23 Aprel 2024

Çərşənbə axşamı, 16:06

AQRAR SƏNAYENİN «ÜÇ BALİNASI»

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan aqrar-sənaye kompleksinin ixrac strategiyasının əsas hədəflərini müəyyən etdi

Müəllif:

01.06.2018

İdxalın əvəz edilməsi üzrə bir sıra proqramların həyata keçirilməsi Azərbaycanda daxili istehlakın 4/5-ünə qədərinin yerli ərzaq istehsalı hesabına təmin edilməsinə imkan yaradıb. Ancaq bu gün qarşıda daha

çətin bir öhdəlik - istehsalın maya dəyərinin azaldılması, innovasiyaların tətbiqi və ixracyönümlü kənd təsərrüfatı klasterlərinin yaradılması məqsədi ilə aqrar-sənaye islahatlarının aparılması dayanır.

 

Yeni prinsiplər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə post-sovet məkanında ən yaxşı mövqelərdən birinə çıxmağı bacarıb. Lakin post-neft dövrünün gerçəklikləri ölkədə kənd təsərrüfatının təşkilində keyfiyyətli dəyişikliklərin edilməsini diqtə edir. Bununla bağlı, «World Food Azerbaijan 2018» 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin açılışında iştirak etmiş yeni kənd təsərrüfatı naziri İnam Kərimov aqrar qurumun fəaliyyətinin əsas prinsiplərini açıqlayıb.  

Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafının prioritet öhdəlikləri sırasına yüksək məhsuldarlığa nail olunması, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi daxildir. Qurumun işinin başlıca prinsipləri sırasına sahənin savadlı və səmərəli idarə edilməsi, o cümlədən

"Elektron kənd təsərrüfatı" layihəsindən istifadənin artırılması, infovasiyalardan istifadə (şəffaflıq, səmərəlilik, hesabatlılıq), həmçinin fermerlərlə iş - problemlərinin öyrənilməsi və onların həll etmə yollarının tapılmasıdır.  

Kənd təsərrüfatı sektorunun xarici bazarların mənimsənilməsinə istiqamətləndirilməsi, bəlkə də, Nazirliyi qarşısında duran ən mühüm və çətin məsələdir. Bu ehtiyac daxili bazarın nisbətən dar olmasından qaynaqlanır və bu, kənd təsərrüfatı istehsalının artımı qarşısını kəsən obyektiv maneədir. Öz növbəsində, aqrar məhsulların ixracatı məsələsində işlər qaydaya salınsa, bu, xarici ticarətdə Azərbaycanı böyük xarici valyuta gəlirləri ilə təmin edən əhəmiyyətli amilə çevrilə bilər.

Təəccüblü deyil ki, böhrandan sonra keçən il ərzində (2015-2017-ci illərdə) kənd təsərrüfatı istehsalının inkişafının əsas meyilləri əsasən ixracın artırılması istiqamətinə toplaşıb. Bu istiqamətdə görülən tədbirlər xarici bazarlara aqrar məhsulları ixracının həcmini üçdə bir qədər artırmağa imkan verib. Aqrar siyasət üzrə parlament komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, 2017-ci ildə Azərbaycanın toplam aqrar ixracatı təxminən $700 milyon $ təşkil edib. Azərbaycan təkcə 159 mln. $ valyuta gəlirini pomidor ixracından qazanıb, əhəmiyyətli səviyyədə gəlir fındıq, pambıq, tərəvəz və meyvə ixracından təmin edilib.

Faraş tərəvəz və meyvə məhsullarının tədarükü ölkənin kənd təsərrüfatı məhsulları ixracı siyahısında hələ də liderliyini davam etdirir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018 yanvar-mart aylarında Azərbaycan 75,6 min. ton və ya 80,7 mln. $ məbləğində meyvə-tərəvəz ixrac edib, bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə, təxminən, 45% artıqdır. Bu, sadəcə, bu seqmentin yüksək gəlirli olması ilə yanaşı, yatırılan investisiyanın nisbətən sürətlə geri qaytarılması ilə də bağlıdır.

"Meyvə və tərəvəz istehsalına maraq həm də istehsalçılar və ixracatçılar üçün dövlət tərəfindən yaradılan şərait və görülən tədbirlərlə bağlıdır. Tikilməkdə olan istixana komplekslərinin sayı nəzərəçarpacaq dərəcədə

artıb, hazır məhsulun saxlanması və qablaşdırılması üçün anbarlar yaradılır. Görülən tədbirlər sırasında, ilk növbədə, ixracın təşviqi mexanizmini, gömrük güzəştlərini və işə başlamaq üçün prosedurların asanlaşdırılmasını qeyd etmək olar ", - deyə Meyvə və Tərəvəz Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib.

 

İxrac coğrafiyasını genişləndirmək

Meyvə və tərəvəz ixracatında yüksək artım göstəriciləri Azərbaycanın aqrar ixracatının coğrafi şaxələndirilməsi üçün çox yaxşı göstəricidir. "Made in Azerbaijan" brendi altında olan məhsulları indi Rusiya və postsovet məkanının digər ölkələrinin ənənəvi satış bazarları ilə yanaşı, bir sıra ərəb dövlətlərinin, Çin, ABŞ və Avropanın ticarət şəbəkələrində da tapmaq mümkündür.

Bununla belə, Rusiya bazarı bu gün də Azərbaycanın aqrar məhsulları üçün əsas bazar olaraq qalır - ümumi aqrar ixracatın, təxminən, 3/4 hissəsi bu bazara gedir. Bu, müəyyən qədər bu bazarın Azərbaycan istehsalçıları üçün nisbətən daha açıq olması ilə, qismən də Avropa, ABŞ və dünyanın digər bölgələrindən kənd təsərrüfatı məhsullarının idxalına qoyulmuş sanksiya məhdudiyyətləri ilə bağlıdır ki, bu, Azərbaycan ixracatçıları üçün əlavə imkanlar yaradır.  

"Azərbaycan Mərkəzi Asiyaya, eləcə də ərəb ölkələrini qida ixracatı coğrafiyasını genişləndirmək niyyətindədir. Məsələn, Türkmənistana 2017-ci ildə Azərbaycandan böyük həcmdə soğan ixrac edilib. Hazırda biz Birləşmiş Ərəb Əmirlikləri, Qatar və digər Körfəz ölkələri ilə danışıqlar aparırıq, bu ölkələrdə Azərbaycan məhsullarına tələbat var", - deyə "Ərzaq məhsullarının təchizi və tədarükü" ASC-nin sədr müavini Xaliq Məmmədov bildirib. Onun sözlərinə görə, şirkət Cənubi Koreyaya Azərbaycan məhsullarını ixrac etmək imkanlarını araşdırır, amma burada məhsulun sertifikatlaşdırılması problemlərini həll etmək lazımdır.

Bütünlükdə, inkişaf etmiş ölkələrin bazarlarına Azərbaycanın ərzaq ixracatının artım perspektivləri daha çox müəssisələrin yerli məhsulun keyfiyyətini artıra bilməsi, xüsusilə də tara və qablaşdırılma üzrə norma və standartların tələblərinə uyğunluğunu yaxşılaşdırması qabiliyyəti ilə bağlıdır.

Digər tərəfdən Azərbaycan ixracatını yalnız meyvə və tərəvəz ilə məhdudlaşdırmamaq üçün bir sıra mürəkkəb məsələləri həll etmək lazımdır. Təəssüf ki, hazırda aqrar-sənaye kompleksinin digər sahələrinin - süd - ət və quşçuluq məhsulları, bitki yağları, şəkər, çay, tütün, düyü, un və qənnadı məmulatları istehsalçılarının, qismən də bəzi şərab məhsullarının istehsalçılarının ölkənin ümumi ixracatında müqayisəli payı yetərincə kiçikdir.

Bu, istehsalçıları daxili bazarın xüsusiyyətlərini nəzərə alaraq, əsasən idxalı əvəzləməyə yönəldən əvvəlki aqrar strategiya ilə bağlı bir sıra səbəblərlə əlaqəlidir. Burada nəzərə almaq lazımdır ki, bir sıra bazar seqmentlərinin nisbətən qapalı olması və (ilk mərhələdə müsbət rol oynayan) proteksionizm siyasəti yerli istehsalçılar üçün "istixana" şəraiti formalaşdırmışdı. Yüksək neft qiymətləri və ölkə daxilində yüksək istehlak səviyyəsi dövründə bu sektorun çatışmazlıqları elə də hiss edilmirdi, çünki daxili bazarda ərzaq qiymətlərinin nisbətən yüksək olması

və sabit tələb səmərəsiz idarəetmənin bütün xərclərini artıqlaması ilə örtürdü. Əsasən aşağı tədarük qiymətlərinə və hazır məhsulun yüksək satış qiymətləri hesabına mümkün olan yüksək qazanc normasına istiqamətlənmiş qida sənayesi şirkətləri sərt rəqabətlə üzləşmirdilər və bunun nəticə kimi istehsal xərclərini azaltmaqda və digər texniki innovasiyaların tətbiqində maraqlı deyildilər.

Vəziyyət üç il qabaq manatın devalvasiyasından sonra dəyişdi, bu, idxal olunan aqrar xammal və yarımfabrikatların, qablaşdırma materiallarının, gübrələrin, yem və yem əlavələrinin qiymətlərinin yüksəlməsinə səbəb oldu. İlk növbədə, bu, istehsalın strukturunda idxal komponentlərinin payının önəmli səviyyədə yüksək olması üzündən istehsal xərclərinin artması ilə nəticələndi. Digər tərəfdən qablaşdırma məhsullarınının istehsal səviyyəsinin kifayət qədər yüksək olmaması və emal məhsullarının böyük hissəsinin dünya standartlarına uyğun gəlməməsi ixracın genişləndirilməsi üçün əlverişsiz oldu.

 

Aqrar sənayedə yeni sahələr

Qeyd etmək lazımdır ki, bəzi Azərbaycan istehsalçıları bütün yuxarıda göstərilən tələblərə əməl etməyi bacarıblar və uzaq xarici ölkələrin bazarlarında - Avropada və ABŞ-da, Fars körfəzi ölkələrində və Çin bazarında öz məhsullarını uğurla satırlar. Bunlar, «World Food Azerbaijan 2018» sərgisində iştirak edən yerli şirkətlərdir, onların sırasına quru meyvə, nar şirəsi və meyvə konsentratları, dəniz məhsulları, çay, cem və digər konserv məhsulları istehsalçıları daxildir. Lakin bu ixrac əməliyyatları hələ sistemli deyil və həcmləri nisbətən kiçikdir.  

Misal kimi, şərabçılıq sahəsindən nümunə göstərmək olar - hazırda bu sahədə nisbətən dayanıqlı ixrac yalnız Rusiya, Belarus və Ukrayna ilə qurulub, son illərdə Çinə də ixrac qaydaya salınır.Yaxın gələcəkdə kənd təsərrüfatının strateji istiqamətləri sırasına zeytun bağlarının salınması, zeytun və zeytun yağı ixracı, eləcə də çayçılığın, düyüçülüyün, fındıqçılığın, baramaçılığın, sitrus meyvə əkinlərinin, tütünçülüyün inkişafı daxil olacaq.  

Lakin bu sahələrdə rəqabət qabiliyyətli ixrac məhsulları istehsalının artırılması yalnız irimiqyaslı məhsul təsərrüfatlarının formalaşdırılması və hazır məhsulun buraxılması zamanı xammal və istehsal xərclərinin azaldılması ilə mümkündür. Beynəlxalq təcrübə göstərir ki, qlobal kənd təsərrüfatı bazarında müasir və səmərəli kənd təsərrüfatı texnologiyaları tətbiq edən, xammaldan son məhsula qədər qapalı istehsal tsikli yaratmağı, istehsal prosesində tələb olunan komponent və yarımfabrikatlar (tara, kimyəvi və bioloji əlavələr və s.) idxalına xərcləri minimuma endirməyi bacarmış istehsalçıları aparıcılıq edir.  

Uyğun olaraq, tütün əkinlərinin artırılması, 2018-ci ildə onların 3300 hektara çatdırılması ilə yanaşı, dövlət qurutma kamerası alır və yeni siqaret fabrikinin tikintisi aparılır. İpəkçiliyin inkişafı məqsədi ilə bir çox rayonlarda tut fidanları əkilir, fındıqçılığın inkişafı üçün isə yeni bağlar salınır və toplam fındıq sahəsi 40 min ha-dan 80 min. ha-ya qədər artacaq və Azərbaycan dünya üzrə ən çox fındıq istehsal edən ilk üç ölkə sırasına daxil olacaq.

Süd məhsulları, günəbaxan yağı və yumurta ixracatının genişləndirilməsi üçün yem və xammal bazasının ucuzlaşması, istehsal proseslərinin optimallaşdırılması üçün bir sıra tədbirlər görülməlidir. Bu gün sadalanan bu sahələrdə xammal istehsalının maya dəyərinin azaldılması məsələsində fermerlərə mane olan çox sayda əngəllər var.  

Digər tərəfdən Azərbaycanda xammal emalının optimallaşdırılması üçün sənaye klasterlərinin konsentrasiyası üzərində iş aparılır. Söhbət cari ildə istismara veriləcək 15 aqroparkın tikintisindən gedir. Ümumiyyətlə, indi ölkənin 30 rayonunda 45 aqroparkın yaradılması üzərində iş gedir. Nəhayət, aqrar ixracatın inkişafı üçün həmçinin müasir elektron nəzarət modellərinə əsaslanan effektiv planlaşdırma, logistika və marketinq də vacibdir.

Ümid edirik ki, önümüzdəki illərdə Kənd Təsərrüfatı Nazirliyinin yeni komandası ölkənin kənd təsərrüfatı istehsalını ixrac relsləri üzərinə qoymağı bacaracaq və sahəni ölkənin iqtisadi artım lokomotivinə çevirəcək.



MƏSLƏHƏT GÖR:

327