23 Aprel 2024

Çərşənbə axşamı, 12:18

YENƏ BARIT QOXUSU GƏLİR

Fələstin-İsrail münaqişəsinin qızışması regionda daha bir müharibəyə yol aça bilər

Müəllif:

01.05.2018

Yaxın Şərqin ən uzun və ağrılı münaqişəsi növbəti dəfə miqyaslı müharibə vəd edən gərginlik fazasını yaşamaqdadır. Qəzza sektorunda fələstinlilərlə İsrail ordusu arasında son illərin ən ciddi toqquşması baş verib.

 

«Böyük qayıdış marşı»

Martın sonlarından Fələstində yenə qan axır. İsrail hərbçilərilə toqquşmalar nəticəsində ən azı 17 fələstinli həlak olub, yüzlərlə yaralı var. Söhbət Qəzza ilə İsrailin sərhədində nümayişə çıxmış insanlardan gedir.

Rəsmi Təl-Əviv Qəzza zolağının dinc əhalisinə qarşı heç bir güc tətbiq olunmadığını iddia edir, ordunun HƏMAS və yəhudi dövlətinə qarşı silahlı mübarizə aparan digər Fələstin təşkilatlarının fəallarına qarşı əməliyyat keçirdiyini bildirir. İsrailin Müdafiə Ordusunun rəsmi açıqlamasında deyilir ki, Qəzza zolağında baş vermiş son iğtişaşlar zamanı «terrorçuluq fəaliyyətilə tanınmış ən azı 10 nəfər öldürülüb».

Qəzza zolağının hakimi olan HƏMAS isə dünyasını dəyişmiş şəxslərdən yalnız 5-nin qruplaşmanın üzvü olduğunu bildirir.

Fələstin Milli Administrasiyasının başçısı, FƏTH hərəkatının lideri Mahmud Abbas da zorakılığa görə İsrailin məsuliyyət daşıdığını bəyan edib. Onun iddiasını cavablandıran İsrailin baş naziri Binyamin Netanyahu isə yəhudi dövlətinin öz suverenliyini və vətəndaşlarını qorumaqla məşğul olduğunu söyləyib.

İğtişaşlar minlərlə fələstinlinin İsraillə sərhəddə «Böyük qayıdış marşı»na çıxması ilə başlayıb. Nümayişçilər küçələrə fələstinli qaçqınların öz torpaqlarına qaytarılması tələbilə çıxıb. Etiraz aksiyası fələstinlilərin «Nakboy» («Fəlakət») gününü qeyd etdikləri 15 mayda başa çatmalıdır. Bu, 1948-ci ildə İsrail dövlətinin yaradılmasının səhəri gün fələstinlilərin bölgədən qovulduğu gündür.

Beləliklə, fələstinlilər «Böyük qayıdış marşı»nı İsrailin işğalının 70-ci ildönümünə həsr edib. Bu üzdən, ən azı mayın 15-dək sərhəddə vəziyyətin gərgin olacağını gözləmək mümkündür. Bununla yanaşı, artıq regiondan yumşaq desək, növbəti miqyaslı müharibənin qoxusu gəlir. Aprelin 9-da İsrail aviasiyası Qəzza zolağında anklava rəhbərlik edən HƏMAS-ın obyektlərinə zərbələr endirib. Təl-Əviv bunu fələstinli yaraqlıların sərhədi keçmək cəhdlərinin qarşısının alınması kimi təqdim edir.

Lakin bütün baş verənlər, sadəcə, Fələstin-İsrail qarşıdurmasının detallarıdır. Fələstinlilər üçün motivasiya və ümumiyyətlə, Qəzza sektoru ətrafında bitmək bilməyən qarşıdurmaların xarakteri 3 din üçün müqqədəs olan bu torpaqlarda illərdir davam edən münaqişənin məğzilə birbaşa bağlıdır. Münaqişənin ilkin səbəbi də yəhudilərlə fələstinli ərəblər arasında ərazi bölgüsüdür.

Bu gün dünyada 5 milyonadək fələstinli var. Onların əcdadları məhz ərəb-İsrail münaqişəsi nəticəsində qaçqına çevriliblər. Bu zaman onlar nəinki torpaqlarını itirib, mülklərini də Qəzza sektoru, İordan çayının qərb sahili və bilavasitə indiki İsrail dövlətinin ərazisində qoymağa məcbur olublar. Fələstinli qaçqınlar bu gün istər Fələstin muxtariyyətilə yanaşı, dünyanın bir çox ölkəsinə də səpələnib. İsrail məhz fələstinli qaçqınlar «ordu»sunun böyüklüyünü nəzərə alaraq, onların geri, xüsusilə İsrailin ərazisinə qayıtmaq haqqını tanımır. Təl-Əviv bu halda yəhudilərin öz dövlətlərində çoxluq statusunu itirə biləcəyindən narahatdır.

Beynəlxalq hüquqi sənədlər və münaqişənin həllinə çalışan vasitəçi fövqəldövlətlər problemin iki dövlət prinsipi əsasında çözülməsini tələb edir - İsrail və Fələstin (İordan çayının qərb sahili və Qəzza sektoru daxil olmaqla). Lakin İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələri, həmçinin Şərqi Qüds problemi bu variantın həllinə imkan vermir. Yeri gəlmişkən, BMT-nin qərarına əsasən, gələcək Fələstin dövlətinin paytaxtı məhz Şərqi Qüds olmalıdır.

İsrail isə Qüdsü özünün ayrılmaz hissəsi və paytaxtı sayır. Onun bu mövqeyini ABŞ da dəstəkləyir. Üstəlik, Vaşinqton bu yaxınlarda Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdığını elan edib, bununla da, beynəlxalq ictimaiyyətin illərdir davam edən bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün göstərdiyi səylərin qarşısına sanki bir sədd çəkib. Bütün bunlarla yanaşı, beynəlxalq birliyin böyük bir hissəsi «Böyük qayıdış marşı»nın iştirakçısı olan fələstinlilərə güc tətbiqini kəskin şəkildə pisləyib.

 

Dünya sülhə çağırır

İsrail Ordusunun əməllərini Ərəb Dövlətləri Liqası, həmçinin ayrı-ayrılıqda ərəb ölkələri də pisləyib. Məsələn, İordaniya parlamenti beynəlxalq birliyi fələstinlilərin iztirabına son qoymağa, onların qanuni hüquqlarının bərpasına şərait yaratmağa çağırıb.

İsraili sərt tənqid edənlərdən biri də İrandır. İslam respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama hərəkatının Bakıda keçirilmiş nazirlər konfransı zamanı BMT çərçivəsində kollektiv fəaliyyətin vacibliyini bildirib, Fələstində baş vermiş son faciəvi hadisələrin araşdırılması üçün beynəlxalq mexanizmin yaradılmalı olduğunu deyib. Onun fikrincə, son hadisələrin günahkarları məsuliyyətə cəlb olunmalı, ən vacibi isə fələstinlilərin hüquqları tam bərpa edilməli, müstəqil Fələstin dövləti yaradılmalıdır.

İsrailin siyasətinə qarşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da barışmaz mövqe tutur. O, İsrailin «terrorçuluq»da, «insanlığa sığmayan hücumlar» təşkil etməkdə günahlandırıb, İsrailin baş naziri Netanyahunu isə «işğalçı» və «terrorçu» adlandırıb.

Yeri gəlmişkən, Fələstin-İsrail münaqişəsinin yenidən qızışması son zamanlar Ankara ilə Təl-Əvivin münasibətlərində müşahidə olunan yaxınlaşmanı da poza bilər. Ərdoğanın bəyanatı və Türkiyənin xarici siyasətini tənqid atəşinə tutmuş Netanyahunun ona sərtlikdə geri qalmayan cavabından sonra onsuz da yaxşı olmayan Türkiyə-İsrail münasibətlərinin yenidən gərginləşəcəyi istisna deyil.

Bu arada İsrailin «dinc sakinlərə qarşı güc tətbiqini» Rusiya da pisləyib. Moskva, eyni zamanda İsraillə Fələstin arasında vasitəçilik etməyə hazır olduğunu da bəyan edib.

İsrail Ordusunun fələstinlilərə qarşı addımlarını pisləyənlər arasında bəzi Avropa dövlətləri də var. Məsələn, ənənəvi olaraq İsrailin Fələstin ərazilərini işğal etməsini pisləyən Fransa. Paris İsrail hökumətini Qəzza sektoru ilə sərhəddə baş verənlərə təmkinlə yanaşmağa çağırıb, Təl-Əvivə «fələstinlilərin dinc nümayiş keçirmək hüququnun olduğunu» xatırladıb.

Avropa İttifaqına gəlincə, Avropa diplomatiyasının başçısı Federika Moqerini də İsrail ordusunun haqlı olduğuna şübhə ilə yanaşır. «İsrailin öz sərhədlərini qorumaq hüququ olsa da, güc tətbiqi hər zaman proporsional olmalıdır», - deyə Moqerininin bəyanatında bildirilir. O, İsrail-Fələstin sərhədində baş vermiş toqquşmalarla bağlı müstəqil araşdırma aparılmasının vacibliyini qeyd edib.

İsraillilərlə fələstinlilər arasında baş vermiş son toqquşmalar BMT Təhlükəsizlik Şurasında da müzakirə olunub. TŞ-nin İsrailin əməllərini pisləyən layihəsinə yalnız ABŞ qarşı çıxıb. Fələstin rəhbərliyi Vaşinqtonun bu mövqeyini «vicdansızlıq və məsuliyyətsizlik» kimi qiymətləndirib. Bu, fələstinlilərin ABŞ-a, onun vasitəçilik missiyasına inamsızlığının daha bir göstəricisidir. Bu inam ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi haqda qərar qəbul etməsindən sonra tam yox olub. Elə həmin vaxt Fələstin bundan sonra İsraillə danışıqlarda Vaşinqtonu vasitəçi kimi qəbul etmədiyini bəyan edib. Odur ki, Amerika diplomatiyasının BMT-dəki növbəti demarşı, yəni İsrailin əməllərini pisləyən qətnamənin qəbuluna veto qoyması Fələstin-ABŞ münasibətlərini daha da korlayıb. Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Qoşulmama hərəkatının Bakıda keçirilmiş toplantısındakı çıxışı zamanı ABŞ-ın «İsrailə ideoloji dəstəyini» əbəs yerə tənqid etməyib.

Bütün bu fikir ayrılıqları fonunda ortaya tam məntiqli sual çıxır: Fələstin-İsrail münaqişəsi regionunda problemin sülh yolu ilə həlli haqda danışmağın yersiz olduğu indiki şəraitdə, gərginliyin azaldılması üçün real imkanlar varmı? Təəssüf ki, tərəflərin buna hazır olduğunu göstərən heç bir əlamət yoxdur. Ənənəvi olaraq beynəlxalq vasitəçiliklə məşğul olan xarici qüvvələrin (ilk növbədə, ABŞ və Rusiya) düşərgəsində ikitirəliyin hökm sürməsisə vəziyyəti daha da ağırlaşdırır. Ümid edək ki, «Böyük qayıdış marşı» və İsrailin ona reaksiyası həddi aşmayacaq. Əks halda bu, regionda qarşısıalınmaz böyük müharibəyə aparıb çıxara bilər.



MƏSLƏHƏT GÖR:

324