20 Aprel 2024

Şənbə, 08:30

QAN İÇİNDƏ BOĞULAN ŞƏHƏR

1918-ci ilin martında Şaumyanın başçılıq etdiyi Bakı Soveti Azərbaycan xalqına qarşı soyqırımı törədib

Müəllif:

01.04.2018

1918-ci ilin yazında 10 minlərlə azərbaycanlı erməniliyin aqressiyasının qurbanına çevrilib. Dinc azərbaycanlı əhalinin kütləvi qətliamında məqsəd «Böyük Ermənistan»ın yaradılması naminə Azərbaycan torpaqlarının ələ keçirilməsi idi.

 

«Biz buna şüurlu şəkildə getdik…»

Bolşeviklərin hakimiyyət orqanı kimi çıxış edən Bakı Soveti faktiki olaraq, hərbi-siyasi rejim idi. Ona erməni bolşeviklərlə daşnaklar rəhbərlik edirdi. Bakıda hakimiyyəti və ümumilikdə Bakı quberniyasını 1917-ci ilin noyabrında ələ keçirmiş, Stepan Şaumyanın başçılıq etdiyi bu rejim 1918-ci ilin yazında Azərbaycan xalqına qarşı görünməmiş amansızlıqla cinayət - soyqırımı törədib.

1918-ci ilin martında Bakı Soveti «əks-inqilabçı elementlərlə mübarizə» şüarı ilə azərbaycanlı əhalinin kütləvi qətliamına start verib. Qətlə yetirilən əhali Azərbaycanın milli-demokratik qüvvələrinin, ilk növbədə, böyük populyarlığa malik Müsavat Partiyasının sosial bazası idi.

Bakıda baş vermiş bu faciəvi hadisələrdən dərhal sonra Şaumyan Sovet Rusiyası rəhbərliyinə məruzəsində belə bir rəmzi etiraf da etmişdi: «Əgər onlar (Azərbaycanın siyasi qüvvələri) Bakıda rəhbərliyi ələ keçirsəydilər, şəhər Azərbaycanın paytaxtı elan olunacaqdı… Biz bu bəhanədən istifadə etdik… və bütün cəbhə boyu hücuma keçdik… artıq bizim, təxminən, 6 minlik silahlı qüvvələrimiz var idi. «Daşnaksutyun» da, təxminən, 3-4 minlik milli bölüklərə malik idi və onlar da bizim sərəncamımızda idi. Sonuncuların hadisələrdə iştirakı vətəndaş müharibəsinə müəyyən qədər milli zəmində qətliam xarakteri qazandırıb. Lakin bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu şəkildə getdik…».

Cəmi 3 gün ərzində - 1918-ci il martın 30-dan aprelin 1-dək (köhnə ənənəyə görə Novruzun qeyd olunduğu 18-20 mart) ermənilər Bakı Soveti və onun rəhbəri Şaumyanın tapşırığı ilə Bakıda müxtəlif məlumatlara görə 10-50 min arası azərbaycanlını qətlə yetirib. Bakı Sovetinin sədri Şaumyan isə bundan məmnunluğunu gizlətməyi belə, lazım bilmirdi: «Şəhərimizin milli tərkibi bizi qorxudurdu. Qorxurduq ki, mübarizə arzuolunmaz şəkil alacaq. Hətta erməni daşnaklarının alayının köməyindən də istifadə etməli olduq. Onların xidmətindən imtina edə bilmədik. Erməni Milli Şurası özü müstəqil şəkildə insanları həbs edir, axtarış aparır, müsadirə edir və sair tədbirlər görürdü. Amma qələbə o qədər parlaqdır ki, bütün bunlar ona kölgə sala bilmir».

Stepan Şaumyan özünün konkret siyasətilə sübut etmişdi ki, onun üçün prioritet bolşeviklərin yox, ermənilərin marağıdır. Yeri gəlmişkən, Şaumyanın erməni millətçi təşkilatları ilə əlaqələrinin kökləri 1918-ci il hadisələrindən xeyli əvvələ gedib çıxır. Tiflis quberiyasının Jandarm İdarəsinin 1908-ci ilin iyuluna olan məlumatına görə, Şaumyan «Daşnaksutyun» partiyasının Bakı komitəsinin üzvü olub. 1910-cu ilin arxiv sənədlərinə görə, Şaumyan «Daşnaksutyun» partiyasının üzvlərinə dəstək olub, onların Bakının neft sənayesində işə düzəlmələrinə kömək edib.

Bununla yanaşı, Şaumyanın «Daşnaksutyun» partiyasına sırf formal münasibətindən asılı olmayaraq, Azərbaycan üçün taleyüklü günlərdə o, özünü erməni millətçiliyinə və onların əsas qüvvələrinə sadiq şəxs kimi göstərib. Şaumyanın bolşevik hökumətinin başçısı olan zaman bolşeviklərlə daşnakların taktiki ittifaqının formalaşması üçün əlindən gələni etməsi də təsadüf deyildi. O, öz siyasətində birmənalı olaraq erməni xadimlərinə istinad edirdi. Dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qətliamın həyata keçirilməsində də bu məqam böyük rol oynayıb.

 

«Böyük Ermənistan» naminə qurbanlar

Şaumyanın yaxın silahdaşlarından biri daşnak Tatevos Amiryan olub. Sovetlər dövründə o, Azərbaycan xalqına yalandan «26 Bakı komissarı»ndan biri kimi təqdim edilib. Əslində isə qatı terrorçu olub. Amiryan «Daşnaksutyun» partiyasını maliyyə ilə təmin etmək üçün Bakıda mənzillərdən oğurluq edən, zəngin azərbaycanlıların uşaqlarını oğurlayaraq külli miqdarda pul qarşılığında geri qaytaran cinayətkar dəstəyə rəhbərlik edib. Bundan başqa, o, «Daşnaksutyun» partiyasının Osmanlı sultanı II Abdulhəmidə qarşı təşkil etdiyi sui-qəsdin iştirakçısı kimi də tanınıb. 1918-ci ilin əvvəllərində, azərbaycanlılara qarşı soyqırımı ərəfəsində Tatevos Amiryan qardaşları Aleksandr və Armenakla birlikdə Bakıda daşnak partiyasının üzvlərindən ibarət atlı silahlı dəstə yaradıb. Onun bu dəstəsi Şaumyan tərəfindən azərbaycanlılara qarşı qətliamların törədilməsinə cəlb edilib. Həmin dövrdə Amiryan və rəhbərlik etdiyi silahlı canilər cinsindən və yaşından asılı olmayaraq, azərbaycanlılara qarşı kütləvi qətliamlar törədib.

Azərbaycan Demokratik Respublikası (ADR) dövründə Fövqəladə İstintaq Komissiyası (FİK) tərəfindən hazırlanmış materiallarda Tatevos Amiryanın başçılıq etdiyi erməni canilərinin «İsmailiyyə» xeyriyyə cəmiyyətinin nadir memarlıq incisi olan binasını yandırdıqları da qeyd olunur. Şamaxıda isə Amiryanın dəstəsi şəhər məscidini, o cümlədən məşhur Cümə məscidini yandırıb. Xatırladaq ki, Cümə məscidi hələ o vaxt yaşı əsrlərlə ölçülən möhtəşəm memarlıq abidəsi idi.

Azərbaycan xalqına qarşı soyqırımın təşkili və bilavasitə həyata keçirilməsində Şaumyanın daha bir yaxın əlaltısı Baqdasar Avakyan da iştirak edib. 1918-ci ilin qanlı mart hadisələri ərəfəsində Avakyan sosial durumundan asılı olmayaraq bolşevik Qafqaz ordusunun Hərbi-İnqilabi Komitəsi ətrafında birləşməyə başlamış ermənilərə kütləvi şəkildə silah və güllə paylayırmış. 1918-ci il aprelin əvvəlində Avakyan Bakı və onun rayonlarının komendantı təyin olunub. Bununla da, o, azərbaycanlılara qarşı soyqırımı siyasətinin həyata keçirilməsi prosesinə cəlb olunmuş əsas fiqurlardan birinə çevrilib.

Bununla yanaşı, yuxarıda adıçəkilən Hərbi-İnqilabi Komitəyə Şaumyanın daha bir yaxın silahdaşı - Georgi Korqanov (Korqanyan) başçılıq edirdi. O, azərbaycanlılara qarşı kütləvi qətliam törədən strukturlar arasında koordinasiya yaratmaqla məşğul idi. Söhbət bolşeviklər, drujinalar, Qırmızı qvardiya və daşnak dəstələrindən gedir. Korqanov Bakı şəhər İnqilabi Müdafiə Komitəsinin də üzvü idi. Bu Komitə martın 30-da xüsusi olaraq «xalq düşmənləri»nin zor gücünə yatırılması üçün yaradılmışdı. «Xalq düşmənləri» dedikdə isə Azərbaycanın milli qüvvələri, ən başlıcası isə onların sosial dayağı olan azərbaycanlı əhali nəzərdə tutulurdu.

Azərbaycanlılara qarşı kütləvi qətliamın təşkili və həyata keçirilməsində Şaumyanın yaxın ətrafına daxil olan bir sıra digər şəxslər də böyük rol oynayıb. Onların sırasında daşnaklar Stepan Lalayan ilə Amazasp Srvansütyanın adlarını çəkmək olar. Sonuncu Şamaxı və Quba qəzasında yaşayan azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə yadda qalıb.

Beləliklə, yalnız Bakının deyil, digər şəhər və kəndlərin də 10 minlərlə dinc türk-müsəlman əhalisi Bakı Sovetinin cinayətkar siyasətinin qurbanı olub. Azərbaycan türkləri, ləzgiləri, talışları və digər millətlərin nümayəndələri cinsindən, yaşından asılı olmayaraq, körpələr, qadınlar, qocalar da daxil olmaqla, amansızlıqla qətlə yetirilib. Bütün bunları isə «Böyük Ermənistan» üçün ərazi əldə etmək niyyətində olan erməni hərbi birləşmələri həyata keçirib.

Azərbaycan milli hərəkatının liderləri Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin cəza əməliyyatlarına sonadək müqavimət göstərməyə çalışıblar. Lakin kifayət qədər hərbi gücü olmayan bu qüvvələr sonda Bakı Sovetinin hakimiyyətini qəbul etdiklərinə dair ultimatumla razılaşmaq məcburiyyətində qalıblar. O zaman Azərbaycan liderlərinin siyasi fəaliyyət meydanı həm də Zaqafqaziya Seymi idi. Seymin azərbaycanlı fraksiyası müsəlman əhalinin müdafiəsi üçün Bakıya hərbi müdaxiləyə çağırış da etmişdilər. Əslində isə onlar doğma xalqlarının mövcudluğunun, təhlükəsizliyinin yeganə qarantının dövlət müstəqilliyi olduğuna əmin idilər.

 

 

AĞA AŞUROV 

Ağa Hacı oğlu Aşurov (1880-1936) Azərbaycanın ötən əsrin əvvəllərində yaşamış görkəmli ictimai və siyasi xadimlərindən biridir. O, tanınmış tacir ailəsində dünyaya gəlib. Çar II Nikolayın fərmanı ilə Aşurovlar ailəsi fəxri vətəndaşlar nəsli kateqoriyasına daxil edilmişdi. Ağa Aşurovun atası 1905-1906-cı illər qətliamı zamanı Bakının müsəlman əhalisinin daşnak canilərindən müdafiəsində vacib rol oynayıb. Bu üzdən, daşnak Şakiryants onun evinə partlayıcı qoyaraq ailəsilə birlikdə məhv etməyə belə, cəhd göstərib.

Ağa Aşurov mühəndis-elektrik ixtisası üzrə təhsil aldığı Almaniyadan qayıtdıqdan sonra Bakıda yeni elektrik stansiyanın və Şollar su kəmərinin tikintisinə böyük töhfə verib. O, ölkənin ictimai həyatında fəal iştirak edib, Nijni Novqorodda təşkil olunmuş III Ümumrusiya Müsəlmanları Qurultayında Qafqaz müsəlmanlarının təmsilçilərindən olub. Aşurov «Nəşri-maarif» maarifçilik cəmiyyətinin rəhbərlərindən biri idi.

1917-ci ilin inqilabi hadisələri zamanı o, Azərbaycan milli hərəkatının liderlərindən birinə çevrilib, Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsində yer alıb. Aşurov həmin vaxt Bakıda Qafqaz müsəlmanlarının qurultayında da iştirak edib. 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımının törədildiyi vaxt Aşurov müsəlmanlardan ibarət nümayəndə heyətinin tərkibində İnqilab Müdafiə Komitəsi və Erməni Milli Şurası ilə danışıqlarda iştirak edib.

Azərbaycan Demokratik Respublikası dövründə Aşurov ticarət və sənaye naziri, ərzaq naziri, poçt xidməti və teleqraf naziri kimi postları tutub, parlamentin deputatı olub. Onu tərəddüd etmədən həmin dövrün görkəmli dövlət xadimləri sırasına aid etmək olar. Çünki Aşurov özünü ölkənin müstəqillik kursunun prinsipial himayəçisi kimi göstərə bilib. Dünya fövqəldövlətlərinin Azərbaycanın təbii resursları uğrunda mübarizə apardığı çətin şəraitdə Aşurov iqtisadiyyata dövlət nəzarəti sisteminin yaradılması üzərində çalışıb. O, spekulyasiya ilə, həmçinin fəaliyyəti dövlətin maraqlarına zidd olan özəl kapital nümayəndələrilə mübarizədə sərt addımların parlaq tərəfdarı idi.

ADR parlamentinin 1920-ci il aprelin 27-də keçirilmiş son iclasında Ağa Aşurov hakimiyyətin bolşeviklərə ötürülməsinin əleyhinə səs vermiş yeganə deputat olub.

Türkiyəyə köçə bilməyən Aşurov Rostova üz tutub və 1936-cı ildə elə orada dünyasını dəyişib.



MƏSLƏHƏT GÖR:

436