28 Mart 2024

Cümə axşamı, 17:34

YATMIŞ NƏHƏNG OYANIR?

Afrika proteksionizmə və dünyadakı mövcud iqtisadi düzənə güclü zərbə vura bilər

Müəllif:

15.04.2018

Son ay yaxın gələcəkdə beynəlxalq iqtisadi münasibətləri kökündən dəyişə biləcək hadisələrlə zəngindir. Bütün bunlar faktiki olaraq, azad bazar münasibətlərinə müharibənin elan olunması ilə başlasa da, bunun tam əksilə yaddaşlarda qalacaq - bütün qitələrin dövlətləri azad bazar ideallarına sadiq olduqlarını nümayiş etdirir.

Vaşinqtonun bir sıra sənaye məhsullarına görə gömrük rüsumunu kəskin şəkildə artırmasından cəmi ilk həftə sonra 11 ölkə Trans-Sakit Okean Tərəfdaşlığı (TTP) haqqında razılaşma imzalayıb. Bu tərəfdaşlığın məqsədi məhz vergi rüsumlarının ləğvidir. 1 il əvvəl ABŞ prezidenti TTP-in ölkəsinin iqtisadi maraqlarına cavab verməyən layihə kimi qiymətləndirərək, bu layihədə iştirakdan imtina etmişdi. Amma Birləşmiş Ştatların yaxın qonşuları olan Kanada, Meksika və Çili fərqli düşünürlər. Üstəlik, hətta Sakit okeana çıxışı olmayan Böyük Britaniya belə, TPP-yə qoşulmağın əleyhinə deyil.

Lakin proteksionizmə və dünyada mövcud olan iqtisadi düzənə ən ciddi zərbə bu günədək əksəriyyət tərəfindən fövqəldövlətlərin mülkü sayılan qitə vura bilər. Afrika dövlətləri Dünya Bankının, BVF-nin və digər qeyri-dövlət tənzimləyicilərinin rəyi olmadan belə qərara gəliblər ki, öz problemlərini özləri həll edə bilər. Martın 21-də Ruanda paytaxtı Kiqalidə qitənin 55 ölkəsindən 44-ü Afrika Azad Ticarət Zonasının (AfCFTA) yaradılmasına dair müqaviləyə imza atıb. Yerdə qalan 11 dövlət də (Botsvana, Namibiya, Lesoto, Zambiya, Burundi, Eritreya, Benin, Syerra-Leone və Qvineya-Bissau, həmçinin regionun 2 ən nəhəng iqtisadiyyatı - Nigeriya ilə CAR) sazişdən imtina etmir - onlar, sadəcə, düşünmək üçün vaxt istəyiblər.

Afrika Şurasının iyulda keçirilməsi nəzərdə tutulan növbəti assambleyasında AfCFTA razılaşmasına qoşulanların sayının artacağını söyləmək üçün bütün əsaslar var. 22 ölkənin sazişi ratifikasiya etməsindən sonra isə o, qüvvəyə minəcək.

Beləliklə, AfCFTA potensial olaraq, ərazisinə görə dünyanın ən nəhəng azad ticarət zonasına çevrilə bilər. İştirakçılarının sayına görə isə o, ÜTT-dən sonra ikinci olacaq: Afrika Azad Ticarət Zonasında 1,2 milyard insan yaşayır. Ona daxil olan dövlətlərin birgə ÜDM-i 3 trilyon dollardır.

 

Müstəmləkə keçmişinin izləri

Afrika qitəsinin iqtisadi cəhətdən geri qalmasının əsas səbəbi, əlbəttə ki, onların keçmişdə müstəmləkə olması ilə əlaqədardır. Bu keçmiş özündən sonra çoxsaylı yaralar qoyub: ayrı-ayrı separatçı hərəkatların yaranmasına yol açan süni sərhədlər, institusional quruculuq təcrübəsinin yoxluğu, yerli əhalinin tələbatına deyil, faydalı qazıntıların ölkədən çıxarılmasına uyğunlaşdırılmış nəqliyyat infrastrukturu və s.

Bu gün Afrika qitəsi sakinlərinin əksəriyyəti yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Despotik rejimlər, bitmək bilməyən hərbi münaqişələr və təbiət kataklizmləri saysız-hesabsız afrikalının aclıq içərisində yaşamasına səbəb olur. BMT-nin 2017-ci ilə olan məlumatına görə, silahlı münaqişələr dünyanın 18 ölkəsində aclığa səbəb olub. Onlardan 11-i Afrikada yerləşir. Söhbət «İslam Dövləti», «Boko haram», «Əş-Şabab», «İslam Məqribi ölkələrində Əl-Qaidə», «Əl-Murabitun» və digər terror təşkilatlarının «fəaliyyət göstərdiyi» ölkələrdən gedir.

Quraqlığın ərzaq böhranına səbəb olduğu 23 ölkənin 2/3-i də Afrika qitəsində yerləşir. Burada əhalinin yalnız 35%-i elektrik enerjisilə təmin olunub, afrikalıların 23%-i isə təmiz su tapa bilmir.

Xarici maliyyə və digər iqtisadi yardımlar, əsasən, ucuz xammalın hasil edilərək xaricə daşınmasına, elə özlərinin kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün kreditləşdirməyə hesablanıb.

İqtisadi inkişafın stimullaşdırılması üçün lazımi vasitələrin olmaması, inkişaf etmiş şose, dəmir yolu şəbəkəsinin yoxluğu, yüksək gömrük rüsumları, bürokratiya və korrupsiya elə bir vəziyyət yaradıb ki, Afrika dövlətlərinə yerli istehsal və ya qonşu ölkələrdən nəsə almaqdansa, başqa qitələrdən idxal etmək daha sərfəlidir. Bəzi hallarda bir ölkənin daxilində malın bir ərazidən digər bölgəyə aparılması Asiya və ya Avropadan idxaldan qat-qat baha başa gəlir.

Nəticədə, afrikadaxili ticarətin həcmi gülüş doğuracaq dərəcədə azdır və ümumi dövriyyənin cəmi 10%-dən bir qədər çoxunu təşkil edir. Məlumat üçün qeyd edək ki, Latın Amerikasında bu, 19%, Asiyada 51%, Şimali Amerika və Avropada 70%-dir.

Afrika ölkələrinin xarici iqtisadi əməkdaşlığı isə, ilk baxışdan, kifayət qədər gəlirli iş kimi görünür. Məsələn, bir il əvvəl qitənin Avropa İttifaqı ilə ticarət dövriyyəsi 262 milyard avro təşkil edib və 28,6 milyardlıq müsbət balans qeydə alınıb. Lakin bu ticarət münasibətlərinin strukturuna diqqət yetirdikdə görünür ki, ixracın əsasını xammal resusrları, idxalı isə çoxişlənən mallar təşkil edir. Bu isə qitədə sənaye və kənd təsərrüfatı sahələrinin inkişafına imkan vermir. YUNKTAD-ın (BMT-nin ticarət və inkişaf Konfransı) məlumatına görə, dünyanın ümumi şumluq torpaqlarının 27%-i Afrikada yerləşsə də, qitənin 37 ölkəsi ərzaq məhsullarını tamamilə kənardan alır. 22 Afrika ölkəsi isə kənd təsərrüfatı xammalının idxalçısıdır.

Bu qitə hələ də inkişaf etmiş iqtisadiyyatlar üçün xammal mənbəyi sayılır. Dünyanın təbii resurslarının 30%-i məhz Afrika ərazisində yerləşir. Dünyadakı ümumi platin istehsalının 83, kobalt, koltan və manqanın 55-60, almaz istehsalının 46, palladiumun 43, xromun 42, qızıl və boksit istehsalının 40%-i bu qitənin payına düşür.

Eyni zamanda Afrika köhnə silahların «zibilliyi» kimi də rahat məkandır - bitmək bilməyən hərbi münaqişələr dəyərini itirmiş bu silahların işlədilməsi üçün ideal yerdir. Uzun illərdir ki, Afrikanın silah bazarı dünyada ən dinamik inkişaf edən silah bazarlarından biridir. Son 15 ildə onun həcmi 2,4 dəfə artaraq illik 40 milyard dollara çatıb.

 

Bərabər hüquqla

Panafrikan ideyaları müstəmləkəçiliyin son istehkamı olmuş CAR aparteidinin süqutundan xeyli əvvəl meydana gəlib. 31 müstəqil dövlətin başçısı hələ 1963-cü ildə Afrika Birliyi Təşkilatını (2002-ci ildən Afrika Şurası) təsis edib. Onun əsas təşəbbüskarlarından biri Qana prezidenti Kvame Nkruma olub. Onun həmin vaxt işlətdiyi fikir 55 il sonra AfCFTA sazişinin imzalanması zamanı təkrar edilib: «Afrikanın heç bir müstəqil dövləti bu gün müstəqil iqtisadi inkişaf kursu yürütmək gücündə deyil. Bizim qitə səviyyəsində işləyəcək vahid siyasətimiz olmasa, bu, dəyişməyəcək».

Lakin siyasi fikir ayrılıqları, etnik, o cümlədən silahlı münaqişələr mərkəzəqaçma tendensiyalarını ciddi şəkildə ləngidir. Ötən illər ərzində qitədə bir çox lokal bloklar yaranıb. Lakin onların əksəriyyəti müxtəlif səbəblərdən tam gücü ilə işləyə bilməyib. 2015-ci ildə onların 3-ü birləşərək, 27 ölkədən ibarət TFTA ittifaqını da yaradıb. Elə həmin il Ümumafrika Şurasının yaradılmasına dair məsləhətləşmələrə başlandığı elan olunub. Qitənin əksər dövlətlərini qane edən AfCFTA sazişinin şərtlərinin razılaşdırılmasına 3 il lazım gəlib. Daha 27 ölkə qitə ərazisində insanların sərbəst hərəkətinə dair Konvensiyaya imza atıb. Bu, vətəndaşlara sərhədləri vizasız keçmək, yaşamaq və işləmək hüququ verir.

AfCFTA Afrikada iqtisadi inteqrasiyanın dərinləşdirilməsini nəzərdə tutur - kənd təsərrüfatı və sənayenin inkişafı, müxtəlif regional birliklərə üzvlüyün ləğvini, materikin insanların, kapitalın, mal və xidmətlərin sərbəst hərəkət edə bildiyi əraziyə çevrilməsini və s. Sənədi imzalamış dövlətlər hesab edir ki, bütün bunlar tezliklə infrastruktur layihələrində xaricilərdən asılılığı da xeyli azaldacaq.

Saziş üzv ölkələrin üzərinə malların 90%-nə görə gömrük rüsumlarının ləğvi öhdəliyini də qoyur. Yerdə qalan 10% «həssas mallar»la bağlı məsləhətləşmələr davam etdiriləcək. Razılaşma gələcəkdə vahid valyutanın yaradılmasını da nəzərdə tutur.

BMT-nin Afrika üzrə İqtisadi Komissiyasında hesab edirlər ki, AfCFTA 2020-ci ilə afrikadaxili ticarət dövriyyəsini 50% artıracaq. Bu, idxal rüsumlarının ləğvi hesabına baş verəcək. Komissiyadan bildirirlər ki, əgər qeyri-tarif baryerləri (bürokratizm, rüşvətxorluq və s.) də aradan qaldırılarsa, bu artım 100%-ə çata bilər.

AfCFTA Afrikanın beynəlxalq ticarətdəki mövqeyini də gücləndirəcək, onu dünyanın ən nəhəng iqtisadiyyatlarından birinə çevirəcək. Bu halda Afrika digər beynəlxalq iqtisadi bloklarla bərabərhüquqlu əməkdaşlıq edə biləcək. Artıq bunun ilk əlamətləri də var. Məsələn, Hindistan AfCFTA ilə azad ticarət haqqında saziş imzalamağa hazır olduğunu bəyan edib.

 

Ziddiyyətlərdən birliyə doğru

Skeptiklər deyir ki, saziş tariflərin aşağı salınmasına həddindən çox yönəlib və bu zaman Afrika ölkələrinin istehsal imkanlarının müxtəlifliyi nəzərə alınmayıb.

Afrikanın daha çox inkişaf etmiş ölkələri öz qabaqcıl istehsalat imkanlarına görə böyük üstünlüyə malikdirlər. Onların öz mal və xidmətlərinin satışında azadlıq qazanması qitənin az inkişaf etmiş ölkələrində sənayenin inkişafına mane ola bilər. Məsələn, Zimbabvenin ərzaq sektoru artıq daha ucuz idxaldan əziyyət çəkir. Sərhədlərin açılması və ticarət baryerlərinin aradan qaldırılması Zimbabvenin iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq. Bu səbəbdən, tənqidçilər hesab edir ki, sazişin nəhəng və kiçik iqtisadiyyatlar arasındakı rəqabətə necə təsir göstərəcəyinə xüsusi diqqət yetirilməlidir. Onların fikrincə, azad ticarət zonasının yaradılması ilə gəlirlərini itirəcək ölkələrə kompensasiyaların verilməsinə, büdcə dəstəyinin göstərilməsinə də fikir verilməlidir.

Hələlik sazişi imzalamayan Nigeriya və CAR prezidentləri bunu sənədin zəif və güclü tərəflərini yenidən təhlil etmək istəyilə əsaslandırıblar. Məsələn, Nigeriya biznesmenləri ölkələrinə ucuz məhsulların axacağından narahatdırlar. Nigeriya İstehsalçılar Assosiasiyası federal hökuməti iqtisadi inkişafa mane olacaq ticarət şərtlərini qəbul etməməyə çağırıb. Assosiasiyada bildirirlər ki, AfCFTA-da məhsulu istehsal etmiş ölkənin dəqiq göstərilməsinə dair konkret tələb yoxdur. Bu halda malların qutusu dəyişdirilə, onların üzərinə «Made in Europe» və ya «Made in China» etiketi yapışdırıla, bununla da, ucuz mal bütün qitəyə yayıla bilər. Belə olarsa, əlbəttə ki, yerli istehsala zərbə dəyəcək.

Afrikalı iqtisadçıların fikrincə, siyasi gərginliklər, münaqişələr və zorakılıqlar da regional ticarətdə Afrika ölkələrinin potensialını azalda bilər. Bu amillər iqtisadi inkişafın zəifləməsinə, infrastrukturun dağılmasına, həmçinin regional dezinteqrasiyaya səbəb olur.

Afrikanın daha bir bəlası dövlətüstü orqanlara tabe olmaqdan boyun qaçırmalar, regional iqtisadi birliklər çərçivəsində qəbul olunmuş öhdəliklərdən imtinalardır.

Beləliklə, Afrika Azad Ticarət Zonası Afrikanın 2063-cü ilədək (Vision 2063) iddialı uzunmüddətli perspektiv inkişaf proqramının özəyini təşkil edir. Afrika Şurası da yaranmasının 100 illiyini həmin vaxt qeyd edəcək.

«Afrika yatmış nəhəngdir. Qitə parçalanmış halda olarsa, o, oyana bilməyəcək. İnteqrasiya templərinin artırılması vaxtı çatıb. Çünki beynəlxalq rəqabət zəiflərə şans tanımır», - bu fikir dünyanın ən nəhəng iqtisadi birliklərindən sayılan AfCFTA-nın yaradılmasına dair imzalama mərasimində səslənib. İndi ərazisinə görə, həqiqətən də, nəhəng olan bu birlik qabiliyyətini göstərməlidir.

 



MƏSLƏHƏT GÖR:

326