17 Aprel 2024

Çərşənbə, 03:40

TİCARƏTƏ MÜHARİBƏ ELAN ETDİLƏR

Ümumdünya Ticarət Təşkilatını dağılmaqdan xilas etmək mümkün olacaqmı?

Müəllif:

15.05.2018

Bəlkə də, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) mövcudluğunun 23 ili ərzində heç zaman indiki qədər ciddi problemlərlə üzləşməmişdi. Hadisələr bu istiqamətdə və bu sürətlə cərəyan etsə, istisna deyil ki, 2019-cu ildə ÜTT fiziki olaraq öz əsas funksiyalarını yerinə yetirə bilməyəcək. Ticarət üzrə Avropa komissarı Sesiliya Malmstrem israr edir ki, nə qədər gec deyil ÜTT-ni qurtarmaq ğçün hər ehtimala qarşı "B" planı hazırlanmalıdır.

 

Əsas təhlükələr

1. 2019-cu ildə ÜTT iqtisadi mübahisələrdə arbitr kimi çıxış etmək qabiliyyətini itirə bilər. "Mübahisələrin həlli sistemi ÜTT-nin fundamental əsasıdır", - deyə təşkilatın baş direktoru Roberto Azevedo bildirib. Onun sələfi Paskal Lami apellyasiya orqanını Ümumdünya Ticarət Təşkilatının "tacındakı inci" adlandırır və buna əsas kimi qurumun iri ticarət müharibələrinin qarşısının alınmasında oynadığı rolu göstərirdi.

2. Ümumdünya Ticarət Təşkilatının üzvləri tərəfindən öz öhdəliklərini yerinə yetirməmək və ya gömrük maneələri qurmaq üçün "milli təhlükəsizlik məqsədilə" ifadəsinin kütləvi şəkildə işlədilməsinin mümkünlüyü. Təşkilatın qaydalar toplusunda belə bir ifadəyə yol verilir, ancaq bunun yalnız müharibələr və ya təbii fəlakətlər kimi qlobal çağırışlar zamanı tətbiqi nəzərdə tutulur. Ötən ilə qədər bu ifadənin istifadəsi, demək olar ki, qadağan idi.

3. ÜTT-nin "maraq qrupları"na parçalanması. ÜTT ilə hamıya əlverişli yeni oyun qaydalarına uyğun yeni bir müqavilə bağlayaraq bu problemi həll etməyin tərəfdarları var. Ancaq skeptiklər bu seçimin real olmadığına inanırlar, çünki ÜTT üzvləri indi öz aralarında razılığa gələ bilmirlər. Onlar ehtimal edirlər ki, gələcək ÜTT çərçivəsində ayrı-ayrı problemlərin həlli üçün bir araya gələcək "maraq qrupları"nın olacaq. Ötən ilin dekabr ayında keçirilmiş 11-ci ÜTT konfransı bu cür qrupların artıq qurulduğunu göstərdi. Məsələn, ABŞ, Yaponiya və Avropa Birliyi (AB) arasında ÜTT çərçivəsində üçlü əməkdaşlığı gücləndirmək barədə anlaşma əldə edilib.

4. ÜTT qərarlarına riayət edilməməsi normaya çevrilə bilər. ABŞ və AB kimi böyük oyunçular ÜTT arbitraj məhkəməsində uduzduqları işlər üzrə qərarlara onsuz da çox vaxt riayət etmirdilər. İndi isə ABŞ-ın bu təşkilata açıq şəkildə əhəmiyyət verməməsi, qalan ölkələrin də onun qərarlarını rədd etməsinə səbəb ola bilər.

5. Beynəlxalq ticarət qaydaları 1947-ci ildən 1995-ci ilədək formalaşdırılıb və ondan bu günədək yenilənməyib. Onlar elektron ticarət və s. kimi müasir gerçəklikləri nəzərə almır. Vəziyyəti düzəltmək cəhdləri isə ona görə çətinləşir ki, hamını razı salacaq ortaq ifadələr tapmaq çox çətindir.

6. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında, həm də bu qrupların özləri daxilində fikir ayrılığı artmaqda davam edir.

7. Çini bir tərəfdən bazar iqtisadiyyatı ölkəsi, digər tərəfdən inkişaf etməkdə olan iqtisadiyyat hesab edib-etməməklə bağlı mübahisələr ÜTT üzvləri arasındakı əlaqələri çətinləşdirir.

8. Dünyanın iki böyük iqtisadiyyatı - ABŞ və Çin arasında indiki mövcud açıq qarşıdurma bütün ölkələrə mənfi təsir göstərəcək.

9. Bəzi ekspertlər hesab edirlər ki, başqa bir problem də var - ÜTT-nin həddindən sərt qaydaları bir çox ölkələri ona qoşulmaqdan imtina etməyə məcbur edir.

 

Bütün dünya ticarətinin 97%-nin tənzimləyicisi

1947-ci ildən 1995-ci ilə kimi mövcud olmuş GATT-ın (Tariflər və Ticarət üzrə Baş Sazişin) davamı olan ÜTT dünya ticarətinin ümumi prinsiplərini formalaşdırıb qorumaq üçün nəzərdə tutulub. Danışıqlar və iqtisadi mübahisələrin qərəzsiz həlli üçün bir platforma sayılan təşkilat 163 dövləti və kollektiv üzvü kimi Avropa Birliyini özündə birləşdirir. Keçmiş SSRİ ölkələri arasında yalnız dördü ÜTT üzvü deyil. Onlardan üçü - Azərbaycan, Belarus və Özbəkistan müşahidəçi statusuna malikdir (müşahidəçilər cəmi 21-dir). Türkmənistan 2013-ci ildə danışıq prosesinə başlayıb.

ÜTT-nin üzvü olan ölkə 50-dən çox qayda və normaya riayət etmək öhdəliyi götürür ki, bu normalar məhsul və xidmətlərin ümumi dünya üzrə ticarətinin, təxminən, 97%-ni tənzimləyirlər. Mübahisəli məsələlər yarananda və azad ticarət prinsiplərinin pozulması halında tərəflər hökmünə əməl etməli olduqları arbitraja müraciət etmək hüququna malikdirlər.

Ümumdünya Ticarət Təşkilatının mövcudluğu dövründə 500-dən çox işə baxılıb. İddialar üzrə çempion ABŞ olub - 114 dəfə iddiaçı və 130 dəfə cavabdeh olub. İkinci yerdə Avropa Birliyi gəlir - göstəriciləri uyğun olaraq 97 və 82-dir.

Maraqlıdır ki, Çin dünya ticarətinin ən böyük üzvü olsa da (dünya ixracatının, demək olar ki, 13% -i onun payına düşür, Amerika Birləşmiş Ştatları və Almaniya onun arxasınca gəlir), cəmi 15 halda iddiaçı olub və cavabdeh kimi isə 39 halda çıxış edib.

 

Hakimlər getdikcə azalır

ABŞ iqtisadi mübahisələr zamanı ÜTT-nin imkanlarından ən fəal istifadəçi olduğu halda birdən-birə başqa ölkələri günahlandırmağa başladı ki, onlar problemləri danışıqlar yolu ilə həll etmək əvəzinə tez-tez sərfəli nəticələr əldə etmək üçün mübahisələrin həlli proseduruna müraciət edirlər. Bu, çox qəribə səslənir. Nəzərə alaq ki, ABŞ-ın özü tərəfindən verilən iddia sənədlərinin 90% -i onun xeyrinə həll olunur. Düzdür, ABŞ-ın əleyhinə qaldırılmış iddiaların da,

demək olar ki, hamısını uduzublar, amma tək fövqəldövlət kimi xüsusi statusundan istifadə edərək ABŞ heç də həmişə ÜTT qərarlarını yerinə yetirmir.  

2002-ci ildə ÜTT Avropadan polad idxalına yüksək qoruyucu rüsumlar tətbiqini ləğv etməyi tələb edən zaman Amerika Birləşmiş Ştatları razılaşmağa məcbur oldu. Amma 2004-cü ildə pambıq sənayesinin subsidiyalaşdırılmasının ləğvi haqqında qəbul edilmiş qərarı yerinə yetirməyə Amerika Birləşmiş Ştatları 10 il ərzində rədd etdi.

ÜTT-nin mübahisələrin həlli komissiyası bütün üzvlərin konsensusu ilə dörd il müddətinə seçilmiş yeddi hakimdən ibarətdir. Amerika Birləşmiş Ştatları Donald Tramp prezidentliyi dövründə üç dəfə artıq belə səsverməni rədd edib, nəticədə, hakimlərin sayı 4-ə düşüb. Sentyabr ayında növbəti yenidən seçilmə zamanı onların sayı 3-ə düşə bilər ki, qaydalara görə, bu, minimal yol verilən saydır. 2019-cu ildə əgər onların sayı 2-yə düşərsə, ÜTT öz əsas funksiyalarından birini yerinə yetirə bilməyəcək.

 

Status əvəzinə güzəşt

GATT (ÜTT) inkişaf etmiş ölkələr ilə çoxu keçmişdə müstəmləkə olmuş inkişaf etməkdə olan ölkələr arasındakı güclü uçurumu ortadan qaldırmaq, onların iqtisadi inkişafını təşviq etmək üçün güzəştlər sistemi işləyib. Bu qaydalar bu günə qədər keçərlidir. Məsələn, onlara daxili bazarın qorunması üçün daha yüksək gömrük tarifləri tətbiq etməyə icazə verilir.

İnkişaf etməkdə olan ölkələr arasında da ən aşağı yaşayış minimumuna malik əlavə bir qrup (təxminən, 50 dövlət) seçilib. Onlar əsasən Asiya və Afrika ölkələridir. Onlara əlavə güzəştlər tətbiq edilir.  

İnkişaf etmiş ölkələr, öz növbəsində, öhdəlik götürüblər ki, inkişaf etməkdə olan ölkələrdən gələn malların idxalına gömrük və qeyri-tarif maneələrini maksimum şəkildə aradan qaldırsınlar. İnkişaf etməkdə olan ölkələr 1964-cü ildə öz maraqlarını qorumaq üzrə səyləri koordinasiya etmək üçün G77-də birləşiblər, bu, tədricən genişləndirilib və hazırda ora 140 dövlət daxildir. Daha sonra inkişaf etməkdə olan ölkələrin müxtəlif tərkibdə birlikləri - G24, G33, G90 formalaşmağa başladı.

Ancaq inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasındakı əlaqələri ideal saymaq olmaz. Onlar arasındakı fikir ayrılıqları yalnız artmaqdadır. Bəziləri hesab edir ki, güzəştlər barədə müqavilələrə həmişə və hamı tərəfindən riayət edilmir. Digərləri isə hər hansı bir ölkənin "inkişaf etməkdə olan" statusuna uyğunluğunun sistematik şəkildə yoxlanılmasını, eləcə də onlara təqdim edilən güzəştlərin həcminə mütəmadi şəkildə yenidən baxılmasını tələb edirlər. Bu, son zamanlarda ABŞ-la Çin arasındakı qarşıdurmada özünü parlaq şəkildə göstərir.

 

Təhlükəli iddiaçı

2001-ci ildə ÜTT-yə daxil olan Çin öhdəlik götürmüşdü ki, 15 il müddətinə mütəmadi şəkildə bazar iqtisadiyyatına keçəcək. Çin - ÜTT münasibətlərində bu məsələ kimi hər iki tərəf üçün ikinci bir məsələ də çox vacibdir: ölkə artıq dünyanın ən böyük iqtisadiyyatlarından biri sayılırmı, yoxsa hələ də inkişaf etməkdə olanlar sırasındadır.

Nəticədə, bir tərəfdən - bazar iqtisadiyyatı hesab edildiyinə görə Çin ixracatının daha yüksək anti-dampinq rüsumlarına məruz qalması ilə razılaşmağa məcburdur.

Digər tərəfdən, "inkişaf etməkdə" ranqında qalan Çin güzəşt hüququna malik olur. Həm də inkişaf etməkdə olan ölkələrin ittifaqlarına qoşulmaq ona öz maraqlarına lobbiçilik üçün imkan yaradır.

"Böyük iqtisadi dövlət olan Çin ÜTT çərçivəsində inkişaf etməkdə olan ölkə hesab olunur. Bunun hesabına, xüsusilə də ABŞ qarşısında böyük güzəştlər və üstünlük əldə edir. Kimsə bunu doğru hesab edir? ÜTT ABŞ-a qarşı ədalətsizdir", - deyə ABŞ prezidenti Donald Tramp «Twitter»də yazıb və ölkəsinin Çin məhsulları üçün gömrük maneələri tətbiq etməsini əsaslandırıb.

Dəmir və alüminiuma da şamil edilməklə tarif maneələri indiyə kimi heç görülməmiş deyil. Bu, əvvəl də dəfələrlə, o cümlədən ABŞ tərəfindən müşahidə olunub. Amma ilk dəfədir ki, bu cür addımlar "milli təhlükəsizlik"lə əsaslandırılır. Yəni ÜTT-nin öz qaydalarına uyğun olaraq etiraz etmək hüququ olmayan səbəb gətirilir. Digər ölkələr bu nümunəni təkrarlasalar, nəticələr fəlakətli olacaq.

ÜTT 2018-ci il üçün dünya ticarətinə 4,4% artım proqnozlaşdırıb. Lakin o, xəbərdarlıq edir ki, planetin iki əsas iqtisadiyyatı arasında ticarət müharibəsi gərginləşərsə, bu proqnoz özünü doğrultmaya bilər. «Bloomberg» bildirir ki, belə vəziyyətdə artım əvəzinə dünya ticarətinin 4-8% və dünya ÜDM-nin 0,5-1,5% azalması baş verə bilər.  

Göründüyü kimi, Donald Trampdan başqa heç kim hesab etmir ki, "ticarət müharibələri yaxşıdır və onlar qazanmaq asandır".



MƏSLƏHƏT GÖR:

302