19 Aprel 2024

Cümə, 10:30

«SƏRHƏDSİZ TEATR»

Şəkidə III Beynəlxalq teatr festivalı keçirilib

Müəllif:

01.06.2018

Sayca üçüncü olan Beynəlxalq "Sərhədsiz teatrlar" festivalı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və milli peşəkar teatrın 145 illiyinə həsr olunmuşdu. Mayın ikinci ongünlüyündə keçirilən festivalda iştirak etmək üçün müxtəlif ölkələrin teatr kollektivləri və teatrşünasları Şəkiyə gəlmişdi.

Şəki Beynəlxalq Festivalının coğrafi və tematik sərhədləri yoxdur. Bədii ifadə üçün teatr sənətinin janrı və növü ilə bağlı da heç bir məhdudiyyət qoyulmur. "Alternativ teatrlar nə qədər çox olsa - daha yaxşı və daha maraqlı olar. Biz də bu festivalı çoxçeşidli etməyə çalışdıq. Eyni zamanda festivalın bütün səhnə əsərləri humanist yönümlüdür. Ənənəvi və fiziki teatr tamaşalarının əsasında müasir insana getdikcə amansızlaşan XXI əsrdə yaşamağa kömək edən mənəvi dəyərlərin axtarışı durur", - deyə festivalın direktoru Şaiq Səfərov vurğulayıb.

Festivalın təntənəli açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Ədalət Vəliyev nazirliyin dövlətin dəstəyilə təşkil etdiyi belə yaradıcı forumların keçirilməsinin vacibliyindən danışıb. O, Şəkinin burada beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinin keçirilməsilə festival iştirakçıları üçün özünəməxsus Məkkəyə çevrildiyini söyləyib. Çünki «Sərhədsiz teatr» festivalı artıq Azərbaycandan kənarda da populyarlıq qazanmaqdadır. Artıq bizə Meksika və Kolumbiya da qoşulmaq istəyir. Qonşu ölkələrin teatrları isə öz yerində.

 

İransayağı "Maqbet"

İran İslam Respublikasından festivala qatılmış "Titovek teatr"ın "Maqbet-e-Zar" tamaşası Uilyam Şeksprin «Maqbet» pyesi əsasında hazırlanmışdı. Bu, müasir sənətkarın dünya düzəninə, dünyadakı harmoniyaya mane olan problemlərə baxışı idi.

"Maqbete-e-Zar" - taxt-taca və sərvətə (oxu - hakimiyyətə) can atan, arxasınca cəsəd qalaqları və qan buraxan Maqbetin hekayəsidir və rejissorun iradəsi ilə hadisələr İranın qızmar qumlarına köçürülüb.

Şekspir qəhrəmanlarını səhralara sürgün edən rejissor və ssenarist İbrahim Poştkuh çalışıb ki, o, ruhların onun bədəninə məhvedici təsirinin sınağından çıxsın. İranlıların inamına görə, çöllərdə insanın bədəninə asanlaqla girə bilən külək ruhları yaşayır. Bax, onda insanın bədən uğrunda külək ruhu ilə mübarizəsi başlayır.

Tamaşa yeni müasir teatr yaradılması üçün bir nümunə idi, adətən, müasir teatrın axtarışı ənənəvi Aristotel teatrının çərçivələri ilə məhdulaşmır və və onun çərçivəsindən çox kənara çıxır, həm də hadisələr milli ritualların bədii ifadə texnika üsulları ilə zənginləşir. Məhz bunlar XXI əsrin İran teatrında ifadə vasitələrinin axtarışı üçün estetik əsasa çevrilirlər. Bu, olduqca orqanik şəkildə ənənəvi teatrın oturuşmuş estetikası ilə çuğlaşa bilən yeni, müasir formaların yaradılış yoluna bir nümunədir.

 

Şuşadan stendapçı dərviş

Şuşa Dövlət Musiqili Dram Teatrı. M.F. Axundzadə - "Müsyö Jordan və dərviş Məstəli şah". Quruluş, bədii və musiqi tərtibatı, ssenari - Loğman Kərimovundur. Azərbaycan klassikinin pyesi quruluşçu tərəfindən küçə teatrı üsullarından istifadə edərək estrada miniatür teatrı kimi izləyicilərlə belə populyar qarşılıqlı ünsiyyət forması yaratmağa səbəb olub. Form elə də yeni deyil, amma tamamilə unudulmuşdur. Stendapçı dərviş başda olmaqla estrada teatrı və stendap tipi üzrə oynanmış olduqca dinamik hadisədir.

Rejissorun improvizasiyası öz tamaşaçıları ilə dialoq üçün qısa yol tapmaq cəhdindən başqa bir şey deyil. Bu yolun tapıldığından inkar etmək mümkün deyil. Amma hər bir teatrın öz tamaşaçısı var! Bəlkə də, teatrın yaradıcılıq yolunun bu mərhələsində bu, teatrın ehtiyac duyduğu məsələdir.

 

Şəki davulunun səsi

Şəki Dövlət Dram Teatrı. H.Sayin - "Davul səsi". "Davul səsi" pyesinin və tamaşasının qadın qəhrəmanının qarşısında mənəvi seçim problemi ilə üz-üzədir. Pəmbə (Lalə Məmməd) ərinə uzun müddət daşıdığı incikliyi bağışlayacaqmı? Başqa bir qadına görə qızı ilə birlikdə atılıb - bu, bağışlanması, unudulması və barışılması çətin olan təhqirdir. Buna görə, Pəmbə bütün kişi cinsinə nifrət edir və qızından da bunu tələb edir. Amma qızı (Teatr studiyasının gənc aktrisası Fidan Lətifova) belə bir faciəli təcrübə ilə qarşılaşmayıb, əksinə həyat eşqi ilə yaşayır. Sadəcə yaşamaq istəyir! Onun həyat sevgisi ilə vuran qəlbinin səsi davulun (xalq musiqi zərb alətinin) uğursuz səsinə əks olaraq muğam üslubunda gözəl qadın səsi ilə vokaliz kimi ortaya çıxır (Teatr Studiyasının məzunu Türkan Xəlilova ifa edir). Davul və vokaliz. Ana və qız. Qisas və Həyat. Nifrət və Sevgi. Ancaq tamaşada müəyyən müddət gerçək personaja çevrilmiş davul birdən-birə parçalanmış olur. O,

Pəmbənin nifrətinin gücünün qarşısında dayana bilmədi. Pəmbənin qızı da belə davamlı bir təzyiqə tab gətirmir. Onu sevən bir insana getmək istəyir. Onda ana qızına atəş açır. Əslində, həyat yoldaşına olan incikliyinə, alınmamış həyatına atəş açır. Sonda özünü vurur.

Bütün bu illər boyu bu qadının həyatı bütün kəndin gözü qarşısında olub. Niyə tərk edilmiş kompleksindən qurtulmasına yardım edəcək birinin yanında olmadı? Quruluşçu rejissor Mirbala Səlimli ətrafdakıların ölümcül laqeydliyinin yaratdığı vəziyyəti nəzərdən keçirir. Vecsizlik silahdan açılan atəş qədər öldürücüdür. Vacib deyil ki, öldürən nədir - tüfəng, yoxsa başqa şey. Buna görə də quruluşçu bu hekayənin sonunda sualla çıxış edir: kim günahkardır? Bu faciəli hadisəyə görə cavabdeh kimdir? Pəmbə dəliliklə ödəyəcək... Qalanlara nə olacaq? Onları necə bir sabah gözləyir?

 

Tatar dili əlifbası

Rusiyanın Kazan şəhərindən "Əlif" yaradıcı gənclər qrupu Tufan İmaməddinovun quruluşunda eyniadlı tamaşanın oyununu təqdim etdi. Bu dəfə rejissor öz peşəkar diqqətini mətnlərə, sözlərə deyil, onların əsasında duran hərflərə yönəldib. Daha doğrusu, ölmüş tatar dilinin əlifbasına. Daha doğrusu, onun kökündə duran əsasa. 1927-ci ilədək xalqın yaşadığı qədim əlifbaya.

"Məni o narahat edir ki, xalqın sakral mədəniyyətinin bir hissəsi olan dil keçmişə gedir. O narahat edir ki, qədim kitablarda qorunan xalq müdrikliyinə tələb yoxdur. Artıq heç kim onları oxuya bilmir. Bu belə olmamalıdır...", - deyə Tufan İmaməddinov bildirir.

Tamaşanın 50 dəqiqəsi ərzində heç bir söz yoxdur, lakin daimi hərəkət var, oyun yoxdur, lakin yaşantı və emosional-plastik ifadə axınında özünüifadə var. Aktyor Nurbəy Batullanın hərəkətlərini musiqiçilər üçlüyü və vokalistlər üçlüyü müşayiət edir. Musiqinin ritmik-ritual səslənməsi, əlifbanın hər bir hərfinin, sonra bütöv sözün, sonra cümlənin səslənməsi. Tamaşanın sonunda bütün səslər (musiqi, səs, söz, bədənin ifadəli plastikası) birləşir və itkin dilin himni kimi səslənir.

Bu, fiziki teatrın bu gün ənənəvi teatra layiqli rəqabət göstərməsi fikrini təsdiq edib, fiziki teatrda aktyorların dediyi sözlər ilkin mənasını itirir, tamaşanın formal səsli illüstrasiyasına çevrilir.

 

Gürcüstan möcüzəsi baş vermədi

"Hərəkat" Tbilisi Teatrı (Gürcüstan). V.Şekspir - "Fırtına". Rejissor Yozeb Bakuradze, bəstəkar - Sandra Nikoladze, xoreoqraf - Laşa Robakidze.

Tamaşanın əsasında Şekspirin məşhur hekayəsi durur. Onun versiyasına görə, keçmişdə Milan hersoqu olmuş və qardaşı tərəfindən (Neapol kralı dəstəyi ilə) zorla hakimiyyətdən salınmış Prospero azyaşlı qızı ilə adaya düşür və bir sehrbaza çevrilir. On iki il sonra, o, magiyanın yardımı ilə gəmi qəzası təşkil edir və taleyin iradəsi ilə onu incidənlərin hamısı gəmidə olur. Nəticədə, Neapol hökmdarının oğlu sehrbaz Prosperonun qızı ilə tanış olur.

Gənclər arasında sevgi hissi yaranır. Finalda hər şeyin tərəflərin razılaşması və sevgililərin toyu ilə başa çatacağını ehtimal etmək çətin deyil. Klassik hekayə rejissor və aktyorlar tərəfindən fiziki teatr tərzində oynandı. Gürcü teatrı bu hekayənin plastik versiyasını təqdim etdi. Lakin bu, festivalın qonaqlarının və ev yiyələrinin 2016-cı ildə S.Axmeteli adına teatrın "Qonaq və ev yiyəsi" tamaşasının yaratdığı təlatümü təkrar yaşamadılar. Biz artıq alışmışıq ki, Gürcüstandan qonşularımız teatr incəsənəti sahəsində yeniliklər və nailiyyətlərlə bizdə xoş heyrət hissi yaradır. Amma bu dəfə möcüzə baş vermədi. Halbuki hər şey olduqca yüksək peşəkar səviyyədə idi.

 

Bakıdan Sinyor Todero

S. Vurğun adına Rus Dram Teatrı, Bakı. K. Qoldoni - "Sinyor Todero - xuliqandır". Quruluşçu rejissor A.Şarovski. Quruluşçu rəsam O.Abbasova.

Tamaşa onunla maraqlıdır ki, zəhlətökən, simic, acgöz və sadəcə Todero adlı bir xoşagəlməz şəxsin əhvalatına rejissor tərəfindən del arte maskalar teatrı üslubunda quruluş verilib. Xalq artisti Məbud Məhərrəmovun (Todero) yubileyinə həsr edilmiş tamaşa parlaq, demək olar ki, masqara əhvalatına çevrildi, quruluşçu tərəfindən seçilmiş və artistlər üçün yeni istedad sərhədləri açır. Əgər Mabud Məhərrəmov çoxdan izləyicilər tərəfindən maska ​​teatrı stilində obrazlar yaratmaq ustası kimi tanınsa, digər aktyorlar üçün yeni vərdişdir.

Pelleqrin rolunu oynayan aktyor Fuad Osmanov tamaşanın kəşfi oldu, o, bir daha təsdiq etdi ki, onun peşəkar imkanları yalnız kəskin xarakterli qəhrəmanın ampluasının çərçivəsi ilə məhdudlaşmır. Onun tərəfdaşı - Markolina rolunu oynayan Mələk Abbaszadə hələ çox illər qabaq özünü sərt xasiyyətli qəhrəman ampluasında parlaq şəkildə təsdiq edib. Bu dəfə də bunu təsdiqlədi, bir az dəlisov, amma praktiki praqmatikliyə malik xanım qəhrəmanın rolunu ustalıqla yaradır.

Amma rolları teatrın repertuarında, bir qayda olaraq, lirik ampluada təqdim olunan aktrisa Natalya Şarovskaya sinyora Fortunatonun gülməli rolunu yaradaraq hər kəsi təəccübləndirdi. Məhz o, Toderoya təsirin yolunu tapıb və aydın olub ki, ev sahibinin bütün "zərəri" sevgisizlikdən qaynaqlanır. Quruluşçu tamaşanın bütün səhnələrini məntiqlə başa çatdırır, əhvalatın bütün personajlarını ya yenidən evləndirir, ya da ilk dəfə evləndirir. Demək gərəkdir ki, quruluşçu rəssam Olqa Abbasovanın işi son illərdə A.Şarovskinin can atdığı kütləvi meydan teatrına həcm və stilist araşdırma əlavə etdi.

 

Vladiqafqazlı Vovkanın «Möcüzələr ölkəsi»nə səyahət

V. Korostylev - "Möcüzələr ölkəsində". Rejissor Diana Çerkesova, musiqi - Ruslan Daurov. Vladiqafqazdan V.Txapsayev adına Milli Akademik Teatrın tamaşası (Rusiya) xüsusi olaraq rusca ifa edilib ki, salona gələn uşaqlar söhbətin Vovka (Kazbek Koçiyev) adlı oğlandan getdiyini anlasınlar. Vovka möcüzələr ölkəsinə səyahət etdiyi zaman bir çox çətinliklərə düşür. Azrbaycan uşaqlarını heyrətləndirən məsələ o idi ki, tamaşa elə bir interaktivlə zənginləşdirilmişdi ki, personajların suallarına cavab verməklə yanaşı, nağıldan (oxu - səhnədən) zala qaçan personajlarla birlikdə tamaşaya qoşulmaq mümkün idi. İmprovizasiyalı antraktda hətta Vovka ilə top oynamaq da mümkün idi!

Populyar, amma professional teatr üçün çox mübahisəli olan, bununla belə, qızğın aktyor improvizasiyasının enerjisi ilə dəstəklənən interaktiv münasibət forması bu dəfə tamamilə özünü doğrultdu: uşaqlara yalnız əylənmək deyil, həm də düşünmək və qərar qəbul etmək - Vovkaya doğru məsləhətlər vermək imkanı yaradıldı.

 

Kolumbiyadan "Sadəlövh" teatr

"Akto Teatr", Kolumbiya (Boqota). Q.Q.Markesin "Sadəlövh Ernedira və onun daşqəlbli nənəsi haqqında inanılmaz və kədərli əhvalat" povesti əsasında "Sadəlövh Ernedira" tamaşası.

Teatrın truppası beynəlmiləldir. Burada müxtəlif ölkələrdən olan aktyorlar işləyir. O cümlədən İspaniyadan olanlar da var. Teatrın repertuarı əyləncəli siyahıdan məhrumdur. Burada izləyiciləri intriqa vəd edərək, ucuz piarla, yaxud qurama xoreoqrafiya nömrələri ilə "cəzb" etməyi sevmirlər, çox vaxt "narahat" mövzuların ciddi dialoqlarına üstünlük verirlər. Rejissor Con Mario Rivera nənəsi tərəfindən fahişəyə çevrilmiş 14 yaşlı qızın faciəli hekayəsini addım-addım araşdırır. Və tamaşanın ən kriminal məqamında Erendiraya aşiq gənc qızı seks cariyəliyindən qurtarmaq üçün nənəsinə siçan zəhəri verməyə çalışanda (razılaşın ki, mənəvi qınaq və vətəndaş mühakiməsi tələb edən bir iş zamanı!) izləyici zalı dəstəkləyici və ruhlandırıcı alqışlara bürünür!

Bax, gerçək sənətin gücü budur. İzləyiciləri daimi dialoqa cəlb etmək və teatrın zalını doldurmaq üçün çox da ağıl işlətmək lazım deyil. Onlarla yalnız sənət dilində "danışmaq" lazımdır. Kolumbiyalıların etdiyi kimi, bizə sadəlövh, lakin səmimi teatr nümunəsi təqdim etdilər.

D.M.Rivera, rejissor: "Bizim tamaşaların repertuar yönümü ciddi dramaturgiyaya bağlıdır və teatr incəsənətində kommersiya başlanğıcına mübarizə məqsədi daşıyır. Biz Kolumbiyanın və digər ölkələrin bugünkü həyatının problemlərini əks etdirən müəlliflərin əsərlərini qoyuruq".

 

Tənqidçilər festival haqqında

Bu il festivalda müxtəlif növləri, janrları və teatrların estetikasını maraqla izləyən teatrşünas ekspertlər qrupu işləyib.

Aydın Talıbzadə, teatrşünas, incəsənət üzrə fəlsəfə doktoru, professor: "Festival mənə görə onun üçün yaddaqalandır ki, eyni zamanda dünyanın bir sıra ölkələrində müasir teatr fikrinin vibrasiyasını hiss etməyə, hərəkəti görməyə imkan verir, həm də imkan yaradır ki, teatr incəsənəti, demək olar ki, heç bir sərhədi tanımır, insanları sehrli qüvvə ilə birləşdirməyə qadirdir."

Vidadi Qafarov, teatrşünas, incəsənət üzrə fəlsəfə doktoru, dosent: "Bu cür festivallar ölkəmiz üçün vacib və lazımdır. Onlar bizim dünya teatr mədəniyyətinə inteqrasiyamız üçün təsirli bir vasitədir. Festival - bu, bayramdır və bu, baş tutdu, bizə İranın "Titovek" teatrını və Kazanın "Əlif" teatrı kimi yenilikləri bəxş etdi".

 

Epiloq

III Beynəlxalq Şəki (Azərbaycan) Teatr Festivalı humanist çağırışlarla başa çatdı: biz insanıq və bizim üçün hələ də mənəvi dəyərlər önəmlidir, həmçinin bütün dünyada sülh vacib və zəruridir. Teatr kollektivləri öz ölkələrinə qayıtdı, özləri ilə festival, ustalar şəhəri Şəki, küləklər şəhəri Bakı, qonaqpərvər Azərbaycan haqqında təəssüratları apardılar. Yeni görüşlərə qədər Azərbaycan!



MƏSLƏHƏT GÖR:

376