11 Dekabr 2018

Çərşənbə axşamı, 22:11

VALYUTA

DÜNYANIN BAKI KUBOKU

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq yarışlar mövsümünə start verib

Müəllif:

01.04.2018

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ildə beynəlxalq yarışlar mövsümünə start verdi. Cari mövsüm paytaxtımızda ilk beynəlxalq yarış Milli Gimnastika Arenasında təşkil olunan idman gimnastikası üzrə Dünya Kuboku oldu.

Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev bildirdi ki, bu gün Azərbaycan idmançılarının dünya standartlarına cavab verən müasir arenalarda məşq etmək imkanı var. Atletlərimiz dünyanın müxtəlif ölkələrində beynəlxalq yarışlarda iştirak edir, paytaxtımızda isə mütəmadi olaraq mötəbər beynəlxalq turnirlər keçirilir. Azərbaycanda bir çox irimiqyaslı yarışlar təşkil olunur. Bütün bunlar həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən mötəbər yarışlar ölkəmizdə idmanın kütləviləşməsinə və gənc nəslin sağlam böyüməsinə xidmət edir. Son illər ölkəmizdə gimnastikanın inkişafı da Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. 2017-ci ilin yekunlarına görə, Beynəlxalq Gimnastika Federasiyasının Azərbaycan Gimnastika Federasiyasını birinci yerə layiq görməsi, federasiya nümayəndələrinin beynəlxalq gimnastika təşkilatlarında fəal iştirakı aparılan düzgün idman siyasətinin nəticəsidir.

Yusif Məmmədəliyev çıxışında vurğuladı ki, artıq üçüncü ildir Milli Gimnastika Arenası idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edir.

Sonra adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə və azyaşlı gimnastlar dövlət himnimizi səsləndirdilər. Açılış mərasiminin bədii hissəsində diqqətçəkən məqamlardan biri gimnastika növləri üzrə yığma komandaların “Gimnastika - gələcəyin səsi” şüarı altında birləşməsi olub. Gənc nəsil arasında sağlam həyat tərzinin təbliğini özünə başlıca məqsəd seçmiş Azərbaycan Gimnastika Federasiyası bu şou proqramla bir daha yarış iştirakçılarına çağırış etdi. Müxtəlif klublardan dəvət olunan gimnastikanın altı növü üzrə 5-6 yaşlı gimnastlar ilk dəfə böyük səhnədə çıxış etməklə möhtəşəm açılış mərasiminin bir parçası oldu.

25 ölkədən 102 idmançının iştirak etdiyi yarışa gəlincə yaponiyalı gimnast Kadzuma Kaya 14,233 xalla sərbəst hərəkətlərdə qızıl medala layiq görüldü. İkinci yeri 14,200 xalla Vladimir Qribuk (Ukrayna), üçüncü yeri 14,000 xalla Rok Klarov (Sloveniya) tutdu.

Əksər finallarda təmsil olunan idmançılarımız yüksək səviyyəli çıxışlarla azarkeşlərin alqışını qazandı. Azərbaycan gimnastı Marina Nekrasova isə gümüş medal əldə etdi. Nekrasova yalnız idman gimnastikasının canlı əfsanəsi Oksana Çusovitinadan geri qaldı. Özbəkistan gimnastı 14.300 balla birinci, slovakiyalı Tyasa Kisselef isə 3-cü (13.833) yerdə qərarlaşdı.

Kişi idmançıların halqalarla hərəkətlər üzrə yarışında Yunanıstan gimnastı Elefterios Petrunias 15.333 balla Dünya Kubokunun qalibi oldu. Türkiyə təmsilçisi İbrahim Çolak 2-ci (15.100), çinli Sinyu Lyan isə 3-cü yerlə (14.866) kifayətləndi. Qadınların müxtəlif hündürlüklü qollarda mübarizəsində isə Çin idmançısı Sziaqi Lyu hamıdan yaxşı çıxış etdi - 14.833 bal. Digər çinli Huan Luo gümüş (14.433), ukraynalı Yana Fyodorova isə bürünc medala (13.033) sahib oldu. Azərbaycan təmsilçiləri Mariya Smirnova və Marina Nekrasova isə müvafiq olaraq 7 və 8-ci yerləri tutdular.

Yaponiya gimnastı Kenta Çiba Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda paralel qollarda hərəkətlərdə qızıl medalçı oldu. Yaponiyalı gimnast 14,999 xalla birinci yeri tutdu. İkinci yerdə 14,666 xalla Andrey Lixovitski (Belarus), üçüncü yerdə isə 14,366 xalla Fərhad Arıcan (Türkiyə) qərarlaşdı.

Kişilər arasında dayaqlı tullanmada Belarus idmançısı Pavel Bulauski 14.283 balla bütün rəqiblərini qabaqladı. Filippin təmsilçisi Karlos Edriel Yulo ikinci (14.183 bal), gürcüstanlı Konstantin Kuzovkov isə 14.133 balla üçüncü oldu.

Çin gimnastı Hao Venq Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda dəstəli at üzərində hərəkətlərin yekunu üzrə qalib adını qazandı. Hakimlər onun çıxışını 15.100 xalla qiymətləndirdi. İkinci yeri Taybeydən olan Şih Kay Li (14.766), üçüncü yeri isə yaponiyalı Takaaki Suqino (14.633) tutdu. Sonuncu yarışmada - turnikdə hərəkətlərdə Niderland idmançısı Bart Deurlo bütün rəqiblərini arxada qoydu - 14.700 bal. Belarus gimnastı Andrey Lixovitski 14.200 balla 2-ci, xorvatiyalı Anton Kovaçeviç isə 14.166 balla 3-cü yerə yüksəldi.

Yarışın mükafatçılarından olan Türkiyə gimnastı Fərhad Arıcan “R+”a açıqlamasında Bakıda keçirilən Dünya Kubokunun yüksək səviyyədə təşkil olunduğunu deyib: “Azərbaycanda etdiyim hər bir çıxışdan zövq alıram. Mən Azərbaycan xalqını çox sevirəm. Azarkeşlərə dəstəyə görə təşəkkürümü bildirirəm. Mən çox şadam ki, bu ölkədəyəm. Çıxışımdan razıyam. Ümumiyyətlə, Bakıda keçirilən yarışlar mənə düşərli olur. Bu dəfə də Vətənə medalla qayıdacam. Bütün ölkələrə yüksək səviyyədə şərait yaratdıqları üçün təşkilatçılara təşəkkür edirəm”.

“Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun gözəl təşkil olunması mənə qızıl medal qazanmağa kömək etdi” bu sözləri sərbəst hərəkətlərdə qalib olan Yaponiya gimnastı Kadzuma Kaya söyləyib: “Ən məsuliyyətli mərhələdə mən daha yaxşı nəticə göstərdim. Bizim çıxışlarımıza Bakıdakı yüksək təşkilatçılıq da müsbət təsir göstərdi. Bu, mənə qızıl medal qazanmağa imkan verdi. Azarkeşlər bütün idmançıları dəstəkləməklə yüksək mədəniyyət göstərirlər. Buna görə də şəhərinizi gözəl xatirələrlə tərk edirəm”.

İdman gimnastikası üzrə Dünya Kubokunun ardınca paytaxtımız daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Bu il Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq 12-15 aprel tarixlərində Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatını da təşkil edəcək. Milli Gimnastika Arenasında baş tutacaq sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkənin iştirakı və hər 3 növ üzrə idmançıların ümumi sayının 400-dən çox olacağı gözlənilir. Gimnastlar üçün doğma məkana çevrilmiş arenada 4 gün davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirəcək. Avropa Çempionatında gənc gimnastlar 2018-ci ildə baş tutacaq gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı əldə edə biləcəklər.



MƏSLƏHƏT GÖR:

48