25 Aprel 2024

Cümə axşamı, 06:06

ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNDƏN DAHA PİS

Beynəlxalq münasibətlər sistemi dönüşü olmayacaq dəyişikliklərə məruz qalır

Müəllif:

15.04.2018

Aprelin əvvəlindən dünya Karib böhranından bu yana Rusiya ilə Qərb (ABŞ və Böyük Britaniya başda olmaqla) arasında ən miqyaslı toqquşma riski ilə qarşı-qarşıya qalıb. Jurnalımızın bu sayı çapa hazırlanan zaman hələlik düzəldilməsi mümkün olmayan heç nə baş verməmişdi və bu münaqişədə qaliblər və məğlublar olacaqsa belə, onlar belə tezliklə müəyyənləşməyəcək. Lakin beynəlxalq münasibətlər sistemi artıq dönüşü olmayacaq dəyişikliklərə məruz qalmaqdadır.

 

Trampın çətin seçimi

Moskvanın ünvanına 3 əsas ittiham irəli sürülür - Amerikada 2016-cı ildə keçirilmiş prezident seçkisinə müdaxilə, Suriya diktatoru Bəşər Əsədin dəstəklənməsi və Böyük Britaniyada yaşayan keçmiş casus Sergey Skripalın zəhərlənməsi. Qərbin arsenalında iqtisadi sanksiyalar, diplomatların qovulması və hərbi güc varsa, Rusiya hələlik yalnız diplomatiya sahəsində cavab addımları atmaqla və səsləndirilən ittihamları rədd etməklə məşğuldur.

Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxiləsi və Trampın seçki qərargahı ilə Moskvanın sövdələşməyə getdiyi (bunu həm Ağ Ev, həm də Kreml inkar edir) haqda məlumatları FTB və Konqres araşdırır. Məsələyə hətta «Facebook» da qarışıb. Şirkətin rəhbəri Mark Zukerberq ABŞ Konqresində aprelin 10-da keçirilmiş açıq dinləmələrdə bu boyda nəhəng sosial şəbəkə istifadəçilərinin məlumatlarının üçüncü şəxslərin əlinə necə keçə biləcəyi haqda danışıb. Onlardan 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisində və Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsilə bağlı referendumda istifadə edildiyi ehtimal olunur. Zukerberq təəssüflə Rusiyanın sosial şəbəkələrdəki fəaliyyətinə «ləng reaksiya göstərildiyini» təəssüflə dilə gətirməklə yanaşı, baş verənləri gözlənilmədən Rusiya ilə internet məkanında «silahlanma yarışı» adlandırıb.

Beləliklə, Trampın inauqurasiyasından, təxminən, ilyarım keçsə də, bu məsələyə diqqət nəinki azalmır, əksinə getdikcə artır. Bu, şübhəsiz ki, Donald Tramp üçün də narahatlıq yaradır.

İstintaq üzrə xüsusi prokuror, FTB-nin sabiq rəhbəri Robert Mülleri əminliklə Ağ Evin hazırkı rəhbərinin əsas düşməni adlandırmaq olar. Tramp çıxışlarında Müller və ABŞ-a kənar təhlükələrə (əsasən Rusiya, İran və KXDR) eyni emosionallıqla yanaşır, eyni qədər vaxt və güc sərf edir. Bəzi müşahidəçilərsə hesab edir ki, Kreml-Tramp sövdələşməsi haqda deyilənlər əsaslı olsa da, olmasa da, artıq Ağ Ev sahibinin Moskva ilə münasibət qurması ABŞ prezidentinin imici üçün çox təhlükəlidir. Məsələn, Britaniyanın «The Spectator» nəşri yazır ki, Ağ Ev rəhbəri Bill Klintonun «yarımekran prezidentliyi» yolu ilə getməyə çalışır. O zaman CNN ekranın bir tərəfində gecənin qaranlığında İraq istiqamətində uçan raketləri, digər tərəfində isə Klinton seksual əlaqələrlə bağlı ittihamlara cavablarını nümayiş etdirirdi. İndi isə Tramp sanki «FTB-yə və Suriyaya qarşı müharibələr»i «balanslaşdırmaqla» məşğuldur.

 

Skripal işi

Bu arada okeanın o tayında daha bir qalmaqal getdikcə qızışmaqdadır. Söhbət martın 4-də Britaniyada keçmiş rus casusu, Baş Kəşfiyyat İdarəsinin (BKİ) sabiq zabiti Sergey Skripal ilə qızı Yuliyanın zəhərlənməsindən gedir. Böyük Britaniyanın baş naziri Tereza Mey parlamentdəki çıxışında deyib: «Bu, ya Rusiya dövlətinin birbaşa ölkəmizə qarşı addımıdır, ya da Rusiya hökuməti əsəb sistemini faciəvi şəkildə iflic edən maddəyə nəzarəti itirib və onun başqalarının əlinə düşməsinə imkan verib».

İttihamlar kifayət qədər ciddidir. Odur ki, nəticədə, Rusiya diplomatlarının ABŞ və bir sıra Qərb dövlətlərindən, həmçinin Kanadadan kütləvi şəkildə qovulması təəccüblü deyil. Vaşinqton baş verənlərin fonunda Rusiyanın nəhəng şirkətlərinə qarşı yeni sanksiyalar da tətbiq edib. Üstəlik, sanksiyalar yalnız ruslarla tərəfdaşlıq edən ABŞ vətəndaşları və şirkətlərinə deyil, həm də onların üçüncü ölkələrdəki tərəfdaşlarına yönəlib. Nəticə isə özünü çox gözlətməyib. Sanksiyaların tətbiqinin ilk günlərindəcə rusiyalı oliqarxlar - Oleq Deripaska, Viktor Vekselberq, İqor Rotenberq, Kiril Şamalov - milyardlarla dollar itiriblər. London birjasında «Lukoyl», «Novateka», NLMK, «Fosaqro», «Polyus Zolota», «Rosneft», «Surqutnefteqaz», «Rusal» kimi şirkətlərin səhmləri kəskin ucuzlaşıb, ardınca isə dərhal rubl dəyərini itirməyə başlayıb. Məsələnin miqyasını dərk etmək üçün bir rəqəmə diqqət yetirmək kifayətdir : ABŞ Statistika Xidmətinin məlumatına görə, indiyədək Rusiya Birləşmiş Ştatlara 17 milyard dollarlıq mal tədarük edirdi (bu, ümumilikdə Rusiya ixracının 4,7%-dir) - neft, metallar, nüvə yanacağı, mineral gübrə və balıq. Bu, ABŞ-a birbaşa göndərilən mallardır.

Moskvanın cavabına gəlincə, o da analoji sayda əcnəbi diplomatı persona non-qrata elan edib, British Council nümayəndəliyini bağlayıb. Lakin Rusiya iqtisadiyyatının qarşı tərəfə analoji cavab vermək imkanı yoxdur. ABŞ Rusiyadan titan, raket mühərrikləri, AES üçün yanacaq alır. Amma Amerika ilə ticarətdən imtina daha çox Rusiyaya zərbə vurur. Üstəlik, görünən odur ki, Vaşinqton yeni sanksiyaların tətbiqinə də hazırlaşır. Bu üzdən də, Kreml, deyəsən, vəziyyətə uyğunlaşır və ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxilə məsələsində olduğu kimi, «Skripal işi»nin də «planlaşdırılmış təxribat» olduğunu deyir. Moskva bildirir ki, burada məqsəd «Rusiyadan bədheybət yaratmaq və onu təcrid vəziyyətinə salmaqdır». Bununla yanaşı, ruslar bu işdə Meyin «Brexit»lə əlaqədar yaranmış daxili problemlərdən diqqəti yayındırmaq cəhdini də görür.

 

Suriyada eskalasiya

Maraqlıdır ki, Suriyadakı son eskalasiyanın da əsas səbəblərindən biri kimyəvi silahdır. Suriya-Amerika Tibb Cəmiyyəti (SAMS/SAMO) və bir sıra digər yerli təşkilatlar bəyan edib ki, aprelin əvvəlində Şərqi Qutun Dəməşqin nəzarətində olmayan sonuncu yaşayış məntəqəsi olan Duma şəhərinin ələ keçirilməsi zamanı Suriyanın hökumət qüvvələri kimyəvi silahdan istifadə edib. Nəticədə, dinc əhali zərər çəkib. Vaşinqton isə öz növbəsində, buna görə məsuliyyəti Bəşər Əsədi dəstəkləyən Moskva ilə Tehranın üzərinə qoyub. ABŞ dərhal buna «kollektiv hərbi cavabın» mümkünlüyünü də açıqlayıb. Presedent isə var - cəmi 1 il əvvəl Birləşmiş Ştatlar İdlib əyalətinə kimyəvi hücuma cavab olaraq Suriyadakı aviabazaya 59 «Tomoqavk» qanadlı raketi atmışdı.

Böyük Britaniyanın baş naziri Tereza Mey ilə Fransa prezidenti Emmanuel Makron dərhal ABŞ-a dəstək veriblər. Ardınca KİV və bloqlar Qərbin hərbi qüvvələri Suriya ətrafına cəmləməyə başladığı haqda məlumatlar yaymağa başlayıb.

Rusiya isə Əsəd ordusunun kimyəvi silahdan istifadə etdiyinə dair iddiaları rədd edir. Moskvada hesab edirlər ki, Qərb bununla sadəcə, Suriyaya kənardan hərbi müdaxiləyə əsas yaratmağa çalışır. Nəzərə alsaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov hədəfə götürüləcək ərazidə rusiyalı hərbçilərin olacağı təqdirdə, HHM sistemlərinin ABŞ raketləri və daşıyıcılarını vuracağına dair xəbərdarlıq etmişdi, artıq havadan Üçüncü Dünya müharibəsinin qoxusu gəlirdi.

 

Saxta reallıq

Əlbəttə ki, Kennedi ilə Xruşşovun vaxtında olduğu kimi, Putinlə Tramp da məsələni nüvə müharibəsinə aparıb çıxara bilməyəcəklər. Suriyadakı qarşılıqlı «güc nümayişi» Rusiya ilə Qərb arasında gedən və hər an dünyanın başqa nöqtəsində də özünü göstərə biləcək qarşıdurmanın yalnız bir epizodudur. Amma bu, heç kəsə nikbinlik üçün əsas vermir. Baş verənləri «soyuq müharibə»nin əlaməti adlandırmaq da doğru çıxmır. Çünki indi vəziyyət 56 il əvvəlkindən daha çətin və daha ciddidir. Çünki klassik, hər kəsə tanış qüvvələr nisbətinə baxmayaraq, baş verənlər beynəlxalq münasibətlərin ənənəvi qaydalarını darmadağın edir. İndi keçmişə boylananda anlayırsan ki, «qırmızı xətti», ideologiyası, sərhədləri, protokolları və nüfuz dairələri bəlli olan «soyuq müharibə» daha təhlükəsiz və «rahat» sistem təsiri bağışlayır. Bu gün bunların heç biri yoxdur - hər şey dağılıb və vəziyyət durmadan dəyişir. Artıq diplomatiya da dövlətlərarası əlaqələrdə xüsusi missiya olmaqdan çıxıb. Halbuki əsrlər boyu böhranlar zamanı son ümid məhz diplomatiyaya olub.

Daha bir ciddi məqam hadisələrin yeni informasiya erasında yaşanmasıdır. Bu eranın istər ayrı-ayrı insanlara, istərsə də bütövlükdə dövlətlərə təsiri hələ tam başa düşülmür (ən azı «Facebook»a ünvanlanmış ittihamlara diqqət yetirmək kifayətdir). Məsələn, Amerika prezidentinin xalqa, tərəfdaşlarına və ya düşmənlərinə müraciət ünvanlaması üçün mətbuat xidmətini narahat etməyə, yaxud mətbuat konfransı keçirməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə smartfon və bir neçə saniyə lazımdır - artıq Trampın müraciətini bütün dünya oxuyur: Suriya ilə bağlı ziddiyyətli «tvit»lər, gah Rusiyanı Amerika raketlərini «qarşılamağa» hazır olmağa, ya da silahlanma yarışını dayandırmağa çağırılması…

Yaxud hazırda dünyanın müxtəlif ölkələrinin XİN-i bir-birilə və ən əsası, tamaşaçıları ilə sosial şəbəkələr vasitəsilə danışır. Bununla yanaşı, KİV saysız-hesabsız yalan, saxta xəbərlərlə dolub, hər sosial şəbəkə istifadəçisi xüsusilə hərbi və ya siyasi ekspert kimi çıxış etməyə çalışır.

Bütün bunlar qarışıqlıq hörümçək toru, xaos yaradır və oriyentirlərin itirildiyi təəssüratını gücləndirir. Son dəfə adi suriyalıların səsi nə vaxt eşidilib? Bəşər Əsədin, yaxud onun əvəzinə danışan Putinlə Trampın yox, məhz adi suriyalıların… Görəsən, onlar nə istəyirlər? Vəziyyəti necə qiymətləndirirlər? Kimi günahkar sayırlar? Bu səs haradasa eşidildikdə belə, dərhal şübhə yaranır - görəsən, saxta deyil ki? Əslində, bu vəziyyət nüvə müharibəsindən daha təhlükəlidir...



MƏSLƏHƏT GÖR:

313