25 Aprel 2024

Cümə axşamı, 13:35

«SOYUQ MÜHARİBƏ»: SİKVEL

BMT Təhlükəsizlik Şurasının sonu gəldimi?

Müəllif:

01.05.2018

Son dövrlərin ən vacib bəyanatını BMT-nin baş katibi Antoniu Qutyerreş səsləndirib. İsveçin SVT telekanalına bu yaxınlarda verdiyi müsahibəsində o, «soyuq müharibə»nin geri qayıtdığını və BMT TŞ-nin artıq effektiv olmadığını bildirib. «Artıq ABŞ ilə Rusiya əvvəllər olduğu kimi hər kəsə nəzarət etmir… İndi hər şeyi nəzarətdə saxlayan 2 blok yoxdur», - deyə baş katib bildirib.

Həqiqətən də, bu gün qarşı-qarşıya duran dövlətlər bloku yoxdur. Əslində, müttəfiqləri, demək olar ki, olmayan Rusiyanı Qərb ölkələri qrupuna bərabərgüclü rəqib saymaq mümkün deyil. Bəs, rəqiblərdən birinin digərindən xeyli zəif olduğu bir şəraitdə söhbət hansı müharibədən gedir?

 

Aydındır ki, heç nə aydın deyil

Amerika, Britaniya və Fransa hərbçilərinin Suriyaya hərbi zərbələr endirməsindən sonra vəziyyət daha da qarışıb və ziddiyyətlər dərinləşib. Beynəlxalq təşkilatlar da daxil olmaqla, heç kəs Duma şəhərində kimyəvi silahdan həqiqətən istifadə olunub-olunmadığına dair suala dəqiq cavab verə bilmir. Əgər bu baş veribsə, Suriya ordusunun onun köməyilə konkret nəyə nail olmağa çalışdığı da bəlli deyil. Koalisiyanın raket zərbələrinin məqsədi də qaranlıqdır. Qərb siyasətçiləri və KİV-i iddia edir ki, Vaşinqtonla müttəfiqləri sadəcə öz gücünü nümayiş etdirmək istəyib, Moskva isə hədələrinə rəğmən, onlara cavab verə bilməyib. Rusiya tərəfi əksinə, bildirir ki, koalisiya zərbələri Rusiya və İran qüvvələrinə yaxın hədəflərə yönəldilməyib və nəticədə, baş verənlər Şərqi Qutdakı hökumət qoşunlarına heç bir təsir göstərməyib. Daha bir maraqlı məqam: Amerika tərəfi aprelin 13-də atılmış raketlərin hamısının hədəfə dəydiyini, ruslar isə Suriya HHM sisteminin raketlərin əksəriyyətini tutduğunu deyir. Bundan başqa, Moskva artıq Suriyaya S-300 «Favorit» sistemlərinin tədarükünün «demək olar ki, həll olunduğunu» da bəyan edib. Onların vasitəsilə qısa müddətdə Suriyada eşelonlaşdırılmış HHM sisteminin yaradılması planlaşdırılır. Sosial şəbəkələrdə yer alan məlumatlara görə, komplekslər artıq Tartusa gətirilib.

Bütün bunlarla yanaşı, Suriyada bundan sonra da qalmağın lazım olub-olmadığına nə Kreml, nə də Ağ Ev qərar verə bilir. Halbuki, istər Putin, istərsə də Tramp belə planlarının olduğunu dəfələrlə bəyan ediblər.

 

Kremlin «mümkün imkanları»

Odur ki, rəqabətin əsasında nə liberal, nə də hər hansı başqa dəyərlər dayanır. Məqsəd, sadəcə, hökmranlıq etməkdir. Bu oyunda isə üstünlük ciddi şəkildə ABŞ-ın tərəfindədir - həm iqtisadi, həm hərbi, həm də texnoloji baxımdan. ABŞ-ın hərbi bazaları dünyanın hər yanında var. Onun müttəfiqləri də kifayət qədər çoxdur - NATO güclüdür və artıq Rusiyanın sərhədlərinədək genişlənib. İndi Ukrayna ilə Gürcüstan da alyansa qoşulmaq arzusundadır.

Rusiya ilə Qərb arasında iqtisadi paritetdən danışmaq olmaz. Hərbi sahəyə gəlincə, KTMT, ŞƏT kimi qurumlar gücünə görə Şimali Atlantika Alyansının «yanından belə, keçə bilməz». Üstəlik, Moskvanın tarixən etibarlı müttəfiqləri olmayıb və yoxdur. Məsələn, Kreml Suriyada İrana və ya Türkiyəyə tam arxalana bilməz. Çünki onların hərəsi öz oyununu oynayır. Rusların Bəşər Əsədə də etibar etməsi çətindir. Bu, Əsədi əvəzləyəcək hər hansı qüvvəyə də aiddir. Xüsusilə bu dağılmış ölkənin bərpası dövrü başladıqda Moskvanın orada kiməsə güvənməsi çətin olacaq.

Amma Birləşmiş Ştatlar Rusiyaya daha ciddi yanaşır və düşməninə özünəxas şəkildə əhəmiyyət verir. Məsələn, Vaşinqton Moskvanın ABŞ-da keçirilmiş prezident seçkisinə «uğurla» müdaxilə etdiyini bildirir. Yaxud bu yaxınlarda Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Kiaran Martin Rusiya tərəfindən kütləvi haker hücumlarına məruz qaldıqlarını bəyan edib və Moskvanı kiberaləmdə ölkəsinin ən güclü düşməni adlandırıb.

Belə çıxır ki, Moskva bu şəraitdə belə, mövqelərini əldən vermək niyyətində deyil və cavab üçün bütün «mümkün imkanlardan» istifadə edir - heç olmasa, internet məkanında. Ruslar düşmənləri arasındakı ziddiyyətlərdən ustalıqla yararlanmağa çalışır. Hər halda, bu gün ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkisində, yaxud Kataloniyada ötən il yaşanmış hadisələrdə, həqiqətən, rus izinin olub-olmadığını heç kəs dəqiq bilmir. Yaxud ABŞ-ın Rusiyaya sanksiya tətbiqilə bağlı vəziyyətə baxaq. Əksəriyyət əmindir ki, bu sanksiyalar nəticəsində, öz varidatını Sovet iqtisadiyyatının çöküşündən sonrakı 1990 və ya 2000-ci illərdə toplamış zəngin şəxslərinin cəzalandırılmasından sonra zərbə artıq Putin hakimiyyətinə dəyəcək. Bəlkə də, belədir. Amma kim bilir, bəlkə, Putinin «dostlar»ı ilə bağlı başqa planları var? Məsələn, o, «könüllü milliləşdirmə» haqda düşünür? Aprelin 25-də Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bunun tamamilə mümkün olduğuna eyham vurub. Belə olsa, Rusiya sənayesinin strateji əhəmiyyət daşıyan rıçaqları nəzərə çarpmayan, lakin etibarlı əllərə keçəcək. Putin isə reytinqini daha da artıracaq - adi insanların elə Deripaska haqda nə düşündüklərini bilmək üçün forumlara nəzər yetirmək kifayətdir.

Deyəsən, Kreml həm də müstəqil siyasət yürüdən və ya yürütməyə çalışan digər ölkələrin maraq «bulyon»unda yaxşı manevr etməyi də bacarır. Bəzən rəsmən elan olunmamış belə alyanslar, məsələn, NATO-nun nəhəng sistemindən dəfələrlə effektiv olur.

 

İran kartı

Suriyaya qayıdaraq qeyd edək ki, bu ölkə, yəqin ki, nə vaxtsa beynəlxalq münasibətlərdə yeni üslubun yarandığı poliqon adlandırılacaq. Söhbət sürətli, sərt və seçim imkanı tanımayan üslubdan gedir. Görünən odur ki, indi orada İran kartı da güclənməyə başlayacaq. Tehran Suriyadakı münaqişədən öz regional nüfuzunu artırmaq məqsədilə istifadə edir və bu, bir neçə ildir susmuş İsraili çox qıcıqlandırır. Təl-Əvivi narahat edən Tehranın «Hizbullah»la əlaqələridir və bu gün yəhudilər istənilən ssenariyə hazır olduqlarını bildirirlər. Yeri gəlmişkən, «The Wall Street Journal» yazır ki, «aprelin 9-da İranın Suriyadakı T-4 bazasına İsrailin hücum etdiyini məhz Rusiya «üzə çıxarıb». Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun məsləhətçisi Dennis Ross nəşrə açıqlamasında deyib: «İsrailin təcrübəsində belə hallar indiyədək də olub. O, Suriyadakı hədəflərə, o cümlədən İranın «Hizbullah»a yeni keyfiyyətli silahlar ötürməsilə əlaqəli hədəflərə dəfələrlə zərbələr endirsə də, bunu boynuna almayıb. Çünki israillilər hər hansı açıqlama vermədikdə iranlılar və ya «Hizbullah» simalarını qorumaq üçün cavab addımları atmaq məcburiyyətində qalmır».

Bu yerdə məsələyə İranın nüvə proqramına dair 2015-ci ildə əldə olunmuş razılaşmadan çıxacağını israrla dilə gətirən Vaşinqton da qoşulur. Fransa prezidenti Emmanuel Makron da Donald Tramp ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra yeni razılaşma üzərində işləmək niyyətində olduqlarını bəyan edib. İran prezidenti Həsən Ruhani isə buna cavabında Trampı «dükançı, kommersant, bina tikən, qüllə inşaatçısı» adlandırıb. Ruhani deyib ki, ABŞ prezidenti «beynəlxalq məsələlər haqda fikrə malik deyil». O, ABŞ-ın Tehrana yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə bunun «ciddi fəsadlarının» olacağına dair xəbərdarlıq da edib.

Bu vəziyyətdə yuxarıda qeyd olunmuş məntiqi nəzərə alsaq, aydın olur ki, Suriyada mövcudluğunu davam etdirmək istəyən Rusiyaya orada İranın olması da sərf edir. Lakin o qədər də güclü olmayan İranın, başqa sözlə, ABŞ-la normal münasibətləri olan İran Rusiyaya lazım deyil.

Amma Donald Trampın Suriyadakı hərbi mövcudluğunu Fars körfəzi monarxiyaları və Misirin ordusu ilə əvəzləmək niyyəti istər Rusiya, istərsə də İran üçün vəziyyəti xeyli çətinləşdirə bilər. Hər halda, dostların mövqeyindən öz hədəfləri üçün yararlanmağı Vaşinqton da yaxşı bacarır. «The Wall Street Journal» 2018-ci il aprelin 16-da Tramp administrasiyasındakı mənbəyə istinadən yazıb ki, Ağ Ev sahibinin milli təhlükəsizlik üzrə yeni məsləhətçisi Con Bolton çoxmillətli qüvvələrin yaradılması üçün ərəb dövlətlərilə danışıqlara başlayıb. Deyilənə görə, yeni yaradılacaq bu qüvvə Suriyada ABŞ hərbçilərini əvəzləyəcək.

Bu arada Səudiyyə Ərəbistanının xarici işlər naziri Suriyaya hərbi kontingentin yerləşdirilməsilə bağlı Qətərə müraciət edib. Bütün bunlar iranpərəst qüvvələrlə toqquşma riskini ciddi şəkildə artırır. Bu isə regionda miqyaslı müharibəyə yol aça bilər.

Odur ki, Antoniu Qutyerreşin haqlı olduğu şübhəsizdir. Bu oyunda BMT TŞ-yə yer yoxdur. Belə şəraitdə hər kəs öz maraqlarını əlində olan imkanlar hesabına qorumağa çalışır. Burada ittifaqlar yoxdur, zəiflik isə istənilən anda üstünlüyə çevrilə bilər və əksinə. Demək, artıq qaydalar işə yaramır.



MƏSLƏHƏT GÖR:

301