29 Mart 2024

Cümə, 05:27

MÜSTƏQİLLİYİN İLK AYI

Müstəqilliyi elan etmiş ADR rəhbərliyi taleyüklü hərbi-siyasi problemlərin həllinə başlamışdı

Müəllif:

15.06.2018

Azərbaycan Demokratik Respublikasının (ADR) elan olunmasından sonra dövlətin qarşısında duran həyati əhəmiyyətli məsələlərdən biri xalqın təhlükəsizliyinin təmini, ölkənin ərazi bütövlüyünün qorunması idi. Azərbaycan liderləri son dərəcə ağır siyasi şərtlərə rəğmən, bu vəzifənin öhdəsindən gələ bilmişdilər.

 

«…Bir ümid qalıb - Türkiyə…»

Azərbaycan müstəqilliyini ölkənin şərqi Stepan Şaumyanın elan etdiyi və bolşeviklərlə daşnakların taktiki ittifaqına əsaslanan Bakı Xalq Komissarları Sovetinin nəzarəti altında olduğu bir vaxtla elan etmişdi. Müstəqilliyin ilk həftələrində Tiflisdə yerləşən Milli Şuranın və ADR hökumətinin vəziyyəti Bakı Soveti hərbi qüvvələrinin Azərbaycanın müvəqqəti paytaxtı elan olunmuş Gəncəyə (Yelizavetpol) hücumu ilə daha da ağırlaşmışdı. ADR liderləri daşnak-bolşevik ordusuna müqavimət göstərmək üçün lazımi hərbi qüvvəyə malik deyildilər. Sonralar Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, ozamankı şəraitdə bir ümid var idi - Türkiyə və bu qardaş ölkə Azərbaycanı düşmənlərin əlindən almağa çağırılmışdı.

Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri, ADR-in ilk hökumətində maliyyə və xalq maarif naziri olmuş Nəsib bəy Yusifbəyov (Yusifbəyli) 1918-ci ilin iyununda yaranmış vəziyyəti belə xarakterizə edirdi: «Yalnız bizim - Azərbaycan türklərinin arasında deyil, bütünlükdə Cənubi Qafqaz regionunda anarxiyanın miqyası o qədər böyükdür ki, onu öz qüvvələrimizlə həll edə bilmərik: şərqdən bolşeviklərin hücuma keçməsi vəziyyəti bir az da çətinləşdirir. Belə olan təqdirdə, bu qədər müdafiəsiz qaldığımız bir şəraitdə xaricdən kömək istəməkdən başqa yolumuz yoxdur. Sevinməliyik ki, buraya gəlməli olan xarici qüvvə dost və qardaş Türkiyədir».

1918-ci il iyunun 4-də Osmanlı İmperiyası ilə ADR arasında dostluq müqaviləsi imzalanıb. Bu, ADR-in hər hansı xarici dövlətlə imzaladığı ilk sənəd idi. Azərbaycan tərəfindən onu Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, xarici işlər naziri Məmmədhəsən Hacınski, Türkiyə tərəfindən isə ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin Ali Baş Komandanı Vehib Paşa imzalamışdılar.

Sənədin preambulasında deyilirdi: «Bir tərəfdən Osmanlı İmperiyası hökuməti, digər tərəfdən isə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının hökuməti siyasi, hüquqi, iqtisadi və zehni əsaslarla yaxın dost münasibətlərinin qurulduğunu təsdiq edir».

Müqavilənin ilk maddəsi Osmanlı İmperiyası ilə ADR arasında daimi sülh və möhkəm dostluğun qurulduğunu təsdiqləyirdi. Azərbaycan üçün çox əhəmiyyətli dördüncü maddədə isə bildirilirdi ki, ehtiyac yaranacağı təqdirdə Osmanlı hökuməti sülh və sabitliyin, ölkənin təhlükəsizliyinin təmini məqsədilə ADR-ə hərbi yardım göstərmək öhdəliyini öz üzərinə götürür.

Müqaviləyə hərbi yardımla bağlı maddənin daxil edilməsi o demək idi ki, Azərbaycan Türkiyənin dəstəyilə erməni silahlı birləşmələrinin ölkənin müxtəlif bölgələrində, ilk növbədə, Qarabağda həyata keçirdiyi özbaşınalığa və zorakılığa son qoymaq, Bakını düşmən hakimiyyətindən xilas etmək niyyətindədir. Artıq mayın sonunda Nuru Paşanın rəhbərlik etdiyi türk qərargahı Gəncəyə gəlmiş, azərbaycanlı əhali onları böyük sevinclə qarşılamışdı. M.Ə.Rəsulzadənin sözlərinə görə, Nuru Paşa əhali tərəfindən «göydən gəlmiş xilaskar mələk kimi» qarşılanmışdı.

Nuru Paşanın qərargahı yanında Mülki işlər üzrə idarə yaradılıb və ona rəhbərlik siyasi məsləhətçi, Azərbaycan milli hərəkatının görkəmli nümayəndələrindən olan Əhməd bəy Ağayevə (Ağaoğlu) tapşırılıb.

Nuru Paşanın qoşununa əmrində deyilirdi: «Hədəfimiz Bakıdır!» Bununla bərabər, 1918-ci ilin iyununda Kazım Karabekir paşanın başçılıq etdiyi türk ordusu daşnak dəstələrinin hədəfində olan Naxçıvanı da nəzarətə götürmüşdü.

Bakı Sovetilə savaşın ən vacib cəbhəsisə Kürdəmir istiqaməti idi. Daşnak-bolşevik qüvvələrinin Gəncəyə doğru əsas hərəkəti məhz bu istiqamətdən gəlirdi. İyunun 16-18-də tərəflər Göyçayın 20 verst şərqində yerləşən Qaraməryəm kəndində üz-üzə gəlib. Lakin 10-cu türk alayının əks-hücumuna rəğmən, düşmən Qaraməryəmi ələ keçirə bilib.

İyunun 19-da Nuru Paşa xüsusi qatarla cəbhəyə yollanıb. Elə həmin gün o, Osmanlı qoşunlarının Şərq qrupunun komandanına verdiyi məlumatda Sovet qoşunlarının hücumunun 5-ci diviziyanın ciddi tələfat verməsilə yatırıldığını bildirib. Lakin sonrakı günlərdə Bakı Sovetinin ordusu yenidən Göyçaya hücuma başlayıb.

Hacınski cəbhədəki vəziyyətlə bağlı Rəsulzadəyə yazırdı: «Bizim cəbhədə vəziyyət yaxşı deyil. İrəliləyə bilmirik». M.Ə.Rəsulzadə isə cavabında bildirirdi ki, Azərbaycana Ənvər Paşanın rəhbərliyilə yeni alaylar göndərilib, Nuru Paşa isə tabeliyində hücum üçün kifayət qədər hərbi qüvvənin olduğunu təsdiqləyib.

Məhz bu həyati əhəmiyyətli anda Azərbaycan ordusunun təməli qoyulub. Bakı Sovetilə savaşda Türkiyə qoşunları ilə çiyin-çiynə Azərbaycan əsgərləri və könüllüləri də vuruşurdu…

 

İyun böhranı

Azərbaycan ərazisinə qardaş xalqa Bakının azad olunmasında hərbi yardım göstərmək məqsədilə daxil olmuş Osmanlı ordusu, təbii ki, eyni zamanda Osmanlı İmperiyasının maraqlarına cavab verən vacib geosiyasi məsələləri də həll edirdi. Dünya müharibəsi davam edirdi və Türkiyənin hərbi-siyasi elitası onun sonunda Osmanlı İmperiyasının nüfuz dairəsini əhəmiyyətli dərəcədə artırmaq istəyirdi. Osmanlı strateqlər əsas dayaqlarından biri kimisə məhz Azərbaycanı görürdülər. Lakin məhz bu səbəbdən onların müstəqilliyini yeni elan etmiş respublikada türklərin dediyilə hərəkət edəcək hökumət qurmaq istəyi ADR rəhbərliyinin maraqları ilə üst-üstə düşmürdü. 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçən Azərbaycan hökuməti dərhal çətin dilemma qarşısında qalmışdı. Türkiyə komandanlığı Milli Şuranın buraxılması və yeni hökumətin formalaşdırılmasını tələb edir, əks təqdirdə ADR-ə hərbi yardımın dayandırıla biləcəyini deyirdi. Onların bu əməli Milli Şuranın sədri də daxil olmaqla, böyük hissəsi tərəfindən etirazla qarşılanmışdı. Lakin tarixi missiyanın yerinə yetirilməsinin - Bakı və Bakı quberniyasının azad olunmasının vacibliyini bilən ADR-in rəhbəri M.Ə.Rəsulzadə osmanlıların ultimatumunu qəbul etmək məcburiyyətində qalıb.

İyunun 17-də Milli Şuranın toplantısı keçirilib və iclasda onun fəaliyyətinin dayandırılması, qanunvericilik funksiyasının yeni hökumətə verilməsi haqda qərar çıxarılıb. Müsavat Partiyası, «İttihad» üzvləri və müstəqil şəxslərdən formalaşdırılan ikinci hökumətə Fətəli xan Xoyski rəhbər seçilib. Bununla da, o, ADR-in yeni rəhbəri olub.

M.Ə.Rəsulzadəyə gəlincə, o, fəaliyyətini ölkənin ən böyük partiyası olan Müsavat Partiyasının lideri kimi davam etdirib. Rəsulzadə türk hərbi komandanlığının təzyiqi nəticəsində yaranmış vəziyyəti «demokratiyanın geri çəkilməsi və reaksiyon qüvvələrin müəyyən uğuru» kimi qiymətləndirirdi.

Türk komandanlığının davranışlarından bəlli idi ki, o, cəbhədə azərbaycanlıların müstəqil fəallığına dözmək fikrində deyil. Bu üzdən də, ADR-in yeni hökumətinin tərkibində hərbi nazirlik yox idi. Onun funksiyaları Osmanlı ordusunun tərkibində yaradılmış Qafqaz İslam Ordusunun komandanlığına verilmişdi.

Lakin hadisələrin sonrakı gedişi Azərbaycan hökuməti və şəxsən onun rəhbəri Fətəli xan Xoyskinin ciddi xarici təzyiq fonunda belə, müstəqil milli dövlətçiliyin qarşısında duran vəzifələri yerinə yetirmək kimi qeyri-adi bacarığını üzə çıxarıb. İkinci hökumət ADR-in siyasi və iqtisadi kursunun əsasını qoyub, həmçinin Qafqaz İslam Ordusunun məqsədi Bakını Azərbaycan dövlətinin nəzarətinə qaytarmaq olan Türkiyə-Azərbaycan birgə ordusu kimi təsdiqlənməsinə nail olub.

 

 

XUDADAT BƏY MƏLİKASLANOV

 

(1879-1935)

Şuşada doğulmuş Xudadat bəy Məlikaslanovun ADR-in parlaq siyasi xadimləri arasında özünəməxsus yeri var.

1904-cü ildə Peterburqun Mühəndislər İnstitutunu rabitə yolları ixtisası üzrə bitirmiş Xudadat bəy bir müddət Sankt-Peterburqda Voloqda-Petrozavodsk dəmir yolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində, daha sonra Zaqafqaziya dəmir yolu İdarəsində çalışıb. O, dəmir yolu texnikası sahəsində alim-mütəxəssis kimi tanınırdı. Məlikaslanovun bu sahəyə aid bir çox elmi əsəri onu dünyada məşhur edib.

1917-ci ilin Fevral inqilabından sonra Məlikaslanov Müvəqqəti Hökumətin Zaqafqaziyada Dəmir Yolu üzrə müvəkkili təyin olunub. Regionda baş verən hadisələr onu fəal siyasətə qoşulmağa vadar edib. Daha sonra o, Zaqafqaziya Komissarlığında dəmir yolu nəqliyyatı komissarı, Zaqafqaziya Federativ Respublikasında isə nazir postunu tutub.

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının elan olunmasından sonra Xudadat bəy Məlikaslanov davamlı şəkildə hökumətin tərkibində yer alıb. İlk kabinetdə poçt-teleqraf naziri və yollar naziri olmuş Məlikaslanov, ikinci, üçüncü və dördüncü kabinetlərdə yollar naziri kimi çalışıb. Beşinci kabinetdə o, yollar naziri, daha sonra ticarət və sənaye naziri, eyni zamanda hökumət başçısının birinci müavini olub.

Xudadat bəy Məlikaslanov istər ölkənin daxili həyatında (bu, özünü onun nəhəng kapitala qarşı çıxmasında göstərirdi), istərsə də xarici siyasətdə (əvvəlcə Türkiyə, daha sonra Britaniya hərbi komandanlığının təzyiqlərinin dəf olunması üçün qəti addımlar) dövlət maraqlarının prinsipial müdafiəçisi kimi tanınıb. Ümumilikdə o, ADR hökumətində çalışdığı dövrdə özünü iqtisadi proseslərə dövlət müdaxiləsinin artmasının tərəfdarı kimi göstərib.

Məlikaslanov ADR parlamentinin deputatı da olub. 1919-cu il iyunun 11-də Dövlət Müdafiə Komitəsi sədrinin birinci müavini təyin edilib. Elə həmin il Bakıda məhz onun səyi nəticəsində dəmir yolu üçün ixtisaslı kadrlar hazırlayacaq məktəb açılıb (sonradan dəmir yolu nəqliyyatı texnikumuna çevrilib).

Məlikaslanov ADR dövründə yaradılmış və Azərbaycanın latın əlifbasına keçidi üçün layihənin hazırlanması ilə məşğul olan xüsusi komissiyaya da başçılıq edib.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Xudadat bəy mühəndislik fəaliyyətinə qayıdıb, eyni zamanda özünü təhsil sahəsində də göstərə bilib. Bundan sonra o, bir sıra dövlət qurumlarında çalışıb. Dövlət Tikinti Komitəsinin sədri olmuş Məlikaslanov hazırda Bakının Azadlıq meydanında yerləşən Hökumət Evinin layihələndirilməsi və inşasında fəal rol oynayıb. Bundan başqa, o, Azərbaycan Texniki Universitetində İnşaat mühəndisləri fakültəsinin dekanı olub.

1928-ci ildə Məlikaslanov Ali Texnika Komitəsi sədrinin müavini təyin edilib. Culfa-Bakı dəmir yolunun və Sabunçu elektrik dəmir yolunun inşasına məhz onun fəal iştirakı ilə başlanıb. 1929-cu ildə Bakıda ilk dəfə olaraq metro tikintisinin vacibliyi məsələsini Xudadat bəy qaldırıb.

Məlikaslanovun bütün bu böyük xidmətləri onu Sovet rejiminin repressiya maşınından xilas etməyib. ADR-in görkəmli xadimlərindən biri, nəhəng mühəndis, alim və pedaqoq Xudadat bəy Məlikaslanov 1935-ci ilin iyununda Sovet həbsxanasında dünyasını dəyişib.

 

 



MƏSLƏHƏT GÖR:

389