28 Mart 2024

Cümə axşamı, 20:20

BİZNES-PLAN

Yeni agentlik və əlavə maliyyə kiçik və orta sahibkarlığın inkişafını sürətləndirir

Müəllif:

01.04.2018

Güzəştli kreditlər, məqsədli proqramlar, vergi imtiyazları... İşgüzar mühitin yaxşılaşdırılması və özəl sektorun dəstəklənməsi həmişə Azərbaycanda iqtisadi siyasətin əsası sayılıb. Bununla belə, xüsusilə də kiçik və orta sahibkarlıq (KOS) sahəsində aşkar görünən problemlər onların aradan qaldırılması üçün hökumətin daimi əlavə müdaxiləsini tələb edir. Xüsusilə də bu, bu gün rəqabətqabiliyyətli və idxalı əvəz edən məhsulların istehsalına yönəldilmiş post-neft iqtisadi siyasəti kontekstində çox vacibdir. Məhz bu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması üçün əsas səbəb oldu.

 

Rəqabətdə sağ qalmaq  

Bilindiyi kimi, inkişaf etmiş ölkələrdə KOS milli iqtisadiyyatların lokomotivi rolunu oynayır, ümumi daxili məhsulun (ÜDM) və ixracın strukturunda əhəmiyyətli bir paya malik olur. Ölkənin harmonik inkişafı şəraitində KOS ixracatın 50%-ni təmin edir və ÜDM-in 60-70%-ə çatan xüsusi çəkiyə malik olur.

Azərbaycanda, rəsmi statistikaya əsasən, son 15 ildə biznes subyektlərinin sayı 4 dəfədən çox artıb. Eyni zamanda ÜDM-in strukturunda özəl sektorun payı 80%, məşğulluqda isə 75% təşkil edib. KOS-a gəldikdə isə, onun xüsusi çəkisi hələ ki inkişaf etmiş iqtisadiyyatlara nisbətən yetərincə azdır və hətta çətinliklə 5%-ə çatır.

Azərbaycanın Strateji Yol Xəritəsinə görə, 2020-ci ilə qədər ölkə ÜDM-ində KOS-un payı 15%-ə, 2025-ci ilə qədər isə 35%-ə qədər artırılmalıdır. Yalnız 2025-dən sonra bu rəqəmi 60%-ə çatdırmaq nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, 2020-ci ilədək KOS-un inkişafı üzrə hədəf göstəricilərinə nail olmaq üçün 700 milyon manat səviyyəsində sərmayə tələb olunur. Nəticədə, 1.3 mlrd. manatlıq əlavə dəyərə malik məhsul istehsalı və 34 min 240 yeni iş yerinin açılması gözlənilir.

Mütəxəssislərin fikrincə, bu məqsədlərə çatmaq tamamilə mümkündür. Ancaq bir sıra nüansları aradan qaldırmaq lazımdır.

Sözün əsl mənasında, son illərdə Azərbaycan biznesində iriləşməyə meyil artır - hətta müxtəlif profilli şirkətlər böyük holdinqlərin çərçivəsində inkişaf etməyə üstünlük verirlər, eyni istehsal zəncirinin tərkib hissəsi olan müəssisələrdən isə danışmağa belə dəyməz. Səbəb də aydındır ki, böyük biznes çərçivəsi altında rəqabətdən "sağ çıxmaq" şansı daha çoxdur. Digər tərəfdən bu amil KOS-un inkişafına nəzərəçarpacaq dərəcədə təsir edir, potensial sahibkarlarda daha güclü rəqib tərəfindən "əzilə bilmək" qorxusu yaradır. Buna görə biznesin bu seqmentinin dövlət səviyyəsində dəstəklənməsi vacibdir və bu təcrübə dünyada geniş tətbiq edilir.  

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, bir sıra ölkələrdə sahibkarlara sərmayə cəlbində, müasir texnologiyaların istifadəsində, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli, ixrac yönümlü məhsulların istehsalı üçün qabaqcıl idarəetmə təcrübəsi və innovasiya mexanizmlərinin tətbiqinə dəstək verən profil institutlar fəaliyyət göstərir. Sahibkarlıq subyektlərinə həm də hüquqi və məsləhət xidmətləri də verilir. Bir sözlə, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlara eyni məkanda "vahid pəncərə" prinsipi ilə xidmət göstərilməsinin təşkili müsbət nəticələr verir, bu xidmətlərin keyfiyyətinin və əlçatarlılığının təmin edilməsində mühüm rol oynayır.

Azərbaycanda bütün bu vəzifələr yeni Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə həvalə edilib.

Agentliyin rolu rəqabət mühitinin fəallaşdırılması, inhisarçılığın aradan qaldırılması, regionlarda biznesin harmonik və davamlı inkişafı ilə bağlı olmalıdır. O, həmçinin infrastrukturun inkişafında, yerli və xarici investorlardan maliyyə resurslarının cəlbində, məhsulların xarici bazarlara çıxarılmasında KOS-lara dəstək verəcək. Bu kontekstdə, dövlət satınalmalarında KOS subyektlərinin iştirakının stimullaşdırılması ilə yanaşı, həm də onların böyük bizneslə fəal əməkdaşlığı üzrə tədbirlərin həyata keçirilməsinə yönəlmiş fəaliyyətin təşkili nəzərdə tutulur.  

Söhbət böyük müəssisələrin ayrı-ayrı məhsulların istehsalı və xidmətlərin göstərilməsi üçün sifarişləri KOS sektoru təmsilçilərinə verməsindən gedir.

Xüsusilə, söhbət böyük müəssisələrin ətrafında KOS nümayəndələrinin "yardımçı" və ya "ikinci dərəcəli" istehsal yarada biləcəyi sənaye klasterlərindən təşkilindən gedir. Məsələn, ARDNŞ-in iri «SOCAR Polimer» müəssisəsinin ətrafında müxtəlif plastik məhsulların istehsalı üzrə müəssisələrin yaradılmasını göstərmək olar.

Azərbaycana turizm axınının əhəmiyyətli dərəcədə artması dekorativ xalq sənəti mallarının istehsalını və satışını, kənd təsərrüfatı məhsullarının müasir qablaşdırılmasını təşkil etməyə imkan verir Eyni zamanda agentlik KOS tərəfindən həm ölkə daxilində, həm də xaricdə "Made in Azerbaijan" brendi altında məhsul satışının təşkilinə imkan yaratmalıdır.

.

Əlavə maliyyə  

Əlbəttə ki, kifayət qədər maliyyə dəstəyi olmadan KOS ilə bağlı vəziyyətdə ciddi dəyişikliklərə nail olmaq çətin olacaq. Başqa sözlə, KOS-un güzəştli kreditləşməyə çıxış imkanlarının artırılması üçün şərait yaratmaq lazımdır. Məlum olduğu kimi, 1992-ci ildən İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) fəaliyyət göstərir. SKMF

müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlər verir və əsasən KOS-u əhatə etməyə çalışır. Fond tərəfindn 2018-ci ilədək ümumi dəyəri 4,5 mlrd. manat olan layihələr çərçivəsində 2,1 mlrd. manat güzəştli kredit verib. Bu il SKMF güzəştli kreditlərin həcmi genişləndirməyi və 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş çərçivəni 170 mln. manat məbləğində aşmağı nəzərdə tutur.  

"Bizim əlavə maliyyə imkanlarımız var. Yəni biz öz tərəfimizdən 2018-ci ildə maliyyələşdirmə həcmini 200 mln. manata qədər çatdıra bilərik. Bu məsələdə hər şey banklar və sahibkarlar arasındakı əldə olunacaq razılaşmalardan asılıdır", - deyə fondun rəhbəri Şirzad Abdullayev bildirib və əlavə edib ki, güzəştli kreditə tələb artıqca onun həcmi də artırıla bilər.

Öz növbəsində, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf bildirib ki, AİŞ də KOS-un maliyyələşdirilməsində iştirak edir. Lakin daha kiçik miqyaslarda - ümumi dəyəri 1,2 milyard $ olan layihələrə indiyə kimi 194 milyon manat sərmayə qoyulub. Onun sözlərinə görə, AİŞ-in vəsaitləri əsasən orta sahibkarlıq layihələrinə yatırılır, o cümlədən hər bir rayonda sənaye məhəllələrinin açılması planlaşdırılır. Yada salaq ki, cari ildə Neftçala, Masallı və Hacıqabul rayonlarında sənaye məhəllələrinin yaradılması nəzərdə tutulur.  

Lakin, nəzərə alınsa ki, iş adamlarının özləri biznesin inkişafı üçün əsas maneələrdən biri kimi maliyyə çətinliyinın olduğunu deyirlər. Yəni açıq-aydın görünür ki, sadalanan mənbələr tələblərin ödənilməsi üçün kifayət deyil.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışovun sözlərinə görə, bu gün Azərbaycan sahibkarları üçün yeni maliyyə alətlərindən istifadə etmək vacibdir və maliyyə sektorunun vəzifəsi onlar üçün asan çıxışı təmin etməkdir. "Hazırda Azərbaycan sahibkarları istehsalın genişləndirilməsi və ya dövriyyə vəsaitinin artırılması məqsədi ilə yalnız bank krediti kimi klassik alətə müraciət edirlər. Əlbəttə, alternativ vasitələr barədə düşünməyi vaxtı çatıb, özü də biz bunun üçün lazımi infrastrukturlara malikik", - deyə İ.Alışov bildirib.

Onun sözlərinə görə, hazırda sahibkarların tələblərinə cavab verə bilməsi üçün qiymətli kağızlar bazarının inkişafına daha çox diqqət yetirilməlidir.

"Qiymətli kağızlar bazarının problemlərini müəyyənləşdirmək və onları həll etmək lazımdır. Bu gün müəssisələrin qiymətli kağızlar bazarında iştirakı çox məhduddur. Bu meyli tədricən dəyişmək lazımdır. Bunu etmək üçün şirkətlərin şəffaflığını artırmaq, həmçinin onlarda korporativ idarəetməni təkmilləşdirmək lazımdır", - deyə İ.Alışov bildirib.

O bildirib ki, hazırda Palatanın sahibkarların alternativ maliyyə alətlərinə çıxışının genişləndirilməsi üzərində çalışır. "Derivativləri nümunə kimi göstərmək olar. Doğrudur, onların bazarları da Azərbaycanda məhduddur - bu gün onlarla yalnız Foreks əməliyyatları aparılır. Amma dünyada başqa alətlər də var - füçerslər, opsionlar və sair. Biz sanırıq ki, onlar Azərbaycanda da tətbiq edilməlidirlər və biznesə təklif edilməlidirlər. Biz bu istiqamətdə işləyirik, amma biznes də bu məsələdə bizə kömək etməlidir ", - deyə Alışov vurğulayıb.

 

Optimist gözləntilər  

Eyni zamanda istər KOS-dan olsun, istər də böyük şirkətlərdən, sahibkarlar özləri mövcud problemlərə baxmayaraq, gələcəyə optimizmlə baxırlar. Belə ki, «PwC Azerbaijan» şirkəti tərəfindən iqtisadiyyatın əsas sektorlarında fəaliyyət göstərən 40 yerli özəl və dövlət şirkətinin rəhbərləri (CEO) arasında keçirilmiş II illik sorğunun nəticələrinə əsasən, demək olar ki, istər dünya miqyasında, istərsə də yerli səviyyədə onların optimistlik səviyyəsi 2010-cu ildən bu yana ən yüksəkdir. Əvvəlki sorğu ilə müqayisədə o, ikiqat artıb.  

"Bu sorğunu iki il əvvəl apardıqda həm qlobal, həm də yerli liderlərin əhvali-ruhiyyələri və perspektivləri yetərincə ümidsiz idi. Qısa müddətdə - iki il ərzində Azərbaycan iqtisadiyyatda qarşıya çıxan bir çox çətinliklərin aradan qaldırılmasına nail olub. 2018-ci il üçün hesabat göstərdi ki, rəhbərlərin 66% -i şirkətlərinin mənfəətinin artım perspektivlərinə inanırlar ", - «PwC Azerbaijan»ın idarəedici tərəfdaşı Mövlan Paşayev bildirib.

Qeyd edək ki, PwC-nin Azərbaycan üzrə hesabatı Davosda keçirilən Dünya İqtisadi Forumunda hər il təqdim olunan CEO-lərin 21-ci qlobal sorğusunun bir hissəsidir.

İş adamlarını daha çox milli valyutanın məzənnəsinin mümkün qeyri-sabitliyi narahat etməkdə davam etdir - bu amil ötən iki ildə biznesin inkişafı üçün əsas maneə olub. Buna görə CEO-ların 88% -i məhz bununla bağlı öz qorxularını ifadə edirlər. Həm də biznes üçün ənənəvi olan vergi məsələsi - vergi yükünün ehtimal olunan artması də vardı. "Rəhbərlərin 83 faizi kadr çatışmazlığını və biznesə inamın olmamasını risk olaraq görür. 75% isə istehlakçının davranışını və xərclərini dəyişdirməsini real risk olaraq görür", - deyə sorğunun nəticələri göstərir.  

Lakin eyni zamanda rəhbərlər qısa və ortamüddətli perspektivlərdə iqtisadi və əmtəə qiymətlərinin sabitləşməsi şəraitində öz bizneslərinin artacağına inanırlar. Bir çox ölkələr institusional islahatlar və şaxələndirmə aparırlar. Onlar sanırlar ki, bu yaxınlardakı böhran problemlərə gətirdi, ancaq o da dəyişikliklərin əsas katalizatoru oldu, həm özəl, həm də dövlət sektoru müəssisələrinə müsbət təsir göstərdi, onları öz strategiyalarına və biznes modellərinə yenidən baxmağa məcbur etdi.

Bir sözlə, biznes müsbət dəyişikliklərə, inkişafa hazırdır, yalnız bu işdə onu dəstəkləmək kifayətdir.


MƏSLƏHƏT GÖR:

403