19 Aprel 2024

Cümə, 00:04

“BRİLYANT” SERBİYADA PARILDADI

Azərbaycanlı karateçi Rafael Ağayev yenə çempion oldu

Müəllif:

01.06.2018

Serbiyanın Novi-Sad şəhərində keçirilən karate üzrə Avropa Çempionatına yekun vurulub. Döyüş ustalarımız 2018-ci ilin ilk ciddi sınağından uğurla çıxıb. 

Yığmamızın lideri Rafael Ağayev (75 kq) bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə qazanıb. Beşqat dünya çempionu finalda macar Qabor Harspatakiyə 2:1 hesabıyla qalib gələrək, 11-ci dəfə Avropa çempionu olub.

Şahin Hətəmov (+84 kq) həlledici görüşdə bosniyalı İvan Klepiçə, İrina Zaretska (68 kq) isə isveçrəli Yelena Quiriçiyə uduzaraq gümüş medalla kifayətlənib. Nuranə Əliyeva (50 kq) və Roman Heydərov (kata) “bürünc”ü boynundan asıb.

Təəssüf ki, karateçilərimizin komanda yarışlarında çıxışı uğurlu alınmayıb. Rafael Ağayev, Şahin Atamov, Ayxan Mamayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Tural Ağalarzadə və Turqut Həsənovdan ibarət kumite yığmamız 3-cü yer uğrunda görüşdə Serbiyaya 0:3 hesabı ilə uduzub. Tural Balcanlı, İsmayıl Məmmədov və Rövşən Əliyevdən ibarət kata millimiz isə “bürünc” savaşında Türkiyə ilə bacarmayıb - 0:5. 

Ümumilikdə, karate yığmamız Serbiyada keçirilən Avropa Çempionatında 1 qızıl, 2 gümüş və 2 bürünc medalla komanda hesabında 6-cı yeri tutub. 

Azərbaycan Karate Federasiyası idmançılarımızın çıxışından bütövlükdə razı qalıb.

 “Çox güclü komandamız var. Bizə kömək edən hər kəsə minnətdarlığımı bildirirəm. Rafael kimi idmançımız olduğuna görə fəxr edə bilərik. Noyabrın əvvəllərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək Dünya Çempionatında da çempion olsa, rekordunu daha da əlçatmaz edəcək. İdmanın zirvəsi olan Olimpiadada da himnimizi səsləndirməsini istərdik”,- deyə Federasiyanın prezidenti Yaşar Bəşirov “R+”a açıqlamasında bildirib. 

Digər idmançılara da federasiya az ümid bəsləmir. “Üç ildi Roman Heydərov Avropa Çempionatında bürünc medal qazanır. MDB məkanında kataçılar arasında belə uğura imza atan yoxdur. Kumitedə 3 yox, 5 finalımız ola bilərdi. Yarımfinalda Ayxan Mamayevə qarşı hakim haqsızlığı oldu. Tural Ağalarzadə 3-cü yeri tuta bilərdi. Şahin Atamov son saniyələrdə verdiyi xalla uduzdu. Nuranə əla döyüşdü və “bürünc”ü boynundan asdı. Dörd ildən artıq ölkəmizi beynəlxalq turnirlərdə uğurla təmsil edən İrina yenə AÇ-nin finalına çıxdı. O, yeddi ay idi zədədən əziyyət çəkirdi. Həlledici görüşdə uduzmasını da buna bağlayıram. İnanıram ki, Dünya Çempionatı və Olimpiadada da sözünü deyəcək”- deyə Federasiya prezidenti karateçilərimizin çıxışını təhlil etdi. 

Azərbaycan yığmasının zəif yeri yüngül çəkidir. Lakin burada da Firdovsi Fərzəliyev və Tural Ağalarzadə kimi karateçilər lisenziya qazana bilər. 75 kq-da şəksiz favorit Rafael Ağayevdirsə, yuxarı çəkidə Ayxan, Şahin və ya Asiman Qurbanlı Olimpiadaya yollana bilər. Qadınlarda 50 və 55 kq birləşdirilib. Burda Nuranə və İlahə Qasımova lisenziyaya iddialıdırlar. “61 kq-da zəifik. 68 kq-da İrina Zaretska var. Formasını qorusa, Tokio-2020-yə yollanacaq. 3-4 real lisenziya qazanmaq şansımız var. Onların da bir-ikisi Yaponiyada medal əldə edə bilər”-deyə Yaşar Bəşirov bildirib. 

2020-ci ildə Bakıda keçiriləcək Avropa Çempionatının qalibi olmaqla da lisenziya qazanmaq mümkündür. Bu il yüksək xallar verən yarışlar Çili, Yaponiya, Çin və Almaniyada keçiriləcək. 

Millinin kumite üzrə baş məşqçisi Şahin Xudaverdiyev də nəticələrdən razı qaldığını söylədi. Onun sözlərinə əsasən yığma üzvlərinin əsas diqqəti 2020-ci ildə Tokioda baş tutacaq Yay Olimpiya Oyunlarına yönəlib: “İdmançılarımız çox gözəl çıxış etdi. İnanıram ki Dünya Çempionatında davamını gətirəcəyik. 2014-cü ildə kişilər, iki il sonra isə qadınlardan ibarət yığmamız Avropa çempionu olmuşdu. Bu dəfə yorğunluq sözünü dedi. Serbiyaya gec çatmağımız uyğunlaşma problemi yaratdı. Həm də fərdi yarışda medal döyüşünə vəsiqə qazananlar bir qədər ehtiyatlı vuruşur ki, zədə almasın. Əsas fərdi uğurdur. Çünki komanda yarışındakı nəticələr reytinqə sayılmır”.

Məşqçilərin fikrini on bir qat Avropa, beşqat dünya çempionu Rafael Ağayev də bölüşür. O, cəmi iki gün istirahətdən sonra yenidən məşqlərə başlayacağını deyib: “Qarşıda bizi Dünya Çempionatı gözləyir. Əsas məqsədim Olimpiadada himnimizi səsləndirməkdir”.

Xatırladaq ki, karateçilərimiz üçün 2018-ci ildə növbəti ciddi sınaq noyabrda keçiriləcək dünya çempionatı olacaq. Karate 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarının proqramına daxil edildiyindən idmançılarımız bütün yarışlarda reytinq xalları qazanmağa çalışır.



MƏSLƏHƏT GÖR:

318