28 Mart 2024

Cümə axşamı, 16:25

MÖHTƏŞƏM «DÖRDLÜK»

Azərbaycan, Türkiyə, Gürcüstan və İran dövlətlərarası əməkdaşlığın yeni formatını yaradıb

Müəllif:

01.04.2018

Azərbaycan, Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Mixail Canelidze və Məhəmməd Cavad Zərif arasında Bakıda keçirilmiş görüş yeni regional əməkdaşlıq formatının əsasını qoyub. Dördtərəfli danışıqların yekunu Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində inteqrasiya proseslərindəki vacib rolunu bir daha təsdiqləyib.

 

«Cənub-Qərb» startda

Dördtərəfli danışıqların sonunda imzalanmış Bakı Bəyannaməsində Azərbaycan, Türkiyə, Gürcüstan və İranın suverenliyinə, ərazi bütövlüyünə dəstək ifadə olunub, regional münaqişələrin beynəlxalq hüququn tələblərinə uyğun həllinin vacibliyi qeyd edilib. Dörd ölkənin XİN başçıları dərin tarixi və mədəni əlaqələr əsasında xalqlar arasında əməkdaşlığı bundan sonra da genişləndirməyə hazır olduqlarını bəyan edib, bu əlaqələrin regionda sülhə, sabitliyə və çiçəklənməyə yol açdığını vurğulayıblar.

Bütün bunlarla yanaşı, Bakı görüşünün əsas müzakirə mövzusu Azərbaycanın «Cənub-Qərb» nəqliyyat dəhlizinin yaradılması təşəbbüsü olub. Bu dəhliz Hind və Atlantik okeanlarının birləşdirilməsini nəzərdə tutur.

Layihənin reallaşdırılmasına İran xüsusi maraq göstərir. Bu ölkənin XİN başçısı Məhəmməd Cavad Zərifin fikrincə, Fars körfəzinin İranla Hind okeanını birləşdirdiyi nəzərə alınarsa, dördtərəfli münasibətlər daha geniş əməkdaşlıq üçün imkanlar açır.

İranın «dördlük» üzvlərinin gələcək inteqrasiya fəaliyyətindəki rolu kontekstində Zərifin bir fikrinə də diqqət yetirmək vacibdir. O, İranın Bakı-Tbilisi-Qars dəmir yoluna qoşulmaqda maraqlı olduğunu bəyan edib. Bundan başqa, İran tərəfi bu dəmir yolu magistralının Təbriz şəhərinədək uzadılması arzusunu da dilə gətirir. «Cənub-Qərb» nəqliyyat dəhlizinin fəaliyyətə başlaması üçün Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu da böyük əhəmiyyət daşıyacaq. Yeri gəlmişkən, bu dəmir yolunun açılış mərasimi martın sonunda İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində baş tutub. O, həm də İran-Azərbaycan-Rusiya formatında reallaşdırılan «Şimal-Cənub» dəhlizinin bir hissəsidir.

Beləliklə, Azərbaycan-Gürcüstan-Türkiyə-İran «dördlüyü» kimi yeni regional əməkdaşlıq formatının yaranması Qafqaz-Xəzər dənizi regionunda əməkdaşlığın genişləndirilməsi üçün daha bir stimuldur. Bu formatın yaradılmasını bütün maraqlı tərəflər əbəs yerə «tarixi hadisə» kimi qiymətləndirmir. Azərbaycan üçün bu, həm də bir məqama görə önəmlidir: Azərbaycan perspektivdə Avrasiyanın kəsişməsində inteqrasiya proseslərinin əsas halqasından birinə çevriləcək.

Bakı faktiki olaraq, regional inteqrasiyanın mərkəzi, əlaqələndirici bəndinə çevrilib. Onun Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Rusiya, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Pakistan kimi dövlətlərarası əməkdaşlıq formatlarında fəal iştirakı da bunu təsdiqləyir.

Şübhəsiz ki, Azərbaycan-Türkiyə-Gürcüstan-İran dördtərəfli formatında daha bir perspektivli inteqrasiya meydanının ortaya çıxması Azərbaycanın istər regionda, istərsə də ümumilikdə Avrasiya məkanında həm siyasi, həm də iqtisadi gücünü artıracaq. Bu format isə artıq deyildiyi kimi, Bakı görüşündə həyata vəsiqə qazanıb və dərhal «Cənub-Qərb» nəqliyyat dəhlizi layihəsini ortaya atıb.

 

Regional layihələrdən kənarda

Dövlətlərin «Şimal-Cənub» və «Cənub-Qərb» layihələrilə bağlı maraqlarının üst-üstə düşməsində Rusiya amilinin də rolu var. Məhz Rusiyanın «Şimal-Cənub» nəqliyyat dəhlizinin reallaşdırılmasındakı aparıcı rolu göstərir ki, «Cənub-Qərb» dəhlizinin guya bu ölkədən yan keçdiyi üçün Moskvanın maraqlarına zidd olduğu haqda deyilənlər əsassızdır. Çünki Rusiya «Şimal-Cənub» layihəsi çərçivəsində «Cənub-Qərb» marşrutunun əhəmiyyətli bir hissəsindən yararlana biləcək. Bundan başqa, Rusiyanın Bakıda start verilmiş dördtərəfli formatın iştirakçılarından 3-ü ilə sıx iqtisadi əlaqələrinin, dost siyasi münasibətlərinin olduğu da nəzərə alınmalıdır. Söhbət Azərbaycan, Türkiyə və İrandan gedir. Rusiyanın «dördlük» ölkələrilə həmsərhəd olması isə bu nəhəng fövqəldövlətin Azərbaycan, Gürcüstan, Türkiyə və İranın yaratdığı inteqrasiya formatından istənilən halda fayda götürəcəyini söyləməyə əsas verir.

«Cənub-Qərb» layihəsinin verəcəyi faydalardan kənarda qalacaq yeganə ölkə Ermənistandır. Bununla da, Azərbaycan ərazisinin beşdə birini işğal etmiş bu təcavüzkar dövlətin izqoy statusu bir daha təsdiqlənir. İndiki halda onun növbəti vacib regional prosesdən təcrid olunması qaçılmazdır. Bu, əlbəttə ki, Ermənistandakı sosial-iqtisadi böhranın daha da dərinləşməsinə yol açacaq.

Məlum olduğu kimi, İrəvan strateqləri özlərinə daim İranla əməkdaşlıq perspektivlərindən danışmaqla təskinlik verir, guya Tehranın Ermənistanı blokadadan çıxarmaq iqtidarında olduğunu bildirir. Lakin İran bu dəfə də seçimini dəqiq edib: o, Azərbaycan və digər ölkələrlə birgə regional layihələrdə iştirak etməyə qərar verib. Bu layihələrdə isə Ermənistana yer yoxdur.

Ermənistan hökuməti İran-Ermənistan dəmir yolunun tikintisinə dair ilkin proqramı hələ 2014-cü ilin avqustunda təsdiqləyib. O zaman deyilirdi ki, dəyəri 3,5 milyard dollar qiymətləndirilən bu layihənin reallaşdırılması 2022-ci ildə başa çatacaq və bu, ildə 25 milyon ton yük daşınmasına imkan verəcək. Lakin İrəvan layihəni maliyyələşdirəcək xarici investorları hələ də tapa bilməyib. Dünya kreditorları qarşısında əl açmağa öyrəşmiş Ermənistanın özündə isə bu layihəni maliyyələşdirəcək güc, əlbəttə ki, yoxdur. Odur ki, layihənin reallaşdırılması perspektivi göz görə-görə əriyir.

Ermənilərin ağır iqtisadi durumda olan ölkələrinin Avrasiya İqtisadi İttifaqının 180 milyonluq bazarı ilə 80 milyonluq İran bazarı arasında körpü rolu oynayacağına olan ümidlərini də iflasa uğrayıb. Əhalisinin bir tikə çörək tapmaq ümidilə ölkəni kütləvi şəkildə tərk etməsilə həm də demoqrafik problem yaşayan Ermənistanın böyük Avrasiyanın çoxmilyonluq hissələri arasında birləşdirici bənd olmaq iddiası nə qədər realdır?

Bakıda keçirilmiş dördtərəfli görüşün yekununun Ermənistanda növbəti bədbinlik yaratması da təəccüblü deyil. Məsələn, «Jamanak» qəzeti etiraf edir ki, «Azərbaycan bununla ən azı 2 problemini həll edib - özünün Dağlıq Qarabağa dair mövqeyinin regionun digər 3 ölkəsi tərəfindən də konsensusla qəbul olunması və Ermənistanın regional təcrid vəziyyətinin daha da dərinləşdirilməsi». Rəsmi İrəvanın «Ermənistan-Gürcüstan və Ermənistan-İran münasibətlərinin yüksək səviyyədə olduğu» haqda dediklərisə ciddi səslənmir, ən azı ona görə ki, bu münasibətlər dostluq münasibətləri olsa da, regional komponent, strateji baxış və siyasi gündəlikdən məhrumdur», - deyə qəzet yazır.

«Birinci» erməni informasiya saytı isə Azərbaycanın davamlı olaraq Ermənistanı təcrid etmək siyasəti aparmasından narahatdır. Sayt Bakının bunu ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatlarından istifadə etməklə həyata keçirdiyini bildirir. «Dördtərəfli format - bütün regional inteqrasiya layihələrindən kənarda qalmış Ermənistanın təcridi faktını bəyan etmək üçün növbəti səbəbdir», - deyə yazının müəllifi Sarqis Artsruni məyuscasına bildirir.

Həyat Ermənistana növbəti dərsini verir. Ona bir daha aydın olur ki, yaşadığı böhranlı vəziyyətdən təcrid durumda qalmaqla, Cənubi Qafqazın lideri olan Azərbaycanla əməkdaşlığa getmədən çıxmaq mümkün deyil. Çünki regional inteqrasiya proseslərində aparıcı rolu məhz Azərbaycan oynayır. Bu əməkdaşlıq isə yalnız erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasından sonra mümkündür. «Dördlük» üzvlərinin Bakı görüşü dolayısı ilə də olsa, bunu da bir daha təsdiqləyib.



MƏSLƏHƏT GÖR:

366