24 Aprel 2024

Çərşənbə, 12:52

DİPLOMATİYA MÖCÜZƏSİ

ABŞ prezidenti ilə KXDR lideri arasında ilk görüş keçirilib

Müəllif:

15.06.2018

Sinqapurda tarixdə ilk dəfə olaraq, ABŞ prezidenti ilə Şimali Koreya lideri bir araya gəliblər. Görüşün əsas mövzusu KXDR-in nüvə silahından imtinası olub.

CNN telekanalı hər iki liderin görüşə gəlişini canlı yayımlayıb. Kadrlarda Kim Çen Inın maşından düşərək əlində qara qovluqla görüşə getdiyi görünür.

Trampın əlində isə heç nə olmayıb.

Amma tarixi görüş baş tutmaya da bilərdi. Tərəflərin görüş haqda razılığa gəlməsindən bir müddət sonra Tramp həmkarı ilə bir araya gəlməyəcəyini bəyan etmişdi. O, KXDR Xarici İşlər Nazirliyinin «düşmən bəyanatları» fonunda görüşü «yersiz» saydığını söyləmişdi. Məsələ ondadır ki, Şimali Koreya XİN-i ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimi sərt tənqid etmiş, hətta Vaşinqtonu nüvə müharibəsilə hədələmişdi. Trampın görüşdən imtinasına gəlincə, Pxenyan buna təmkinli reaksiya vermiş, danışıqlara hazır olduğunu bildirmişdi.

Nəhayət, görüş haqda danışıqlar bərpa olunub və tərəflər yüksək səivyyəli görüşün planlaşdırıldığı kimi, iyunun 12-də Sinqapurda keçirilməsinə dair razılıq əldə edib. Sammit kurort adası olan Sentozdakı beşulduzlu «Capella» hotelində keçirilib. Danışıqlardan əvvəl isə Kim Çen In ilə Donald Tramp bir-birinin əlini sıxıblar. Bu, sözün əsl mənasında, tarixi an sayıla bilər.

Ağ Ev sahibi bildirib ki, danışıqların uğurlu keçəcəyinə ümid edir və iki ölkə arasında münasibətlərin «əla» olacağına şübhəsi yoxdur.

Kim Çen In isə görüşün baş tutması üçün çox ciddi maneələri aradan qaldırmalı olduqlarını söyləyib.

İki lider, təxminən, 50 dəqiqə təkbətək (yalnız tərcüməçilərin iştirakı ilə) danışıqlar aparıb. Danışıqların bitimindən sonra Tramp təkbətək görüşün «çox-çox yaxşı» keçdiyini, münasibətlərinin «əla olduğunu» söyləyib. Sonra onlara hər iki tərəfdən məsləhətçilər və yüksək rütbəli nümayəndələr də qoşulub. ABŞ tərəfdən danışıqlarda dövlət katibi Mayk Pompeo, milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi Con Bolton, Ağ Ev aparatının rəhbəri Con Kelli, Şimali Koreyadan isə Əmək Partiyası rəhbərinin müavini Kim Yon Çxol, xarici işlər naziri Li Yon Xo və Əmək Partiyası Mərkəzi Komitəsi sədrinin müavini Li Su Yon iştirak ediblər.

Geniş tərkibdə danışıqların başa çatmasından sonra Tramp ilə Kim Çen In kameralar qarşısında gülümsəyərək bir daha bir-birinin əlini sıxıblar. Ekspertlər deyir ki, onlar yanaşı əyləşən zaman gözləntilərin əksinə olaraq, çox rahat təsir bağışlayıblar.

 

Nələr müzakirə olunub?

Tərəflər ölkələr arasında yeni münasibətləri, sülh sisteminin yaradılmasını, Koreya yarımadasının nüvə silahından imtinası məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Şimali Koreya son onilliklər ərzində insan haqlarının pozulması, nüvə silahı əldə etmək cəhdləri və bununla da, beynəlxalq qanunvericiliyin pozulması üzündən beynəlxalq təcrid vəziyyətindədir. ABŞ Pxenyanın nüvə silahından imtina etməsini və başlıqların üçüncü ölkəyə verilməsi prosesinə başlanılmasını istəyir.

Pxenyanın bunun əvəzində nə tələb etdiyi də məlumdur. Koreyanın STAK İnformasiya Agentliyi görüş ərəfəsində xəbər verirdi ki, liderlər «KXDR ilə ABŞ arasında dövrün dəyişməsilə yaranmış tələblərə uyğun yeni münasibətlərin qurulması»na dair müzakirə aparacaqlar: «Görüşdə Cənubi Koreya ilə sülh və nüvə silahından imtina məsələləri də müzakirə ediləcək».

Ekspertlər hesab edirdilər ki, KXDR nüvə silahından imtina qarşılığında Cənubi Koreyanın da eyni addımı atmasını tələb edə bilər. Vaşinqton isə razılaşma halında Pxenyana tətbiq olunmuş beynəlxalq sanksiyaların tədricən aradan qaldırılacağını, ölkə iqtisadiyyatına investisiya yatırılacağını deyirdi.

Kim Çen In xalqına hələ ilin əvvəlində etdiyi müraciətdə iqtisadi inkişafın prioritet olacağını söyləmişdi.

 

«Yeni başlanğıc»

Görüşün yekununda birgə sənəd imzalanıb. Tramp tərəflərin nəticədən razı qalacağını bildirib. Kim Çen In isə sənədi «yeni başlanğıc» adlandırıb.

«Bu tarixi sənədin imzalanması… yeni başlanğıcdan xəbər verir. Biz böyük dəyişikliklərə şahid olacağıq», - deyə o, qeyd edib.

«Prezident Tramp ilə sədr Kim Çen In iki ölkə arasında yeni münasibətlərin qurulmasına dair detallı, dərin və səmimi fikir mübadiləsi aparıblar. Onlar Koreya yarımadasında davamlı və qəti sülh rejiminin qurulması yollarını müzakirə ediblər», - deyə sənəddə bildirilir.

Məlumata görə, bununla yanaşı, ABŞ «KXDR-ə təhlükəsizlik zəmanəti verib», Kim Çen In isə «Koreya yarımadasının nüvə silahından təmizlənməsi işinə birmənalı sadiqliyini» bildirib.

Bununla yanaşı, Şimali Koreya lideri jurnalistlərin ölkəsinin nüvə silahından imtinası ilə bağlı suallarını cavablandırmayıb. Kim Çen Indan nüvə silahından imtina edib-etməyəcəyi 3 dəfə soruşulsa da, o, sualları cavabsız qoyub.

Əvəzində, Tramp Koreya yarımadasının nüvə silahından təmizlənməsinə tezliklə start veriləcəyini söyləyib. «Prosesə tez, lap tez başlanacaq», - deyə Amerika prezidenti jurnalistlərin sualına cavab olaraq bildirib. O, Şimali Koreya liderini Vaşinqtona dəvət etməyə hazır olduğunu da söyləyib. Sammitdə əldə olunmuş nailiyyətlərlə qürur duyduğunu vurğulayan Tramp deyib ki, «biz çox böyük və təhlükəli problemi həll edəcəyik». O, Vaşinqtonla Pxenyan arasında «xüsusi münasibətlərin» yaranmağa başladığını bildirib. Kim Çen Inı «çox istedadlı insan» adlandıran Ağ Ev sahibi həmkarının «ağıllı həmsöhbət» olduğunu deyib. Tramp KXDR liderinin «vətənini həddindən artıq sevdiyini» də söyləyib.

Beləliklə, Sinqapur sammitini artıq diplomatiya möcüzəsi saymaq olar. Çünki cəmi bir 1 il əvvəl sammitin iştirakçıları bir-birinə qarşı elə «lütfkar» fikirlər səsləndirirdilər ki, onları belə yüksək səviyyədə nadir halda eşitmək mümkündür.



MƏSLƏHƏT GÖR:

367