29 Mart 2024

Cümə, 05:41

QÜDS SİMVOLİZMİ

Deyəsən, Yaxın Şərqdə sülhə nail olunması imkanı daha da çətinləşir

Müəllif:

01.06.2018

Ərəb-İsrail münaqişə zonasındakı növbəti gərginlik tamamilə təxminedilən idi. Amma qan tökülməsini önləmək üçün nə onun bilavasitə iştirakçıları, nə də beynəlxalq birlik bir iş gördü. Hətta əksinə. Bütün bunlar Yaxın Şərq böhranının həlli perspektivini daha da uzaqlaşdırır.

Qəzza ilə İsrail sərhədindəki toqquşmalar dünya KİV-nin diqqətini o qədər də cəlb etməsə də, hələ martın sonlarında başlamışdı. Hələ o zaman HƏMAS «Qaytarma marşı» adlı kampaniya ilə minlərlə fələstinlini səfərbər etmişdi. Bu aksiya pik nöqtəsinə mayın 14-də, İsrail dövlətinin yaradılmasının 70-ci ildönümü ərəfəsində çatdı. Həmin günü fələstinlilər Nakba - «Fəlakət günü» kimi qeyd edir. Onlar bu günü 700 minədək ərəbin 1947-1949-cu illərin ərəb-İsrail müharibəsi nəticəsində yəhudilərin nəzarətinə keçmiş torpaqlardan çıxdığı gün kimi xatırlayırlar. ABŞ səfirliyinin elə həmin gün Qüdsə köçürülməsi qərarı ilə vəziyyət daha da gərginləşmişdi.

İğtişaşlar İordan çayının qərb sahilində - Betlehəm və Rəmallahda başlamışdı. Lakin ən ciddi toqquşmalar Qəzza sektorunda yaşanıb. Minlərlə insan (bəzi məlumatlara görə, 35 minədək) küçələrdə təkər yandırır, qarşı tərəfə içərisində yandırıcı maddə olan butulkalar atır, kustar üsulla düzəldilmiş partlayıcılardan istifadə edib. Daş-qalaqdan da istifadə edən kütlə Qəzzanı İsraildən ayıran sərhəd şəhərciyinə girməyə çalışıb. Nəticədə, SAXAL əsgərləri gözyaşardıcı qazdan və odlu silahdan istifadə edib. BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüsseynin sözlərinə görə, bütün bunların nəticəsində martın 30-dan bu yana 12 mindən artıq fələstinli yaralanıb, 87 nəfər, o cümlədən 12 uşaq qətlə yetirilib, məhz mayın 14-də isə 60-dan artıq fələstinli, o cümlədən 6 uşaq öldürülüb. Bu, 2014-cü ildən sonra ən ciddi toqquşma sayılır.

Fələstin rəhbərliyini təmsil edən Yusuf əl-Mahmud İsrail hakimiyyətini «dəhşətli qətliam»da təqsirləndirərək beynəlxalq birlikdən yardım istəyib.

Nəticədə, Türkiyə ilə CAR İsraildəki səfirlərini geri çağırıb. Belçika və İrlandiyada isə israilli diplomatlar hesabat vermələri üçün müvafiq qurumlara dəvət olunublar.

Hər zaman olduğu kimi, yaşananlara ən sərt reaksiya Türkiyədən gəlib. İsraillə yanaşı, ABŞ-dakı səfirini də geri çağıran ölkənin başçısı Rəcəb Tayyib Ərdoğan «Fələstində insanlığa qarşı dəhşətli cinayətin törədildiyini» bəyan edib. O, Vaşinqtonu İsraillə əlbirlikdə də günahlandırıb.

Lakin ümumilikdə beynəlxalq birlik baş verənlərə ənənəvi reaksiyasını göstərib - İsrailin ünvanına zəif tənqid, fələstinlilər isə nümayişlərin dinc xarakterli olmasının vacibliyinə dair çağırış. Bununla yanaşı, hər iki tərəf təmkin nümayişinə də dəvət olunub. «Fələstinlilərin etiraz etmək haqqı var. Lakin etirazlar dinc xarakterli olmalıdır. İsrail isə öz sərhədlərini qorumaq hüququna malikdir. Bununla yanaşı, insanların odlu silahlardan atəşə tutulması son dərəcə ciddi narahatlıq yaradır», - deyə Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib. Almaniya ilə Fransa, həmçinin Aİ-nin ali nümayəndəsi də təxminən eyni ruhda danışıb.

İsrailin baş naziri Binyamin Netanyahu isə öz növbəsində, yəhudi hərbçilərinin əməlini «Qəzzaya nəzarət edən və məqsədi İsraili məhv etmək olan radikal HƏMAS qruplaşmasından müdafiə» kimi şərh edib. O, SAXAL-ın bununla bağlı əvvəlcədən xəbərdarlıq yaydığını, KİV-də və sosial şəbəkələrdə insanlara müraciət ünvanlandığını xatırladıb.

İsraillilər Fələstin rəhbərliyini terrorçuluğu dəstəkləməkdə də günahlandırır. Onlar qətlə yetirilmiş ərəblər arasında məşhur yaraqlıların olduğunu deyir. İsrail tərəfi Qəzza sektoru hökumətinin «canlı şit» kimi uşaq və qadınlardan istifadə etdiyini də bildirir.

Yəni İsrail tərəfi yalnız konkret olaraq sərhədlərin pozulması təhlükəsindən danışır. İndi Təl-Əvividə kütləvi nümayişlərdən və Üçüncü intifadadan o qədər də qorxmurlar. Çünki fələstinlilərin nə vahid ərazisi, nə də vahid lideri var. Çoxdandır ki, İordan çayının qərb sahilində FƏTH, Qəzza sektorunda isə HƏMAS-ın hakimiyyəti hökm sürür. Onların bir-birini sevmədikləri də hər kəsə bəllidir. Bu gün İordan çayının qərb sahilində insanlar təcrid vəziyyətində qalmış Qəzzadakından yaxşı yaşayır. Qəzzada isə əhali daim içməli su, ərzaq, elektrik enerjisi çatışmazlığından əziyyət çəkir. Odur ki, digər tərəfdəki fələstinlilər Qəzzadakı qardaşlarının aksiyalarına, çətin ki, kütləvi şəkildə dəstək versin. Üstəlik, fələstinlilərin ərəb dövlətləri arasında nüfuzlu və cəsarətli müttəfiqləri də yoxdur.

Bütün bunların fonunda ABŞ-ın səfirliyini Qüdsə köçürmək qərarı çox təəccüblü görünür. Bu qədim şəhərin statusunun ən mübahisəli məsələlərdən olduğu bəllidir. Problemin sülh yolu ilə həllinə mane olan əsas məqamlardan biri də məhz budur. Fələstinlilər Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı olmasını istəyir. Odur ki, Vaşinqtonun faktiki olaraq şəhəri İsrailin paytaxtı kimi tanıması onlar tərəfindən «Fələstinin azadlığı işinə ciddi zərbə» kimi qiymətləndirilib. Belə olan təqdirdə, Tramp administrasiyası doğrudanmı Fələstin liderlərini İsrailə sərf edən şərtlərlə danışıqlara razı salmaq üçün sıxır?

Qüdsdə ABŞ səfirliyinin açılması Donald Trampın seçki öncəsi verdiyi vədlərdən biri idi. ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdıqlarını 2017-ci il dekabrın 6-da elan edib. Mayın 14-də isə səfirliyin köçürülməsilə bağlı təntənəli mərasim keçirilib. Üstəlik, mərasimdə Ağ Ev adından Trampın qızı İvanka və kürəkəni, ABŞ-ın yəhudi icmasının liderlərindən olan Cared Kuşner də iştirak ediblər. «Qüds üçün, İsrail dövləti üçün böyük gündür. Tarixi andır. Hər birimiz sizə minnətdarıq», - deyə İsrailin baş naziri Binyamin Netanyahunun ABŞ lideri Donald Trampa müraciətində bildirilir.

Kuşner isə bildirib ki, «səfirliyin köçürülməsi sülh prosesindən imtina yox, əksinə, onun üçün şəraitin yaradılmasıdır». İsrail daxilində belə fikir var ki, Qüdsü heç cür bölmək olmaz. Belə olan təqdirdə, Kuşnerin sözləri belə deməyə əsas verir ki, İsrail tərəfi şəhərin statusu məsələsini sülh danışıqlarının predmeti kimi görmür.

İsrail KİV-i bildirir ki, hazırda Qüdsdə yalnız ABŞ-ın səfirliyi yerləşirsə, artıq mayda Qvetamala və Paraqvay da Vaşinqtonun addımını təkrarlayacaq. İlin sonunadək isə daha 3 dövlət diplomatik nümayəndəliyini bu şəhərə köçürəcək. Lakin söhbətin hansı 3 dövlətdən getdiyi açıqlanmır. İstənilən halda, görünən odur ki, yəhudilərin arzusu tədricən reallaşır. Bəs, fələstinlilər bu vəziyyətlə hesablaşacaqmı?

Digər yandan, bəlkə də, Tramp sadəcə, Barak Obamanın mirasını yox etməyə çalışır (o dövrdə ABŞ-İsrail münasibətləri heç də yaxşı deyildi). Bununla yanaşı, Vaşinqtonun artıq hər kəsə bəlli olan «Tramp ədası» ilə təşəbbüsü öz əlinə almağa cəhd etdiyi də istisna deyil. Məsələn, Şimali Koreya və İranla bağlı son dərəcə qəti, o qədər də məntiqli olmayan qərarlar da buradan qaynaqlana bilər.

Bu arada ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi qərarının Vaşinqtonun ən yaxın müttəfiqi olan Böyük Britaniya tərəfindən dəstəklənməməsi də əbəs deyil. Bəzi Avropa dövlətləri, məsələn, İsveç isə Amerikanın fələstinlilərlə israillilər arasında zorakılığa görə böyük məsuliyyət daşıdığını belə, bəyan edib. Bunu İsveçin xarici işlər naziri Marqot Vallstryom ölkəsinin TT informasiya agentliyinə müsahibəsində deyib. O, bildirib ki, Qüds məsələsi birtərəfli qaydada deyil, münaqişə tərəfləri arasında danışıqlarla həll olunmalıdır.

İstənilən halda, səfirliyin köçürülməsinin necə əsaslandırılmasından asılı olmayaraq, bu, onsuz da vəziyyətin çətin olduğu regionda gərginliyi daha da artıran amillərdən birinə çevrilib. Bu yolla fələstinliləri danışıqlar masasına qaytarmağa çalışıblarsa belə, indi, sülh prosesinin daha da geri gedəcəyi riski ortadadır. Bundan sonra Qüdsün statusu münaqişənin rəmzinə çevrilə bilər. Amma həm də müasir diplomatiyanın iflası rəmzinə. Bu şəhərdəki müqəddəs rəmzləri də nəzərə alsaq, mənzərə heç də ürəkaçan deyil.



MƏSLƏHƏT GÖR:

323