29 Mart 2024

Cümə, 10:15

MİKELANCELONUN «ÜÇÜNCÜ CƏNNƏTİ»

Onu görmək üçün sadəcə italyan rəssamı Pistolettonun Bakıdakı sərgisinə baş çəkmək yetərlidir

Müəllif:

01.05.2018

YARAT! Müasir İncəsənət Mərkəzində italyan rəssamı Mikelancelo Pistolettonun "Üçüncü cənnət" adlı fərdi sərgisi keçirilir, sərgi iyun ayına qədər davam edəcək. Ekspozisiyada rəssamın artıq Avropa ölkələrində, Türkiyədə, Yaponiyada və Rusiyada göstərilmiş əsərləri təqdim edilir. "Üçüncü cənnət" ideyası gələcəyin insanı üçün daha harmonik məkan kimi "Arte Povera" cərəyanının yaradıcılarından biri olan rəssamın bütün işlərində özünü göstərir.

 

Yoxsulların incəsənəti

"Arta Povera" sözü hərfi mənada "yoxsul incəsənəti" deməkdir. Bu anlayış ötən əsrin 60-cı illərinin sonlarında sənətşünas Cermano Çelant tərəfindən gündəmə gətirilib. Çelant ənənəvi sənət qaydalarını təkzib edən və yeni formalar yaratmağa çalışan narahat gənclərin hərəkatının ideoloqu idi. 60-cı illərin sonlarında italyan rəssamlarının yoxsul incəsənəti belə yarandı. Çelant bildirirdi: "Biz mədəniyyətsizləşmə dövründə yaşayırıq. İncəsənət qaydaları çökür, rəmzlərin dili yox olur".

Beləliklə, incəsənət özünün kanonik mənasında incəsənət olmaqdan çıxırdı. Gənclərin akademik qaydalara qarşı etirazı aşağıdakı ideyalar istiqamətinə yönəlirdi: sənaye və ənənəvi incəsənət materiallarından imtina edərək adi materiallara - cındır, ot, paslı dəmir və digər yarımtullantılara meyil; texnologiya istifadəsindən imtina və emalatxanaya qayıtmaq; təbiət və sənaye arasındakı dialoq; incəsənət və həyatın birləşməsi; banal əşyaların bədii kontekstinə inteqrasiya.

Beləliklə, Mikelancelo Pistoletto "arte povera"nın ustadı hesab olunur. O, 1933-cü ildə İtaliyanın Biella şəhərində doğulub. Multidisüiplinar "İncəsənət şəhəri" ("Çita Delarte") layihəsinin yaradıcısı, "Qızıl şir" (Venesiya Biennalesi, 2003) mükafatı laureatıdır. Özünü (digər yoldaşları kimi) siyasi rəssam sayırdı, sənətin ictimai roluna inanırdı, ümid edirdi ki, "yoxsul" materiallardan istifadə incəsənətlə bağlı ənənəvi yığım və kolleksiya məhsulu təsəvvürlərini məhv eləməsə də, incəsənət dünyasını doldurmuş kommersializmi zəiflədər.

"İncəsənət şəhəri" Pistoletto tərəfindən təşkil edilən bir bədii kommunaldır və onun tərəfindən alınan zavod ərazisində fəaliyyət göstərir. Kommuna üzvləri təsadüfi yox, olduqca şüurlu şəkildə öz üzərlərinə təsviri incəsənət missiyası götürərək bütün dünya üzrə "üçüncü cənnət" ideyasını təcəssüm etdirən obyekt və hadisələr şəbəkəsini qururlar. Rəssamlar (20-ci əsrdə bir daha!) sənətin əmtəə statusunu məhv etməyə çalışdılar. Bunun naminə onlar ənənəvi boya və kətandan imtina edərək cındırdan, qəzetdən, şüşədən və digər ucuz materiallardan, bəzən zibildən istifadə edirlər. Beləliklə, onlar incəsənəti həyata yaxınlaşdırmağa çalışdılar..

Mikelancelo Pistolettoda bu istiqamətin xrestomatik işləri var və o, bu işləri bir çox biennalelərdə sərgiləyib. Bu, «Cındırlı Venera»dır. İş belə görünür: rəngli paltar yığının fonunda Venera arxası tamaşaçıya doğru dayanır. Arxası ilə bizə dayanaraq, sanki bu əşya yığının keçici dəyərlər olduğu fikrini vurğulayır. Onlar əbədi deyillər. Onların zamanı çox sürətlə keçir. Amma Venera gözəlliyin, ideal formanın təcəssümüdr: həyatın özü kimi əbədi və sonsuz bir anlayışın.

 

"Venera - sənsən"

Bir iş bir qədər yenilənmiş versiyada bizim sərgidə də var. Yalnız bir fərqlə, ilahə Veneranın fiquru yoxdur. Sərgi salonunu əhatələyən güzgü var. Onun hər iki tərəfində geyim qalaqları var: bir tərəfdə ağ, digər tərəfdə rəngli geyimlər. Bu səbəbdən, hər kimi bu paltar qalaqlarından xoşuna gələn biri tərəfə gedərsə, özünü Venera kimi hiss etməsə də, əbədi gözəllik və kamillik kimi anlayışlara aid əbədi dəyər saya bilər. Belə çıxır ki, güzgüyə baxan hər kəs Veneradır. Yəni fani və sürətlə yox olan dəyərlər fonunda dəqiq və aydın ifadə olunmuş formanın təcəssümü.

Rəssam, ümumiyyətlə, güzgülərlə işləməyi sevir. Onlar maqnetik, sehrli və mistik imkanları ilə ovsunlayaraq sanki onu cəzb edirlər. Güzgülər parçalanmış gerçəkliyin qəlpələri kimidir. Güzgülər sanki gerçək dünyadan paralel dünyaya aparan labirintdir. Güzgülər sanki paralel imkanlar dünyası və insanın özünə aparan yoldur. Həm də sanki gələcəyə aparan portaldır. Ustadın ikiqat səkkizliklə şifrələdiyi ideal gerçəkliyə aparan portal.

 

«Səkkizlik kodu»

Ezoterikada: çevrilmiş səkkizlik iki əks dünyanın rəmzidir. Kamilləşmənin sonsuzluğunu, kişi və qadın başlanğıclarının birləşməsini, onların sonsuz harmoniyasını; işıq və qaranlığı, doğum və ölümü göstərir.

Fəlsəfədə: sonsuzluq məkan və zamanın atributudur. Zaman ruhun bir ilgəkdən keçməsi üçün lazım olan sürətdir. Məkan bir ilgəklə məhdudlaşır. İnsan özünü dəyişdirərək başqa bir ilgəklə əlaqə qura bilər. Fiziki bədəndə həyat - sağ tərəf ilgəkdir, ölümdən sonra - sol tərəf ilgəyi başlayır.

Ədəbiyyat: Vladimir Nabokov "Vergi" əsərində qəhrəmanın yaradıcı inkişaf yolunu izləyərək sonsuzluğun rəmzini Möbius lenti şəklində istifadə edir, bu sonsuz təkmilləşmə, uyğun olaraq mənəvi, intellektual və peşəkər dəyişmə prosesinə çevrilir. Fantast Armin Deyç "Möbius vərəqi" hekayəsində xəbərdarlıq edir: sonsuzluqla zarafat etmək olmaz, əks halda zaman və məkanda ərimək olar.

 

Sinyor Pistolettodan yeni İntibah nəzəriyyəsi

"Üçüncü cənnət" barədə bədii ideyanın praktiki təcəssümü ilə rəssam artıq on ildən çoxdur ki, məşğul olur. Bu konsepsiyanın ideyasının əsasında onun öz fəlsəfəsi dayanır və bu fəlsəfə iki sonsuz, birinin bir halqasının o birinin halqasının üzərinə keçirilərək birləşdirilmiş və bu kompozisiyanın ən böyük hissəsini təşkil edin iki səkkizliyə əsaslanır.

Sinyor Pistoletto əmindir ki, insan həyatı "qütb əsaslarından ibarətdir: həyat və ölümdən, qara və ağdan, yararlı və zərərlidən, ictimai və özəldən. Lakin yalnız indi adi sonsuzluq işarəsini üçlü vəhdət kompozisiyası ilə əvəz etmək olar, bunun üçün onu yaradıcı sintez məkanının, yəni harmoniyanın mərkəzinə yerləşdirmək lazımdır.

Nə üçün dördüncü yox, beşinci yox, üçüncü cənnət? Cavab sadədir. Birinci təbiətdir, doğulduqdan sonra insanın daxil olduğu dünyadır. Təbiət insanın dünya harmoniyasını anlaması və nail olması üçün yaradılıb. Amma insan bunu anlamadan təbiətlə mübarizə etməyə, hakim mövqe tutmağa çalışır. İkinci cənnət insanın mənəvi yox, intellektual səylərinin nəticəsidir, bu səylər aqressiv başlanğıclı maddi dünya yaradır. İnkişaf edən texnologiyalar təbiəti ilə qarşıdurmaya girir və bəşəriyyəti təhlükəli özünü məhv nöqtəsinə gətirib.

"Üçüncü cənnət" insanın və təbiətin harmonik birləşmə imkanıdır. Yəni bu, yeni məkanını doğuşudur və orada təbiətlə ahəngdar birlikdə yaşayacaq insanların yaradıcı səyləri nəticəsində yeni sivilizasiya yaranacaq. Ancaq rəssam xəbərdarlıq edir ki, sonsuzluq rəmzi daima daim əldən qaçmağa meyillidir, çünki "sonsuzluğa nail olmaq mümkün deyil, sonsuzluq elə azadlıqdır - ziddiyyətlərin yox olmasından yaranır və ona üçüncü - əsas element əlavə: mərkəzi sintez məkanı, yəni yaradıcılıq".

 

Güzgü rəsmləri

Güzgü mistik əşyadır. Qədim xalqların dünyalar arasındakı sərhəd haqqında, əks olunanla əks edən arasında sehrli əlaqənin olması barədə düşüncələri güzgü ilə bağlıdır. Güzgü real və paralel dünya arasında görünən və görünməyən əlaqələri həyata keçirir. Bir çox xalqların folklorunda güzgü insanın ruhunun və həyatının, onun keçmişinin və gələcəyinin əksidir. Sinyor Pistoletto bir bədii material kimi güzgülərlə işləməyi çox sevir.

Onun "güzgü rəsmləri"ndə yalnız tamaşaçılar deyil, həm də sənətkarın özü tərəfindən işlənmiş naturalist heykəllər əks etdirilir. Belə işlər çoxdur. Onların bəziləri Bakıya da gətirilib. Onlar ustad tərəfindən həkk olunmuş gerçəklik və sizin gəlişinizlə aynada əks olunan ani reallıq əks etdirilir. Müəllifin təklif etdiyi süjet, bax, indi və təbii ki, sizin bu süjetdə iştirakınızla dolğunlaşır. Siz istənilən bir işin qarşısında dura bilərsiniz və özünüzü sənətkarın həkk etdiyi personajla dialoqda görə bilərsiniz.

Qəribəliyə qədər qeyri-adi hissdir! Fantaziyası yüksək inkişaf etmiş və fəza hissi itmiş insanlara elə gələ bilər ki, onlar Lyuis Kerrollun qəhrəmanı Alisa kimi güzgünün arxasındakı Sehrlər ölkəsində hərəkət edirlər. Güzgü təsviri bir personajla təmsil edildiyi zaman bu, xüsusilə hiss olunur. Məsələn, dalğın bir şəkildə sürahiyə əyilmiş qızı, yaxud idmançı oğlanı, güzgüdə öz əksi ilə danışan real heykəli, yaxud avtoportreti göstərmək olar!

Güzgü Sinyor Pistolettosuna ayaqüstə baxan zaman ikiqat gerçəklik alınır: burada və indi - orada və əksinə, - güzgü əksində sən özünü onun arxasında tapırsan. Təsiri demək olar ki, mistikdir! Ən azından, görmə qavrayışı səviyyəsində belədir. Rəssam Mikelancelo Pistoletto məhz bu nailiyyətlərinə görə 2003-cü ildə Venesiya biennalesində "Həyat boyu müvəffəqiyyət" anlayışlı xüsusi "Qızıl şir" mükafatı alıb.

Sinyor Pistoletto altmışların istənilən təmsilçisi kimi radikal utopistdir. Onun fikrincə, onun işləri dünyanı yaxşıya dəyişir. O, hələ də əvvəlki kimi davamlı yaradıcı axtarışdadır - insan həyatının əsl mənasını, dünyanın varlığının mənası, həmçinin ideal gözəlliyin nə demək olduğunu axtarır.

Hər şeydə. O inanır ki, bir vaxt Adəm və Həvva «birinci cənnət»dən qovulduğu kimi, bəz də "üçüncü cənnəti" əldən vermərik. İkinci cənnət - təəssüf ki, heç bir yeni qacetin xoşbəxtlik gətirmədiyi texnoutopiya cənnətidir. Ümumiyyətlə, xoşbəxtlik nədir? "Üçüncü cənnət" konsepsiyasına görə - bu sonsuzluğun sonsuzadək araşdırılmasıdır. 23 iyunda ustadın 85 yaşı tamam olur və o, hələ də yorulmadan axtarışa davam edir.



MƏSLƏHƏT GÖR:

383