23 Aprel 2024

Çərşənbə axşamı, 12:57

QƏBUL ETMƏK, SAXLAMAQ, GÖNDƏRMƏK

Azərbaycanda poçt tranzitini artırmaq və e-commerce hesabına yerli məhsulun ixracını genişləndirməyi planlaşdırırlar

Müəllif:

15.05.2018

Dünya poçt xidmətləri və ticarət platformaları ilə əməkdaşlıq hesabına pərakəndə elektron ticarət potensialının genişləndirilməsi, həmçinin iri topdansatış e-commerce nəqliyyat-logistika sisteminin formalaşması Azərbaycanı regional elektron ticarət tranzit qovşağına çevirə bilər, perspektivdə isə elektron ticarəti Azərbaycan ixracının genişləndirilməsi üçün əsas hərəkətvericilərdən birinə çevirə bilər. Qonşu Rusiya, Qazaxıstan, Türkiyədə də oxşar strategiyaların həyata keçirilməsi nəzərdə tutulur və bununla bağlı, Azərbaycanın öz coğrafi üstünlüklərini və nəqliyyat-logistika imkanlarından istifadə edərək, regional və qlobal elektron ticarət sistemlərinə inteqrasiya istiqamətində addımlarını fəallaşdırmalıdır.

 

Əsas hərəkətverici

Mal və xidmətlərin satışında ən səmərəli üsulu hesab olunan elektron ticarət Azərbaycanda tədricən inkişaf edir. Son illərdə ölkədə 150-yə yaxın onlayn mağaza yaradılıb və ən qabaqcıl onlayn ticarət obyektlərinin daimi müştəri bazası 5000 nəfərdən çoxdur. Bazar dövriyyəsinin 90%-dən çoxu qeyri-ərzaq məhsullarına düşür, korporativ müştərilər isə satınalmaların, təxminən, 4/5-nü təmin edir.

Əlbəttə ki, Azərbaycanda elektron ticarət sahəsi hələ inkişaf mərhələsindədir, onun həcmləri dünyanın aparıcı ölkələrindəki dövriyyə ilə tamamilə müqayisə edilən deyil. Bununla belə, etiraf etmək lazımdır ki, əgər birbaşa pərakəndə internet ticarət seqmentinə nəzər salınsa, yerli istehlakçıların böyük əksəriyyətinin əsasən ölkə xaricindəki iri dünya ticarət meydanlarından mal və xidmətlərin alınmasına yönəldiyini görmək olur. Bu, onunla bağlıdır ki, istehlak malları - geyim, ayaqqabı, ətir, hədiyyələr, kitablar, elektronika və s. satan yerli internet mağazalar tez-tez həm qiymət, həm də çeşid baxımından, xarici onlayn-ticarət «balina»ları ilə rəqabət aparmaq iqtidarında olmurlar. Burada obyektiv amillər öz təsirini göstərir: əksər hallarda bu məhsul qruplarının istehsalı Azərbaycanda lokallaşdırılmış olmur və nəticədə, yerli internet mağazalar nəqliyyat, gömrük rüsumlarının ödənilməsi, daxili anbar logistikası və s. ilə bağlı xərclər çəkməyə məcbur olurlar.

1 yanvar 2017-ci il tarixindən etibarən Azərbaycanda elektron ticarətdən vergi tutulmasını nəzərdə tutan qanun qüvvəyə minib. Xüsusilə də internetdən elektron kitabların, musiqi, audio və video materialların satın alınması ilə əlaqədar elektron xidmətlər üzrə 18% ƏDV-nin ödənilməsi nəzərdə tutulur. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, bir çox digər ölkələrdə olduğu kimi elektron ticarəti 4-5 il müddətinə ƏDV-dən azad etmək, yaxud yetərincə aşağı (e-ticarət həcminə görə statistika aparılması məqsədilə 1%-ə yaxın) vergi dərəcəsi müəyyən etmək lazımdır, yalnız şirkətlər bazarda gücləndikdən sonra maliyyə yükünü artırmaq olar.

Öz növbəsində, Azərbaycan Vergilər Nazirliyi bu kimi təklifləri olduqca mübahisəli hesab edir: elektron ticarət subyektləri üçün əsassız güzəştlər ənənəvi ticarət şəbəkəsi üçün ədalətsiz rəqabət şəraiti yaradar ki, bu disbalans ticarət dövriyyəsinin bir hissəsini zəif nəzarət olunan "boz zona"ya aparacaq.

Nəticədə, Azərbaycanda elektron ticarətin artımı üçün əsas hərəkətvericisi kimi "vergi tətilləri" yox, böyük ehtimalla başqa trendlər seçilə bilər ki, onların inkişafı mövcud maneələri aradan qaldırmaqda kömək edə bilər və ölkəni regional elektron ticarət habına çevirər.

 

Biznesin iki seqmenti

Diqqətəlayiqdir ki, Azərbaycanda elektron ticarətin dünya üzrə dominant olan iki istiqamətini inkişaf etdirmək planlaşdırılır ki, bunların sırasında nisbətən uzun müddətdir inkişaf etməkdə olan "biznesdən istehlakçıya"satış seqmenti - B2S (Business-to-Consumer), həmçinin bizim üçün nisbətən yeni sahə olan və malların topdansatış təchizatının qurulmasını nəzərdə tutan B2B (Business-to-Business) yer alır.

Xüsusilə Azərbaycanın poçt operatoru «Azərpoçt» MMC fəal şəkildə B2C formatını inkişaf etdirmək və ölkənin öz elektron ticarət platformasını formalaşdırmaq, eləcə də daha çox tranzit yönümlü logistika infrastrukturunu yaratmaq niyyətindədir. «Azərpoçt»un elektron ticarət platformasının inkişafı üzrə layihəsinə müəssisənin 2018-2020-ci illər üzrə fəaliyyət planı daxildir, həmçinin mobil və internet bank xidmətlərinin inkişafını nəzərdə tutur: elektron ticarət platformaları yaradılması üzrə xidmət göstərən Rusiya, Ukrayna və Qazaxıstan ixtisaslaşmış şirkətləri ilə müvafiq danışıqlar aparılır. Digər tərəfdən «Azərpoçt» Türkiyənin poçt operatoru «epttavm.com»un elektron ticarət layihəsinə qoşulma imkanlarını nəzərdən keçirir ki, bu, onun logistika və sifariş çatdırma sistemindən yararlanmağa, həmçinin bu platforma üzərindən alış-veriş üçün «Azərpoçt» ödəniş kartlarından istifadə etməyə imkan yaradar.

Ölkədə elektron ticarətin inkişafının daha bir istiqaməti kimi dünyanın ən böyük debet elektron ödəniş sistemi «PayPal»ın Azərbaycanda tam fəaliyyət göstərməsi ehtimalı nəzərdən keçirilir. Dünyanın aparıcı ticarət platforması «Ebay» ilə sıx əməkdaşlıq edən «PayPal» müştərilərə internetdə ödəniş və satınalmalar üçün tam təhlükəsiz üsul təqdim edir, pul köçürmələrini göndərməyə və qəbul etməyə imkan yaradır. «PayPal»ın Azərbaycanda prosessinq mərkəzinin fəaliyyət göstərməsi ilə bağlı anlaşma əldə edildikdən sonra bu, məhdud məsuliyyətli cəmiyyət (MMC) və ya qeyri-bank kredit təşkilatı şəklində təşkil edilə bilər. Azərbaycanda «PayPal»ın tam keyfiyyətli işləməsi tərəfdaş banklar vasitəsilə elektron ticarət əməliyyatlarının artımına imkan yaradır, bu isə nəticədə dövlət büdcəsinə elektron ticarətdən vergi gəlirlərinin artmasına yardım edər.

 

Müstəqil paylayıcı

Bununla yanaşı, sadəcə, malların əsasən nisbətən dar Azərbaycan bazarına çatdırılmasına bağlı pərakəndə elektron ticarətə yönəlib, elektron ticarətin həcmlərini məhdudlaşdırmaq yanlış olardı. Azərbaycanın, ən azından, elektron ticarətin regional tranzit habına çevrilməsinə imkan yaradan logistika sisteminin formalaşdırılması üçün daha geniş perspektivlər var. Burada söhbət, barəsində təşəbbüs qaldırılan «Azexport» elektron ticarət platformasından, xüsusilə də logistika sistemində anbar təsərrüfatı funksiyalarını yerinə yetirən müstəqil paylayıcı mərkəzlərinin yaradılmasında onun iştirakından gedir.

 «Azexport» portalının rəhbəri Zaur Qardaşovun sözlərinə görə, Azərbaycanda belə paylayıcı mərkəzlərdə üçüncü ölkələrdə böyük tələbat olan kiçikölçülü məhsulları saxlamaq mümkündür. Oriyentir olaraq kiçikölçülü məhsulların ən tez-tez göndərildiyi ölkələr seçiləcək və buna görə də sifariş verildikdən sonra istehlakçı onun çatdırılmasını bir neçə həftə gözləmək məcburiyyətində qalmayacaq. Yəni, əslində, Azərbaycan aralıq tranzit poçt bazası kimi xidmət edə bilər, malların mənşə ölkələri (Çin, Cənub-Şərqi Asiya ölkələri) və satış bazarları - Avropa, MDB və s. arasında logistikanı həyata keçirə bilər.

Qeyd edək ki, Azərbaycanın poçt qurumu poçt göndərişlərinin tranzit ötürülməsi üzrə böyük təcrübəyə malikdir. 2017-ci ilin nəticələrinə görə "Azərpoçt" 17 ölkə üçün ümumi çəkisi 374 tondan artıq olan 4,34 milyondan çox müxtəlif göndərişlər işləyib. Əsas kütlə kiçik yüklər (3.81 mln. ədəd) olub, onlar əsasən Çin elektron ticarət meydançalarında sifariş edilib və Azərbaycandan tranzit keçməklə Rusiya, Ukrayna, Belarus, Avropa ölkələrinə, qismən də ABŞ, İsrail, İran, Türkiyə və s. ölkələrə göndərilib.

Ancaq tranzit yük axını həcmləri bir neçə dəfə artırıla bilər və hökumət transmilli səviyyədə logistika şirkətinin yaradılmasına vəsait qoyulmasını planlaşdırır. Belə olan halda, «Azərpoçt»un «Fedex», «DHL», «Aramex» və s. kimi böyük beynəlxalq daşıyıcılardan birinə çevrilmək şansı yaranır. Lakin belə bir iddialı niyyətin həyata keçirilməsi üçün poçt qurumu səmərəli idarəetmənin təmini ilə bağlı bir sıra çətin məsələləri həll etməlidir. İlk öncə, bu xidmətlər üçün tariflərin azaldılması, tranzit yüklərin işlənməsi və çatdırılması müddətinin azalması təmin edilməlidir.

Layihənin nəqliyyat komponentinə gəldikdə isə, "Azərpoçt" hava nəqliyyatı sahəsində geniş imkanları olan "Silk Way" Azərbaycan yük hava yolu şirkəti ilə çoxdan və uğurlu əməkdaşlıq edir. Bununla yanaşı, "Azərpoçt" rəhbərliyi elektron ticarət meydançalarında satın alınan böyükölçülü poçt yüklərinin işlənməsi və çatdırılması üzrə də fəaliyyət sahəsini genişləndirməyi planlaşdırır. Bu baxımdan, keçən il Çin, Cənubi Koreya və Sinqapurun poçt ekspress xidmətləri ilə danışıqlar aparılıb.

 

Bütün istiqamətlər üzrə

Son illərdə ən mühüm trend kimi elektron ticarətdə malların topdan çatdırılması üçün nəzərdə tutulan B2B kimi elektron ticarət istiqamətinin Azərbaycanda inkişafı olub. Bu sahədə aparıcı qurum 21 sentyabr 2016-cı il tarixli "Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yaradılmış «Azexport» (azexport.az) dövlət portalıdır. Bu qurum fəaliyyətinin ilk günlərindən etibarən elektron ticarət formatının yüksək effektivliyini nümayiş etdirib. Belə ki, 2017-ci ildə Azərbaycan istehsalçıları «Azexport» elektron portalı vasitəsilə 475 milyon $ məbləğində məhsul ixracı üçün sifariş alıblar. Bu ilin yanvar-fevral aylarında «azexport.az» meydançası vasitəsilə yerli şirkətlər 119.1 milyon $-lıq ümumi ixracat sifarişi ilə təmin ediliblər.

Bu gün «Azexport» portalının göstəricilər bazası «eBay», «Alibaba», «Allbiz» kimi böyük elektron ticarət platformalarından göstəricilər bazaları ilə inteqrasiya edilib, Türkiyənin elektron ticarət platforması «hepsiburada.com», həmçinin Rusiyanın "Yandex. Market" platforması ilə əməkdaşlığı genişləndirmək planlaşdırılır. Belə əməkdaşlıq Azərbaycan istehsalçılarının mallarının  qlobal ticarət meydançaları vasitəsilə satışına imkan verir, hədəf auditoriyasına çıxış imkanlarını dəfələrlə genişləndirir.

Eyni zamanda «Azexport» portalı idxal ölkələrinin poçt operatorları ilə, xüsusilə də "Poçta Rossii", "Ukrpoçta" (Ukrayna) əməkdaşlıq qurur. Türkiyənin «MNG Kargo» nəqliyyat şirkəti ilə yükün sifarişçiyə birbaşa poçt ilə çatdırılması, həmçinin tərəfdaş ölkələrin poçt və nəqliyyat xidmətlərinin qoşulması ilə toplu partiyaların göndərilməsi barədə danışıqlar aparılır.

«Azexport» portalı ən böyük ticarət platforması «Amazon» ilə birlikdə «Fulfillment By Azexport» layihəsini həyata keçirməyə hazırlaşır: layihə sayəsində Azərbaycan malları (kosmetik, ərzaq və şərab, tekstil və s) Amerika Birləşmiş Ştatlarının anbar obyektlərində saxlanacaq, sifarişin sürətlə çatdırılması təmin ediləcək, xərcləri bir neçə dəfə azaltmaq mümkün olacaq.

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, belə perspektivli planların coğrafi cəhətdən yaxın yerləşən Türkiyə, Qazaxıstan və Rusiyada da gerçəkləşdirmək nəzərdə tutulur. Belə ki, rəqəmsal ticarət habının formalaşmasının uğuru birincilər sırasında və tam şəkildə pərakəndə distribusiya kanallarının radikal inkişafını təmin edə bilən və yerli nəqliyyat logistikasını qlobal tələblərə uyğunlaşdıra bilən ölkələr üçün faydalı olacaq. Bunu etmək üçünsə, ilk növbədə, malların çatdırılma vaxtını qısaltmaq və xərcləri azaltmaq, malın yeri haqqında tam və vaxtında məlumat vermək, eləcə də ani gömrük rəsmiləşdirilməsini təmin etmək lazımdır.

 



MƏSLƏHƏT GÖR:

344