20 Aprel 2024

Şənbə, 19:38

YAŞAMAQ UĞRUNDA SAVAŞ

Zaqafqaziya Seyminin azərbaycanlılar fraksiyası xalqı xilas etmək üçün çox çalışıb

Müəllif:

01.05.2018

1918-ci ilin yazında Azərbaycan xalqının yaşamı və dövlətçiliyin gələcəyi həll olunurdu. Milli elita üçün bunlara nail olmağın yolu həmin dövrdə Zaqafqaziya federasiyasının tərkibində olan Azərbaycanın muxtariyyətindən keçirdi.

 

Tiflis diskussiyaları və Qafqaz cəbhəsində döyüşlər

Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminin azərbaycanlılar (müsəlman) fraksiyası üçün əsas məqsəd muxtariyyət əldə edilməsi və xalqın təhlükəsizliyinin təmini idi. Bu məqsədlə fraksiya və ümumilikdə, regionun 3 xalqı - azərbaycanlı, erməni və gürcülərin iradəsini ifadə edən Seym Osmanlı İmperiyası ilə münasibət qurmağa başlamışdı. O anda imperiyanın qoşunları Birinci Dünya müharibəsi çərçivəsində Qafqaz cəbhəsində sürətlə irəliləyirdi.

Seymin formalaşdırdığı Y.P.Qeqeçkori hökumətinin fəaliyyətində əsas məsələlər də məhz Qafqaz cəbhəsindəki vəziyyət və Zaqafqaziyanın müstəqilliyini elan etməsi idi. Hökumətdə azərbaycanlılar Fətəli xan Xoyski (xalq maarif komissarı), Məmməd Yusif Cəfərov (ticarət və sənaye komissarı), Xudadat bəy Məlikaslanov (rabitə yolları komissarı) və Xəlil bəy Xasməmmədov (nəzarət komissarı) da var idilər.

Lakin Seymin Osmanlı İmperiyası ilə sülh danışıqları üçün hüquqi əsas hazırlayan zaman qəbul etdiyi qərar onun mövqeyindəki ziddiyyətləri göstərdi. Zaqafqaziyanı müstəqil dövlət elan etməyən Seym, eyni zamanda xarici dövlətlərlə sülh razılaşması imzalamaq hüququnun olduğunu bəyan etdi. Belə yanaşmanın səbəbi aydın idi: gələcək regional dövlətin sərhədləri Şərqi Anadolunun bəzi hissələrinə iddia edən gürcülərlə ermənilərin tələblərinə uyğun deyildi və belə bir şəraitdə müstəqil Zaqafqaziyanın elan olunması arzulanmırdı. Söhbət, xüsusilə ermənilərdən gedir. Seymdə yer alan daşnakların təzyiqi ilə Zaqafqaziya parlamentarilərinin Osmanlı İmperiyası ilə danışıqlara dair qəbul etdiyi proqram müharibəyədək mövcud olmuş sərhədlərin bərpasını, həmçinin «Türkiyə Ermənistanının Türkiyə dövlətinin tərkibində müqəddəratını təyinetmə hüququ»nu da nəzərdə tuturdu.

Zaqafqaziyanın Osmanlı İmperiyası ilə danışıqlar aparacaq nümayəndə heyəti gürcü, erməni və azərbaycanlı fraksiyalarının üzvlərindən ibarət idi. Ona gürcü menşevik Akaki Çxenkeli başçılıq edirdi. Nümayəndə heyətinin azərbaycanlı üzvləri arasında iki müsavatçı - Məmmədhəsən Hacınski və Xəlil bəy Xasməmmədov da var idi. Digər partiyalar isə orada 1 nümayəndə ilə təmsil olunurdu: İbrahim bəy Heydərov (Sosialist bloku), Mir Yaqub Mehdiyev («İttiham»), Əkbər Şeyxülislamov (menşevik-hümmətçi).

Nəhayət, nümayəndə heyəti Osmanlı Türkiyəsi ilə danışıqlara başlamaq üçün Trabzona yollanır. Zaqafqaziya Seymində Türkiyə ilə sülh danışıqlarının planlaşdırıldığı bir vaxtda isə Brestdə Sovet Rusiyası ilə Almaniya arasında separat müqavilə imzalanır. Müqaviləyə əsasən, Seym və Zaqafqaziya hökumətinin iddia etdiyi Ərdəhan, Qars və Batumi Osmanlı dövlətinə verilirdi. Belə olan təqdirdə, Seym Petroqrada - Sovet Rusiyasının rəhbərliyinə teleqram göndərərək «Brest sülhünü tanımadığını» bəyan edir. Bu, Zaqafqaziyanın «heç zaman bolşevik hakimiyyətini və Xalq Komissarları Sovetini tanımadığı» ilə əsaslandırılır.

Lakin Osmanlı İmperiyası Brest müqaviləsinə əsaslanaraq, Zaqafqaziya Seyminə Qars, Batumi və Ərdəhanın dərhal boşaldılması haqda ultimatum verir. Bir sözlə, 1918-ci il martın 14-də Trabzonda Osmanlı Türkiyəsi ilə Zaqafqaziya Seyminin nümayəndələri arasında sülh konfransı belə bir şəraitdə başlayır. Nəticədə, Türkiyə nümayəndələri Seym üzvlərinin danışıqlar aparılacaq nümayəndələr olmadığını bəyan edir. Onlar bunu Zaqafqaziyanın müstəqilliyini elan etmədiyilə əsaslandırır. Başqa sözlə, türklər özlərinin nəzarətində olan Zaqafqaziya dövləti yaratmağa çalışır. Onlar hesab edirdilər ki, bu, regionun Rusiyadan qopmasını təmin edəcək. Zaqafqaziya dövlətinin elan olunmasının şərtləri Osmanlı nümayəndələrinin 1918-ci il martın 18-də qəbul etdikləri bəyannamədə də əksini tapır. Lakin türklər sülhün yalnız Brest-Litovsk müqaviləsinin şərtlərinə əsaslanmalı olduğuna dair inadından əl çəkmir. Azərbaycanlılar bu tələbi qəbul etməyə meyilli idilər. Çünki onlar ermənilərlə gürcülərin Osmanlı dövlətinə qarşı ərazi iddialarına qatılmır, üstəlik, hesab edirdilər ki, türklərlə sülhün əldə olunması Zaqafqaziyanın suverenlik əldə etməsini sürətləndirəcək.

Seymin martın 25-də keçirilən iclasında Zaqafqaziya nümayəndə heyətinin üzvü Mir Yaqub Mehdiyev çıxış edərək Türkiyə tərəfinin təklifinin qəbul edilməli olduğunu deyir. O, bildirir ki, əks halda azərbaycanlılar danışıqlarda iştirakdan imtina edəcəklər.

Müsavat Partiyasının nümayəndə heyətindəki üzvləri də Osmanlının ultimatumunun qəbulunu tələb edirlər. Onlar hətta əks təqdirdə azərbaycanlı fraksiyasının Zaqafqaziya Seymindən çıxacağını və Azərbaycanın müstəqilliyinin elan olunacağını deyirlər. Xəlil bəy Xasməmmədov bu zaman Osmanlı İmperiyasına güzəştlər sırasında yalnız bir istisna olmasını təklif edir - Batuminin Zaqafqaziyada qalmasının Azərbaycanın neft sənayesi üçün əhəmiyyətini vurğulayır. Çünki Bakıdan uzanan neft kəmərinin son nöqtəsi məhz Batumi idi.

Bütün bunlarla yanaşı, Trabzon danışıqlarının getdiyi vaxt hərbi əməliyyatlar da davam edirdi. Nəticədə, Türkiyə qoşunlarının irəliləməsi Zaqafqaziya nümayəndələrini güzəştə getmək məcburiyyətində qoyur və aprelin 10-da Çxenkeli, nəhayət, danışıqların davamı üçün Brest-Litovs müqaviləsini əsas kimi qəbul edir. O anda «mübahisəli» ərazilərin əksəriyyəti (Batumi istisna olmaqla), artıq türk ordusunun nəzarətində idi. Osmanlı İmperiyası isə Zaqafqaziyadan Batuminin də dərhal boşaldılmasını tələb edirdi. Zaqafqaziya liderlərinin görüşündə bu ultimatumun rədd edilməsi haqda qərar çıxarılır. Qərarı Seymin azərbaycanlılar fraksiyasının üzvü Şəfi bəy Rüstəmbəyov dəstəkləyirdi. O, Zaqafqaziya və Azərbaycan üçün Batuminin qorunub saxlanılmasını son dərəcə vacib sayırdı.

Seymin 3 milli fraksiyası arasında fikir ayrılıqları getdikcə dərinləşirdi. Üstəlik, bu, yalnız Osmanlı Türkiyəsilə münasibətlərdən irəli gəlmirdi. Fraksiyalar bir sıra həyati əhəmiyyətli məsələlərlə bağlı da fərqli düşüncədə idilər. Azərbaycanlılar üçün belə mövzulardan biri Bakıdakı faciəvi hadisələrdən sonra aktuallıq qazanmış məsələ - Azərbaycan xalqının məhvdən qurtulması idi.

 

Bakı məsələsi və müstəqil Zaqafqaziyanın elan olunması

Azərbaycanlılara qarşı Bakı Sovetinin daşnak-bolşevik ordusu tərəfindən həyata keçirilmiş soyqırımı yalnız Azərbaycanın deyil, ümumilikdə, Zaqafqaziyanın taleyində dönüş anı olur. Zaqafqaziya Seyminin azərbaycanlı fraksiyası müsəlman əhalinin müdafiəsi üçün Bakıya dərhal qoşun göndərilməsini tələb edir. 1918-ci il aprelin 3-də Seymin Bakı hadisələrinə həsr olunmuş toplantısında Fətəli xan Xoyski bildirir ki, «…müsəlman əhalinin müdafiəsi üçün tədbirlər görülməzsə, müsəlman nazirlər hökumətin tərkibindən çıxacaq».

Nəticədə, 1918-ci ilin aprelində knyaz Maqalovun başçılıq etdiyi, təxminən, 2 minlik qoşun hissəsi Bakıya doğru hərəkətə başlayır. O anda Azərbaycan xalqına dağıstanlılardan da yardım gəlir - Najmudin Qosinskinin rəhbərliyi altında dağlı dəstələri Dağıstandan Bakıya yollanır. Knyaz Maqalovun dəstəsi Hacıqabula, Qosinskinin ordusu isə Bakının 10 kilometrliyinə - Xırdalanadək irəliləyir. Lakin aprelin 10-da Qosinskinin qoşunu Bakı Sovetinin ordusu tərəfindən darmadağın olunur. Aprelin 20-də isə knyaz Maqalovun dəstəsi də Kürdəmirədək geriləmək məcburiyyətində qalır.

Zaqafqaziya Seymi rəhbərliyinin Bakı quberniyasının azərbaycanlı əhalisinin xilası üçün güclü ordu göndərmək istəməməsi Seymin azərbaycanlı fraksiyasının narazılığına səbəb olur və ciddi hökumət böhranına yol açır. Nəticədə, Xoyskinin dediyi kimi, müsəlman nazirlər Qeqeçkori hökumətindən istefa verir. Seymin aprelin 7-də keçirilən iclasında Xoyski bildirir ki, «…müsəlman fraksiyası yaranmış vəziyyətdə, xüsusilə Bakı hadisələri fonunda hökumətin Bakı müsəlmanlarının müdafiəsi üçün addımlar atmasına nail ola bilmir. Bu, qəbul olunmuş qərarın motivlərini daha da gücləndirir».

10 gün sonra - aprelin 17-də Xoyskinin Zaqafqaziya hökuməti üçün hazırladığı məruzədə deyilir ki, «…Bakı hadisələri Yelizavetpol quberniyasının hər yanında müzakirə olunur, bütün qətnamələrdə türk ordusunun Bakıya buraxılmasına dair bəndlər var. Odur ki, hökumət Bakı məsələsini həll edə bilməzsə, Yelizavetpol quberniyası müsəlmanlarının tələbləri yerinə yetirilməli olacaq. Bu, xalq kütləsinin özünün hərəkətə keçməsilə nəticələnə bilər ki, bu da faciəvi hadisələri qaçılmaz edəcək. Çünki Bakı məsələsi respublika üçün ölüm-qalım məsələsidir».

Beləliklə, Seymin azərbaycanlı deputatları Bakı quberniyasının Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin hakimiyyəti altında olan müsəlman əhalisinin xilası üçün Osmanlı Türkiyəsi ilə yaxınlaşmanı və hərbi əməkdaşlığı vacib sayırdı. Azərbaycanlı fraksiyanın bu tələbi Qeqeçkori hökumətinin istefası ilə nəticələnir. Hökumət Seymin aprelin 22-də keçirilən iclasında istefaya gedir. Elə həmin gün azərbaycanlı fraksiyasının təzyiqi ilə müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının elan olunması haqda qətnamə qəbul edilir. Eyni zamanda yeni hökumətin tərkibi də müəyyənləşir. Hökumətə rəhbərlik Akaki Çxenkeliyə həvalə olunur. Azərbaycanlılar orada Fətəli xan Xoyski (ədliyyə naziri), Nəsib bəy Yusifbəyov (maarif naziri), Xudadat bəy Məlikaslanov (rabitə yolları naziri), Məmmədhəsən Hacınski (ticarət naziri) və İbrahim bəy Heydərov (dövlət nəzarəti naziri) ilə təmsil olunurlar.

Zaqafqaziya hökumətinin başçısı dərhal Osmanlı ordusunun Qafqaz cəbhəsinə komandanlıq edən Vehib paşaya teleqram göndərir. Teleqramda deyilirdi: «…Zaqafqaziya artıq müstəqil federativ respublikadır və bu, fövqəldövlətlərin də nəzərinə çatdırılıb. Müvafiq olaraq, Osmanlı nümayəndələrinin 1918-ci il martın 18-də qəbul etdiyi bəyannamədə yer almış şərtlərə də əməl olunub». Beləliklə, Zaqafqaziya Federasiyası Osmanlı Türkiyəsinə regionun müstəqilliyini elan etdiyini xəbər verir, onun Trabzonda irəli sürdüyü və azərbaycanlıların da bəyəndiyi təklifinin qəbul olunduğunu bildirir. Zaqafqaziyanın müstəqilliyini elan etməsilə, Çxenkeli hökuməti Türkiyəyə Trabzon sülh danışıqlarının bərpası təklifini də irəli sürür.

Bütün bunlarla yanaşı, Zaqafqaziya və ilk növbədə, Azərbaycan üçün əsas məsələ «Bakı məsələsi» olaraq qalırdı. Şaumyan rejimi azərbaycanlılara qarşı soyqırımı siyasətini davam etdirirdi. Daşnak-bolşevik dəstələrinin həyata keçirdiyi qisasçılıq aktı, azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi halları artıq Bakının hüdudlarını aşmışdı. İndi, qətliamlar Şamaxıda, Qubada, Salyanda, Lənkəranda da həyata keçirilirdi.

Zaqafqaziya Seymi hələ 1918-ci il aprelin 20-də Şaumyanla danışıqlar aparması üçün Seym sədrinin müavini, daşnak Sirakan Tiqranyan ilə azərbaycanlı fraksiyasının üzvü İbrahim bəy Heydərovu Bakıya göndərmişdi. Lakin onlar Bakıya çatar-çatmaz Heydərov Bakı Soveti tərəfindən həbs olunur. Tiqranyana gəlincə, o, gözlənildiyi kimi, Şaumyanla sövdələşməyə gedib. 1918-ci il mayın 3-də Tiflisə qayıdan Tiqranyan Zaqafqaziya Respublikasının Bakı Sovetinə apardığı hərbi əməliyyatları dayandırmasını, «iğtişaşların sülh yolu ilə aradan qaldırılmasını» tələb edib.

Beləliklə, azərbaycanlı fraksiyası öz xalqının xilası və Bakının azad olunmasına göstərdikləri cəhdlərin heç bir nəticə verməyəcəyini anlayırdı. Odur ki, ümid yalnız Osmanlı qoşunlarının regiona mümkün qədər tez çatmasına idi. Azərbaycan liderləri də məhz bu səbəbdən Osmanlı İmperiyası ilə mümkün qədər tez müddətdə sülh razılaşmasının imzalanmasına çalışırdılar.

 

 

MƏMMƏDHƏSƏN HACINSKİ

 (1875-1931)

Məmmədhəsən Hacınski Azərbaycanda dövrünün nəhəng siyasətçilərindən olub.

Hacınski Peterburq Texnologiya Universitetini bitirdikdən sonra Moskvada Əsədullayevin Neft Emalı Zavodunda mühəndis işləyib. Bakıya qayıtdıqda isə şəhərsalma planlarının reallaşdırılmasında iştirak edib, Bakı bulvarının yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Şirvanşahlar sarayının bərpası üçün elmi araşdırmalar da Məmmədhəsən Hacınskinin təşəbbüsü ilə həyata keçirilib. İctimaiyyət arasında böyük nüfuza sahib olan Hacınski Dövlət Dumasına üzv seçilib, 1913-cü ildə isə Bakı Şəhər Upravasına rəhbərliyə başlayıb (1909-cu ildən qurumun tikinti şöbəsinin rəhbəri olub).

Lakin doğma xalqının həyat şəraitini yaxşılaşdırmaq istəyi Hacınskini siyasətə gətirib. O, «Hümmət» sosial-demokrat təşkilatının fəaliyyətində iştirak edib, daha sonra Müsavat Partiyasının ilk üzvlərindən olub. Bununla yanaşı, fəal maarifçiliklə də məşğul olan Məmmədhəsən Hacınski müsəlmanlar arasında savadlılığı artırmaqla məşğul olan «Nəşri-Maarif» cəmiyyətinin qurucularındandır. O, "Nicat" müsəlman maarif cəmiyyəti və Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin Mərkəzi Komitəsinin rəhbərliyində də yer almışdı.

1917-ci il Azərbaycanın milli-azadlıq hərəkatının tarixində yeni səhifə açan zaman Məmmədhəsən Hacınski onun liderlərindən birinə çevrilib. 1917-ci il martın 27-də, Fevral inqilabı ilə çarizmin süqutundan dərhal sonra Bakıda Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsi yaradılıb. Bu qurumun sədri Azərbaycan xalqının siyasi oyanışında böyük rola malik Hacınski seçilib. O, Qafqaz müsəlmanlarının qurultayının və Rusiya müsəlmanlarının Moskva qurultayının da fəal iştirakçısı olub.

Müsavat Partiyasının 1917-ci il oktyabrın 26-31-də keçirilmiş ilk qurultayında Məmmədhəsən Hacınski partiyanın Mərkəzi Komitəsinə üzv seçilib. Azərbaycanın ən nəhəng və populyar partiyasının liderlərindən biri kimi, o, Petroqradda baş vermiş bolşevik çevrilişini tanımayan Zaqafqaziya hökumətinin formalaşdırılması prosesinə qoşulub.

Hacınski Zaqafqaziya Komissarlığında ticarət və sənaye komissarının müavini olub. 1918-ci ilin yazında Zaqafqaziya Seyminin nümayəndəsi kimi, Osmanlı İmperiyası ilə danışıqlar aparıb. Məhz Məmmədhəsən Hacınskinin məsləhətilə nümayəndə heyətinin rəhbəri A.Çxenkeli Seymin Trabzon konfransının və türklərlə danışıqların dayandırılması qərarına tabe olmayıb. Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılması ilə isə Məmmədhəsən Hacınski ticarət və sənaye naziri olub.

1918-ci il mayın 28-də Hacınski Azərbaycanın digər görkəmli siyasətçilərilə birlikdə Azərbaycan Milli Şurasının qəbul etdiyi Müstəqillik Bəyannaməsinə imza atıb. O, Azərbaycan Demokratik Respublikasının (ADR) ilk xarici işlər naziri olub. ADR ilə Osmanlı İmperiyası arasında bağlanmış Batumi müqaviləsinin altında Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə ilə yanaşı, Məmmədhəsən Hacınskinin də imzası var. Söhbət 1918-ci ilin sentyabrında Bakını düşmən qüvvələrdən təmizləməyə imkan vermiş sənəddən gedir.

Məmmədhəsən Hacınski ADR-in xarici işlər naziri kimi, Azərbaycanın dövlət sərhədlərinin müəyyənləşdirilməsinə böyük diqqət ayırıb. O, Cənubi Qafqaz respublikalarının sərhədlərinin müəyyənləşdirilməsi üçün Gürcüstan və Ermənistan hökumətlərilə birlikdə komissiyanın yaradılması təklifilə çıxış edib. Hacınskinin Gürcüstan hökumətinə 1918-ci il iyunun 14-də göndərdiyi notada gürcü qoşunlarının Borçalı qəzasından dərhal çıxarılması tələb olunurdu.

1918-ci il oktyabrın 6-da Məmmədhəsən Hacınski respublikanın maliyyə naziri təyin olunub. O, Dağlılar Respublikası ilə ADR-in bu dost qonşu dövlətə görünməmiş məbləğdə - 10 milyon rubl kredit ayırması ilə nəticələnmiş danışıqlarda əsas rol oynayıb.

Məmmədhəsən Hacınskinin müstəqil Azərbaycan dövlətinin qurulmasında sonrakı fəaliyyəti daha çox parlamentdə keçib. Deputat olan Hacınski ali qanunverici orqanın fəaliyyətində önəmli rol oynayıb.

Məmmədhəsən Hacınski Tiflisdə keçirilmiş Azərbaycan-Ermənistan konfransında da iştirak edib. Konfransın məqsədi iki dövlət arasındakı münaqişənin sülh yolu ilə həlli idi. Oradakı çıxışında Hacınski bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları sülhə əsas maneədir.

ADR-in 1919-cu ilin sonlarında qurulmuş sonuncu - beşinci hökumətində Məmmədhəsən Hacınski daxili işlər naziri olub. Hökumətdaxili yerdəyişmələr nəticəsində 1920-ci ilin fevralında ticarət, sənaye və ərzaq naziri olan Hacınski martın 30-da kabinetin istefaya getməsilə yeni hökuməti formalaşdırmaq tapşırığı alıb. Lakin partiyadaxili ziddiyyətlərin kəskinləşməsi və bolşevik-rus işğalı hədəsi şəraitində Azərbaycanın aparıcı siyasətçiləri yeni hökuməti qura bilməyib. Buna Hacınskinin öz mövqeyi də mane olub. O, bolşeviklərin hökumətdə təmsil olunmasını və Sovet Rusiyası ilə yaxınlaşmasını təklif edirdi. Yəni o, faktiki olaraq, hökumətin ADR-in mövcudluğuna son qoymuş bolşeviklərə verilməsini dəstəkləyirdi.

Sovet hakimiyyətinin ilk illərində Məmmədhəsən Hacınski öz ixtisasına qayıdıb və Azərbaycan şəhərlərinin abadlaşdırılması ilə məşğul olub. 1930-cu ilin sonlarında millətçi fəaliyyətdə təqsirləndirilərək həbs edilib. İstintaq materiallarına əsasən, işgəncələrə dözməyən Hacınski 1931-ci il fevralın 9-da intihar edib. Lakin onun 1931-ci ilin martında Tiflis həbsxanasında öldürüldüyü versiyası da var.

İstənilən halda, ADR-in görkəmli nümayəndələrindən olmuş, Azərbaycanda dövlət quruculuğu, xalqın maariflənməsi, şəhərlərin abadlaşdırılması üçün çox iş görmüş Məmmədhəsən Hacınski totalitar Sovet rejiminin qurbanı olub.



MƏSLƏHƏT GÖR:

375