28 Mart 2024

Cümə axşamı, 20:41

ÖLÜM BRİQADALARI

Daşnak-bolşevik qüvvələri azərbaycanlıları yalnız Bakıda deyil, bütün Azərbaycan ərazisində məhv edirdi

Müəllif:

15.04.2018

1918-ci ilin yazı xalqımızın tarixində ən qanlı səhifələrdən biridir. Həmin vaxt Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin daşnak-bolşevik hərbi birləşmələri yalnız Bakıda deyil, Şamaxı, Quba və digər qəzalarda da azərbaycanlılara qarşı soyqırımı törədiblər.

 

«Bütün dəhşətləri kölgədə qoyan» vəhşilik

İstər Bakı, istərsə də Şamaxıda dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qətliamlar zamanı Tatevos Amiryanın (Amirov) başçılıq etdiyi daşnak yaraqlıları xüsusi amansızlıq göstərib. Amiryanın rəhbərlik etdiyi başkəsənlər, o cümlədən onun qardaşları Aleksandr, Armenak və Arsen cinsindən və yaşından asılı olmayaraq, qarşılarına çıxan bütün azərbaycanlıları qətlə yetiriblər…

Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı zamanı xüsusi amansızlıqla yadda qalmış daha bir cinayətkar Stepan Lalayan (Lalayev) olub. Amiryanla Lalayanın dəstələri Şamaxıda məşhur Cümə məscidi də daxil olmaqla, bütün məscidləri yandırıblar. Söhbət son dərəcə dəyərli memarlıq abidəsi, hələ o dövrdə yaşı 8 əsr olan Cümə məscidindən gedir. Üstəlik, bu məscid içərisində gizlənmiş uşaqlarla, qadın və qocalarla birlikdə yandırılıb…

«Azərbaycan» qəzeti 8 oktyabr 1918-ci il tarixli buraxılışında yazırdı: «Quldur dəstəsinin məşhur başçısı, insanların oğurlanması ilə məşğul olan T.Amirov «sosialist» ordusunun başına keçməsilə, Bakıda 6 minədək müdafiəsiz, yoxsul müsəlmanı məhv edib. Alçaq Styopa Lalayev isə daşnaklara («sosialistlər»in) başçılıq edərək, bir sıra məhəllələri müsəlman ziyalılarından «təmizləyib». O, insanları evlərindən çıxararaq küçədə güllələyib. Görünür, Şaumyan və ona bənzər «demokratiya aşiqləri», bu «əmək təcrübəsini» çox bəyəniblər və Əmirovla Lalayev başkəsən daşnak dəstəsilə birlikdə «əks-inqilabçılarla» mübarizə üçün Şamaxıya göndəriliblər... «Qırmızı-sosialist» dəstələri Amirov və Lalayevin başçılıq etdiyi «sosialistlər»lə birlikdə Şamaxıda da müsəlman əhaliyə qarşı qətliamlar törədib, 40-dək kəndi viran qoyub. Lalayevin Şamaxı müsəlmanlarına qarşı törətdiyi vəhşilik qarşısında bizim bütün bu müharibə ərzində gördüyümüz dəhşətlər kölgədə qalır. Onlar elə dəhşətli vəhşiliklər törədiblər ki, daşnak dəstələrinin bütün digər əməlləri kimi, bu da gizli saxlanıla bilməyib. Baş verənlər haqda hər yanda danışırlar. Hətta bolşevik orqanlarında belə, Şamaxıdan məruzə dərc olunub. Lakin orada Lalayevin vəhşiliyi haqda sadəcə bu fikrə rast gəlinir: «…Dinc insanlara qarşı müəyyən haqsızlıqlar da olub». Müsəlman əhaliyə qarşı kütləvi qətliam, hamilə qadınların qarnının deşilməsi, qızlara qarşı dəhşətli işgəncələr, onların məsciddə diri-diri yandırılması və s. - daşnaklar bütün bunları «müəyyən haqsızlıqlar» adlandırır. Amma Şaumyan hökuməti Şamaxı vəhşiliyini gizlədə bilmədi…».

Həqiqətən də, Lalayanın cinayətləri haqda xəbərlər qısa müddətdə hər yana yayılıb. Bu üzdən Bakı Soveti fövqəladə hərbi-istintaq komissiyası yaratmaq məcburiyyətində qalıb. Şamaxıda və digər qəzalarda müsəlmanlara qarşı həyata keçirilmiş zorakılıqlarla bağlı araşdırma aparan, bolşevik Kojemyakonun başçılıq etdiyi komissiya Lalayanı dinc əhaliyə qarşı qətliamın və şəhərin yandırılmasının günahkarı elan edib. Lakin yenə də «Azərbaycan» qəzeti o dövrdə yazırdı: «Kojemyako Lalayevi komissiyaya çağıraraq həbs edildiyini dedikdə Lalayev ona məhəl qoymayaraq Şaumyana zəng edib. Nəticədə, Şaumyan Kojemyakonu aparata çağıraraq deyib: «Lalayevi həbs etmək düzgün deyil. Bu, nə hoqqabazlıqdır?» «Demokratiya ideyaları uğrunda mübariz» cinayətkara arxa durub və Lalayev heç nə olmamış kimi, Daşnakasan Bürosundan verilmiş 167 mühafizəçisinin əhatəsində Velikoknyajeski prospektində gəzməyə gedib. Bəs, məhkəmə? 3-4 gün sonra qəzetlərdə fövqəladə hərbi-istintaq komissiyasının ləğv edildiyi haqda xəbərlər çıxıb…».

Daşnak Stepan Lalayanın cinayət əməllərini sonralar faciəvi hadisələrin şahidləri də öz ifadələrində dilə gətiriblər. Məsələn, bolşevik Boçarov bildirib ki, Bakı Sovetindən geniş mandat almış Lalayanın dəstəsi bir gecədə Şamaxını yerlə-yeksan edib, şəhər əhalisi isə kütləvi şəkildə qətliama məruz qalıb…

 

«Xəzər dənizindən Şahdağadək müsəlmanların nəslini kəsəcəyəm»

1918-ci ilin yazında azərbaycanlılara qarşı soyqırımın törədildiyi vaxt ən dəhşətli faciələrdən biri də Qubada qeydə alınıb. Aprelin ortalarında Bakı Soveti Quba qəzasında öz hakimiyyətini qurmaq üçün hərbi əməliyyata başlayıb. Bu məqsədlə oraya David Qelovaninin komandanlığı isə böyük bir dəstə göndərilib. Lakin yaxın kəndlərin sakinləri, xüsusilə ləzgilər bolşevik komandirə tabe olmaqdan imtina edib. Belə olan təqdirdə, Qubaya Ağacanyanın başçılığı altında ermənilərdən ibarət yeni «sovet» dəstəsi göndərilib. Lakin onlar yerli döyüşçülərlə qarşıdurmada məğlubiyyətə uğrayıblar. Bunun ardından Şaumyan Qubaya qatı daşnak, Bakıda fəaliyyət göstərən Erməni Milli Şurasının rəhbərlərindən olan Amazasp Srvantsyanın rəhbərliyilə daha bir erməni dəstəsi yollayıb. Artıq Bakı və Qarabağda dinc azərbaycanlıların məhvilə «zəngin təcrübə» yığmış daşnak cəllad bu dəfə dinc insanlara qarşı Qubada qətliam törədib. O, açıq şəkildə deyirdi: «Mən erməni qəhrəmanıyam… Xəzər dənizindən Şahdağadək müsəlmanların nəslini kəsəcəyəm».

Yuxarıda qeyd olunan Qelovaninin ADR-in Fövqəladə İstintaq Komissiyasına verdiyi ifadəsindən məlum olur ki, Srvantsyanın dəstəsi Qubaya şəxsən Stepan Şaumyanın göstərişilə qətliam törətməyə göndərilibmiş. Quba qəzasının Yəhudi qəsəbəsinin Qırmızı qvardiyasında qulluq etmiş bolşevik İlyantsev bu dəstənin Qubaya gəlişini belə xatırlayırdı: «Bir neçə gün sonra eşitdik ki, Amazapsın 1500 nəfərlik dəstəsi gəlib. Onlar yolboyu qarşılarına çıxan kəndlərə od vururdular. Sən demə, Amazaps buraya bolşevik kimi gəlibmiş. Lakin o və dəstəsi milli zəmində qətliam törədir, kəndləri, şəhərləri yandırır, əhalini talayırdılar…».

Hadisələrin daha bir şahidi, Qırmızı qvardiya dəstəsinin üzvü Mir Musa deyirdi: «Daşnak Amazaps türk əhaliyə divan tuturdu. Kütləvi terror, talan və qətl başlamışdı».

Amazapsın dəstəsi tərəfindən törədilmiş cinayətlər haqda məlumat daşnakların Qubaya «yürüş»ünün yeganə azərbaycanlı iştirakçısı, sonradan uzun illər Azərbaycan SSR-ə rəhbərlik etmiş Mircəfər Bağırovun xatirələrində də yer alır. Bağırovun 1923-cü ildə, Azərbaycan SSR-in Dövlət Siyasət İdarəsinə rəhbərlik etdiyi dövrdə yazdığı avtobioqrafiyasında 1918-ci il faciəsi ərəfəsində və həmin günlərdə Quba qəzasında baş verənlər detallı şəkildə göstərilib.

«Çox təəssüf edirəm ki, mən iradəmin əksinə olaraq, Qubada baş vermiş dəhşətli mənzərənin şahidi oldum», - deyə Bağırov yazıb: «Mən nəinki günahsız insanların daşnakların vəhşiliyindən xilas olması üçün heç bir ciddi iş görə bilmədim, hətta öz qohumlarımı belə, xilas etməyi bacarmadım. Əmim, 70 yaşlı qoca Mirtalıb, oğlu Mirhəşim, yeznəsi Hacı Heybət və digər qohumları vəhşicəsinə, süngülənərək öldürülmüşdülər».

Xeyli sonralar, Bağırov Azərbaycan KP MK-nın birinci katibi postundan kənarlaşdırılan və cinayət məsuliyyətinə cəlb olunan zaman bu hadisələrə qayıtmalı olmuşdu. 9 aprel 1954-cü ildə Butırskaya həbsxanasında SSRİ baş prokuroru R.Rudenkonun suallarını cavablandıran zaman Bağırov Amazapsın Qubada törətdiyi əməllərdə öz iştirak səviyyəsi haqda danışmalı idi. O, dəstəyə Bakı Xalq Komissarları Sovetinin Dağıstandakı fövqəladə səlahiyyətli nümayəndəsi V.Naneyşvilinin əmrilə qoşulduğunu söyləyib. Bağırovun sözlərinə görə, Naneyşvili ona «daşnakların mümkün qədər az vəhşilik etməsi üçün» dəstəyə nəzarət etməsini tapşırıbmış. Lakin Mircəfər Bağırovun özünün etiraf etdiyi kimi, daşnaklar bir həftə ərzində saysız-hesabsız günahsız insanı qətlə yetirə bilib.

Sənədlər Quba qəzasında 122 kəndin xaraba qoyulduğunu, minlərlə türk və ləzgi sakinin öldürüldüyünü təsdiqləyir. Üstəlik, Amazaspın bu «xidmət»ləri Şaumyan tərəfindən çox yüksək qiymətləndirilib. Qubadakı faciəvi hadisələrdən sonra o, Bakı Soveti tərəfindən yaradılan və daşnak yaraqlılarından ibarət olan hərbi briqadaya rəhbər təyin olunub.

Bakı Soveti Şərqi Türkiyədə və Azərbaycanın qərbində zorakılıqlar törədən erməni dəstələrinin rəhbərlərilə də əlaqə saxlayırmış. Beləliklə, Şaumyan, yəqin ki, Rusiyanın bolşevik hökumətinin 11 yanvar 1918-ci il tarixli dekretilə üzərinə düşən işi görməkdə idi. Söhbət Şərqi Anadoluda erməni dövlətinin yaradılması tapşırığından gedir. Bakı Sovetinin rəhbəri Naxçıvanda, Şərurda, Zəngəzurda azərbaycanlılara qarşı qətliamlar törədən hərbi dəstələrin başçısı Andranik Ozanyanın fəaliyyətini də yüksək qiymətləndirirdi. Onun Andranikə ünvanladığı teleqramda Ozanyan «əsl xalq qərhəmanı» kimi alqışlanırdı.

 

Hədəfdə Gəncə idi

Bakı Sovetinin Azərbaycan xalqına qarşı törətdiyi cəza tədbirlərindən sonra Bakıda və Bakı quberniyasında daşnak-bolşevik rejimi tam möhkəmlənmişdi. Burada Qırmızı ordunun daşnak silahlıları ilə birləşməsinin də böyük rolu var idi. Bakı Sovetinin sədri Şaumyan ilə bolşeviklərin Qafqaz ordusunun hərbi-inqilabi komitəsinin rəhbəri Korqanovun Erməni Milli Şurasının və «Daşnaksütyun» partiyasının rəhbərliyilə görüşündə Sovetin buraxılması, erməni milli hərbi hissələrinin ləğvi və onların «beynəlmiləl sovet qoşunları»na qoşulması haqda razılıq əldə edilmişdi.

1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti yaradılır. Burada da aparıcı postlar ermənilərə verilir. Şaumyan Bakı Xalq Komissarları Sovetinin rəhbəri və xarici məsələlər üzrə komissar olur. Bakı Sovetinin ordusu 20 batalyondan ibarət idi. Onlar Amazaps, Bəy-Zurabyan və Arutyunyanın rəhbərlik etdiyi 3 briqadada birləşmişdi. Korpus komandiri polkovnik Kazaryan, Qərargah rəisi polkovnik Avetisyan idi. İndi Bakı Soveti Azərbaycan milli hərəkatının mərkəzi olan Yelizavetpola (Gəncə) miqyaslı hücuma başlamışdı.

ADR-in yaranması ərəfəsində Şaumyan Sovet Rusiyasının rəhbərliyindən güclü hərbi, siyasi və maddi yardım almaq istəyirdi. O, RSSFR Xalq Komissarları Sovetinə mayın 24-də (yəni Azərbaycanın müstəqilliyini elan etməsindən bir neçə gün əvvəl) ünvanladığı məktubda Sovet Rusiyasının rəhbəri V.Leninə bundan əvvəl yazdığı məktuba cavab almadığından şikayətlənirdi. Elə həmin məktubda Şaumyan Qafqazda Sovet hakimiyyətinə kənar düşmənlər, ilk növbədə, Osmanlı Türkiyəsi tərəfindən təhdidlərin artdığına diqqət çəkirdi. Şaumyan əmin idi ki, Osmanlı ordusu tezliklə İranın şimal hissəsini, yəni Cənubi Azərbaycanı öz nəzarətinə götürmək niyyətindədir. O, bu bölgəni əbəs yerə «həddən ziyadə türkfil» adlandırmırdı.

Həmin günlərdə Zaqafqaziya dövlətçiliyinin taleyi həll olunurdu. Onun yaradılmasında regional antibolşevik qüvvələri, o cümlədən Azərbaycanın aparıcı siyasi təşkilatları iştirak edirdilər. Maraqlıdır ki, Şaumyan «Dördlü ittifaq» ölkələrilə aprelin 22-də yaradılmış Zaqafqaziya Federasiyası hökuməti arasında danışıqların getdiyi haqda xəbərləri başqalarından yox, məhz daşnaklardan almışdı. Sonuncular artıq Azərbaycan ərazisinə erməni dövlətinin yaradılmasına yol aça biləcək bütün «cəbhələr»lə işləyirdilər. Bu üzdən də, daşnak qrupları yalnız Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin ətrafında birləşməmişdilər. Onlar Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya hökuməti orqanlarına da «yan almışdılar». Şaumyanın 1918-ci ilin mayında Leninə məhz daşnaklara istinadən həyəcanlı xəbərdarlıq göndərməsi də təsadüf deyildi: «Daşnakların Tiflisdən aldıqları xəbərə görə, Batumidə gürcülərə Vilgelmin (Almaniya kayzeri - N.M.) protektoratlığı ilə muxtariyyət vəd edirlər. Zaqafqaziyanın bütün qalan hissəsi muxtar Azərbaycan olmalıdır».

Regiondakı çətin siyasi proseslər onun suverenliyini qaçılmaz edirdi. Burada söhbət həm də müstəqil Azərbaycan dövlətinin yaradılmasından gedirdi. Bunu Azərbaycanın öz xalqını xilas etmək üçün, sözün əsl mənasında, nəhəng işlər görən siyasi liderləri də anlayırdı.

 

 

 

İSMAYIL XAN ZIYADXANOV (1867-1920)

 

Azərbaycanın görkəmli dövlət və siyasi xadimi İsmayıl xan Əbülfət xan oğlu Ziyadxanov Gəncə xanlarından olan Ziyadoğlu nəslinin yetirməsidir. O, Gəncə xanlığının son hökmdarı Cavad xanın nəticəsidir.

 

Moskva Universitetinin hüquq fakültəsini bitirdikdən sonra İsmayıl xan Tiflis Dairə Məhkəməsi prokurorunun müavini vəzifəsində işləyib.

 

1905-ci ildə İ.Ziyadxanov azərbaycanlılara qarşı talanlar həyata keçirən erməni terrorçularına müqavimət göstərilməsi məqsədilə yaradılmış «Difai» təşkilatının rəhbərlərindən olub. 1907-ci ildə qarşısına müsəlmanların birliyi və maarifləndirilməsi məqsədi qoymuş «Müdafiə» partiyasına rəhbərliyə başlayıb və bu zaman Rusiyanın müstəmləkəçiliyinə qarşı gizli mübarizə aparıb. Elə həmin ilin martında Qafqaz və Krım müsəlmanlarının Yelizavetpolda (Gəncə) keçirilən qurultayında İsmayıl xan Ziyadxanovun rəhbərliyi ilə Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması haqda qərar qəbul edilib.

 

İsmayıl xan Ziyadxanovun aktiv siyasi fəaliyyəti 1906-cı ildə I Dövlət Dumasının deputatı seçilməsindən sonra daha parlaqlığı ilə ortaya çıxıb. Müsəlman fraksiyasına daxil olan Ziyadxanov aqrar islahatların tərəfdarı kimi çıxış edib, çarizmin köçürülmə siyasətinə, müsəlman əhalinin maraqlarının boğulmasına, yerli administrasiyanın azğınlığına qarşı çıxıb.

 

İsmayıl xan Dumanın buraxılmasına etiraz olaraq «Vıborq müraciəti»ni imzalamış deputatlardan biridir. Bununla, onlar imperiya əhalisini vergiləri ödəməkdən, rekrut mükəlləfiyyətindən imtinaya və digər itaətsizliyə çağırırdılar. Bir müddət sonra çağırışın müəllifləri məhkəməyə verilib və 1907-ci ilin dekabrında onlar məhkəmə qarşısına çıxarılıb. Başqaları ilə birgə «Rusiya əhalisini itaətsizliyə çağırmaqda» günahlandırılan İsmayıl xan Ziyadxanov da 3 ay həbsdə qalıb.

 

Onun ictimai-siyasi fəaliyyətində yeni mərhələ 1917-ci ilin Fevral inqilabından sonra başlayıb. Həmin il martın əvvəlində Gəncənin İctimai Təşkilatlarının İcraiyyə Komitəsi Ziyadxanovu şəhər milisinin rəisi təyin edib.

 

1918-ci ilin yazında İsmayıl xan Ziyadxanov Şamaxı və Göyçay qəzalarında daşnak hərbçilərilə döyüşən Azərbaycan silahlı dəstələrinə başçılıq edib. Ziyadxanovun dəstələri türk-müsəlman əhalisinin qətliamının qarşısını almaq üçün bu qəzalara Gəncədən göndərilmişdi. Daşnaklarla elə ilk döyüşdəcə Ziyadxanovun 300 atlıdan ibarət süvari polku düşməni darmadağın edərək, Şamaxını tam məhv olmaqdan qurtarıb. Bakı Sovetinin rəhbəri S.Şaumyanın Ziyadxanovu Azərbaycanda «ən təhlükəli insan» adlandırması da təsadüf deyildi.

 

Azərbaycan Demokratik Respublikasının (ADR) elan olunmasından sonra İsmayıl xan Ziyadxanov özünü müstəqil Vətənin ən ardıcıl qayğıkeşlərindən biri kimi göstərib. İkinci hökumətdəki dəyişikliklərdən sonra o, hərbi məsələlər üzrə səlahiyyətli şəxs postunu tutub. Bir qədər sonra isə gənc dövlətin diplomatik xidmətinin qurulmasında əhəmiyyətli rol oynayıb.

 

1919-cu ilin yazında Ziyadxanov Azərbaycanın Fövqəladə diplomatik missiyasının başında İranın şah rejimi ilə danışıqlara göndərilib. Onun başçılıq etdiyi missiyanın fəaliyyəti nəticəsində Tehranda ADR-in daimi nümayəndəliyinin, həmçinin İranın bir sıra şəhərlərində konsulluqlarının açılması haqda razılıq əldə edilib. Bundan başqa, Azərbaycanla İran arasında ticarət, poçt-teleqraf və digər sahələrdə əməkdaşlığa dair saziş layihələri də hazırlanmışdı.

 

ADR-in Sovet Rusiyası tərəfindən işğalından və 1920-ci ildə Gəncədə may qiyamının yatırılmasından qısa müddət sonra isə İsmayıl xan Ziyadxanov bir çox digər vətənpərvər azərbaycanlı kimi güllələnib. Lakin onun xatirəsi Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub - həmvətənlərinin azadlığı uğrunda fədakar döyüşçü kimi.

 



MƏSLƏHƏT GÖR:

398