28 Mart 2024

Cümə axşamı, 18:14

TARİXİMİZİN BAHARI

ADR-in irsini yüksək qiymətləndirən Heydər Əliyev Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin edib

Müəllif:

15.05.2018

Bu ilin mayı Azərbaycan tarixinin 2 əlamətdar hadisəsilə yadda qalır. Mayın 28-də xalqımız Azərbaycan Demokratik Respublikasının (ADR) qurulmasının 100-cü ildönümünü qeyd edəcək, mayın 10-da isə ölkədə ümummilli lider Heydər Əliyevin dünyaya gəlişinin 95 illiyi qeyd olunub. Hər iki tarix Azərbaycan dövlətçiliyinin taleyinə, ölkənin qəhrəmanlıq yolunu müasir dövrədək gətirib çıxarmış böyük şəxsiyyətlərlə bağlıdır.

Azərbaycan xalqının milli müstəqilliyin qazanılması və möhkəmləndirilməsi kimi tarixi nailiyyətləri görkəmli siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. O, bu tarixdə ADR-in rolunu hər zaman yüksək qiymətləndirib, hər zaman ADR-in gələcək nəsillərin yaddaşında tariximizin ən parlaq səhifələrindən biri kimi qalacağına əminliyini bildirib.

ADR demokratik dövlət quruluşu, iqtisadiyyat, mədəniyyət, səhiyyə, təhsil, hərbi quruculuq sahəsində vacib addımları sona çatdıra bilməsə də, respublikanın mövcud olduğu qısa dövrdə həyata keçirilmiş yenidənqurma işləri xalqımızın tarixində silinməz iz qoyub, milli dövlətçilik ənənələrinin dirçəlişində böyük rol oynayıb. Ən başlıcası, ADR-in ömrünün son dərəcə qısa olmasına baxmayaraq, o, xalqımızn şüurunda azadlıq, müstəqillik ideyalarını möhkəmləndirib. Qədirbilən Azərbaycan xalqı isə respublikanın qurulmasında müstəsna xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyov, Mehdi bəy Hacınski, Məmmədyusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinsi, Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski, Sultanməcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini bu gün də hörmətlə anır.

Demokratik Respublikanın irsini yüksək qiymətləndirən Heydər Əliyev onun keçdiyi tarixi yolu belə xarakterizə edirdi: «Dövlətin qısa dövrdə gördüyü tədbirlər xalqımızın tarixində böyük iz qoyub. Cinsindən, milliyyətindən, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyənləşdirilməsi, Azərbaycanın dövlətçilik rəmzlərinin təsdiqi, Ana dilinin dövlət dili elan olunması, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm özül yaradıb… 1991-ci ildə müstəqilliyini bərpa etmiş xalqımız məhz ADR-in qısa dövrdə yaratdığı zəngin ənənələrdən yararlanıb, məhz bu tarixi miras üzərində müstəqil Azərbaycan dövləti qurulub».

Heydər Əliyevin ADR irsinə necə yanaşdığını onun dövlət rəmzlərinin bərpasına yanaşması da təsdiqləyib. Məlum olduğu kimi, 70 illik Sovet İttifaqı dövründə ADR-in bayrağı qanunsuz elan olunmuşdu. Lakin 80-ci illərin sonlarında baş qaldırmış xalq hərəkatı ilə həmin bayraq Azərbaycanın ictimai-siyasətinə qayıtmış, ölkənin ərazi bütövlüyü, dövlət müstəqilliyi uğrunda mübarizənin rəmzinə çevrilmişdi.

3 rəngli, üzərində 8 guşəli ulduz və aypara olan bayrağın Azərbaycana hüquqi baxımdan qayıdışı isə 1990-cı il noyabrın 17-nə təsadüf edib. Həmin gün o, Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunub. Bu, ilk növbədə, Heydər Əliyevin səyi sayəsində mümkün olub. Heydər Əliyev sonralar, artıq dövlət başçısı olduqdan sonra deyirdi: «Azərbaycan bayrağı sadəcə, bayraq deyil. O, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Odur ki, hər bir Azərbaycan vətəndaşı bunu anlamalı, qiymətləndirməlidir. Vətəndaşın bayrağa sevgisi Vətəninə, xalqına, dövlətinə sevgisi qədər olmalıdır!»

1991-ci il fevralın 5-də Azərbaycan Milli Məclisi Naxçıvan muxtariyyətindən nümunə götürərək, ADR-in bayrağını müasir Azərbaycan Respublikasının bayrağı kimi təsdiqləyib. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdiyini açıqlayan Bakı müstəqillik həyatına məhz bu bayraqla qədəm qoyub. Bundan başqa, müasir Azərbaycan Respublikası özünü ADR-in hüququ varisi elan edib, onun bayrağı ilə yanaşı, gerbini və himnini də geri qaytarıb.

1993-cü ildə Azərbaycan prezidenti seçilmiş Heydər Əliyev milli müstəqilliyimizin rəmzlərinə hörmətlə yanaşılmasına, onların qorunub saxlanılmasına böyük töhfə verib. Onun 13 mart 1998-ci ildə imzaladığı «Azərbaycan Respublikasının dövlət atributlarının tədqiqi və təbliğinin gücləndirilməsi haqqında» sərəncamında «vətəndaşlar, xüsusən gənclərin dövlət atributlarına dərin hörmət ruhunda tərbiyə olunmasına» xüsusi əhəmiyyət verilməsi nəzərdə tutulur. Bu isə «bilavasitə cəmiyyətdə vətənpərvərlik ruhunun güclənməsinə xidmət göstərir».

Heydər Əliyev ADR-in tarixi təcrübəsinin və irsinin davam etdirilməsinə də böyük, son dərəcə dəyərli töhfələr verib. Məhz onun qeyri-adi istedadı sayəsində 1920-ci ilin aprelində müstəqilliyini itirmiş Azərbaycan XX əsrin sonu, XXI əsrin əvvəlində müstəqilliyini kifayət qədər möhkəmləndirə bilib. Müstəqillik yoluna yeni çıxmış Azərbaycana çox ağır dövrdə ikinci dəfə rəhbərliyə başlayan ümummilli lider respublikanın parçalanmasının qarşısını alıb, vətəndaş qarşıdurmalarına son qoyub, mətin iradəsi və xarakteri sayəsində ictimaiyyəti öz ətrafında birləşdirə bilib.

Bu yerdə Heydər Əliyevin parlamentdə 15 iyun 1993-cü ildə, Ali Sovetin onun spiker seçilməsilə bitmiş tarixi iclasındakı çıxışı yada düşür. Həmin gün H.Əliyev siyasətinin əsas hədəfini açıqlamışdı - Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması! Ölkənin necə «ağır, çətin və gərgin vəziyyətdə» olduğunu anladığını deyən Heydər Əliyev çıxışını belə davam etdirmişdi: «Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm».

Beləliklə, Heydər Əliyev Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi yolu ilə gedəcəyini açıq şəkildə ortaya qoymuşdu. Bir müddət sonra o, deyəcək ki: «Müstəqillik bizi beynəlxalq təşkilatların tanımasından ibarət deyil… Müstəqilliyi inkişaf etdirmək, onun ətəyindən yapışmaq, bunu həyatın bütün sahələrində göstərmək lazımdır».

Heydər Əliyev ölkəyə prezidentlik etdiyi 10 ildə (1993-2003) nəinki yeni Azərbaycan dövlətinin ADR ənənələrinin davamçısı olduğu ideyasını formalaşdırıb, həm də xalqın siyasi və ziyalı qüvvələrini bu ideyaların həyata keçirilməsinə cəlb edib. Məhz Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub, ölkədə iqtisadi islahatlara başlanılıb, bizim iştirakımızla qlobal və regional enerji layihələrinin icrasına start verilib. Dövlət quruculuğu prosesi geniş vüsət alıb, xalqın milli-mənəvi dəyərlərinin, dilinin, dininin, tarixi irsinin qayığısına qalınmağa başlanılıb, ölüm hökmü və senzura ləğv edilib. Azərbaycan Ermənistanın təcavüzü nəticəsində yaranmış beynəlxalq təcridi aşa bilib, informasiya blokadasından çıxıb, Qarabağ problemilə bağlı haqlı mövqeyini dünya birliyinin diqqətinə çatdırmağa nail olub. Eyni zamanda respublikanın ərazi bütövlüyünün bərpası ilə bağlı istənilən tapşırığa əməl etməyə hazır olan döyüş qabiliyyətli Milli Ordu yaradılıb.

Əsasını Heydər Əliyevin qoyduğu balanslaşdırılmış, tarazlaşdırılmış diplomatiya sayəsində Azərbaycan xarici dövlətlərlə qarşılıqlı səmərəli dostluq münasibətləri qurub, dünyanın aparıcı təşkilatları çərçivəsində aktiv fəaliyyət göstərməyə başlayıb. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan müxtəlif xarici siyasi xətləri - qərb və şərq, şimal və cənub - uğurla bir araya gətirməyi bacarıb. O, Azərbaycanın regional inkişaf proseslərində aparıcı rol oynayan dövlət statusunu təsdiqləyib. Bununla yanaşı, H.Əliyev Qafqaz-Xəzər regionunun sabitlik və əməkdaşlıq zonasına çevrilməsi üçün də ciddi səylər göstərib. Hər halda, Heydər Əliyev əbəs yerə Avrasiyann yeni tarixinin yaradıcılarından biri, dünya miqyaslı nəhəng siyasətçi hesab olunmur. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasi kurs bu gün ölkəyə ciddi dividendlər gətirir. Məhz bu siyasətin nəticəsində Azərbaycan heç zaman fövqəldövlətlərin geosiyasi oyunlarında karta çevrilməyib və çevrilməyəcək.

Ümummiilli lider Heydər Əliyevin bütün bu nailiyyətlərini nəzərə aldıqda, onun əbəs yerə yeni Azərbaycan dövlətinin memarı sayılmadığı aydın olur. Beləliklə, Heydər Əliyev özünü ADR-in hüquqi varisi elan etmiş müasir müstəqil Azərbaycanın lideri missiyasını layiqincə yerinə yetirməklə, özünün ötən əsrin əvvəllərinə aid Azərbaycan siyasətçilərindən ibarət böyük pleyadanın böyük işinin böyük davamçısı adını tarixə birdəfəlik həkk edib.



MƏSLƏHƏT GÖR:

325