20 Aprel 2024

Şənbə, 03:32

QARABAĞIN ƏFSANƏSİ

Latviya rəssamı Datse Ştrausun Qarabağ atları barədə sərgisi izləyicilərin böyük marağına səbəb olub

Müəllif:

15.06.2018

O, Azərbaycanda iki ildir ki, yaşayır. Cəmi ikicə il latviyalı rəssam Datse Ştrausa imkan verib ki, çox səmimi hisslərlə dolu 29 rəsm əsəri yaratsın. Onlar Qarabağdan danışır. Xeyr, onun unikal təbiətindən bəhs etmir. Ancaq rəsmlərdə Azərbaycanda yaşayan istənilən bir insana tanış olan çox məşhur rəmzlər əksini tapıb.

 

Qarabağın cıdır atları  

Onlar həmişə Qarabağ xalçalarının üzərində olublar. Onlar özəldirlər. Hər birində xalçaçının sevgi gücü və dərin marağı əks olunub. Qarabağ atları haqqında əfsanələr yaranıb, onların gözəlliyi yazıçılar və şairlər tərəfindən vəsf edilib. Rus klassik ədəbiyyatında da Qarabağ atları dəfələrlə yada salınır. Puşkinin poeziyasında, Lermontovda ("Demon" poeması), Lev Tolstoyun nəsrində ( "Hacı Murad", "Hərb və sülh"), Yuri Tınyanovda ( "Vəziri-Muxtarın ölümü") və s. Milli ədəbiyyatımızda Mirzə Fətəli Axundovun "Müsyö Jordan" komediyasında, Qurban Səidin "Əli və Nino" romanında, Bəxtiyar Vahabzadənin "Qarabağ atı" poemasında onlardan bəhs edib. İndi onlar (atlar) sanki Qarabağ dağlarından enərək bizimlə ünsiyyət qururlar: bəziləri oynayaraq, bəziləri çaparaq, bəziləri də kədərli gözlərlə maraq göstərərək ...

Qarabağ atlarının zərif gözəlliyinə aşiq olmuş latviyalı rəssam qız onların rəsmini xasiyyətlərindəki fərqləri aşkar edərək çəkir. Diqqətlə seyr edərək, heyranlığını gizlətmədən, atın gücünü və gözəlliyini vəsf edərək çəkir. Rəsmi çəkilən atların hər biri - Qarabağa və onun tarixinə, bu cinsin zamanın dolanbaclarında itməsinə yol verməmiş, onları ədəbi əsərlərdə əbədiləşdirmiş insanlara bir ithafdır.  

Datse Ştrausun işləri onun yaradıcılıq tutqusu ilə naturadan çəkmək arzusunun nəticəsidir. Amma harada? Bu gün o, Azərbaycan mənşəli rus rəssamı Vasili Vereşagin kimi Şuşaya gedərək atı naturadan çəkə bilmir. Vereşagin "Cənubi Qafqaza səfər" kitabında (1864-1865-ci illər, səh. 267) yazır: "Şuşadan elə də uzaqlaşmadan, Yelizavetpola aparan qapının ağzında, sonuncu xan Mehdiqulu xanın qızına aid böyük bir köhnə ev var. Xan ölən zaman qızına yaxşı bir miras qoyub. Xanın bu qızının ən bahalı və çox gözəl baxılmış atları var ki, bu da bayrama özəl bir təntənə və dəbdəbə. Xanımın tövləsində möhtəşəm atlar var və onlar xanın adı ilə tanınırlar."

Bu isə Vereşaginin qardaşına yazdığı məktubdur: "... Mənim həyatımda gördüyüm ən yaxşı atlar - Şuşada, Cəfərqulu xana məxsus zavoddadır. Heç bir yerdə belə atlar görməmişəm. Məhz zavod atlarından birinin şəklini naturadan çəkmişəm".

 

Bəbir

Lakin Datsenin indi Ermənistan tərəfindən işğal olunmuş Şuşaya getmək imkanı olmadı, sonra isə o, xeyli səy göstərərək atların sahiblərini tapdı. Yəni at minməyi dəb olaraq deyil, genetik bir ehtiyac sayanları axtardı. Və tapdı. Amma atın şəklini çəkmək üçün onun xasiyyətini bilmək, ruhuna nüfuz etmək lazımdır. Bədii araşdırma obyektinin yanında çox saatlar və günlər keçirmək lazımdır. Və o da belə bir fürsət tapdı!  

O, çox sayda at sahibi ilə əlaqə yaratdı və atları izləmək imkanı qazandı. Sonra Babir adlı atı müşahidə etməyə başladı. Onun portreti sərgidə də də nümayiş olunur. Bax, budur! Əsl Qarabağ gözəli! Qürurlu, tərs - o, şaha qalxdı: qısa yalları küləkdə oynayır, boyun əzələləri gərilib, burun dəliklərini geniş açıb, tükləri biz-bizdir! Qədim dövrlərdə Qarabağda belə atları "köhlən sarılar" adlandırırdılar, çünki onlar limonu- sarı, qızılı çalarlı olurdular. Babir - uzun güclü boyunlu, tünd xasiyyətli, parlaq alov rəngli bir atdır. İnsana elə gəlir ki, o, bir dəqiqə də bir yerdə dayanmır! Onun stixiyası hərəkətdir. O, inanılmaz dərəcədə gözəldir.

Bəbirin portreti tam olaraq Qarabağ atının mütəxəssisi və bilicisi olan A.A.Ağabəylinin yazdıqlarına uyğun gəlir: "Xarici görkəmcə Qarabağ atı tipik dağ, minik atıdır. Gözəl dərisi və mütənasib bədəni onu yerli və digər cinslərdən əlverişli şəkildə ayırır. Müasir Qarabağ atının xarakteristik xüsusiyyətləri sırasına bədən quruluşunun ümumi quruluğu və möhkəmliyidir; çıxıntılı kəlləsi olan başı gözəldir, böyük və ifadəli gözləri var; ...temperamentcə enerjilidir, amma xoş xasiyyətlidir.  

Atın hərəkətləri rəvan və yumşaqdır. Qarabağ atları ortaboyludur. Rənginə görə qonuru sarı olurlar. Yalı və quyruğunun ucundakı tüklər tünd-şabalıdı çalar verir. Qarabağ cinsinin əsas fərqləndirici özəlliyi atın baş və ayaqlarında ağ qaşqaların olmasıdır".

Hələ keçən əsrdə edilən bu təsvirlər qəribə şəkildə rəssamın kətanında gördüyümüzə uyğun gəlir. Atlar rəssam kətanının ənginliklərində öz həyatlarını yaşayır, bizi anın çılpaq gerçəkliyi ilə sevindirirlər.

 

İnsanla yanaşı  

"Tarixin qapısı" adlı əsərdə kətan üzərində Qarabağ atları çapırlar. Diqqəti ayırmadan uzun müddət əsərə baxdıqda adama elə gəlir ki, onların hamısı düz üstünə uçur. Bir az daha keçəcək, tappıltı eşidiləcək, yerdən yüngül uğultu gələcək, atların fınxırtısı və isti nəfəsi hiss ediləcək. Bəzən elə bir hiss yaranır ki, sanki siz də onlarla birlikdə çapırsınız. Deyirlər ki, qədim dövrlərdə bu atlar Qarabağ dağlarında, Cek Londonun romanlarındakı vəhşi mustanqlar kimi dolaşırmışlar. Azad, güclü və qürurlu imişlər. Yalnız soyuq havalar başlayanda onlar etibarlı sığınacaqda qışlamaq üçün insanların yanına qayıdırmışlar. Bəlkə də, bu bir uydurmadır, amma gözəl uydurmadır. Yəni bu, İnsanlar Atın çoxəsrlik bir birliyidir. İstər-istəməz Mayakovskinin məşhur "hər birimiz bir az atıq" misraları yada düşür.  

Rəssam hər bir əsəri üçün çox gözlənilməz adlar seçib. Məsələn, "Qarabağ əfsanələri", "Növbəti nəsillər üçün hekayə", "Küləkdən daha iti" və s. Bu adlarda bunun kimi qeyri-adi at cins yaratmış və qorumuş xalqımızın irsinə müəllifin konseptual baxışı əks olunub.

 

Unikal cins  

Yüzilliyini bu günlərdə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Qarabağ atlarına maraq böyük idi. Hökumət atçılıq zavodlarının inkişafına xüsusi diqqət yetirdi. Təəssüf ki, bu proses inqilabdan sonra kəsildi, amma sovet dövründə yenidən davam etdirildi. Qarabağ atı növü qorunub saxlanılıb. Qarabağ "köhləni" öz cinsinin unikallığı ilə hələ də dünyada ilk yerlərdən birini tutur.

Biz qonaqlarımıza sevgi ilə «qızılı» adlandırdığımız bu atların unikallığı və dünya şöhrəti barədə hekayələr söyləməyi sevirik. Onlar barədə filmlər çəkilir, gerçək və uydurma hekayələr danışılır, onların rəsmləri çəkilir. Deyirlər ki, Nikita Xruşşov kraliça II Yelizavetaya Qarabağ atı hədiyyə edən zaman kral tövləsinin qulluqçuları onun gözlənilməz çalarlarına şübhə ilə yanaşaraq Zamanı (atın adı beləydi), şampun və sabunla yuyublar. Ancaq onda tüklər daha çox çalarla parıldayıb və onlar, sadəcə, mat qalıblar!

Onda heç kimin ağlına belə gəlməzdi ki, 90-cı illərin əvvəllərində bu cinsin nəsli tükənmək ərəfəsində olacaq. Başlamaqda olan Dağlıq Qarabağ münaqişəsi az qala bu qeyri-adi gözəllikli atları məhv edirdi.  

Amma Azərbaycan atçıları güllə və atəş altında atları döyüş zonasından Yevlaxa çıxara bildilər və sonra Bakıya gətirdilər. İqlim dəyişikliyindən və lazımi qidaların olmaması üzündən ilxının bir qismi tələf oldu. Ancaq cinsini qorumaq mümkün oldu. Bu gün bu atlar milli qürurumuz və sərvətimizdir! İki Qarabağ atı IV İslamiadanın rəmzi oldu, 2013-cü ildə isə Qarabağ atları üzərində ənənəvi xalq - çövkan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edildi. Bu, millətin mədəni irsinin qorunmasında heyvanın rolunun beynəlxalq səviyyədə tanınmasının unikal bir örnəyidir.

Atlar həm də vətənpərvərlik və kişilik rəmzidir, böyük dəyişikliklər çağının obrazıdır. Buna görə də, bu atların qeyri-adi gözəlliyini əbədi olaraq həkk etmiş Latviya rəssamının işləri yalnız AXC-nin və Latviya Respublikasının 100 illiyinə hədiyyə olmaqla qalmır, həm də Qarabağ atlarını öz gələcək nəsilləri üçün qorumağı bacaran, həm də bu gün də atçılıq təsərrüfatını müvəffəqiyyətlə inkişaf etdirən xalqa həsr edilmiş himndir.

Hazırda Azərbaycanda atların seleksiyası və damazlıq yetişdirilməsi üzrə 20 müəssisə fəaliyyət göstərir. 2017-ci ildə Prezident İlham Əliyev Qarabağ atları cinsinin inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

AXC-nin 100 illiyi və Latviya Respublikasının 100 illiyinə həsr olunmuş, Azərbaycan Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin, Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutmuş «Canlı irs» sərgisi Azərbaycanın canlı əfsanəsi olan Qarabağ atları barədə danışaraq Bakı sakinlərini və qonaqları sevindirib. Onun işi güclü bir emosional partlayışla çağlayır və öz cazibədarlığı ələ baxanları əsir edir. İnsan istəyir ki, bu cazibə mümkün qədər uzun davam etsin...



MƏSLƏHƏT GÖR:

383