropa Çempionlar Kubokunu başı üzərinə qaldırdı, Vüqar Həşimov Memorialı eləcə də FİDE Qran-pri turnirində çempionluq sevinci yaşadı. Bütün bu uğurlardan sonra reytinq əmsalını 2800-ə çatdıran Sumqayıt şahmat məktəbinin yetirməsi dünya reytinqində 2-ci pilləyə yüksəldi. Cari mövsüm Veyk-An-Zee superturnirində inamlı təsir bağışlayan Şəhriyar İddiaçılar turnirində reytinq favorit hesab edilirdi. Berlindəki partiyalar onun olimp zirvəsini fəth etməyə hazır olduğunu sübut etdi.

İddiaçılar turniri 14 turdan ibarətdir. Məhz bu qədər turluq mübarizədən qalib ayrılan 8 zəka sahibindən biri dünya çempionu Maqnus Karlsenlə görüşə vəsiqə qazanır. Bu dəfə həmyerlimiz ilk dövrəni yüksək səviyyədə keçirdi. Rusiya təmsilçiləri Sergey Karyakinlə sabiq dünya çempionu Vladimir Kramnikni məğlub etdi, digər görüşlərdə heç-heçə oynadı. İlk dövrədən sonra qalib olmağa real namizəd sayılan Məmmədyarovun ikinci dövrəylə bağlı planları reallaşmadı. Bu mənada bütün görüşlərdə heç-heçə oynayan Çin şahmatçısı Dinq Lirenə məğlubiyyət həlledici oldu. Şəhriyar qələbə üçün riskə getdi, lakin sonda məğlubiyyət acısı yaşadı. Sonradan Aleksandr Qrişuk üzərində qələbə qazansa da, paralel keçən görüşdə Fabiano Karuana erməni şahmatçı Levon Aronyanı üstələdi. Aronyan Berlində çox zəif çıxış etməklə yanaşı, hər iki görüşdə Şəhriyarın əsas rəqibi Karuanaya uduzmasıyla diqqəti çəkdi.

Son turda Şəhriyar 54-cü gedişdə Vladimir Kramniklə heç-heçəni rəsmiləşdirdi. Ümid turnirin lideri Fabiano Karuananın Aleksandr Qrişuka uduzmasıydı. Ancaq İtaliya əsilli qrossmeyster rusiyalı şahmatçını məğlub edərək 9 xalla yarışın qalibi adını qazandı. Məmmədyarovla Karyakin hər ikisi 8 xal toplasa da, şəxsi oyunlardakı üstünlük həmyerlimizi 2-ci, Karyakini 3-cü etdi. Dinq Liren 7.5 xalla 4-cü, 6.5 xal yığan Kramnik 5-ci, Qrişuk 6-cı oldu. So 6 xalla 7-ci, Aronyan isə 4.5 xalla sonuncu pillədə qərarlaşdı. Beləliklə, Karuana noyabrın 9-dan 28-dək Böyük Britaniyanın paytaxtı Londonda Maqnus Karlsenlə şahmat tacı uğrunda yarışacaq.

İddiaçılar turnirindəki çıxışı ilə Şəhriyar Məmmədyarov yeni rekord müəyyənləşdirdi. 2014-cü ildə Rusiyanın Xantı-Mansiysk vilayətində 7 xalla 4-cü yeri tutan şahmatçımız bu dəfə 8 xalla ikinci oldu. Bu da həm xal, həm də mövqe baxımından yeni ölkə rekordudur.

Berlindəki çıxışı Şəhriyarın karyerasında yeni səhifənin açıldığını göstərdi. Əvvəllər riski daha çox sevən, açıq oyuna üstünlük verən şahmatçımız indi daha müdrik mübarizə sərgiləyir. Artıq o dünyanın ən güclü top-şahmatçılarından biridir. Oyun üslubunda dəyişiklik etməklə riskdən qaçan Şəhriyar bütün şahmatçılar üçün çox güclü rəqib hesab edilir. Turnirdəki inamlı çıxışıyla əmsalını 5 vahid artıran Məmmədyarov FİDE reytinqində 2-ci pillədə yerini möhkəmlətdi.

“R+”a açıqlamasında Şəhriyar Məmmədyarov ona dəstək olan hər kəsə təşəkkür edib və Berlindəki çıxışını belə dəyərləndirib: "Təəssüf ki, istədiyimiz alınmadı. Berlinə qələbə üçün yollanmışdım. İlk dövrəni yaxşı keçirsəm də, sonradan müəyyən itkilər oldu. Lirenlə oyun istədiyim kimi alınmadı. Gücümü düzgün bölmüşdüm. Sadəcə alınmadı. Lirenlə partiyanı uduzdum və liderdən geri düşdüm. Son turda üstünlük olmadığı üçün Kramniklə heç-heçə qeydə alındı. Buna baxmayaraq, həvəsdən düşmürəm. Berlində qalib olmaq nəsib olmadı. Mübarizəni davam etdirəcəyik".

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə “R+” açıqlamasında Şəhriyar Məmmədyarovun çıxışını müsbət qiymətləndirib. Bildirib ki, onun Berlində nümayiş etdirdiyi əzmkarlıq alqışlanmalıdır: "Bu, Azərbaycan şahmat tarixində görünməmiş hadisə oldu. Azərbaycanı təmsil edən qrossmeyster şahmat tacı uğrunda görüşün bir addımlığında dayandı. Turniri ikinci pillədə başa vurdu. Son dəqiqəyə, son saniyəyə qədər Şəhriyarın şansı var idi. O, mübariz xarakter nümayiş etdirdi. Göstərdi ki, İddiaçılar turnirindən öncə böyük hazırlıq mərhələsi keçib, çox güclü hazırlaşıb. Bir qədər bəxtimiz gətirmədi. Bununla belə, Şəhriyar mübarizəni davam etdirməlidir. Biz ona inanırıq".

Beləliklə, Şəhriyar bütün Azərbaycanın arzuladığı şahmat tacını Bakıda gətirmək iqtidarındadır. Hələlik isə aprelin 18-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan 5-ci ənənəvi superturnir start götürəcək. Mötəbər yarışda FİDE reytinqində ikinci olan Şəhriyarla yanaşı dünya çempionu Maqnus Karlsendə iştirak edəcək. Bu iki zəka sahibinin duelini izləmək çox maraqlı olacaq. Ümumilikdə, ShamkirChess 2018 turnirində Şəhriyar Məmmədyarovla yanaşı, təmsilçilərimiz Teymur Rəcəbov, Rauf Əliyev, Rusiyadan Vladimir Kramnik və Sergey Karyakin, çinli Din Liren, Avropa Çempionluğuna iddialı, çexiyalı David Navara, FİDE versiyası üzrə keçmiş çempion, bolqarıstanlı Veselin Topalov, hollandiyalı Aniş Giri və norveçli dünya çempionu Maqnus Karlsen iştirak edəcək.



MƏSLƏHƏT GÖR:

339