19 Aprel 2024

Cümə, 04:13

UÇURUMA DOĞRU ADDIM?

Paşinyan hazırkı populistliyini davam etdirərsə, Ermənistanda xaos qaçılmazdır

Müəllif:

01.05.2018

Son həftələr ərzində Ermənistanda hadisələr kifayət qədər sürətlə, təxminedilməz və dramatik məcrada cərəyan edir. Ermənistan parlamentinin aprelin 17-də keçirilmiş xüsusi iclasında ölkənin sabiq prezidenti Serj Sarqsyan baş nazir təyin olunmuşdu. Namizədliyi hakim Respublika Partiyası (ERP) və onun koalisiyadakı tərəfdaşı «Daşnaksutyun» tərəfindən irəli sürülmüş Sarqsyana 77 deputat səs vermişdi. Yəni onun namizədliyini nəinki respublikaçı 58 parlamentari, həmçinin daşnaklar və qismən də «Sarukyan Bloku»nun üzvləri dəstəkləmişdi. 17 deputat Sarqsyanın əleyhinə səs vermişdi.

Xatırladaq ki, S.Sarqsyan bunadək bir dəfə də - Robert Koçaryanın prezidentliyi dövründə baş nazir postunu tutmuşdu. Bir müddət sonra o, seçkinin saxtalaşdırılması, buna etiraz edən nümayişlərin 10-dək insanın ölümü, yüzlərlə nümayişçinin yaralanması və həbs olunması ilə dağıdılmasından sonra prezident kürsüsünə yiyələnmişdi. Ali hakimiyyəti kiməsə vermək istəməyən Sarqsyan 2015-ci ildə ölkədə referendum keçirmiş, Konstitusiyaya dəyişiklik edərək prezidentin səlahiyyətlərini azaltmış, bütün üstünlükləri parlamentdəki çoxluq tərəfindən formalaşmalı olan hökumət başçısına vermişdi. Bununla yanaşı, S.Sarqsyan həmin vaxt nə prezident, nə də baş nazir kürsüsünə iddia edəcəyini söyləmişdi. O, demişdi ki, Ermənistanda heç kəs hakimiyyət başında 2 müddətdən artıq qalmamalıdır. Lakin Sarqsyan vədinə əməl etmədi.

Serj Sarqsyanın öz hakimiyyətini uzatmaq üçün qurduğu ədəbsiz siyasi kombinasiya ölkədə etirazla qarşılandı. Aparılan sorğular göstərirdi ki, Sarqsyanın siyasətini bəyənməyənlər bəyənənlərdən, az qala, 3 dəfə çoxdur. Belə olan təqdirdə, parlamentdəki müxalifətçi «Yolk» fraksiyasının lideri, təcrübəli demaqoq və kütləvi aksiyaların təşkilatçısı Nikol Paşinyan əhalini «Addım at, Serji devir!» şüarı ilə küçələrə çağırdı.

Əvvəlcə nümayişçilərin sayı o qədər də çox deyildi, küçələrə cəmi bir neçə min adam çıxmışdı. Bu üzdən də, hökumət baş verənlərə ciddi yanaşmırdı. Hakim Respublika Partiyası ilə ona yaxın siyasətçilər və ekspertlər isə hətta Ermənistanda demokratiyanın olduğunu söyləyir, insanların dinc etiraz aksiyası keçirməsinə heç bir əngəl yaradılmadığı ilə öyünürdülər. Ermənistan hakimiyyəti bundan əvvəl də etiraz dalğası ilə qarşılaşmışdı. O zaman insanlar elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edirdi. Daha təhlükəli vəziyyət isə «Sasna Srer»in etirazı zamanı yaşanmışdı. 2016-cı il iyulun 17-də silahlı insanlardan ibarət qrup İrəvan polisinin patrul alayının kazarmasını ələ keçirmiş və 2 həftə onu nəzarətdə saxlamışdı. Kazarmaya hücum edənlər 3 polisi öldürmüş, xeyli insan yaralanmışdı. O vaxt yalnız uzun sürən danışıqlardan sonra insanlar silahı yerə qoymuş, bunun ardından isə həbs olunmuşdular.

Hər iki halda hökumət müəyyən güzəştlərə getmiş, eyni zamanda qarşı tərəfi pulla ələ almaqla, bəzən isə hədə və həbslərlə etirazı yatırda bilmişdi. Nəticədə, vəziyyətə nəzarət güc tətbiq etmədən əldə saxlanılmışdı. S.Sarqsyan əmin idi ki, bu dəfə də nümayişçilər bir qədər səs-küy saldıqdan sonra vəziyyətlə barışaraq dağılacaqlar. Amma reallıq hissini itirmiş yeni baş nazir kriminal-oliqarx Qarabağ klanının 20 illik rəhbərliyinin yaratdığı xalq etirazının gücünü düzgün hesablaya bilməmişdi. Hakimiyyətin gözləntilərinin əksinə olaraq, etiraz dalğası getdikcə böyüyürdü. On minlərlə insan, xüsusilə gənclər küçələrə axışır, İrəvanla yanaşı, Ermənistanın regionlarında da etiraz aksiyaları getdikcə daha geniş vüsət alırdı.

Beləliklə, etirazın polis gücünə yatırılmasının mümkün olduğu an əldən verildi. Hərəkatın liderləri Nikol Paşinyanın, Sasun Mikaelyan və Ararat Mirzoyanın həbsi, yüzlərlə nümayişçinin qısa müddətə saxlanılması da etiraz dalğasının qarşısını ala bilmədi. Universitetlərin etirazlara qoşulması, Qarabağ veteranlarının küçələrə çıxması və bəzi kazarmalardan sülhməramlı əsgərlərin qaçmasından sonra isə hakimiyyət qan axıdılmasının vətəndaş müharibəsinə aparacağını anladı. Bakının guya Ermənistanda sabitliyin pozulmasından istifadə edərək Qarabağa hücuma başlayacağına dair spekulyasiyalar da effekt vermədi. Cəbhədə vəziyyət sabit idi. ATƏT-in Minsk qrupunun həmsədrləri isə profilaktika məqsədilə bəyanat yaymışdılar. Bəyanatda deyilirdi: «Tərəfləri gərginliyi azaldacaq təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həlli üçün danışıqları bərpa etməyə çağırırıq». Amma heç buna da ehtiyac yox idi.

Bütün bunlardan sonra hakim elitanın Sarqsyanı qurban vermək, etirazları bu yolla dayandırmaqdan başqa çarəsi qalmadı. Nəticədə, müxalifətlə danışıqları yarımçıq tərk etmiş və qarşı tərəfi 2008-ci ilin 1 mart hadisələrinin təkrarlana biləcəyilə hədələmiş S.Sarqsyan istefa verdi. «Nikol Paşinyan haqlı imiş. Mən yanıldım. Yaranmış vəziyyətin bir neçə həll variantı var. Lakin mən onlara getməyəcəyəm. Bu, mənə görə deyil. Ölkə rəhbəri, Ermənistanın baş naziri vəzifəsindən gedirəm», - deyə Sarqsyanın istefa bəyanatında bildirilirdi: «Küçə hərəkatı mənim baş nazir olmama qarşıdır. Mən sizin tələbinizə əməl edirəm. Qoy, vətənimizdə sülh, harmoniya və sağlam düşüncə olsun! Təşəkkür edirəm!»

Sarqsyan bu bəyanatla simasını qoruyub saxlamağa çalışsa da, əslində, siyasi planlarının iflasa uğradığını etiraf edirdi. Bir gün sonra onun Respublika Partiyasının sədri vəzifəsindən də istefa verməsi bunun təsdiqidir.

Lakin nümayişçilər Sarqsyanın istefası ilə kifayətlənmədilər. Onlar müvəqqəti hökumətin rəhbəri vəzifəsinin liderləri Nikol Paşinyana verilməsini, daha sonra parlamentin buraxılmasını və yeni seçkinin keçirilməsini tələb edirlər. Etirazçılar baş nazirin müavini Karen Karapetyanın timsalında Respublika Partiyasının hakimiyyətdə qalmasını «dinc inqilab»ın hədəflərinə uyğun saymırlar.

Ermənistan Konstitusiyasına əsasən, hökumətin istefasından sonra 1 həftə ərzində ən azı 53 deputatın səsilə yeni baş nazir seçilməlidir. Bu posta kiminsə namizədliyinin irəli sürülməsi üçün onu ən azı 35 deputat dəstəkləməlidir. Əgər baş nazir seçilə bilmirsə, parlament buraxılır və yeni seçki elan olunur.

Parlament fraksiyası cəmi 9 deputatdan ibarət «Yolk» bloku baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Bu səbəblər namizədin qeydiyyata alınması üçün kifayət etmədiyindən, aprelin 28-də daşnaklarla «Sarukyanın Bloku» da aprelin 28-də «xalqın namizədi»ni, yəni Paşinyanı dəstəklədiklərini açıqlayıb. Bu, 74 səs deməkdir. İndi Paşinyanın baş nazir seçilməsi üçün respublikaçıların fraksiyasından ən azı 6 səsə ehtiyac var. Yeri gəlmişkən, bu partiya hökumət başçısı postuna namizəd irəli sürmək niyyətində olmadığını bəyan edib. İndi əgər respublikaçı deputatlar səsvermə zamanı 2 dəfə bitərəf qalarlarsa, Paşinyan və ya hər hansı başqa şəxs baş nazir seçilə bilməyəcək, bununla da, Nazirlər Kabinetini formalaşdırmaq mümkün olmayacaq. Bu halda isə artıq qeyd etdiyimiz kimi, parlament buraxılmalı və yeni seçki elan edilməlidir. Bu zaman Karen Karapetyan və hazırkı nazirlər işlərini müvəqqəti səlahiyyətlilər kimi davam etdirəcəklər.

Lakin ERP-dən olan deputatların bir hissəsinin Paşinyanı dəstəkləyəcəyi və nəticədə, onun baş nazir seçiləcəyi də istisna deyil. Hakim elita Paşinyanın bacarıqsızlığının üzə çıxacağına və əhalinin tezliklə bundan məyus olacağına ümid edərək buna gedə bilər. Parlamentdə səsvermə mayın 1-də keçiriləcək və nəticə artıq jurnalımız çapda olarkən açıqlanacaq.

Nikol Paşinyanın baş nazir postuna iddiası istər Ermənistanda, istərsə də ondan kənarda siyasətçi və analitikləri onun baxışlarına, ətrafına diqqət yetirməyə vadar edir. Məlum olur ki, Paşinyanın bacarıqlı siyasi komandası yoxdur. Onun ətrafında sadəcə, mitinq və yürüşlər zamanı özbaşına formalaşmış fəallar qrupu, nümayişlərin təşkilatçıları var. İlkin mərhələdə onun hərəkatını «Yolk» fraksiyasının belə, 9 deputatından yalnız 3-ü dəstəkləyirdi.

Paşinyanın siyasi baxışlarına gəlincə, onlar o qədər qeyri-müəyyən və bəsitdir ki, bir növ, primitivlik səviyyəsindədir. Qısaca desək, onu belə ifadə etmək olar: «Paşinyan yaxşı olan hər şeyin lehinə, pis olan hər şeyin əleyhinədir. Xalq hər zaman haqlıdır və nə etməli olduğunu bilir». Çətin siyasi və maddi-iqtisadi problemlərin həllində o, əsasən müasir informasiya texnologiyalarından istifadəyə bel bağlayır. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Paşinyan əvvəllər bu məsələdə çox kəskin mövqedə olub. O, yeni Azərbaycan ərazilərinin ələ keçirilməsinin vacibliyini deyir, Bakının erməniləri qane edəcək sülhə razılıq verməsi üçün hərbi vasitələrə əl atılmalı olduğunu bildirirdi. Paşinyan «DQR»in iştirak etmədiyi sülh danışıqlarından imtina olunmasının vacibliyini də hər zaman önə çəkib.

Paşinyan keçmişdə Ermənistanın birtərəfli qaydada Rusiyadan asılılığını pisləyib, ölkənin Avrasiya İqtisadi İttifaqından çıxmalı olduğunu bildirib, Avropa İttifaqına inteqrasiyasının sürətləndirilməsinin tərəfdarı kimi çıxış edib. Lakin hökumət başçısı postunun bir addımlığınadək gəlmiş Paşinyan artıq fikirlərini daha ehtiyatla ifadə edir. O, Avropa İttifaqı, ABŞ və Rusiyanın səfirlərilə görüşdən sonra deyib: «Biz Avropa İttifaqı ilə münasibətlərimizi Rusiyanın ziyanına inkişaf etdirməyəcəyik». Ermənistanla Rusiya arasında qardaş münasibətlərinin olduğunu vurğulayan Paşinyan bununla yanaşı, müəyyən problemləri də qabardıb. O, Rusiyanın Gümrüdəki hərbi bazasını bağlamaq fikrində deyil. Çünki onun Ermənistanın təhlükəsizliyini təmin etdiyini düşünür.

Paşinyanın sözləri və bəyanatları konkret situasiyaya uyğunlaşdırılır. Bu üzdən ona ciddi əhəmiyyət vermək lazım deyil. Hələlik Paşinyan sadəcə, etirazçı hərəkatın rəhbəridir. Amma o, Ermənistan hökumətinə başçılıq etməyə başlayarsa, baxışlarında, siyasi davranışlarında ciddi dəyişikliklər edəcək. Bizim üçün önəmli olanı odur ki, Ermənistanda hakimiyyət vakuumu Qarabağ nizamlanması prosesində pauza yaradır. Azərbaycan Ermənistanda dayanıqlı danışıqlar apara biləcək, çətin kompromis qərarların qəbulu üçün məsuliyyəti üzərinə götürəcək hökumətin formalaşması üçün müəyyən müddət gözləyə bilər. Lakin bu ölkədə hakimiyyətsizlik çox uzanarsa, Bakı ərazi bütövlüyünün bərpası üçün hərbi yola əl atmalı olacaq. Hər halda, separatçı Bako Saakyanın marionet rejimi ilə heç kəs danışıqlar aparmayacaq.

Şərqi Avropa və Yaxın Şərq ölkələrinin təcrübəsi göstərir ki, hibrid rejimlər (yarımdemokratiya, yumşaq avtoritarizm) çox zəif olur və asanlıqla dağılır. Bu zaman populistlərin və ya dini radikalların hakimiyyət yolları açılır, yaxud daha pisi, ölkə bitmək bilməyən xaos burulğanına düşür. Misir, Liviya, Suriya, Yəmən, həmçinin Ukrayna, Moldova və Qırğızıstandakı vəziyyət buna bariz misaldır. İndi növbə Ermənistanda «yıxılmış» Serj Sarqsyana və onun ətrafındakı «demokratik geyimli» kriminal-oliqarx dəstəsinə çatdı.

Fikrimcə, Paşinyanın «xalqın hakimiyyəti» şüarlı hərəkatı çox getməyəcək. Çünki onun populist proqramının reallaşdırılması ölkə iqtisadiyyatının bütün «yağlı tikə»lərini əllərində cəmləmiş oliqarxların ciddi müqavimətinə səbəb olacaq. Artıq ölkədən kapital axınının başladığı deyilir. Bununla yanaşı, ehtiyalı şəxslər əksər investisiya layihəsini donduracaq, kənardan gələn cüzi maliyyə isə vəziyyəti düzəltməyə kifayət etməyəcək. Hər halda, Paşinyan erməni xalqına nə vəd etsə də, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Türkiyə ilə münasibətlər normallaşdırılmadan ölkəni dirçəltmək mümkün olmayacaq. Lakin Paşinyan özündə dövlət müdrikliyi taparsa (buna inanmaq çətindir), Bakı konstruktiv danışıqlara hazırdır. Yox, əgər o, hazırkı populist davranışını davam etdirəcəksə, Ermənistanda xaos qaçılmazdır. Belə olarsa, qoy, ermənilər özlərini günahlandırsınlar. Çünki populizm qarışıq millətçilik heç bir ölkəyə fayda gətirməyib. 

 

Ermənistan küçələrində etiraz edən, hakimiyyətə qarşı çıxmış insanların lideri Nikol Paşinyan kimdir?

Onun 42 yaşı var. İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Lakin 1995-ci ildə siyasi baxışlarına görə ali məktəbdən qovulub.

«Aykakan Jamanak» qəzetinin baş redaktoru postunu tutub. Daim Serj Sarqsyanın və bir çox nüfuzlu siyasətçilərin ünvanına korrupsiya ittihamları ilə çıxış edib. 1999-cu ildə yalan məlumatlar yaydığı üçün 1 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb. 2008-ci ildə keçirilmiş prezident seçkisində Levon Ter-Petrosyanı dəstəkləyib. Az sonra kütləvi iğtişaşların təşkilatçı və təhrikçisi kimi axtarışa verildiyi üçün bir müddət gizlənib. 2009-cu ildə könüllü şəkildə hökumətə təslim olub və 7 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə əfv olunub. 1 il sonra Erməni Milli Konqresin blokundan parlament üzvü seçilib. 2013-cü ildə «Vətəndaş müqaviləsi» partiyasını yaradıb və 2016-cı ildə onu «Parlaq Ermənistan» və «Respublika» partiyaları, həmçinin «Yolk» bloku ilə birləşdirib. 2017-ci ildə keçirilmiş seçkidə 7,8% səs yığaraq Ermənistan parlamentində 9 deputatdan ibarət müxalifət fraksiyasını qurub.



MƏSLƏHƏT GÖR:

317