25 Aprel 2024

Cümə axşamı, 19:16

KANN TƏTİLLƏRİ

«R+» jurnalının xüsusi müxbirinə Lacivərd sahillərdəki kinofestivalın bayram havasını hiss etmək nəsib olub

Müəllif:

01.06.2018

Hər il may ayında Fransanın Lacivərd sahillərində yerləşən kurort şəhəri Kannda dünyanın A kateqoriyasına aid ən nüfuzlu kinofestivallarından biri keçirilir. Məlumdur ki, ora getmək, iştirak etmək və ya "festivala yaxın" olmaq seçilmişlərin qismətidir. Bu il «Region plus» jurnalına da festival gecələrindən birinə - "Chopard`s Secret Night"a dəvət olunmaq nəsib oldu.

 

Kruazett qasırğası

Əlbəttə, festivala düşməyin ən sadə yolu film çəkilişinə pul buraxmaqdır - elə film ki, öz süjetinin orijinallığına görə "Kriminal qiraətə" bənzəsin, yaxud ictimai-siyasi çalarlı intellektual kino məhsulu olsun. Bu gün beynəlxalq ictimaiyyəti narahat edən problemlər yetərincədir - gender bərabərsizliyi, Yaxın Şərqdə müharibə, miqrantlar, cinsi oriyentasiya və s. Bu il festival «qadın» rəmzi altında keçib: festivalın tarixində ilk dəfə münsiflər heyətinə qadın - aktrisa Keyt Blanşett başçılıq edib, üzvlərin də əksəriyyəti qadın olub; açılış mərasimində qırmızı xalça üzərində ulduzların ilk paradı kinodakı qadınlara həsr edilib, açılış mərasiminə 100-ə yaxın qadın rejissor, aktrisa, prodüser dəvət olunub. Əsas müsabiqəyə isə qadın rejissorların quruluş verdiyi üç film seçilib.

Təbii ki, festivala getməyin başqa bir yolu da özünüzün nəyisə çəkməyiniz və ya çəkilməyinizdir. Belə olan halda, "böyük festival" sizin hətta mehmanxana pulunuzu ödəyəcək. Hotelinizin beşulduzlu olub-olmaması isə filminizin müsabiqədə iştirak etməsindən və ya sadəcə tənqidçilərin baxışına təqdim edilməsindən asılı olacaq.  

Bu il Azərbaycan festivala qatılmadığından ölkəmizin öz pavilyonu da yox idi. Pavilyon olsaydı, öz layihələrimizi təqdim etmək, dünya film sənayesini idarə edənlərlə görüşmək və potensial investorlar cəlb etmək olardı. Düzdür, buna qədər isə altı il dalbadal festivalda iştirak etmişik. Bu il isə sadəcə bayramın və "kino" gecələrinin ümumi atmosferinə baş vurmaqla kifayətləndik. Buradakı gəzintilər zamanı hər addımda bir ulduz aktyora və ya aktrisaya, ya da hansısa səs-küylü filmin aparıcı personajına rast gəlirsən.

Həqiqətən, Kannda kino ilə yanaşı görməli başqa maraqlı şeylər də çox olur. İnanılmaz sayda idmançılar, musiqiçilər və rəqqaslar ölkələrini tanıtmağa, diqqəti cəlb etməyə və pul qazanmağa çalışırlar. Burada yüzdən çox ölkənin öz pavilyonları var. İşdir, əgər sizin pavilyonlara çıxışınız yoxdursa, maraqlı personajlarla küçədə də qarşılaşa bilərsiniz. Bu, əsl ulduz paradıdır, kimə və harda rast gələcəyini ehtimal belə edə bilmirsən - bu qonşu masada oturmuş tanınmış aktyor da ola bilər, Kann sahili boyunca məşhur Kruazett bulvarında gəzintiyə çıxmış kinorejissor da. Həqiqətən, Kann film festivalı qeyri-adi bir şeydir. Bu, kino uğurlarına görə mükafatların verilməsi ilə bağlı maraqlı mərasim olmaqla yanaşı, həm də bir həyat tərzidir.

Buraya gələn qonaqlar yalnız hər axşam Kruazett sahilindəki Konqreslər Sarayının qırmızı xalça sərilmiş pilləkənləri ilə qalxmaqla qalmırlar, həm də çoxsaylı tədbirlər, gecələr, kokteyllər, təqdimatlar burulğanına düşürlər. Özü də bunlar bütün sutka ərzində baş verdiyindən sadəcə bir yığın ziyafət paltarı ilə gəlmək kifayət etmir. Səhər kruasanı və bir fincan qəhvəsindən başlayaraq xüsusi dress-koda riayət etmək lazımdır.

 

Pirs körpüsündə 

Premyeralardan sonra, adətən, qonaqlar Lacivərd sahillərdə əylənirlər. Geyimlərdə parlaq rənglərin çılğınlığı, hündürdabanlar, kinofestivalının ən gözəl qonaqları - bunların hamısına film festivalının məşhur özəl gecələrində rast gəlmək mümkündür. Burada dunyanın kino və şou biznes ulduzlarının, məşhur idmançıların və ünlülərin, tanınmış iş adamlarının və mesenatların bir çoxuna rast gəlmək olur. Kann Film Festivalında qapalı tədbirlərin təşkilatçıları kimi dünyanın ən məşhur brendləri, film prodüserləri və kino şirkətləri, milyarderlər və mesenatlar olur. «amfAR», «Chopard», «de Grisogono» - kinofestivalının ən məşhur və ən böyük özəl gecələridir.

 

Əsas gecə

QİÇS-lə mübarizə fondunun xeyriyyə gecəsi «amfAR Cinema Against AİDS - amfAR Gala»nı cürətlə Kann Film Festivalının əsas axşam tədbiri saymaq olar. Bu il tədbir bütün mənalarda qeyri-adi olmağı vəd edirdi. Birincisi, o, bu yubiley idi - gecə 25-ci dəfə idi ki, keçirildi. İkincisi, uzun illərdən sonra ilk dəfə idi ki, Harvi Vaynşteynsiz keçirilirdi. Bəlkə də, bu, yaxşı əlamət idi. Bu yaxınlarda məlum olub ki, artıq bütün nüfuzunu itirmiş, qalmaqallı prodüser yalnız gənc və gözəl aktrisalara deyil, həm də fondun fəallarına təcavüz edir, üstəlik, səxavətli milyarderlərin QİÇS-ə qarşı mübarizəyə ayırdığı pulları mənimsəməyə çalışırmış.

Həmişə olduğu kimi, «amFAR» gecəsi Antibdəki «Du Cap-Eden-Roc» hotelində «And woman created all» - «Və qadın hər şeyi yaratdı" şüarı altında keçirildi. Gecə Milla Yovoviçin çıxışı ilə açıldı: "Birlikdə biz HİV infeksiyasından müalicə üçün dərman tapmaq ümidi ilə «amFAR»ı təsis etmiş iki qeyri-adi qadının - Elizabet Teylor və doktor Matilda Krimin qarşıya qoyduğu hədəfə nail ola bilərik. Mən istəyirəm ki, bu gün burda hamınız elə düşünəsiniz ki, sanki sizin həyatınız ondan asılıdır".

Sonra Karin Roytfeldin aparıcılığı ilə lotların nümayişi başladı. Onların arasında «Off-White», «Chanel», «Fendi», «Givenchy», «Louis Vuitton», «Ralph & Russo», «Miu Miu», «Alexandre Vauthier» geyimləri var idi. Bütün bu geyimləri dizaynerlər hərrac üçün özəl olaraq, bir nümunədə hazırlamışdılar. Birlikdə hamısı 1,6 milyon avroya satıldı.

Sürpriz isə Qreys Consun hərracda çıxışı oldu. "AmfAR, mən səni sevirəm. Və lütfən, Elizabet Teyloru unutmayın", - deyə o, sonda arzulamışdı.

 

«Chopard» gecələrinin sirri

Festivalın əsas mükafatı - qızıl palma budağını ənənəvi olaraq «Chopard» zərgərlik evinin ustaları hazırlayırlar. Şirkət həmçinin perspektivli gənc kinematoqrafçıları da mükafatlandırmağı unutmur - marka artıq uzun illərdir ki, Kann Film Festivalının əsas sponsorudur.

«Chopard» gecələrində şampan şərabı burulğanlı çay kimi axır, brilyantlar göydəki ulduzlardan daha parlaq görünürlər. «Chopard» gecəsinin bu il harada keçiriləcəyi son anadək gizli saxlandı. Elə «Chopard Party»nin əsas fərqi də həmişə tədbirin yeni yerdə və qeyri-adi formatda keçirilməsindədir.

Məsələn, son illərdə «Chopard» gecələri əfsanəvi SAVARONA yaxtasında, Kannın Mandelyö hava limanında «LOST» serialı üslubunda keçirilib. Keçən il «Chopard» gecəsinin mövzusu Kosmos olub. Amma bu il brend «Chopard Secret Night»ı Kannda ən yaxşı panorama malik «Château de la Croix des Gardes» də keçirdi. 1955-ci ildə Alfred Hiçkok bu villada «Oğrunu tutmaq» trillerini çəkmişdi.

Lakin gecənin ev sahibəsi, «Chopard»ın bədii direktoru Karolina Şoyfelin qonağı olmaq üçün uzun növbəyə durmaq və festival mühafizəsinin "skayner" baxışlarından keçmək lazımdır. Təpədən-dırnağa kimi xüsusi təhlükəsizlik texnikası ilə silahlanmış bu cüssəli oğlanların yanından dəvətnaməsiz heç milçək də keçə bilməz. İrina Şeyk, Kendal Cenner, Marion Kotiyar, Culiana Mur, Lüpita Nionqo, Hofit Qolan, Murad və İzabel Qular. Bir yerdə bu qədər ulduza və məşhur insana, çox güman ki, başqa heç yerdə rast gəlmək mümkün deyil - təsadüfi deyil ki, Kann Film Festivalının gecələrinin keçirildiyi yerlər sanki dövlət başçılarının sammiti kimi qorunur və bu da, təəccüblü deyil.

Beləliklə mühafizə arxada qaldı - və bura artıq Karolinanın mülküdür. «Chopard» gecələrinin sadəcə ən yaxşı duyğular və təəssüratlar oyatdığını söyləmək, heç nə deməmək kimi bir şeydir. Bu il qonaqlardan lakonik dress-kod: qara geyim, maska ​​və brilyantlar tələb olunurdu.

Villanın bağçasında qonaqları Şoyfele özü qarşılayırdı. O, hamıya diqqət ayırmaq üçün vaxt tapırdı - «Chopard» brilyantları və zümrüdləri ilə bəzədilmiş ağır boyunbağı taxmış İrina Şeyklə qucaqlaşdılar, «Alexandre Vautiher»dən tam şəffaf mini-don geyinmiş Kendall Cenneri də qucaqladı.

Toplananları romantik qapalı şam yeməyi gözləyirdi və yemək zamanı yüksək zərgərlik incəsənəti kolleksiyasından olan zinət əşyalarının nümayişi keçirildi. Bütün gecə boyu həyat yoldaşı Kili Şey Smitdən gözünü çəkməyən tanınmış Britaniya və Amerika aktyoru Pirs Brosnan ilə eyni masada oturmaq çox xoş idi. Eyni masa arxasında oturan cütlük daima qucaqlaşırdı, sanki 20 il birlikdə yaşamayıblar. Bu mənzərəni bir az pozub Pirsdən birgə selfi çəkdirməyi xahiş etdikdə isə, aktyor çox nəzakətlə bunu başqaları görəcək və şəkil çəkdirmək istəyənlərdən yaxa qurtara bilməyəcəyindən ehtiyatlandığını bildirdi. İstənilən halda Pirs Brosnanın - bütün cəhətləri ilə gözəl bir insanla eyni masanı bölüşmək çox xoş bir hissdir.

Enrike İqlesias səhnəyə çıxana qədər gecə, demək olar ki, öz axını ilə davam edirdi. Lakin kübar məclis bir anda fırtınalı ispan gecəsinə çevrildi. İspan maçosunun hitlərinin altında qonaqlar güc və daban əsirgəmədən rəqs etdilər. Sonra şənlik «Dc Cassidy»nin rəqs zənciri ilə davam etdi. Hamı rəqs edirdi. Bu, unudulmaz idi.

 

Kinonun özü

Ümumilikdə, Kann-2018 son dərəcə siyasiləşmişdi. Festival "qadın sifəti" ilə yaddaqalan oldu, xüsusilə də bağlanış mərasimində 21 il əvvəl Kann şəhərində Harvi Vaynşteyn tərəfindən zorlandığını etiraf edən Asiya Arcentonun çıxış etməsindən sonra. Kinobaxış məşhur yapon rejissoru Hirokadzu Koreedanın triumfu ilə başa çatdı. O, "Dükan oğruları" filminə görə "Qızıl palma budağı" aldı.

Dramda tez-tez mağazalardan kiçik oğurluqlar edən, dolanışıq üçün pulları çatmayan çox yoxsul bir yapon ailəsindən bəhs edilir. Buna baxmayaraq, onlar küçədə qalmış bir qıza sahib çıxırlar, o, ailə ilə doğmalaşır, lakin bu hekayənin finalı gözlənilməz olur. Kann Festivalının əhəmiyyətinə görə ikinci yeri - Qran Pri mükafatı Spayk Linin "Qara klançı" adlı qeyri-adi komediyasına nəsib oldu. Filmin baş qəhrəmanı ku-kluks-klana sızmağa müvəffəq olmuş qaradərili detektivdir. Filmin əsas hadisələri 70-ci illərdə baş verir, lakin film ötən il Şarlottsvilla şəhərindəki neo-nasistlərlə və afroamerikanlar arasında baş vermiş qarşıdurmalarla başa çatır.

Münsiflər heyətinin mükafatına isə ölkəsindəki evsiz uşaqlar haqqında "Kapernaum" filmini çəkmiş Livan rejissoru Nadine Labaki layiq görüldü.

Qazaxıstanlı aktrisa Samal Esləmova rus rejissoru Sergey Dvortsevin "Ayka" filmindəki roluna görə ən yaxşı qadın rolu mükafatını qazandı. 71-ci Kann Film Festivalının nəticələrinə görə, ən yaxşı aktyor "Doqmen" filmindəki roluna görə italyan Marçello Fonte sayıldı.

Yalnız ümid etmək qalır ki, yaxın gələcəkdə Azərbaycan filmləri də Kann Film Festivalının müsabiqə siyahısına düşə biləcək. Bizimlə söhbətində rejissor İlqar Səffat bildirib ki, A kateqoriyalı festivalların ictimai-siyasi yönümü nəzərə alınarsa, Azərbaycanın da deməyə sözü çoxdur.

"Bizim kinorejissorlar dünyadakı kinematoqrafiya istiqamətlərindən kənarda qalmamalıdır. Çünki Kann Film Festivalında sözünüzü demək - dünya kinematoqrafiyasının ən yüksək platformasında özünü ifadə etmək anlamına gəlir. Məsələ təkcə "Qızıl palma budağı" almaqda deyil. Əsas odur ki, bütün dünya sizi eşidir.".



MƏSLƏHƏT GÖR:

340