24 Aprel 2024

Çərşənbə, 20:59

«YEDDİLİK» «ALTILIĞA» ÇEVRİLİR?

ABŞ ilə G7-dəki tərəfdaşları arasında ziddiyyətlərin aradan qaldırılması cəhdi boşa çıxdı

Müəllif:

15.06.2018

 

«Cəhənnəmdə Donald Trampla satqın diplomatiya aparan, sonra isə onu kürəyindən vuran hər xarici lider üçün ayrıca yer var». Bunu Kanadanın baş nazirinə xitabən, ABŞ prezidentinin ticarət məsələləri üzrə məsləhətçisi Piter Navarro deyib.

Bu, onun Castin Tryudonun Qərb dünyasının aparıcı iqtisadiyyatlarını (dünya varidatının 62%-dən çoxu - 280 trilyon dolları bu 7 ölkənin payına düşür) birləşdirən G7 liderlərinin iyunun 9-da başa çatmış görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında dediklərinə reaksiyasıdır.

Sammitin ev sahibi kimi çıxış edən Tryudo mətbuat konfransında jurnalistlərə sammitin yekununda klub üzvlərinin (ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Almaniya, Fransa və İtaliya) qlobal problemlərin həllinə yanaşmasının yer aldığı yekun kommunike haqda məlumat verib.

«Bu həftə bir araya gəldik, qollarımızı çırmayaraq bir çox məsələlərdə konsensus əldə etdik», - deyə Tryudo bildirib. Onun sözlərinə görə, «Böyük yeddilik» demokratik sistemləri xarici təhlükələrdən qorumaq əzmindədir və «daha təhlükəsiz dünya»nın qurulmasına çalışır. Tryudo bildirib ki, yekun kommunikedə «inkişaf və məşğulluğun əsas parametri kimi, azad, şəffaf və qarşılıqlı səmərəli ticarət» göstərilib. Eyni zamanda sənəddə proteksionizmin qəbuledilməz olduğu da vurğulanıb.

Bundan başqa, yekun sənəddə başqa problemlər də əksini tapıb. Rusiya - Moskvadan «sabitliyin pozulmasına yönəlmiş davranışlara» son qoyması, Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdən vaz keçməsi tələb olunub. İran - nüvə proqramının təhlükəsiz qalacağına zəmanət istənilib. İqlim - ABŞ Paris İqlim Sazişinə əməl edəcəyinə dair vədi imzalamaqdan imtina edib. Qadınların təhsili - dünyanın yoxsul ölkələrində qız və qadınların təhsili üçün 2,9 milyard dollarlıq maliyyə yardımının ayrılmasına qərar verilib.

Hər kəs düşünürdü ki, klubun tarixindəki ən çətin danışıqlar qalmaqalsız, aşkar qarşıdurmasız bitib. Hər halda, sammitdən cəmi bir neçə gün əvvəl Kanadanın La Malbe kurort şəhərində bu toplantını ABŞ ilə digər üzvlər arasındakı ciddi fikri ayrılıqlarına eyham vuraraq, «G6-1» adlandırmışdılar.

«Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyi Sinqapura yollanmaq üçün «Böyük yeddiliyin» toplantısını tərk etdikdə aydın oldu ki, müttəfiqlər ABŞ-ın təxminedilməz liderilə dil tapmaq üçün hələ də yollar axtarırlar», - deyə «Washington Post» yazırdı.

Lakin Tryudonun jurnalistlərlə görüşündən cəmi saatyarım sonra idilliya darmadağın olub. Sən demə, Siqapur istiqamətində yolda olan Tramp ABŞ-ın yekun kommunikedəki imzasının ləğvinə qərar verib.

«Kanadanın baş naziri G7 iclaslarında son dərəcə yumşaq, mülayim davransa da, mənim gedişimdən sonra mətbuat konfransı keçirərək «Amerikanın tariflərinin təhqiredici olduğunu» deyib. Guya o, «heç kəsə boynunda oturmağa imkan verməyəcək». «Belə tərz doğru deyil və inandırıcı gəlmir», - deyə Tramp «Twitter» sosial şəbəkəsində səhifəsində yazıb.

Bəs, ABŞ prezidentini özündən çıxaran, «yeddiliyin» digər üzvlərilə birlikdə «qollarını çırmayaraq» gördüyü işlərin üzərindən xətt çəkməyə vadar edən nə olub? Trampın sözlərinə görə, Tryudonun bu bəyanatı: «Mən prezident Trampa açıq şəkildə dedim ki, kanadalılar Birləşmiş Ştatların bizim polad və alümin sənayemizlə bağlı tarifləri bu qədər artırmasını ciddi qəbul etməyə bilməz. Xüsusi olaraq vurğuladım ki, bu addımın milli təhlükəsizlik maraqları ilə əsaslandırılmasına biganə qala bilmərik. Uzaq torpaqlarda, Birinci Dünya müharibəsi də daxil olmaqla, müxtəlif münaqişələrdə ya özləri, ya valideynləri, tanışları amerikalı əsgərlərlə çiyin-çiyinə dayanmış kanadalılar üçün bu, müəyyən mənada təhqirdir. …Biz iyulun 1-də təəssüflə, lakin qəti və sərt cavab tədbirləri görəcəyik… Kanadalılar nəzakətlidir, biz mülayimliyimizlə seçilirik, lakin heç kəsin boynumuza oturmasına da imkan vermərik».

 

Təhlükə gözləntiləri

Sammitə hazırlığın da problemsiz keçdiyini demək mümkün deyil. Liderlərin görüşündən 1 həftə əvvəl bu ölkələrin iqtisadiyyat nazirləri bir araya gəlmişdilər. Toplantıda onların azad ticarətə fərqli yanaşmaları yekun sənədin imzalanmasına imkan verməmişdi.

Eyni tale əsas görüşü də gözləyirdi. Sammitdən az əvvəl Avropa İttifaqı ilə Kanada Ümumdünya Ticarət Təşkilatına ABŞ-dan şikayət ünvanlamışdı. Onlar Vaşinqtonu polad və alüminə birtərəfli qaydada rüsum tətbiq etməkdə günahlandırır, iyunun 20-si və ya iyulun 1-də cavab addımlarının atıla biləcəyini vurğulayırdılar. Söhbət müxtəlif amerikan məhsullarına görə tariflərin 20%-dək artırılmasından gedir.

Bununla yanaşı, Trampla digər liderlər arasındakı ziddiyyət heç də ticarət sahəsilə məhdudlaşmır. Burada iqlim dəyişiklikləri problemi, İranla münasibət və İsrail-Fələstin münaqişəsi də var.

Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Trampın proteksionist əməllərdən əl çəkməyəcəyi təqdirdə o, yekun sənədi imzalamayacaq. Almaniya kansleri Angela Merkel isə fikir ayrılıqlarının olmadığı görüntüsü yaratmaqdansa, onları açıq etiraf etməyin daha doğru olduğunu söyləmişdi.

ABŞ prezidentinə gəlincə, o, görüşün heç də ideal sammitlər sırasına düşməyəcəyini anladığı üçün müttəfiqlərilə ünsiyyəti minimuma endirməyə çalışırdı. Üstəlik, Tramp ticarət baryerləri üzündən qaçılmaz olan təzyiqləri azaltmaq üçün Kanadaya yollanmaq ərəfəsində gözlənilməz bəyanatla çıxış da etmişdi. O, Rusiyanın G8 klubuna qaytarılmasının vacibliyini bildirmişdi. Bununla, yəqin ki, Ağ Ev sahibi opponentlərinin bütün enerjisini bu mövzuya yönəltmək məqsədi güdürdü.

La Malbeyə o, saatyarımlıq gecikmə ilə gəlib. Bir gün sonra gender bərabərliyinə həsr olunmuş səhər yeməyinə gecikib, daha sonra isə ətraf mühit və qlobal iqlim dəyişikliyi probleminə həsr olunmuş iclasa məhəl qoymadan, saat 10:30-da Sinqapura uçub. Halbuki səfərinin qısa olacağını əvvəldən açıqlayan Trampın qərarı həmkarları tərəfindən mənfi qarşılanmışdı.

Bu davranışı mənfi jest kimi qiymətləndirən və bundan hiddətlənən Emmanuel Makron «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb: «ABŞ prezidenti, bəlkə də, təcrid tərəfdarı deyil. Amma biz də razılaşmanın 6 ölkə arasında imzalanmasına qarşı deyilik. Çünki bu 6 ölkənin öz dəyərləri, tarix boyu real beynəlxalq güc olmuş və bu gün də belə olan iqtisadi bazarı var».

 

Soyuqluqla bitən isti qarşılama

Lakin bütün proqnozların əksinə olaraq, Trampla görüşlər son dərəcə dostluq atmosferində keçib - təbəssüm, qucaqlaşma. Ciddi diskussiyalar, əlbəttə ki, olub və Trampın statistik məlumatlarla «silahlanmış» həmkarları ona heç də tam haqlı olmadığını izah etməyə çalışıblar. Bu zaman arqument kimi, xarici ticarətdəki astronomik disbalans da göstərilib. Məsələn, 2017-ci ildə ABŞ ilə Kanadanın ticarət balansında defisit 17,5 milyard dollar olsa da, elə həmin il xidmət sahəsində müsbət saldo 26 milyard dollar təşkil edib. Buna rəğmən, ABŞ ilə Kanada arasında ticarət 8,5 milyard «plyusda»dır. Eyni mənzərə digər ölkələrlə əlaqələrə də aiddir. Onlarla da balans mənfi olsa da, bu, Ağ Ev sahibinin istinad etdiyi həcmdə deyil.

Bütün bunlarla yanaşı, elə amerikalı ekspertlərin özləri prezidentlərinə durmadan bir xəbərdarlıq edir: polad və alümin sektorlarında yeni tariflər sayəsində açılacaq hər 1 yeni iş yeri digər sahələrdə 16 nəfərin işini itirməsilə nəticələnəcək. Çünki polad sənayesində xərclərin artması iqtisadiyyatın inkişafını ləngidəcək. Nəticədə, ölkə iqtisadiyyatının artım tempi ilə, təxminən, 37 milyard dollar (0,2%) azalacaq.

Lakin Tramp fikrindən dönməyib. O, ABŞ-ın «daxıl donuz»a oxşadığı, hər kəs tərəfindən qarət olunduğu dövrün başa çatdığını bəyan edib. Kanadanı tərk etmək ərəfəsində isə o, hər kəsi heyrətləndirəcək daha bir təkliflə çıxış edib: G7 rüsumsuz zonaya çevrilsin, bütün tarif və qeyri-tarif baryerləri, həmçinin dövlət subsidiyaları ləğv edilsin. Bu, bütün tərəfdaşların beynini qarışdırıb. Onlar Trampın əslində nə demək istədiyini anlamayıb, ABŞ liderinin sözlərini ciddi qəbul etməyin gərək olub-olmadığı haqda düşünməyə başlayıblar.

Avropalılar deyir ki, Tramp bütün tariflərin ləğvini təklif edərkən normativlər və s. kimi çətin spektrləri nəzərə almır. Onlar bu təşəbbüsü nəzəri baxımdan dəstəkləməyə hazırdırlar. Lakin Trampın bu təklifi səsləndirərkən ciddi olduğunu düşünmürlər. Beləliklə, Avropanın yüksək rütbəli nümayəndələrindən birinin dediyi kimi, Tramp G7 görüşündə də Amerikanın daxili auditoriyasına hesablanmış populist bəyanatlarını davam etdirib və bu zaman dünya siyasətini yaxşı bilən təcrübəli liderlərlə danışdığını unudub.

Onun bütün bunların sonunda yekun kommunikedəki imzasını geri çəkməsisə Birləşmiş Ştatların ən yaxın tərəfdaşları (Tramp onları hər dəfə «sözdə tərəfdaşlar» adlandırır) ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olmadığının təsdiqidir.

Görünür, Tramp ticarət müharibələrini qazanmağın asan olduğunu deməklə, buna yalnız özünü inandırıb. Məhz bu üzdən o, fərqli fikirlərə qatlaşa bilmir. O, iradəsini hər kəsə qəbul etdirmək üçün «sözdə müttəfiqlər» də daxil olmaqla, ayrı-ayrı ölkələrlə iqtisadi əməkdaşlığı kəsməyə belə, hazırdır.

Doğrudur, ABŞ prezidentinin bunu etməsi üçün formal olaraq parlamentin razılığı lazımdır. Lakin Tramp buna da çıxış yolu tapıb. O, milli təhlükəsizliyin təmini məsələsində prezidentin təkbaşına qərar vermək hüququ olduğunu yaddan çıxarmır və bundan istifadə edir. Bu səlahiyyəti prezidentə nə vaxtsa parlamentarilər verib və onlar da bu qərarı istənilən vaxt ləğv edə bilərlər. Son məlumatlara görə, ABŞ parlamenti yaxın zamanlarda məhz bu addımı atmağa hazırlaşır.

«Müttəfiqlərimizin nəzərinə: əksər amerikalılar azad ticarətə, qloballaşmaya və 70 illik ümumi dəyərlərə əsaslanan alyanslara sadiqdir. Prezidentimiz bunu etməsə belə, amerikalılar sizinlə birlikdədir», - deyə respublikaçı senator Con Makkeyn Trampın yekun kommunikedən imzasını geri çəkməsi xəbəri yayılar-yayılmaz, «Twitter» hesabında yazıb.

Odur ki, bəlkə də, biz hələ «cəhənnəmdə xüsusi yer» və «kürəyə zərbə» kimi bəyanatları hələ çox eşidəcəyik. Sadəcə, onlar bu dəfə daxili siyasi debatlarda işlədiləcək.

 



MƏSLƏHƏT GÖR:

345