19 Aprel 2024

Cümə, 23:34

DOST… SANKSİYALARDA QOYUB QAÇMAZ

Azərbaycan Rusiya ilə yeni iqtisadi layihələrə təşəbbüs göstərir

Müəllif:

15.05.2018

ABŞ tərəfindən 6 aprel 2018-ci il tarixdən Rusiyanın 15 şirkətinə və 24 vətəndaşına qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Azərbaycanla bu qonşu ölkə arasında ticari və iqtisadi əlaqələr inkişaf trendini davam etdirəcək. Ümumiyyətlə, rəsmi Bakı heç zaman qonşularına qarşı yönəlmiş sanksiyalara qoşulmayıb, regionda yaxşı qonşuluq münasibətlərinə sadiq qalıb. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun son açıqlamasında bu barədə danışılır.

"Bakı qonşu dövlətlərlə bağlı Qərbin hər hansı kampaniya və sanksiyalarına qoşulmur, öz ərazisindən bu və ya digər ölkələrə qarşı bir plasdarm kimi istifadə edilməsinə imkan vermir ", - deyə Əli Həsənov «Facebook» səhifəsində yazıb.

 

Qeyri-neft sektorunda əsas tərəfdaş

Əlbəttə, iqtisadi maraqlarla siyasi maraqların dərin və şərtsiz qarşılıqlı əlaqəsi hər zaman dövlətlər arasındakı tərəfdaşlıq münasibətlərinin ümumi istiqamətlərini müəyyən edib. Azərbaycan və Rusiyaya gəldikdə isə, münasibətlərin iqtisadi komponenti hər zaman qarşılıqlı faydalı əməkdaşlığın müsbət xüsusiyyətini əks etdirib.

Məsələ bundadır ki, ABŞ-ın və Avropa Birliyi ölkələrinin Azərbaycandakı ticarət maraqları əsasən neft-qaz sektoru məhsullarına yönəlib. Ölkəmizin qeyri-neft sektorunun ixracında Rusiya birinci yer tutur.  

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, 2017-ci ilin nəticələrinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 22% artıb, qonşu ölkəyə Azərbaycan mallarının ixracı isə 42% artıb. Onun rusiyalı həmkarı - Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin isə əlavə edib ki, 2018-ci ilin əvvəlindən Rusiyaya Azərbaycan mallarının ixracı 50% artıb, halbuki MDB ölkələrinin ixracı ilə bağlı bu göstərici 6% təşkil edir.

Şahin Mustafayevin sözlərinə görə, yaxın beş il ərzində Azərbaycan Rusiyaya ixracatı üçqat artırmağı planlaşdırır ki, bunun üçün iki ölkənin iqtisadi qurumlarının işini əlaqələndirmək məqsədi ilə Rusiya tərəfə Azərbaycan iqtisadiyyatının bu dövrdə inkişafı üzrə bir plan təqdim edilib. Bu iddialı məqsədə nail olmaq üçün iki ölkənin hökumətləri və biznes ictimaiyyəti tərəfindən vacib addımlar atılır. O cümlədən yaxın gələcəkdə Azərbaycan Respublikası və Rusiya Federasiyasının sərhədində Azərbaycan istehsal edilmiş tütün məmulatlarının və spirtli içkilərin Rusiyaya ixracını sadələşdirməyə imkan verəcək aksiz gömrük məntəqəsi açılacaq. Beləliklə, Azərbaycan məhsullarını birinci Gürcüstana və oradan Rusiyaya göndərməyə ehtiyac qalmayacaq. Ş.Mustafayev bildirib ki, Rusiya tərəfi ən qısa müddətdə aksiz məntəqəsinin açılmasına razılıq verib.

Bundan əlavə, qarşılıqlı ticarətin artmasına Samur çayı üzərində Azərbaycan - Rusiya sərhədində tikintisi gələn il başa çatacaq avtomobil körpüsünün də dəstəyi olacaq. Ancaq ən başlıca məsələ kimi Azərbaycan və Rusiya hökumətləri diqqətlərini birgə istehsal müəssisələri yaratmaq və məhsullarını üçüncü ölkələrə satmaq üzərində cəmləşdiriblər.

Hacıqabul sənaye məhəlləsində kiçiktonnajlı "QAZ" yük avtomobillərinin yığılması ilə bağlı "Bazovıy element" sənaye qrupuna aid "QAZ" qrupu ilə müqavilə məhz bu məqsədi daşıyır. Ş.Mustafayevin sözlərinə görə, Azərbaycan və Rusiya hökumətləri Sumqayıt texnoparkının ərazisində neft-kimya maşınqayırması sahəsində birgə istehsalın yaradılmasında maraqlıdırlar.

Bundan başqa, nazirin sözlərinə görə, investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur. "Bir sıra layihələr artıq həyata keçirilir. Əczaçılıq zavodunun təməli qoyulub və 2018-ci ilin sonunda müəssisənin qablaşdırma bölməsi işə başlayacaq", - deyə Mustafayev əlavə edib.

 

Regional layihələr  

Əlbəttə, hər iki ölkənin aktiv iştirak etdiyi regional layihələrin çox uzaq gedən perspektivləri var. Məsələn, "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) ilə yalnız 2018-ci ilin birinci rübündə Rusiyadan İrana 100 min ton yük daşınıb. Şahin Mustafayev qeyd edib ki, dəhlizlə yük axınının artırılması üçün böyük potensial var. Xatırladaq ki, son iki il ərzində görülən işlər Azərbaycanla İran arasında dəmir yolunun açılması üçün əsas yaratdı: 2016-2017-ci illərdə Azərbaycan ərazisində dəmir yolunun çatışmayan hissəsi - Astaraçay üzərində körpü tikilib və Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu açılıb. Astara (İran) stansiyasında yük terminalının tikintisi başa çatır, 27 mart 2018-ci il tarixdə imzalanan sənədə görə isə, Azərbaycan "Şimal - Cənub" nəqliyyat dəhlizinin həyata keçirilməsində xüsusi rol oynayacaq Rəşt - Astara dəmir yolunun tikintisi üçün İrana $500 milyon $ ayırıb.

Yeri gəlmişkən, bu gün "Azərbaycan Dəmir Yolları" QSC İran ərazisindəki Astara stansiyasının yeni, qismən tikilmiş yük terminalına yük daşınması üçün 200-dən çox sifariş alıb. Yüklərin yalnız İranın daxili bazarlarına deyil, həm də Suriya və İraq bazarlarına da çatdırmaq nəzərdə tutulur. İndi əsasən Rusiyadan taxta materiallar nəql olunur və gələcəkdə İrandan Rusiyaya meyvə daşınması da mümkün olacaq.  

Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin qeyd edib ki, ümumilikdə "Şimal - Cənub" BND ilə İran, Azərbaycan və Rusiyadan keçməklə, dəniz, avtomobil və dəmir yolu nəqliyyat vasitələrindən istifadə etməklə Hindistan məhsullarının Avropaya daşınması nəzərdə tutulur. Onun sözlərinə görə, bütün bu zəncir çox mürəkkəb bir layihədir və heç bir ölkə, heç bir şirkət ayrı-ayrılıqda bunu həyata keçirə bilməz.

 

İqtisadiyyatların komplementarlığı  

Nazir M.Oreşkinin sözlərinə görə, iki ölkənin iqtisadiyyatları komplementardır, yəni bir-birlərini qarşılıqlı tamamlayırlar. Xüsusən də, əgər Azərbaycan əhalisində gənc nəsil yüksək paya malikdirsə, hazırda Rusiyada nəzərçarpacaq qədər kadr çatışmazlığı müşahidə edilir. Hazırda Azərbaycan və Rusiya rəhbərlikləri hər iki ölkənin xalqlarını yaxınlaşdırmaq üçün fəal addımlar atırlar. Bunun yollarından biri turizmdir. Hazırda hər iki ölkənin vətəndaşları tərəfindən Azərbaycan və Rusiyanın görməli yerlərinə səfərləri artırmaq üzrə işlər aparılır, əhalinin informasiya təchizatı, eləcə də hər iki ölkənin vətəndaşları üçün istirahət yerlərinin genişləndirilməsi üzrə layihələr gerçəkləşdirilir.

Azərbaycan tərəfinin məlumatına görə, 2017-ci ildə ölkəyə gələn turist axını 2016-cı illə müqayisədə 20% artaraq 2,7 mln.-a çatıb. Rusiyadan gələn turistlər siyahıda liderlik edirlər - 0,8 milyon adam gəlib.

Təqdirəlayiqdir ki, M.Oreşkinin Bakıya son səfəri zamanı "Şahdağ" turizm kurort mərkəzi ilə "Şimali Qafqaz Kurortları" ASC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Yəni tərəflər turist axınını artırmaq istiqamətində konkret işlər görürlər. Humanitar sahədə Bakıda MQİMO-nun filialının açılması planlaşdırılır. Bundan əlavə, ali təhsili bitirdikdən sonra ixtisası artırmaq üçün magistr dərəcəsi almaq üzrə ikiillik təhsil proqramı işə salınacaq. Həmçinin Azərbaycandan olan məhsul təchizatı Rusiyada diqqəti rəqabət qabiliyyətli olan digər məhsulların istehsalına yönəltməyə imkan yaradır.

Bir sözlə, Azərbaycan rəhbərliyi faktiki olaraq işlə sübut edir ki, Rusiya ilə münasibətlərdə üçüncü ölkələrin təzyiqi bizim üçün qəbuledilməzdir. Təbii ki, bu işdə ölkənin hakimiyyət orqanlarının yeganə məqsədi milli maraqlardır və yuxarıda göstərildiyi kimi, Rusiya ilə iqtisadi əməkdaşlıqda bu, özünü qabarıq göstərir.



MƏSLƏHƏT GÖR:

306