29 Mart 2024

Cümə, 13:25

SİVİLİZASİYALARIN QOVUŞDUĞU YER

Şimali Kiprə bir dəfə səfər edən mütləq bura yenidən dönmək istəyir

Müəllif:

15.05.2018

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) ilk dəfə 2005-ci ildə olmuşdum. Zəngin tarixə və əsrarəngiz təbiətə malik bu adanın görməli yerlərinə baş çəkmək, insanların həyatı ilə yaxından tanış olmaq istəyirdim. Lakin rəsmi görüş və tədbirlər çox olduğundan, təkcə Girnə qalasını ziyarət etmək və səhər tezdən Aralıq dənizinə baş vurmaqla kifayətlənməli olduq. Hərçənd, kiprli türklərin qurucu cümhurbaşqanı adlandırdığı mərhum Rauf Denktaşla şam yeməyində səmimi görüşümüz də səfər zamanı aldığımız quru, rəsmi məlumat axınına ayrıca ruh qatmışdı. Dəniz sahilində bir gecə təsəvvür edin - Rauf Denktaş öz gəlini ilə birlikdə oğlu, ŞKTC-nin ozamankı xarici işlər naziri Sərdar Denktaşın gitarla müşayiəti altında Azərbaycan mahnısı «Alagöz»ü zümzümə edir. Gerçəkdən, tarixi bir mənzərə idi. Bu silinməz xatirələri jurnalist dostlarımızla indiyədək bölüşürük.

Lakin bu illər ərzində təzadlı bir hiss məni rahat buraxmırdı - təəssürat çoxdur, ancaq kifayət qədər deyil. Kiprə yenidən qayıtmaq, oranın misilsiz gözəlliyindən doyunca ləzzət almaq, bütün tarixi yerlərini gəzib görmək və yol qeydləri yazmaq istəyirdim. Üstündən 13 il keçdi və Azərbaycan Jurnalistlər Şəbəkəsi və kiprli tanınmış teleaparıcı Mustafa Alkanın sayəsində yenidən belə bir fürsətimiz yarandı.

 

«Beşbarmaq» dağının əfsanəsi

“Ercan” hava limanında bizi ortayaşlı bir kişi qarşıladı. «Adım Menderesdir. Turizm və Ətraf Mühit Nazirliyindən gəlmişəm» - deyən səmimi sürücü bizi salamladı və avtomobilə dəvət etdi. Elə yolboyu gördüklərimiz barədə ilk suallarımızı da ona ünvanladıq. Bəlkə də, indiyədək Menderes abini heç kim belə sual atəşinə tutmamışdı. Lakin o, bütün suallarımızı səbirlə cavablandırır, çətinə düşəndə isə, sabah bizə ayrılacaq rəhbəri, yəni bələdçini gözləməyi tövsiyə edirdi.

Bütün yolboyu bizi Bakının yaxınlığında yerləşən «Beşbarmaq» dağına bənzər bir dağ müşayiət edirdi. Sən demə, kiprli türklər bu dağı da «Beşbarmaq» adlandırırlar. Doğrudur, Azərbaycandakından fərqli olaraq, bu «Beşbarmaq» dağı kütləvi ziyarət yerinə çevrilməyib. Lakin onun da öz mistik əfsanələri var. Rəvayət edirər ki, qədim zamanlarda iki gənc yerli gözəllərin birinin sevgisi uğrunda burada savaş edib. Ağır döyüşdən əldən düşən rəqiblər bataqlıqda boğulub, lakin onlardan birinin göyə uzatdığı əli bataqlığın üzərində qalıb və sonradan daşlaşaraq «Beşbarmaq» dağına dönüb.

 

Müstəmləkə keçmişin irsi

Ümumiyyətlə, Kipr torpağının hər qarışı belə əfsanə, rəvayət və deyimlərlə suvarılıb. Aralıq dənizinin miqyasca üçüncü böyük adası müxtəlif sivilizasiyaların mədəniyyətini əsrlərdən keçirərək bugünümüzə gətirib çatdırıb. Avropa, Afrika və Orta Şərq arasında yerləşən bu adanı hansı imperiya almaq istəməyib ki? Kipr torpaqlarında misirlilər, yunanlar, fransızlar, Bizans, Roma, Osmanlı və Britaniya imperiyaları hökmranlıq edib. Tarixən müxtəlif mədəniyyətlərin qovuşması Kiprin həyatında dərin izlər buraxıb.

Məsələn, hava limanından çıxarkən diqqətinizi ilk cəlb edən sükanı sağda olan avtomobillər olacaq. Kiprin yollarında hərəkət soltərəflidir və bu, ingilis müstəmləkəçiliyindən qalma mirasdır. Üçdişli elektrik açarlarına hesablanmış rozetkalar kimi. Ada 1960-cı ilə kimi Böyük Britaniyanın müstəmləkəsi olub. Kipr ərazisinin 2 faizdən çoxu bu gün də Britaniya hərbi bazalarının suveren ərazisi sayılır. Girnədə, həmçinin ingilislərin dövrünə aid qəbiristanlıqlara da rast gəldik. Elə ev və avtomobil alqı-satqısının funt-sterlinqlə həyata keçirilməsi də Kiprə o vaxtlardan qalıb.

 

101-ci evin sirri

Yerli camaat deyir ki, Kiprdə olub müqəddəs Hillarion qalasını görməmisinizsə, hesab edin ki, heç nə görməmisiniz. Bələdçimiz Selin Akça bizə bu qalaya getməyi təklif edəndə, nə qədər mistik bir atmosferə qərq olunacağımızı təsəvvür belə edə bilməzdik. Kiprin üç dağ qalasından biri olan bu qalanın əsası 1200-cü ildə müqəddəs Hillarion tərəfindən qoyulub. O, ömrünün son illərini burada, dəniz səviyyəsindən 730 metr hündürlükdə keçirib və yerli bütpərəstlər arasında xristianlığı yayıb. Müqəddəs Hillarion təbabətlə məşğul olub və yerli əhali arasında insanlara şəfa verən möcüzələri ilə tanınıb. Zaman keçdikcə insanlar onun məskən saldığı bu qalaya gəlir, burada qala divarları çəkir, qəsr tikir və öz hökmdarlıqlarını yaradırlar.

«Xalq arasında müqəddəs Hillarion qalasını «101 evlər» adlandırırlar. Deyilənə görə, burada cəmi 101 ev olub və onlardan yalnız biri hələ də tapılmayıb. Şayiələr dolaşır ki, qalanın zəngin insanlarının xəzinələri də elə həmin otaqda gizlədilib. Bəlkə də, gerçəkdən belədir. Hər halda 101-ci evin sirri hələ açılmayıb», - deyə bizi qalada gəzdirən turizm mütəxəssisi Mustafa Tolqalı bildirir.

Onun sözlərinə görə, qala divarlarının sarı və ya qızılı daşlardan tikilməsi buranın üst qatlarında zəngin insanların yaşadığından xəbər verir. Bələdçimizin danışdıqlarından görürdük ki, Müqəddəs Hillarion qalası bir nağıllar aləmidir və burada hər daşın öz əfsanəsi var.

Ümumiyyətlə, kiprli türklər öz vətənlərini çox sevirlər. Onlar yerli abidələr, tarix və mədəniyyət barədə bildiklərini məmnuniyyətlə turistlərlə bölüşürlər. Hətta çox vaxt soruşmaq da lazım gəlmir.

İxtisasca jurnalist olan Mustafa Gürsel Müqəddəs Hillarion qalasında kiçik bir suvenir köşkü və bar işlədir. Azərbaycandan olduğumuzu biləndə bizi dadlı ev limonadına qonaq etdi və bizə özünün çəkdiyi fotolardan ibarət bir disk bağışladı. «Bu da bizim qatqımız olsun», - deyən Mustafa Gürsel, «Yavru Vətən»ə göstərdiyimiz diqqətə görə təşəkkürünü bildirdi.

Quş uçuşu yüksəkliyindəki bu məkandan Levkoşaya gözəl bir mənzərə açılır. Dərin uçurumun üzərinə çıxan eyvanlar isə selfi həvəskarları üçün əvəzolunmaz bir yerdir. Lakin bu gözəlliyə çox aludə olsanız, ekskursiyanız, bəlkə də, günlərlə uzana bilər.

 

Antik şəhərdən orta əsr abbatlığına qədər

Kiprdə hara getsəniz mütləq yolunuzun üstündə bu və ya digər sivilizasiyaya aid bir qala, kilsə, məssid və ya qədim xarabalıq görəcəksiniz. Odur ki, turistlər buraya uzun cərgələrlə axın edərək, tarixi abidələrə tamaşa etməyi və bələdçilərin uzun söhbətlərini səbirlə dinləməyi xoşlayırlar.

Qazimağusa yaxınlığındakı antik Salamis şəhərinin xarabalıqlarına baş çəkmək fürsətini əldən buraxmayın. Sütunlu gimnazium, antik amfiteatr və Roma dövrünə aid hamamlar qədim dünya tarixi həvəskarları üçün əsl cənnətdir. Buradakı sütunların, başsız heykəllərin və amfiteatrın fonunda foto çəkdirməyin isə ayrı bir ləzzəti var. Bizi müşayiət edən bələdçi Sinan Esen qızmar günəş altında bu qədim xarabalıqlardakı fotosessiyanı bitirməyimizi çox gözləməli oldu. Ancaq başqa çarəmiz yox idi. Kim bilir, belə fürsət bir də nə vaxt əlimizə düşəcək.

XIII əsrin qotik memarlıq nümunəsi olan Bellapais abbatlığını görmək də çox maraqlıdır. Eyniadlı monastır kompleksi bu gün muzey kimi fəaliyyət göstərir. Deyilənə görə, abidənin və ətraf kəndin adı fransız dilindən «Sülh yeri» kimi tərcümə olunur. Lakin başqa bir versiya da var. Bu versiyaya görə Bellapais daha çox «Gözəl yer» anlamına gəlir və bununla razılaşmamaq olmur. Buralar, doğrudan da, çox gözəldir.

Kipr həm də sevgi və romantika adasıdır. Təəscüblü deyil ki, şairlər, yazıçılar və filosoflar onun barəsində yazmağı çox xoşlayıbar. O da təsadüfi deyil ki, Qazimağusadakı orta əsrlərə aid Luizinyan qalasına müstəmləkəçilik illərində Şekspirin Otellosunun adı verilib. Deyirlər, orta əsrlərdə Mağusa qalası dünyanın ən alınmaz qalası olub. Osmanlı İmperiyası qalanı ram etmək üçün 11 ay mühasirədə saxlayıb və yalnız bundan sonra silah-sursatı və ərzaq ehtiyatları tükənən benediktlilər təslim olublar. Britaniyalı araşdırmaçılar bu qənaətə gəliblər ki, böyük Şekspirin eyniadlı əsərindəki hadisələr məhz Otello qalasında cərəyan edib.

 

Osmanlı keçmişinin izləri ilə

Bəs, Osmanlı İmperiyası özündən sonra Kiprdə müsəlman irsinə aid abidə buraxmayıb? Kilsə, monastır və digər xristian abidələrini gəzən hər bir turistin ağlına bu sual gələ bilər. Baxmayaraq ki, Osmanlı dövrünə aid məssidlərin minarələri uzaqdan görünür. Onların arasında necə deyərlər sıfırdan tikiləni də var, vaxtilə kafedral kilsə olub, sonradan camiyə çevriləni də. Vaxtilə nəhəng kafedral binalarına bitişik minarə ucaltmaqla Osmanlı İmperiyası bu xristian abidələrini «müsəlmanlaşdırıb». Məsələn, Qazimağusadakı Müqəddəs Nikolay kafedralı Lala Mustafa Paşa camisinə, Levkoşadakı Müqəddəs Sofiya soboru isə Səlimiyyə məssidinə çevrilib.

Səlimiyyənin yaxınlığında Osmanlı memarlığına aid digər maraqlı abidə də var - Böyük Han adlanan qədim karvansaray. Kiçik dördbucaqlı qalanı xatırladan ikimərtəbəli tikili Şəkidəki karvansarayın sanki təkrarıdır. Bu gün Böyük Han karvansaray xidmətləri göstərməsə də, burada yerləşən bədii emalatxanalar, suvenir köşkləri və restoranlar xarici turistlərin sevimli yeridir.

 

Katolik kilsədən erməni monastırına

Levkoşanın küçələri ilə gəzişərkən şəhəri türk və yunan hissələrinə bölən «yaşıl zolağ»ın yaxınlığında bir kilsəyə yaxınlaşdıq. «Bu, Notr Dam de Tira monastırıdır, Osmanlı dövründən erməni kilsəsinə verilib», - deyə bələdçimiz Selin Akça söhbətə başladı. Söhbətin davamını gözləmədən Selin xanımdan «bəs, əvvəllər bura kimə məxsus olub?» - deyə soruşdum. Məlum oldu ki, XIII əsrdə benediktlilər tərəfindən əsası qoyulmuş bu katolik məbədi XV əsrdə Osmanlı İmperiyası tərəfindən mükafat olaraq erməni kilsəsinə bağışlanılıb - benediktlilərə xəyanət edib Osmanlıya xidmət etdiklərinə görə. «Çox tanış ssenaridir», - deyə düşündüm və dərhal xatırladım ki, sonradan elə həmin ermənilər Rusiya İmperiyası tərəfindən Dağlıq Qarabağdakı alban kilsələrini də hədiyyə almışdı - bu dəfə Osmanlının özünü satıb ruslara işlədiklərinə görə.

Özü də əgər kiprli türklər bəzi məssidlərin əvvəllər kilsə olduğunu gizlətmirlərsə, ermənilər Qarabağdakı alban məbədlərinin irsini mənimsəmək üçün tarixi saxtalaşdırmaqdan çəkinmirlər. Lakin bu, artıq başqa söhbətin mövzusudur.

 

Xoş yorğunluq və qızıl qumlu sahildə istirahət

Artıq yol qeydlərimin bu hissəsini oxuyursunuzsa, deməli, Şimali Kiprə virtual səyahətdən hələ yorulmamısınız. Hərçənd, bundan real həyatda da yorulmaq olmaz. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, burada turist yorulmadan 10-12 saat piyada gəzə bilər. Daha çox şey görmək və hər bir fürsəti dəyərləndirmək istəyi adama fiziki yorğunluğu unutdurur. Rahatlıqla smartfonunuzda addımölçən proqramı qoşub, sonra dostlarınızın yanında qət etdiyiniz kilometrlərlə öyünə bilərsiniz. Hələ biz adanın rəmzinə çevrilmiş məşhur Kipr uzunqulaqlarının olduğu yerə və yekəbaş dəniz tısbağalarının çıxdıqları sahilə getməyə vaxt tapa bilmədik.

Lakin işdir birdən qızmar günəş altında səyahət sizi yordusa, bu yorğunluğu çıxarmaq elə də çətin olmayacaq. Axı, Şimali Kipr təkcə abidə və əfsanələr diyarı deyil. Bura həm də Aralıq dənizinin kurort iqlimi, müasir hotellər, büllur dəniz suları, qızıl qumlu çimərliklər, dadlı və zəngin mətbəxi ilə məşhurdur.

 

Turistlər üçün cənnət

Kiprli türklər əmindirlər ki, Şimali Kipr təkcə turizmin hesabına özünün iqtisadi müstəqilliyini təmin edə bilər. ŞKTC hökuməti tərəfindən turist axınını artırmaq üçün böyük səylər göstərilir. «Hürriyyət» qəzetinin məlumatına görə, 2017-ci ildə «Ercan» hava limanına gələn turistlərin sayı 1,5 milyon nəfəri ötüb. Bu zaman sərnişin axını ildən-ilə artır və bu səbəbdən, hazırda hava limanının ötürmə gücünün 4 milyon nəfərdən 10 milyon nəfərədək artırılması məqsədilə genişmiqyaslı işlər görülməkdədir.

Türkiyədən gələnləri saymasaq, Kiprə səfər edən xarici turistlər arasında ilk yerləri Almaniya və Böyük Britaniya vətəndaşları tutur. Daha sonra Şimali Avropa və Skandinaviya ölkələrindən gələn turistlər gəlir. Avropalı turistlər buraya ilboyu gəlirlərsə, rusiyalılar əsasən çimərlik mövsümünə üstünlük verirlər. Yeri gəlmişkən, İskele bölgəsinin Lonq Biç sahilindəki villaların əksəriyyəti məhz ruslar tərəfindən alınıb.

Bələdçilər deyirlər ki, turistləri Kiprə əsasən isti iqlim, münasib hotel qiymətləri, zəngin xristian irsi və ucuz alış-veriş imkanı cəlb edir. Onlar buradan əsasən xalça və zinət əşyaları alıb aparırlar. Kiprin turizm gəlirlərinin əhəmiyyətli bir hissəsi də kazinoların payına düşür. Təkcə, Girnə limanında bir neçə kazino fəaliyyət göstərir.

Şimali Kiprdə turizmin daha bir üstünlüyü də odur ki, ölkənin bu başından o biri başına ən uzağı üç saata çatmaq mümkündür. Üstəlik, avropalılar adanın həm yunan, həm türk tərəfinə rahatlıqla keçə bilirlər. Bunun üçün yeddi buraxılış məntəqəsi fəaliyyət göstərir. Elə Kiprin yerli sakinləri yunan və ya türk olmasından asılı olmayaraq «yaşıl zolağı» rahatlıqla keçərək gedib gələ bilirlər.

Bir sözlə, bu gün türk Kiprinə yollanan turistlər üçün sərhəd və pasport nəzarəti adi bir formallıqdır. Hətta adanı iki yerə bölən tikanlı məftil və BMT sülhməramlılarının gözətçi qüllələri belə çoxdan turizm obyektlərinə çevrilib.



MƏSLƏHƏT GÖR:

284