29 Mart 2024

Cümə, 19:40

PUTİNLƏ 6 YENİ İL

Əksər şərhçilər artıq indidən 2024-cü il haqda düşünməyə başlayıb

Müəllif:

01.04.2018

Rusiyanın hazırkı dövlət başçısı Vladimir Putin ölkədə keçirilən prezident seçkisində gözlənildiyi kimi, rəqiblərinə böyük üstünlüklə qalib gəlib. 76,6% səs toplamış Putin budəfəki rəqiblərini xeyli üstələməklə yanaşı, ötən 2 seçkidə göstərdiyi nəticələri də geridə qoyub.

Səsvermənin nəticələrinə əsasən ilk üçlüyə daxil olan RFKP-nin namizədi Pavel Qrudinin 11,77%, RLDP lideri Vladimir Jirinovski isə 5,65% səs yığıb. «Vətəndaş təşəbbüsü» partiyasının namizədi Kseniya Sobçak 1,68% səslə (1,24 milyon nəfər) 4-cü yeri tutub.

 

Dişsiz müxalifət

Seçkidə müxalifətin vahid namizədi yox idi. Korrupsiya ilə mübarizə fondunun təsisçisi və Rusiya müxalifətçilərinin rəhbəri Aleksey Navalnının prezidentliyə namizədliyi müttəhimliyi olduğu üçün qeydə alınmamışdı. Sobçak, yaxud «Yabloko»nun rəhbəri Qriqori Yavlinskinin isə bu rolun öhdəsindən gələ bilmədikləri ortada idi. Bundan başqa, Navalnı Sobçakı Kremlə işləməkdə günahlandırırdı. Onun fikrincə, Kseniya Sobçakın marafona qoşulmasında məqsəd etirazçı elektoratın parçalanması olub. Bundan başqa, Navalnı prosesdə nə cürsə iştirak etmək üçün seçkilərin boykot olunması ilə bağlı kampaniyaya başlamışdı. Amma onun istəyinə nail olduğunu söyləmək mümkün deyil. Seçkidə seçici fəallığı 67,54% olub. Bu, 2012-ci ilin göstəricisindən 2% artıqdır. Başqa sözlə, son seçkiyə 73,63 milyon insan qatılıb.

Putin seçkinin səhəri gün rəqiblərilə 2 saat davam edən görüş keçirib və indi onların bundan sonra hansı siyasi rolu oynayacaqları maraqlıdır. Ehtimal olunur ki, hökumətdə Qrudininə hansısa vəzifə verilə bilər. Halbuki o, 1992-ci ildən bu yana kommunistlərin ən pis nəticəsinə imza atıb.

Sobçak, yəqin ki, siyasi karyerasını inkişaf etdirməklə məşğul olacaq. Sözün bütün mənalarında rüsvayçı Jirinovskiyə gəlincə, o, seçkidən dərhal sonra kifayət qədər ciddi ittihamlarla qarşı-qarşıya qalıb. «Nastoəhee vremə» nəşrinin jurnalisti Renat Davletqildeyev RLDP liderini ona «seksual xarakterli sataşmaqda» günahlandırıb. Jurnalist bunu Dövlət Dumasının deputatı Leonid Slutski ətrafında baş qaldırmış qalmaqal fonunda açıqlamaq qərarına gəlib. Qeyd edək ki, bir neçə xanım jurnalist Slutskiyə qarşı da eyni ittihamla çıxış edib. Yeri gəlmişkən, sosial şəbəkələrdə hakimiyyətdə təmsil olunan və ya iri bizneslə məşğul olan bir sıra digər şəxslərlə bağlı da bənzər müzakirələr gedir. Amma, əlbəttə ki, bunun istefa və ya siyasi karyeranın sonu ilə nəticələnib-nəticələnməyəcəyini demək çətindir.

 

Qələbəyə görə Londona təşəkkür düşür?

İstənilən halda, bütün bunlar Putindən yan keçir. Rusiya KİV-i, həmçinin ölkənin sosial şəbəkə istifadəçilərinin əksəriyyəti Putinin alternativsizliyinə və uğurlu siyasətçi olduğuna şübhə etmir. Ölkə Vladimir Putinin 2 prezidentlik müddətində tələb olunan sabitliyə nail olub - istər siyasi, istərsə də iqtisadi. Lakin son illərdə ölkə iqtisadiyyatı yenidən problemlərlə üzləşib və bu, özünü daha çox artım tempinin son dərəcə azalmasında göstərir. Rusiyada yoxsulluğu aradan qaldırmaq da mümkün olmayıb - 2016-cı ilə olan vəziyyətə görə, təxminən, 20 milyon Rusiya vətəndaşı yoxsulluq həddində yaşayır.

Amma Putin özünə inanır. «Biz uğur qazanmağa məhkumuq. Rusiya naminə birlikdə miqyaslı işlərə girişməliyik», - deyə o, martın 18-də Moskvaya Manej meydanından ünvanladığı müraciətində bildirib. Sonradan yeni-köhnə prezident «vətəndaşların ciddi fəallığının, məsuliyyətinin və birliyinin son dərəcə vacib olduğunu», buna «xüsusilə ciddi daxili və xarici siyasi çağırışların olduğu indiki şəraitdə» ehtiyac duyulduğunu söyləyib.

Kreml rəhbəri praktiki olaraq, seçkiqabağı kampaniya aparmayıb. Lakin ayrı-ayrı çıxışlarında diqqəti əhalinin real gəlirlərinin artmasına, yoxsulluq səviyyəsinin iki dəfə azaldılmasına, insanların ömrünün uzanmasına, şəhərlərdə yaşayış şəraiti və infrastrukturun yaxşılaşdırılmasına, biznes mühitinin inkişafına, səhiyyə və təhsilə maliyyənin artırılmasına yönəldəcəyi vədlərini verib. Bunun üçün «əl inkişaf» və səbir lazımdır. Çünki «inkişaf bir saatda gələ bilməz. Bu, uzunmüddətli və ciddi işin nəticəsi olacaq».

Bununla yanaşı, Rusiyada seçki bütün daxili çəkişmə və problemləri kölgədə qoymuş ciddi geosiyasi hadisələr fonunda baş tutub. Qərb Rusiyanı yeni sanksiyalarla hədələyir, Rusiya komandası Olimpiadaya buraxılmır, futbol üzrə Dünya Çempionatının boykot edilə biləcəyilə bağlı hədələr səsləndirilir, Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) sabiq polkovniki Sergey Skripalın zəhərlənməsilə bağlı qalmaqal isə getdikcə qızışır. Skripal məsələsi Rusiya-Britaniya münasibətlərini o qədər gərginləşdirib ki, bunu Moskva ilə Qərbin müasir qarşıdurmasının ən ciddi düyünü adlandırmaq olar.

Bununla yanaşı, qəribədir ki, əksər Rusiya və Qərb müşahidəçiləri bütün bunların Vladimir Putinin xeyrinə işlədiyini düşünür. Putinin seçki qərargahının mətbuat katibi Andrey Kondroşov deyib: «Böyük Britaniyaya təşəkkür düşür. Çünki o, bu dəfə də Rusiya mentalitetini nəzərə almadı. Bu dəfə də onlar bizim üçün səfərbərliyin vacib olduğu anda təzyiqlərə başladılar». Başqa sözlə, Qərbin Rusiyaya siyasi, iqtisadi və idman sahəsində sanksiyaları Putinin Rusiyanın yeni silahlarını nümayiş etdirməsi üçün əla fon yaradıb. Bu, faktiki olaraq, onun güclü rəhbər imicini daha da möhkəmləndirib. Rus xalqı dövlət və xalq kimi yaşamaq üçün məhz buna ehtiyacın olduğunu düşünür.

Bu versiyaya görə, ruslar faktiki olaraq, seçkiyə Putinə etimad referendumu kimi yanaşırdılar. Bu üzdən, hətta əvvəldən səsverməyə getməyi düşünməyənlər belə, prosesə qatılıb və səs verib. Bu mənada, əlbəttə ki, ortaya bir sual çıxır: baş verənləri Qərbin Rusiyada keçirilmiş seçkiyə müdaxiləsi kimi qiymətləndirmək olarmı? İndi Kseniya Sobçak da Hillari Klinton kimi ittihamlar səsləndirə bilərmi? Məlum olduğu kimi, xanım Klinton Amerikada keçirilmiş prezident seçkisində rəqibinin qələbəsinə Moskvanın kömək etdiyini düşünür.

Cavab, əlbəttə ki, yoxdur. Bir şey aydındır ki, «soyuq müharibə» havası getdikcə daha çox hiss olunmaqdadır. Qərb liderləri Vladimir Putini qələbə münasibətilə təbrik etməyə belə, tələsmirlər. Onu ilk təbrik edənlər arasında ÇXR sədri Si Cinpin və İran prezidenti Həsən Ruhaninin adlarını çəkmək olar. Sonda Putinə ABŞ prezidenti Donald Tramp da zəng edib. Kremlin məlumatına görə, dövlət başçıları silahlanma yarışının məhdudlaşdırılmasının vacibliyindən danışıb, beynəlxalq terrorçuluqla mübarizə, iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlıq perspektivləri, həmçinin mümkün görüşləri haqda fikir mübadiləsi aparıblar. Lakin Trampın bu addımı Atlantikanın hər iki tərəfində kəskin tənqidə məruz qalıb. «The Washington Post» yazır ki, hətta Konqres Trampa yazılı müraciətində ona Rusiya prezidentini təbrik etməməsini məsləhət görübmüş. Ağ Ev rəhbərini tənqid edənlər bildirir ki, ABŞ prezidenti, ümumiyyətlə, rusiyalı həmkarının əməllərinə lazımi reaksiyanı göstərmir. Bəzilərinin fikrincə, bunun səbəbi Trampın seçki qərargahı ilə Rusiya hökuməti arasında vaxtilə əldə edilmiş razılaşmadır.

Odur ki, yaxın vaxtlarda iki ölkə lideri arasında görüş, çətin ki, baş tutsun. Çünki Trampın Vaşinqtondakı rəyi və Qərbin aparıcı KİV-nin əhvali-ruhiyyəsini nəzərə almaması çətin olacaq. Onlar isə Putin haqqında, həqiqətən də, son dərəcə pis danışır, xüsusilə Rusiya iqtisadiyyatındakı problemləri qabardaraq, bunu Kremlin «axill dabanı» adlandırır. Məsələn, «Time» jurnalında əmindirlər ki, «yaxın gələcəkdə nə Putini, nə də Rusiyanı yaxşı bir şey gözləmir». «Rusiyanın yeni reallıqlara uyğunlaşacağını, nəhayət, iqtisadiyyatını şaxələndirə biləcəyini göstərən heç bir əlamət yoxdur. Hətta bu gün Rusiya ixracının 80%-i bilavasitə neft-qaz sahəsini əhatə edir», - deyə Moskva Karnegi Mərkəzinin məlumatında bildirilir. Ekspertlərin fikrincə, zaman keçdikcə ölkədə hazırkı yaşayış səviyyəsini qoruyub saxlamaq daha da çətinləşəcək, dövlətin «top-tüfəngə və yağ-pendirə» pulu daha az olacaq. Ekspertlərin əksəriyyəti hesab edir ki, sanksiyalar və sərt büdcə siyasəti şəraitində Putin Rusiya iqtisadiyyatının inkişafına dair vədlərinə əməl edə bilməyəcək. Nəticədə, ölkə iqtisadiyyatında artım rekord sayılan minimum həddə qalacaq: cəmi 1,5%.

 

«Who is Mr. Putin?» sualı yenə aktual qalır

Ən maraqlısı isə əksər şərhçilərin artıq 2024-cü ildə keçiriləcək seçki haqda düşünməyə başlamasıdır. «Putinin yorulduğunu, istirahətə ehtiyac duyduğunu, dinc milyarder həyatı yaşamaq istədiyini düşünənlər yanılır. Putin yorğun görünmür. Hər şey onun üçün bu gün də son dərəcə maraqlıdır və o, hər şeyi detallarınadək öyrənir. Bu, onun həyat tərzidir. Əsl Putin budur. O, həyatını hakimiyyətsiz təsəvvür edə bilmir», - deyə «Time» yazır.

İsveçrənin «Tages-Anzeiger» nəşrisə yazır ki, Vladimir Putinin 2024-cü ildə prezidentlik müddətinin başa çatması ilə sakit şəkildə səhnədən çəkiləcəyi ehtimalı çox azdır. Həqiqətən də, bu, Konstitusiyanın Putinə icazə verdiyi son kadensiyadır. Bu üzdən hesab edirlər ki, sonda Putinin 2 yolu qalacaq - ya getmək, ya da Çin lideri Si Cinpinin bu yaxınlarda etdiyi kimi, Konstitusiya dəyişiklikləri. Digər mümkün variant kimi, hakimiyyətin prezident kürsüsündə əyləşmədən əldə saxlamaqdır. Bunun üçün, məsələn, dövlətüstü orqanın yaradılması və ona dəyişməz rəhbərin seçilməsi mümkündür. Yaxud Putin Boris Yeltsinin 1999-cu il dekabrın 31-də atdığı addımı təkrarlaya bilər - gizli şəkildə varis hazırlayaraq, siyasətdən getmək.

Bütün bunlar, əlbəttə ki, Rusiya prezidentinin obrazına müəyyən mistiklik qazandırır. Maraqlıdır ki, onun özü də bu imicin qalması üçün əlindən gələni edir - yarımçılpaq şəkildə at çapır, buzlu göldə üzür, Qara dənizin dibində amfora tapır, Sibirdə durna qatarı ilə uçur və s. Vətəndaşlar və jurnalistlərlə tez-tez söhbətləşən Putin, bununla yanaşı, özü haqda çox az məlumat verir. Nə qədər paradoksal olsa da, illər keçməsinə rəğmən, hakimiyyətdə heç kəs bir suala dəqiq cavab verə bilmir: Who is Mr. Putin? Google axtarış sistemində də Putinlə bağlı ən populyar sualların son dərəcə qəribə mövzularda olması səbəbsiz deyil: «Vladimir Putin… evlidirmi?», «Putinin son dərəcə zəngin olduğu haqda deyilənlər doğrudurmu?» və hətta «Putinin… öldüyü haqda xəbər doğrudurmu?»

Sualların cavabı olsa da, olmasa da, Putin yaxın 6 il üçün Rusiya prezidentidir.



MƏSLƏHƏT GÖR:

333