19 Aprel 2024

Cümə, 15:03

«ARZU», YOXSA «HƏRƏKAT»?

İvanişvili üzə çıxır, Saakaşvili isə revanş haqda düşünür

Müəllif:

15.06.2018

Gürcüstanda iki yeniyetmənin qətlilə başlamış etirazlar getdikcə qızışır. Nümayişçilər əvvəl, sadəcə, Baş Prokurorluğun qatillərin axtarışındakı passivliyinə etiraz edirdisə, artıq aksiyalar siyasi xarakter alıb. İndi nümayişlərdə hökumətin və baş nazir Georgi Kvirikaşvilinin istefası da tələb olunur. Bununla yanaşı, artıq etiraz aksiyalarında Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin «Vahid Milli Hərəkat» (VMH) partiyası da fəal iştirak etməyə başlayıb. Ehtirasları nə baş prokurorun istefası, nə də parlamentdə cinayətin üstünün açılmamasında güc strukturlarının nə dərəcədə günahkar olduğunu araşdıracaq komissiyanın yaradılması yatıra bilib.

Bəs, getdikcə qızışan etirazlar nə ilə nəticələnə bilər? İki mümkün variant var: məsələ güc strukturları rəhbərlərinin istefası ilə bitəcək, yaxud ölkədə hakimiyyət dəyişikliyi olacaq. Lakin hər iki halda qalib vətənində barəsində cinayət işləri açıldığından xaricdə yaşayan Saakaşvilinin tərəfdarları ola bilər.

Bidzina İvanişvilinin komandasının əsas fiqurları olan güc nazirlərinin istefası ölkənin qeyri-rəsmi liderinin mövqelərini xeyli zəiflətməklə yanaşı, həm də sabiq prezidentə yeni nazirlərin gəlişilə barəsində açılmış cinayət işlərini ləğv etdirmək imkanı qazandıra bilər. Xalq etirazının ümumiyyətlə, «Gürcü arzusu» hakimiyyətini devirəcəyi təqdirdə isə VMH yenidən ölkənin başına keçmək şansı qazanacaq.

Ekspertlər Gürcüstanı bürümüş etirazlarda əsas məqsədin məhz hakimiyyət dəyişikliyi olduğunu istisna etmir. Söhbət, əlbəttə ki, Saakaşvilinin partiyasının hakimiyyətə qayıdışından gedir. «Bu məqsədi güdən kimlərdir?» sualı isə əlbəttə ki, ritorik sualdır. Saakaşvilinin Qərbin aparıcı mərkəzlərilə sıx əlaqələri hər kəsə məlumdur. Odur ki, onlar bu Cənubi Qafqaz respublikasında avratlantik məkana ən sadiq siyasi qüvvənin hakimiyyətə qaytarılması planını işə sala bilərlər. ABŞ və Avropa İttifaqının İvanişvilinin «kölgə idarəçiliyi»ndən narazılıqlarını tez-tez dilə gətirməsi və Gürcüstanı bürümüş etirazlar fonunda bu, xüsusilə real görünür.

 

Masanın başında kim oturub?

«Rossiyskiy kredit» bankının sabiq həmtəsisçisi, «Forbes» jurnalına görə Gürcüstanın ən zəngin insanı olan Bidzina İvanişvili (6 il əvvəl onun varidatı 6,4 milyard dollar qiymətləndirilirdi) «Gürcü arzusu» koalisiyasına 2012-ci ildə keçirilmiş parlament seçkisində qələbə qazandırıb. O vaxtdan ölkənin həmin dövrdəki rəhbəri Mixail Saakaşvilinin VMH partiyası ölkənin siyasi məkanından sıxışdırılıb, eks-prezident isə xaricə sığınıb. Əvəzində, «Gürcü arzusu» ölkədə idarəçilik rıçaqlarının hamısını öz əlində cəmləyib.

«Arzu»nun yaradıcısı İvanişvili 2012-ci ilin oktyabrından 2013-cü ilin noyabrınadək Gürcüstanın baş naziri olub. Bunun ardından o, siyasəti «böyük ehtimalla birdəfəlik» tərk etdiyini bildirib. İvanişvili bu qərarını üzərinə götürdüyü «Mixail Saakaşvilinin Gürcüstanın siyasi səhnəsindən silinməsi» missiyasını başa çatdırması ilə əsaslandırıb.

Lakin 2013-cü ilin sonunda Georgi Marqvelaşvilinin ölkənin yeni prezidenti seçilməsindən sonra belə, istər Gürcüstanda, istərsə də ondan kənarda bu dövlətin «kölgə lideri» məhz İvanişvili hesab olunur. Hər kəs kadrları, xüsusilə baş naziri və nazirləri təyin edən, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən faktiki rəhbərin İvanişvili olduğunu deyir.

Bütün bunların fonunda bu il aprelin sonunda İvanişvili gözlənilmədən böyük siyasətə qayıtmaq niyyətini açıqlayıb. Daha dəqiqi, baş nazir Georgi Kvirikaşvili İvanişvilinin onun partiyaya rəhbərlik etmək təklifini qəbul etdiyini söyləyib. Qeyd edək ki, partiyanın rəhbəri Kvirikaşvilinin özü idi. Bir müddət sonra Tbilisidə hakim partiyanın qurultayı keçirilib və İvanişvili yekdilliklə «Gürcü arzusu»nun sədri seçilib.

Aydındır ki, İvanişvilinin böyük siyasətə qayıdışından danışmaq artıqdır. Çünki o, əslində onu tərk etməmişdi. Digər yandan, ortaya əsaslı olaraq belə bir sual da çıxır: milyarder, «Gürcü arzusu»nun faktiki lideri İvanişvilini hakim partiyanın formal rəhbərliyinə qayıtmağın vacibliyinə kim inandırıb?

Gürcü ekspertlərin əksəriyyətinin fikrincə, ölkənin faktiki liderinin partiyanın başına qayıtması partiya daxilindəki müxtəlif qruplar arasında ziddiyyətlərin dərinləşməsidir. Yəni İvanişvili «Gürcü arzusu»nu parçalanmadan qurtarmağa çalışır.

Bu versiyanın, həqiqətən də, ciddi əsasları var. Məsələn, bu yaxınlarda «Gürcü arzusu»ndan olan bir qrup deputat parlamentin sədri İrakli Kobaxidzeyə qarşı çıxıb. Onlar spikeri hakim partiya daxilində liderliyini qəbul etdirmək üçün partiya üzvlərinə təzyiq göstərməkdə təqsirləndirir. Spikerə etiraz edənlər, eyni zamanda İvanişvilinin formal səviyyədə partiyanın vahid lideri kimi təsdiqlənməsini də vacib sayır. Bu mənada, artıq «Gürcü arzusu» daxilində İvanişvilinin qayıdışı ilə partiyanın yenilənəcəyini, rəhbər orqanlarda «təmizləmə» aparılacağını gözləyənlərin sayı xeyli artıb.

Qafqaz Sülh, Demokratiya və İnkişaf İnstitutunun rəhbəri Qiya Nodiya isə hesab edir ki, İvanişvili siyasətə qayıtmaq qərarı verməklə, «qeyri-formal» idarəçilik modelinin effektiv olmadığını etiraf etmiş sayılır. Çünki hakim partiya daxilində ziddiyyətlərə məhz sabiq baş nazirin ölkəyə «menecerlər» vasitəsilə nəzarət etmək cəhdləri yol açıb. «Son zamanlar partiya daxilində qarşıdurmaların xeyli dərinləşdiyini də nəzərə alsaq, milyarder proseslərə rəsmən qoşulmaq məcburiyyətində qalıb», - deyə Nodiya bildirir.

Müxalif dairələrdə isə fərqli fikir mövcuddur: İvanişvilinin qayıdışı daha çox «Gürcü arzusu» daxilindəki ziddiyyətlərlə yox, Gürcüstanda getdikcə artan sosial-iqtisadi böhranla bağlıdır. Bu fikri daha çox İvanişvilinin qatı düşməni olan sabiq prezidenti Mixail Saakaşvili səsləndirir. O, İvanişvilinin hakimiyyətə Ermənistanda baş vermiş «məxməri inqilab»ın təsirilə qayıtdığını düşünür. «İvanişvili qonşu Ermənistanda oliqarxiyanın devrilməsindən qorxuya düşüb. İndi eyni ssenarinin Gürcüstanda təkrarlanmasının qarşısını almağa çalışır», - deyə Saakaşvili «Facebook» sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyilə İvanişvilinin son siyasi qərarı arasında hansısa əlaqə haqda əminliklə danışmaq çətindirsə, Gürcüstanda sosial-iqtisadi vəziyyətin ağırlaşmasının «Gürcü arzusu»nun nüfuzuna mənfi təsiri, həqiqətən də, göz önündədir. Gürcü seçicilər İvanişvilinin 2012-ci ildə hakimiyyətə gələn zaman real iqtisadi inkişaf vədi verdiyini unutmayıb. İvanişvili ölkədə iqtisadi inkişafın Abxaziya və Cənubi Osetiya sakinlərini belə, Tbilisinin nəzarətinə tələsdirəcəyini deyirdi. Amma Gürcüstan iqtisadiyyatında vəd olunan sıçrayışa nə 3 il, nə 5 il sonra nail olunub. Rusiyadan hərtərəfli dəstək alan Abxaziya ilə Cənubi Osetiya isə müstəqillik oyunundan imtina etmək niyyətindən uzaqdır.

Bütün bu amilləri nəzərə alsaq, İvanişvilinin hakim partiyaya rəsmən rəhbərlik etmək qərarı nəinki «Gürcü arzusu»nun, bütünlükdə ölkənin faktiki liderinin o olduğuna dair fikirləri təsdiqləyir. İndi isə o, hakimiyyət rıçaqlarının hamısını əlində cəmləmək niyyətindədir.

Bu arada oktyabrda Gürcüstanda parlament seçkisi keçirilməlidir. İvanişvili, əlbəttə ki, «qayıdış»ından partiyasının yeni uğurlar qazanması üçün istifadə etmək niyyətindədir. Bəzi ekspertlər onun prezident kürsüsünü tutmaq qərarına gələcəyini belə, istisna etmir. Bu halda ölkədə «Arzu» və liderinin hakimiyyət maraqlarına tam cavab verəcək institusional düzən yaratmaq mümkün olacaq.

Amma İvanişvilini hakim partiyanın sükanı arxasına rəsmən keçməyə daha bir məqam vadar edə bilər. Son zamanlar Qərb İvanişvilinin Gürcüstanın hakimiyyət sistemindəki «kölgə» fəaliyyətindən narazılığını dəfələrlə dilə gətirib. Odur ki, milyarderin «Gürcü arzusu»nun rəsmi rəhbərliyinə qayıtmasının beynəlxalq təzyiqin nəticəsi olduğu da istisna deyil.

 

Strategiyanı dəyişmək olmaz

İvanişvilinin «qayıdışı» ilə maraqlı xarici güclər Tbilisinin beynəlxalq arenada siyasətinə hansı korrektələri edə biləcəyini proqnozlaşdırmağa çalışır. Aydındır ki, Gürcüstan Rusiya ilə münasibətləri mümkün qədər düzəltməyə çalışsa da, bundan sonra da Avratlantik məkana inteqrasiya kursunu davam etdirəcək. Bunu Gürcüstan Respublikasının yaranmasının 100-cü ildönümü ilə bağlı keçirilmiş tədbirdə səsləndirilmiş bəyanatlar və baş tutmuş görüşlər də təsdiqləyir. Hər halda, İvanişvilinin yaxın adamlarından olan baş nazir Georgi Kvirikaşvili Gürcüstanın Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün hər gün çalışdığını bildirib. Tbilisidə keçirilmiş təntənəli mərasimdə iştirak edən Avropa Komissiyasının sədri Jan-Klod Yunker isə Gürcüstana «Aİ tərəfindən hərtərəfli dəstək» vəd edib. Söhbət xüsusilə Gürcüstana 85 milyon avroluq əlavə maliyyə yardımının ayrılmasından gedir. Yunker Gürcüstanın 2014-2018-ci illərdə Aİ-dən 597 milyon avro yardım aldığını da xatırladıb.

Gürcüstanın Avratlantik məkanla yaxınlaşması prosesinin dərinləşməsi və Gürcüstan-Rusiya münasibətlərinin normallaşması perspektivinin daha ciddi sual altına düşməsi fonunda diqqət çəkən məqamlardan biri də Ermənistan rəhbərliyinin İrəvanı Tbilisinin maraqları sırasında prioritet kimi təqdim etməyə çalışmasıdır. Ermənistanda ümid edirlər ki, İvanişvilinin hələ baş nazir olduğu dövrdə götürdüyü, sonradan Gürcüstanın növbəti hökumət başçıları İrakli Qaribaşvili ilə Georgi Kvirikaşvilinin davam etdirdikləri Ermənistanla yaxınlaşma kursu nəinki davam edəcək, hətta daha da güclənəcək.

Lakin Cənubi Qafqazda proseslərin obyektiv inkişafı Gürcüstan-Ermənistan əməkdaşlığının genişlənməsi üçün real imkanların olmadığını göstərir. Ən azı ona görə ki, Ermənistan iqtisadiyyatının «nəfəsinin kəsildiyini» nəzərə alsaq, belə imkan real görünmür. Əvəzində, Gürcüstan obyektiv səbəblərdən Azərbaycanın reallaşdırdığı nəhəng regional layihələrdə iştirakını davam etdirməkdə maraqlıdır.

Bu arada mayın sonunda Cənub Qaz Dəhlizinin də açılışı olub. Söhbət Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Aİ ölkələrinə daşıyacaq boru xəttindən gedir. Gürcüstanın Azərbaycanla birgə iştirak etdiyi bir çox digər layihələrlə yanaşı, Cənub Qaz Dəhlizi də Bakı ilə Tbilisi arasında strateji müttəfiqliyi gücləndirəcək amildir. Heç şübhəsiz, hakimiyyətə kimi gəlib, kimin getməsindən asılı olmayaraq, bu həqiqəti Gürcüstanın istənilən rəhbəri nəzərə almaya bilməz.



MƏSLƏHƏT GÖR:

338