25 Aprel 2024

Cümə axşamı, 22:52

DÜNYA KUBOKUNDA BÜRÜNC MEDAL

Bədii gimnastlarımız bir mövsümdə üç Dünya Kubokunda medal qazandı

Müəllif:

15.05.2018

Ötən ayın sonunda Bakı altıncı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi etdi. Mötəbər yarışda mübarizəyə 26 ölkədən 127 gimnast qatılmışdı. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış etdilər.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınadı. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşdi. Yarışların son günü isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə apardı. 

Sevindirici haldır ki, final mərhələsində Azərbaycan gimnastları da çıxış etdi. Bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqların yekununda üçüncü yeri tutdu. Yığmamızın maraqlı və dinamik kompozisiyası alqışlarla müşayiət olundu. Nəticədə, gimnastlarımızın final çıxışı hakimlər tərəfindən 17.600 balla qiymətləndirildi.

Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasilyevadan ibarət Azərbaycan komandası beş halqa ilə qrup hərəkətlərində Dünya Kubokunun bürünc medalını qazandılar. Bolqarıstan 19.800 balla birinci, İtaliya yığması isə 18.000 balla ikinci oldu. 

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva “R+”a açıqlamasında gimnastlarımızın çıxışından razı qaldığını bildirdi: “Əlbəttə, təəssüf edirik ki, iki top və iplərlər hərəkətlərin sonunda səhvə yol verdik. Əslində, mən çox inanırdım ki, bu dəfə psixoloji nöqteyi-nəzərdən dönüş anı olacaq və bu "qara zolaq" bitəcək. Tanrıya şükürlər olsun ki, biz ilk dəfə doğma divarlar arasında medal qazandıq. Mən çox xoşbəxtəm, çünki bu gün gördüm ki, zalda nə qədər uşaq, valideyn var və onlar hamısı bu medalı istəyirdilər, deməli, əbəs yerə gəlməyiblər bura.

Hər şey yaxşı qurtaranda sən nələrdən keçdiyini, axıtdığın göz yaşlarını, xoşagəlməz məqamları unudursan. Mən çox şadam ki, biz yarışı bu cür başa vurduq. Evdə çıxış etmək çox çətindir. Bizdə hər il azarkeşlərin sayı artır, xüsusilə final günü zal tam dolu idi. Bu isə bizim üzərimizə azarkeşləri sevindirmək öhdəliyi qoyur. Qızlar hər gün maksimum bacarıqlarını göstərməyə çalışırdılar və nəhayət, biz azarkeşlərimizi sevindirə bildik. Bu, Rusiyanın qrup hərəkətləri yığması istisna olmaqla ən güclü komandaların iştirakı ilə baş verdi".

M.Vasilyeva bu uğuru Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın fəaliyyəti ilə bağlayıb: "Bu uğur Azərbaycan Gimnastika Federasiyasının prezidenti, həm də ölkənin Birinci vitse-prezidenti olan Mehriban Əliyevanın rəhbərliyi ilə kollektivimizin sıx birliyi sayəsində əldə olundu. Bizim üçün yaradılan bütün şəraitə, göstərilən dəstəyə görə Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Nəticələrin necə olmasından asılı olmayaraq, o, hər zaman yanımızdadır. Bu, bizə olan inamın, etibarın göstəricisidir və bizim ən yaxşı olduğumuza inamımızı daha da möhkəmləndirir".

İstirahətə vaxtı olmayan gimnastlarımız Bakıdakı yarışdan sonra İspaniyanın Quadalaxara şəhərində təşkil olunan "Challenge" seriyasına aid Dünya Kubokunda çıxış etdilər. Millimiz bu dəfə də fəxri kürsüdə yer almaqla ümidləri doğrultdu. Ayşən Bayramova, Siyana Vasilyeva, Zeynəb Hümmətova, Diana Doman və Aliyə Paşayevadan ibarət qrup hərəkətləri komandamızın final mərhələsində 3 top - 2 iplə çıxışları onlara turnirin bürünc medalını qazandırdı. 17 komanda arasında gedən mübarizədə qızlarımızın çıxışlarının hakimlər tərəfindən 17.350 xalla dəyərləndirilməsi onları yalnız Bolqarıstan və İtaliya komandalarından geri saldı.

Bədii gimnastika üzrə Azərbaycan millisi cari mövsümdə üç Dünya Kubokunda medal qazanmaqla özünəməxsus het-trikə imza atdı. Əvvəlcə Tye şəhərində çoxnövçülükdə bürünc medal qazanan milli ardınca Bakı və Quadalaxarada fəxri kürsüdə yer aldı.

Stabil çıxışıyla yadda qalan Azərbaycan millisini qarşıda daha bir ciddi sınaq gözləyir. Mayın sonlarında Quadalaxarada bədii gimnastika üzrə Avropa Çempionatı keçiriləcək. İlin əsas yarışında medallar uğrunda Azərbaycan millisi də mübarizə aparacaq.



MƏSLƏHƏT GÖR:

278