26 Aprel 2024

Cümə, 00:24

BİZNES FƏALLIĞININ TƏŞVİQİ

Ölkədəki durum Azərbaycan Mərkəzi Bankına uçot dərəcəsini aşağı salmaq imkanı yaradır

Müəllif:

15.04.2018

Aprelin əvvəlində Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ikinci dəfə uçot dərəcəsini aşağı saldı - yenə də 2%. Bu dəfə AMB 11% həddində dayandı və faiz dəhlizinin aşağı həddini  8%-də müəyyən etməklə yuxarı həddi 16%-dən 14%-ə endirdi. Bütün dünyada olduğu kimi, Mərkəzi Bankın qərarı, ilk növbədə, ölkədəki makroiqtisadi vəziyyətin nəticəsi oldu, xüsusilə də aşağı inflyasiya göstəricilərinə nail olunması, ÜDM-in artımının müsbət dinamikası, ən başlıcası isə xarici ticarət dövriyyəsindəki müsbət meyillər buna imkan verdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetində ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı bildirdiyi kimi, neftin qiymətinin sabitləşməsinə baxmayaraq, iqtisadi islahatlar cari ildə də davam etdiriləcək. Buna görə, Mərkəzi Bankın uçot dərəcəsini daha da  azaltmaq üçün potensialı olması ilə bağlı bəyanatı möhkəm bir əsasa malikdir.

 

Rüblük artım

Beləliklə, Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı, bəs, bu addım ölkə iqtisadiyyatına nə verir? Elmi anlayışlar dili ilə danışsaq, uçot dərəcəsi ölkələrin mərkəzi banklarının kommersiya banklarına verdikləri kreditlərin faiz dərəcəsidir, kommersiya bankları isə öz növbəsində bu kreditləri öz müştəriləri arasında öz mənfəətlərini nəzərə alaraq daha yüksək faizlə paylayırlar. Bu səbəbdən, uçot dərəcəsi artıq çoxdan olduqca mühüm makroiqtisadi amilə çevrilib. Buna görə də iqtisadiyyatı güclü olan ölkələrdə bu göstəricinin kiçik dəyişməsi belə bütün dünya tərəfindən yaxından izlənir. Yəni yenidən maliyyələşdirmə dərəcəsi nə qədər aşağı olarsa, ölkənin iqtisadiyyatı bir o qədər sabit olar.

Amerika Birləşmiş Ştatlarında, avrozonada və Yaponiyada uçot dərəcəsi 0,5-1% -dən çox deyil. Məsələ bundadır ki, uçot dərəcəsi iqtisadiyyatdakı mövcud vəziyyətinin səbəbi yox, nəticəsidir, çünki onunla oynayaraq, uzağı, inflyasiya proseslərini dayandırmaq olar. Çünki sabit və ya azalan gəlirlər şəraitində mal və xidmətlərin qiymətləri artır. Onda Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini artırır, uyğun olaraq, kommersiya banklarının kreditləri bahalaşır, onlara tələb və əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Bu, öz növbəsində, mal və xidmətlərə tələbatın azalmasına təsir edir və onlar üçün qiymət artımını dayandırır. Yəni bir tərəfdən uçot dərəcəsinin artımı iqtisadiyyat üçün sabitləşdirici rolunu oynayır, digər tərəfdən onda problem olduğunu göstərir. Bu göstərici azaldıqda, əks proses baş verir.

Bu gün Azərbaycan bank bazarında obyektiv vəziyyət ondan ibarətdir ki, Mərkəzi Bankın faiz dərəcəsi ilə kommersiya banklarının faiz dərəcəsi arasında birbaşa əlaqə yoxdur, səbəb sadədir - kommersiya bankları Mərkəzi Bankın resurslarından istifadə etmirlər. Buna görə də bizdə uçot dərəcəsinin aşağı salınması investorlar üçün müəyyən bir siqnal rolu oynayır, daha doğrusu, iqtisadi proseslərin sabitləşməsini göstərir, onları mövcud və ya yeni layihələrə cürətlə sərmayə yatırmağa çağırır.

Qeyd edək ki, Azərbaycanda uçot dərəcəsi 2016-cı il 15 sentyabr tarixindən 2018-ci ilin fevral ayına qədər sabit qalıb. Mərkəzi Bank 2017-ci ildə uçot dərəcəsini aşağı salmağı planlaşdırırdı, lakin orta illik inflyasiyanın yüksək - 12,9% olması üzündən bu, mümkün olmadı.

Buna görə də, AMB sədri Elman Rüstəmov mətbuat konfransında çıxış edərək, rəhbərlik etdiyi qurumun son qərarının əsas səbəblərini açıqlayan zaman, ilk növbədə, inflyasiyadan, daha doğrusu, onun birrəqəmli səviyyəyə enməsinə nail olunmasından danışdı. Azərbaycanda orta illik inflyasiya səviyyəsi 2018-ci ilin mart ayının sonuna 4%-ə qədər enib, ərzaq məhsulları üzrə o, 4,5%, qeyri-ərzaq malları üzrə 4,3%, xidmətlər üzrə 2,9% təşkil edib.

Bununla belə, Elman Rüstəmov hesab edir ki, inflyasiyanın azalması meyli davam edir. "I rübdə bizim ticarət dövriyyəmiz 31% artıb, qeyri-neft ixracı isə 37% artıb. Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesi uğurla gedir. Biz proqnozlaşdırırıq ki, tədiyyə balansı göstəriciləri bundan sonra da artmaqda davam edəcək", - deyə ölkənin baş bankiri bildirib. Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 1,7 milyard dollar təşkil edib, halbuki 2016-cı ili Azərbaycan 1,36 milyard $-a bərabər cari tədiyyə balans kəsri ilə başa vurmuşdu.

Bütün bunlar yanvar-mart ayları ərzində 2,3% təşkil etmiş sabit ÜDM artımı meyli fonunda baş verib, özü də, hesabat dövründə qeyri-neft ÜDM-in artımı 3% ətrafında olub. Sənaye istehsalında da oxşar vəziyyət müşahidə edilib, bu sektor 2% artıb. Burada da əsas müsbət amil qeyri-neft sənayesinin artmasıdır - təxminən, 10% -ə qədər artım olub ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, rekord göstəricidir.

Makroiqtisadi sahənin digər mühüm göstəricisi kimi valyuta bazarında olduqca əlverişli vəziyyətin müşahidə olunmasını göstərmək olar. Bankların likvidliklə bağlı problemi yoxdur, ölkənin valyuta ehtiyatları 2,2 milyard $ artıb və indi 44.2 milyard $-a bərabərdir. Dövlət başçısının dediyi kimi, bu, bir tərəfdən göstərir ki, biz ehtiyatları çox qənaətlə istifadə edirik, digər tərəfdən bu, son illərdə bizim apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitlərin tərkibində "Azəri -Çıraq -Günəşli" yataqlarının istismar müddətinin uzadılması ilə bağlı ötən il imzalanmış müqaviləyə görə alınmış 450 milyon $ məbləğində bonus da var.

 

İqtisadiyyat üçün stimul

Bir sözlə, ümumi iqtisadi vəziyyət bu gün göstərir ki, ölkədə sahibkarlıq fəallığı artmalıdır. Lakin Elman Rüstəmov etiraf edib ki, banklar hələ də biznesi kreditləşdirməyə həvəs göstərmirlər və vəsaitləri qiymətli kağızlara yönəltməyə üstünlük verirlər. Bir sıra ekspertlər bunu banklarda devalvasiya gözləntilərinin olması ilə bağlayırlar. Lakin baş bankir əmin edir ki, bu cür danışıqlar hətta Azərbaycanın Rusiya və Türkiyə kimi yaxın ticarət tərəfdaşlarının valyutalarını yetərincə enib-qalxmaları fonunda belə əsassızdır. "Neftin qiyməti sabit qalır, hətta ötən dövrə nisbətən 25% artıb. Manatın devalvasiyası, onun zəifləməsi barədə söhbət belə ola bilməz. Bunun üçün ciddi bir arqument yoxdur. Biz qonşu ölkələrdəki vəziyyəti izləyirik, onların valyuta məzənnələrinin dəyişməsi psixoloji olaraq 0,2 və ya 0,3% səviyyəsində volatillik yarada bilər. Lakin bu, ciddi titrəmə deyil - manatın rəsmi məzənnəsi sabitdir ", - deyə E.Rüstəmov bildirib.

Başqa sözlə, bütün bunlar maliyyə strukturları tərəfindən iqtisadiyyata daha geniş kredit qoyuluşları üçün impuls olmalıdır. Ancaq məlumdur ki, Azərbaycanda sahibkarlar bu gün AMB-nin uçot dərəcəsindən də daha aşağı faiz dərəcəsi ilə kredit almaq imkanına malikdirlər. Artıq neçə ildir ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu işlə məşğul olur, SKMF öz agent banklarına illik 7%-lə kredit resursları verir ki, onları biznes subyektləri arasında paylasınlar.

Burada qeyd etmək lazımdır ki, kreditlərin ümumi həcmi ildən-ilə artmaqdadır və 2018-ci il üçün ən azı 170 milyon manat təşkil edəcək və imkan daxilində bu, 200 milyon manata qədər artma imkanına malikdir. Əsas odur ki, bu vəsait vaxtında verilmiş və artıq ödənilmiş kreditlər hesabına ayrılır. «Bu, bizim siyasətimizin uğurlu olduğunu bir daha sübut edir. Çünki keçmişdə ayrılmış 2 milyard manatdan çox kredit bu gün geri qaytarılır və yeni kreditlər verilməsinə xidmət edir»,- deyə Prezident İlham Əliyev qeyd edib.

Digər tərəfdən bu, belə aşağı faizli kreditlərə olan tələbatın bariz nümunəsidir ki, bankların bu cür proqramlara və kredit portfellərinə qoşulması üçün əlavə stimul olmalıdır. Axı, yalnız 2018-ci ilin əvvəlindən SKMF iş adamlarına 50 milyon manat məbləğində güzəştli kredit verib.

SKMF tərəfindən ayrılan kreditlərlə yanaşı, biznes fəallığının təşviqi üçün daha bir uğurlu alət sərmayələrin təşviqi mexanizmidir. Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilib, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır.

«Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaqdır. Görün, nə qədər əlavə məhsul istehsal ediləcək və bu məhsul rəqabətqabiliyyətli məhsul olacaqdır. Çünki bütün bu məsələlərə dövlət qurumları çox diqqətlə yanaşırlar. Əminəm ki, bu məhsulun böyük hissəsi ixracyönümlü məhsul olacaqdır", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bütün bunlar, həmçinin bizneslə dövlət orqanlarının, xüsusilə Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və s.-in əlaqələrində mənfi məqamların aradan qaldırılması, ümumiyyətlə, sahibkarlıq mühitinin əhəmiyyətli canlanmasına səbəb olmalıdır. Bundan başqa, Mərkəzi Bank, həmçinin uçot dərəcəsini azaltmaq istiqamətində addımlarını dayandırmamağı və bu il iyun ayının 14-də daha bir addım atmağı vəd edir. "Birinci rübdə manatın pul bazasının 11% artımına nail olduq. Hesab edirik ki, bank sektorunda likvidliyin mövcudluğu şəraitində bu artım optimaldır. Belə şərtlərin davam etdiyi şəraitdə uçot dərəcəsinin daha da azaldılması üçün potensial var ", - deyə Mərkəzi Bankın rəhbəri əlavə edib ki, proqnozlara görə, bu il orta illik inflyasiya 6-8 faizlik dəhlizdən artıq olmayacaq.

«Biz dünyada mövcud olan ən mütərəqqi praktikanı Azərbaycana gətirməliyik, sınaqdan keçirməliyik və tətbiq etməliyik», - deyə prezident bu yaxınlarda biznesin inkişafı istiqamətində baş verən proseslərlə bağlı fikirlərini yekunlaşdırarkən bildirib.

Göründüyü kimi, bütün müvafiq dövlət strukturları artıq bu prosesə qoşulub, deməli, bu ilin sonuna qədər yeni real irəliləmə və statistika göstəricilərinin artımı gözlənilir.



MƏSLƏHƏT GÖR:

324