23 Aprel 2024

Çərşənbə axşamı, 19:33

KƏLƏFİN UCU ƏLƏ KEÇDİ

«Zeytun budağı» əməliyyatı regional proseslərdə Türkiyənin mövqelərini gücləndirdi

Müəllif:

01.04.2018

«Zeytun budağı» əməliyyatına yanvarın 20-si saat 17:00-da start verilmişdi. Əslində, belə hərbi əməliyyatlara, bir qayda olaraq, səhər saatlarında başlayırlar. Bu dəfə isə Türkiyə ordusu əməliyyata başlamaq üçün axşam saatlarını seçmişdi. O, bununla, ilk növbədə, əməliyyata mənən hazır olduğunu nümayiş etdirməklə, terrorçu elementlər üzərində psixoloji üstünlüyə dərhal yiyələnmək məqsədini güdürdü. Bu, Türkiyə hərbçiləri üçün son dərəcə vacib idi.

Artıq planın kifayət qədər uğurlu alındığını və hər şeyin bundan əvvəlki «Fərat qalxanı» əməliyyatı ilə müqayisədə daha asan keçdiyini söyləyə bilərik. Birincisi, ötən əməliyyat zamanı Türkiyə ordusuna qarşı duran düşmən qruplaşmaları daha çox və müxtəlif idi. «Zeytun budağı» vaxtı bu, belə deyildi. İkincisi, «Fərat qalxanı» zamanı «İslam Dövləti» (İD), PYD («Demokratik birlik» partiyası) və PKK (Kürd Fəhlə Partiyası) yaraqlıları Türkiyə Silahlı Qüvvələrinə qarşı «qalxan» kimi dinc əhalidən, xüsusilə uşaqlardan istifadə edirdi.

Doğrudur, onlar «Zeytun budağı» əməliyyatının əvvəlində də bu taktikaya əl atmağa çalışdılar. Lakin türk ordusu belə hallardan qaçmaq üçün regionun kürd əhalisinə xüsusi broşürlər payladı. Orada PYD/PKK-nın terror təşkilatları olduğu, Türkiyə Silahlı Qüvvələrinin isə regionda sülh və sabitlik yaratmağa çalışdığı bildirilirdi. Üstəlik, Türkiyənin TRT teleradio şirkəti kürd dilində yayımladığı verilişlərlə yerli əhali arasında məlumatlandırma aparırdı. Məhz bu tədbirlər nəticəsində PYD/PKK terrorçularının dinc əhalidən istifadə etmək istəyi baş tutmadı.

Bununla yanaşı, Türkiyə ordusunun mülki şəxsləri terrorçulardan dəqiqliklə ayırd edə bildiyini də vurğulamaq lazımdır. Afrindəki əməliyyatı Hələb və ya İraqın Mosul əyalətindəki əməliyyatlarla müqayisə etsək, mülki əhalinin bu dəfə daha etibarlı qorunduğu şübhə doğurmur. Məsələn, Amerikanın başçılıq etdiyi koalisiyanın Mosula, Rusiyanın isə Hələbə endirdiyi aviazərbələr zamanı terrorçularla mülki əhalinin fərqləndirilə bilməməsi xarabalığa dönmüş bu şəhərlərdə saysız-hesabsız dinc sakinin ölümünə səbəb olmuşdu. Afrində isə şəhər qoruyub saxlanıb və məqsədə ağır aviazərbələrə əl atılmadan nail olunub.

Hazırda Türkiyə ordusu burada 2500 kvadrat kilometrdən artıq əraziyə nəzarət edir. Əməliyyat zamanı Türkiyə ordusu 49 qurban verib, 300-dək türk hərbçisi yaralanıb. Terrorçular isə 4 minədək yaraqlısını itirib.

Yeri gəlmişkən, bir maraqlı məqamı da qeyd etmək lazımdır - hərbçilərin KİV-ə təqdim etdiyi foto və videogörüntülərdə PYD/PKK yaraqlılarının əlində kifayət qədər müasir silahların olduğu görünür. Kadrlarda onların silahları saxlamaq üçün kifayət qədər peşəkarcasına hazırlanmış yeraltı anbarlara malik olduqları da əksini tapıb. Bütün bunlar müəyyən mülahizələrə yol açır: terror təşkilatı dağların altında bu cür möhkəm anbarları necə yaradıb? Adi bir terror təşkilatı kənar yardım olmazsa, məhdud maddi və texniki imkanları ilə bu cür yüksək texnologiyalı, mühəndislik elminin ən yüksək standartlarına uyğun anbarları necə tikə bilər? Bu sualların cavabı çox qısa və konkretdir: heç cür!

ABŞ-ın PKK/PYD yaraqlılarına daim müxtəlif növ silahlar tədarük etdiyinə dair hər kəsə bəlli faktı nəzərə alsaq, bu qruplaşmaların anbarlar tikməsində də onlara amerikalıların kömək etdiyini düşünmək olar. Bütün bunlar isə təbii ki, Türkiyə-Amerika münasibətlərinə mənfi təsir göstərir, Ankaranın Moskva ilə yaxınlaşmasına yol açır.

Afrin əməliyyatı üçün Suriya səmasını Türkiyə HHQ-nin üzünə açan Rusiya, bununla, Ankaranın planına dolayısı ilə dəstək verib. Bununla da, Rusiya faktiki olaraq, Türkiyənin ona olan etibarını daha da artırıb. Suriya səmasında belə əməkdaşlıq xüsusilə Ankaranın NATO-dakı müttəfiqi olan Afinanın hərbi təlimlər zamanı Türkiyənin hava sərhədini pozmaq cəhdi fonunda daha böyük aktuallıq qazanmışdı. Həmin insidentdən sonra Yunanıstan NATO-nun müvafiq orqanlarında haqlı olduğunu sübuta yetirməyə çalışmışdı və maraqlıdır ki, Alyans üzvləri arasında onu müdafiə edənlər də tapılmışdı. Təbii ki, bu şəraitdə və Türkiyənin Suriya kampaniyası zamanı Ankara ilə Moskvanın yaxınlaşması çox vacib idi.

Türkiyə üçün Afrin əməliyyatı həm də öz sərhədlərinin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyırdı. Türkiyənin qonşuları arasında ən böyük sərhədi Suriya ilədir - 911 kilometr. Ötən dövrdə məhz bu sərhəd boyunca nəzarətin lazımi səviyyədə olmaması Reyhanlı və Kilis şəhərlərində terror aktlarına imkan vermişdi. Başqa sözlə, Türkiyə «Zeytun əməliyyatı» sayəsində öz sərhədyanı regionlarının təhlükəsizliyini də təmin edə bilib.

«Zeytun budağı»nın Türkiyədə 2016-cı ilin 15 iyulunda baş vermiş dövlət çevrilişi cəhdindən sonra xeyli qarışmış türk ordusu üçün mənəvi-psixoloji əhəmiyyəti də qeyd olunmalıdır. O zaman Silahlı Qüvvələrdən FETÖ terror təşkilatı ilə birbaşa və dolayı əlaqəsi olan çox sayda zabit qovulmuşdu. Bu təmizləməyə baxmayaraq, Türkiyə ordusu son əməliyyatlar zamanı yüksək döyüş qabiliyyəti nümayiş etdirib ki, bu da son dərəcə vacib məqamdır.

Ümumilikdə, «Zeytun budağı» əməliyyatı Türkiyənin regionda artan rolunun göstəricisi sayıla bilər. Hələ 1996-cı ildə Ankara F-16 təyyarələrinin müasirləşdirilməsi üçün İsrail şirkətlərinə 1 milyard dollar ödəmişdi. Buna baxmayaraq, Türkiyə ilə ABŞ və İsrail arasında zaman-zaman pilotsuz uçuş aparatlarının alqı-satqısı, informasiya mübadiləsi sahəsində ciddi çətinliklər yaşanıb. «Zeytun budağı» əməliyyatı zamanı isə türk ordusu öz istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə edib və bu aparatlar özünü kifayət qədər yaxşı tərəfdən göstərib. Məhz onların dəqiq zərbələri sonda Afrinin az itki ilə ələ keçirilməsinə imkan verib. Bu müsbət nəticə Türkiyəyə gələcəkdə F-35 pilotsuz hərbi təyyarələrin istehsalında kömək edəcək. Texnoloji ixtiralarını Afrində sınaqdan keçirmiş Türkiyə bununla regional fövqəldövlətlərin diqqətini də özünə çəkib. Beləliklə, Afrin əməliyyatında qazanılmış uğur Ankaraya özünü yenidən regional proseslərin əsas oyunçusu kimi göstərmək imkanı yaradıb.

Türkiyə üçün əsas çətinlik və hətta əsas çağırış Türkiyə ordusu ilə müttəfiq olan Azad Suriya Ordusu (ASU) tərkibinə daxil olan müxtəlif hərbi qruplaşmalar arasında koordinasiya məsələsidir. ASU daxilindəki ziddiyyətlər və ayrı-ayrı qruplaşmaların baş verənlərə müxtəlif cür yanaşması bu struktura nəzarəti çətinləşdirir. Bu, özünü xüsusilə ideoloji məqamlarda büruzə verir. ASU daxilində baxışlarına, dünya görüşünə görə Anadolu müsəlmanlarına yaxın qüvvələr var. Lakin orada son dərəcə radikal əhvallı qruplaşmalar da güclüdür. Bu, gələcəkdə kifayət qədər mənfi nəticələrə yol aça bilər. Əgər Türkiyə «Zeytun budağı» əməliyyatının gedişində olduğu kimi, bu fikir ayrılıqlarını tənzimləyə, ASU daxilindəki qruplaşmaların fəaliyyətini idarə edə biləcəksə, bu, regionda vəziyyəti xeyli sabitləşdirəcək. Onu da qeyd edək ki, «Zeytun budağı» əməliyyatının başa çatmasından sonra ASU daxilindəki münaqişələr ən çox Suriya rejiminin xeyrinə işləyir.

Afrin əməliyyatı PKK terrorçuları ilə mübarizə kontekstində Türkiyə daxilindəki vəziyyətə də müsbət təsir göstərir. Bu tezisin önəmini belə izah etmək olar: vaxtilə PKK terrorçularının ömürlük həbs almış lideri Abdulla Öcalanı əvəzləmiş Osman Öcalan terrorçuları Şimali İraqda Türkiyə Silahlı Qüvvələrilə açıq mübarizəyə çıxarmış və sarsıdıcı məğlubiyyət almışdı. Nəticədə, PKK uzun müddət özünə gələ bilməmişdi. Afrində də terrorçular məğlubiyyətə uğramaqla, eyni aqibəti yaşayıb. Buradan belə qənaətə gəlmək olar ki, Türkiyədə PKK hələ uzun müddət ayağa qalxa bilməyəcək. Əgər Ankara ölkənin şərq və cənub-şərq əyalətlərinin əhalisilə yaxşı münasibətlər qura bilərsə, onların terror təşkilatlarına qoşulmasının qarşısı alınacaq. Bundan başqa, əgər əvvəllər müxtəlif hesablamalara görə Türkiyə dağlarında, təxminən, 5 min terrorçu gizlənirdisə, bu gün mütəxəssislər bu rəqəmin 2,5 mini keçmədiyini düşünür.

Bir sözlə, «Zeytun budağı» əməliyyatı Türkiyə üçün həyati əhəmiyyət daşıyırdı. O, ölkənin regional proseslərdəki mövqelərini gücləndirdi. Bu antiterror əməliyyatının uğurla başa çatması Ankaraya obrazlı şəkildə ifadə etsək, yenidən ipləri ələ almaq imkanı verir. Nəticədə, Türkiyə bundan sonra da regionda sülh və sabitliyin yaradılmasında əsas rol oynayacaq.



MƏSLƏHƏT GÖR:

402